Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2593/2024 13.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “1991-1998-ci illərdə peşə xəstəliyinə görə ikinci qrup əlillik təyin edildiyi dövrün də nəzərə alınmaqla, ona 65 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “ona 60 yaşı tamam olan tarixdən, yəni 04 sentyabr 2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “1991-1998-ci illərdə peşə xəstəliyinə görə ikinci qrup əlillik təyin edildiyi dövrün də nəzərə alınmaqla, ona 65 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. 1973cü ilin sentyabr ayından xx.xx.1976-cı ilədək elektrik qaz qaynaqçısı ixtisası üzrə Sumqayıt şəhər 49 saylı Peşə məktəbində təhsil almışdır. xx.xx.1976-cı - xx.xx.1991 ci il tarixlərində "xxxx" ASC-də qazla kəsici peşəsində işləmişdir. xx.xx.2020-ci ildən halhazıradək "xxxx" MMC-də işləyir. xx.xx.1999-cu ilə qədər qüvvədə olmuş AR-sı Əmək qanunları Məcəlləsinin 38-ci maddəsinin 2-ci hissəsinə əsasən (sağlamlıq vəziyyətinə görə) işdən azad edilmişdir. Həmin xəstəlik peşə xəstəliyinə aid edilmişdir və o, 1998-ci ilin iyul ayına qədər həmin səbəbdən ikinci qrup əlil olmuşdur. Ümumi iş stajı xx.xx.2006-cı ilə qədər 26 il, ümumi 28 il 6 ay olmuşdur. 08 may 1979-cu ildən xx.xx.1979-cu ilə kimi Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. "xxxx" ASC-də işlədiyi dövr, yəni xx.xx.1976xx.xx.1991-ci illərdə zərərli istehsal sahəsində işləmişdir. Həmin dövrə aid iş stajı 2 nömrəli siyahıya aid olub, 15 il 3 ay təşkil edir. Həmin dövrün 2 №-li siyahıya aid olmasını "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli AZB 01/222 saylı arayışı təsdiq edir. Hesab edir ki, onun qeyd edilən hüquq normasına görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 60 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdə yaranmışdır. O güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh ona 65 yaşının tamam olduğu taxirdə, yəni xx.xx.2023-cü ildə əmək pensiyası təyini üçün iş stajının 25 ildən az, 20 il 8 ay 24 gün olmasını əsas gətirərək pensiya təyinindən imtina etmiş və ona “yaşa görə sosial müavinət” təyin etmişdir. O cavabdehin imtinasını yuxarıda qeyd edilənlərə əsasən əsassız hesab edir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində 2 saylı Sumqayıt regional “ASAN xidmət" mərkəzinə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət «imişdir. İddiaçının müraciətinə baxılaraq xx.xx.2023-cü il tarixli 3-17-1/2-İ-269804/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulan dövrdən az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-cı maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin bildiririk ki, Mərkəzi Filialın xx.xx.2023 tarixli 3-17-1/2-A-80826/2023 nömrəli məktubuna əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı müəyyən olunmuşdur. İddiaçının təqdim etdiyi əmək kitabçasının, təhsil haqqında diplomun və hərbi biletin surətlərinə əsasən onun sığorta stajı (xx.xx.1973-cü il tarixdən xx.xx.1976-cı il tarixədək əyani təhsil aldığı illər və xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 20 il 8 ay 24 gün təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 17 il 10 ay 24 gün sığorta stajına uyğun olaraq 16.578,02 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 2.426,74 manat olmaqla, ümumilikdə 19.005,76 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olan tarixdə qanunvericiliklə tələb olunan 40.320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi Mərkəzi Filial tərəfindən qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ var. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının adına aktiv əmək müqaviləsi olduğu üçün ona yaşa görə sosial müavinət təyin edilməsi də qanunvericilikdə nəzərdə tutulmamışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: ИТ-İ № ******* saylı əmək kitabçasının surəti; 826509 saylı, 15 iyul 1976-cı il tarixli diplomun surəti; 19 sentyabr 2023-cü il tarixli “Azərbaycan Boru Yayma Zavodu” tərəfindən verilmiş araşdırıcı arayış; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış 17 noyabr 2023-cü il tarixli imtina məktubu və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı, iddia tələbi isə əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx xxxxxxxx 1958-ci il təvəllüdlü olmaqla, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının iddiaçıya ünvanladığı 17 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının ona yaşa görə əmək pensiyasının təyin edilməsinə dair müraciəti təmin edilməmişdir. Cavabdeh orqan imtinasının əsası kimi iddiaçının qanunvericiliklə müəyyən edilmiş sığorta stajına və pensiya kapitalına malik olmamasını göstərmişdir. Məhkəmə iş materiallarını hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qeyd olunan normanın məzmunundan göründüyü kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iki şərt müəyyən edilmişdir: qanunla müəyyən olunmuş yaş həddinə çatmaq və zəruri pensiya kapitalına və ya 25 il sığorta stajına malik olmaq. Qeyd edilən şərtlərdən hər hansının mövcud olmaması, şəxsin yaşa görə pensiya hüququnun olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Hazırki işdə iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla onun əmək pensiyası hüququ 04 sentyabr 2023-cü il tarixdə yaranmışdır. Yəni, ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş birinci şərt mövcuddur. Qanunun yaşa görə əmək pensiyası təyin edilməsi üçün digər şərtinə, yəni zəruri pensiya kapitalına və ya sığorta stajı şərtinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçıya pensiya təyin edilməsi üçün qeyd olunan şərtin tələbləri mövcud deyildir. Belə ki, işə əlavə olunmuş sənədlərlə iddiaçının zəruri olan pensiya kapitalına və ya ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sığorta stajına malik olması müəyyən edilmir. Belə ki, onun ümumi sığrota stajı 25 ildən (xx.xx.1973-cü ildən – xx.xx.1976-cı ilədək; xx.xx.1977-ci ildən – xx.xx.1979-cu ilədək; xx.xx.1979-cu ildən – xx.xx.1991-ci ilədək; xx.xx.2020-ci ildən – xx.xx.2021-ci ilədək) azdır. İddiaçı məhkəmə icraatı zamanı ona 1991-1998-ci illər arasında ona əlilliyə görə pensiya təyin edildiyini bildirsə də, məhkəmə araşdırması zamanı onun əlillik vəziyyəti barədə məlumat və sənədlərin təqdim edilməsi üçün aidiyyatı üzrə sorğular verilmiş, lakin məhkəmə onun əlillik vəziyyəti barədə hər hansı məlumat əldə edə bilməmişdir. İddiaçı özü də məhkəmə icraatı zamanı həmin dövrlərdə ona əlilliyin təyin edildiyini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Həmçinin, qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə qeyd olunmuşdur ki, növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 1.1. şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti; 1.2. ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Həmin qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Hazırki işdə iddiaçının 1991-ci ildən 1998-ci ilədək olan dövrlərdə işləməsi müəyyən edilmədiyindən, iddiaçı ona pensiya təyin edilməsi üçün zəruri olan pensiya kapitalına da malik deyildir. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı cavabdeh tərəfindən onun stajına daxil edilməyən illərdə işləməsini sübut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinası qanuni olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “1991-1998-ci illərdə peşə xəstəliyinə görə ikinci qrup əlillik təyin edildiyi dövrün də nəzərə alınmaqla, ona 65 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “1991-1998-ci illərdə peşə xəstəliyinə görə ikinci qrup əlillik təyin edildiyi dövrün də nəzərə alınmaqla, ona 65 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva