Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2593/2025 03.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. İddiaçı məxsus Azərbaycan SSR Dövlət Texniki Peşə Təhsili Komitəsinin Г seriyalı, 610581 nömrəli diplomun surəti.
2. İddiaçı məxsus 23 iyul 1982-ci il tarixli, ИТ-l seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın surəti.
3. İddiaçı məxsus НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet”in surəti.
4. “X2” QSC-nin 23 iyul 2024-cü il tarixli, 13SC-X-24-0606/001 nömrəli araşdırıcı arayışından görünür ki, İddiaçı 18 fevral 2011-ci il tarixdə “X2” QSC-nin (bundan əvvəl “X2” MMC-nin) Mexaniklər xidmətində qeyri-standart avadanlıq üzrə qaynaqçı vəzifəsinə işə qəbul edilmiş və 7 avqust 2012-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. 30 yanvar 2020-ci il tarixdə yenidən əmək müqaviləsi bağlanaraq, təmir, tikinti və rekonstruksiya işləri şöbəsinə mexaniki avadanlıqlarının təmiri və xidməti üzrə elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmişdir, 17 iyul 2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. 24 aprel 2021-ci il tarixdə təkrar əmək müqaviləsi bağlanaraq, energetiklər xidmətinə poladərilmə sexinin avadanlıqlarının quraşdırılması və təmiri üzrə qaynaqçı vəzifəsinə işə qəbul edilmişdir və hal-hazıradək həmin sexdə əmək fəaliyyətini davam etdirir. Qeyd edilmiş peşələr (vəzifələr) hazırda “X2” QSC-də mövcud olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Belə ki, “qaynaqçı” və “elektrik qaynaqçısı” peşələri 35. Ümumi peşələr bəndinin “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi ilə eynilik təşkil edir.
5. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X1 və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin 29 iyul 2024-cü il tarixli, 745 nömrəli arayışından görünür ki, İddiaçı 1 sentyabr 1979-cu il tarixdə 49 nömrəli Sumqayıt Orta Texniki Peşə Məktəbinə (indiki Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi) daxil olaraq, 21 iyul 1982-ci il tarixdə 49 nömrəli Sumqayıt Orta Texniki Peşə Məktəbinin (indiki Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi) “Elektrik qaz qaynaqçısı” ixtisasını əyani bitirmişdir.
6. "xxxx" ASC-nin 1 avqust 2024-cü il tarixli, AZB01/106 nömrəli araşdırıcı arayışından görünür ki, İddiaçı 27 aprel 1982-ci il tarixdə istehsalat təcrübəsi dövründə Azərbaycan Boruyayma zavodunun Metallurgiya avadanlıqlarının təmiri sexində qaz qaynaqçıları sahəsinə qaz qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 26 iyul 1982-ci il tarixdə daimi olaraq həmin peşəyə keçirilmiş və 28 sentyabr 1983-cü il tarixində işdən azad edilmişdir. İddiaçı 10 yanvar 1986-cı il tarixdə yenidən Metallurgiya avadanlıqlarının təmiri sexində qaz qaynaqçıları sahəsinə qaz qaynaqçısı peşəsinə işə qəbul edilmiş və 25 avqust 1986-cı il tarixdə işdən azad edilmişdir. İddiaçı 22 dekabr 1987-ci il tarixdə yenidən Metallurgiya avadanlıqlarının təmiri sexində qaz qaynaqçıları sahəsinə qaz qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 21 iyul 1988-ci il tarixdə Dəmiryolu sexində vaqonların təmiri sahəsinə elektrik qaz qaynaqçısı keçirilmiş, 1 aprel 1991-ci il tarixdə həmin sexdə vaqonların təmiri sahəsinə hərəkətdə olan tərkibin təmiri üzrə çilingər keçirilmiş və 27 dekabr 1993-cü il tarixdə işdən azad edilmişdir. İşlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. "xxxx" Dövlət Şirkətinin sərəncamına əsasən 1 iyul 1993-cü il tarixdə Azərbaycan Boruyayma zavodunun bazasında "xxxx" İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 998 saylı, 1 iyul 1998-ci il tarixli sərəncamı ilə 15 iyul 1998-ci il tarixdə "xxxx" İstehsalat Birliyinin bazasında "xxxx" ASC yaradılmışdır. Qeyd edilmiş peşələr “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin va göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin va göstəricilərin 2 nömrəli Siyahısı”nın 33-cü ümumi peşələr bölməsinin “qaz qaynaqçıları” – (23200000-11620), 28-ci Nəqliyyat bölməsinin 1-ci Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin “hərəkətdə olan tərkibin təmiri üzrə çilingər” (23001000-18540) və eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin Siyahısı”nın 35-ci Ümumi peşələr bölməsinin “qaz qaynaqçıları” 21-ci Nəqliyyat bölməsinin 21.4-cü Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” peşələri ilə eynilik təşkil edir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 27 avqust 2024-cü il tarixli, 3-17-1/2-M-204603/2024 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” İddiaçı göndərilmiş məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən güzəştli iş stajı 12 il 6 aydan az (5 il 26 gün (26 iyul 1982-ci il - 28 sentyabr 1983-cü il, 10 yanvar 1986-cı il - 25 avqust 1986cı il və 22 dekabr 1987-ci il - 1 aprel 1991-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, "xxxx" ASC-nin 1 avqust 2024-cü il tarixli, AZB01/106 nömrəli arayışında 1 aprel 1991-ci il - 27 dekabr 1993-cü il tarixləri arasındakı dövr ərzində hərəkətdə olan tərkibin təmiri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi müəssisənin fəaliyyət sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Həmçinin, “X2”nin 23 iyul 2024-cü il tarixli, BSC-X-24-0606/001 nömrəli arayışında isə adıçəkilən müəssisədə 18 fevral 2011-ci il – 7 avqust 2012-ci il və 17 iyul 2020-ci il – 24 aprel 2021-ci il tarixləri arasındakı dövrlər ərzində qaynaqçı və elektrik qaynaqçısı vəzifələrində işlədiyi qeyd edilmişdir. Lakin sözügedən arayışda işlədiyi müddətdə əl ilə qaynaq aparıb-aparmadığı barədə hər hansı məlumat qeyd olunmamışdır. Göstərilən səbəblərdən də, güzəştli iş stajı 12 il 6 aydan az (5 il 26 gün (26 iyul 1982-ci il – 28 sentyabr 1983-cü il, 10 yanvar 1986-cı il – 25 avqust 1986-cı il, 22 dekabr 1987-ci il – 1 aprel 1981-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
8. “X2” QSC-nin 19 sentyabr 2024-cü il tarixli, 13SC-X-24-0806/001 nömrəli araşdırıcı arayışından görünür ki, İddiaçı 18 fevral 2011-ci il tarixdə “X2” QSC-nin (bundan əvvəl “X2” MMC-nin) Mexaniklər xidmətində qeyri-standart avadanlıq üzrə qaynaqçı vəzifəsinə işə qəbul edilmiş və 7 avqust 2012-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. 30 yanvar 2020-ci il tarixdə yenidən əmək müqaviləsi bağlanaraq, təmir, tikinti və rekonstruksiya işləri şöbəsinə mexaniki avadanlıqlarının təmiri və xidməti üzrə elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmişdir, 17 iyul 2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. 24 aprel 2021-ci il tarixdə təkrar əmək müqaviləsi bağlanaraq, energetiklər xidmətinə poladərilmə sexinin avadanlıqlarının quraşdırılması və təmiri üzrə qaynaqçı vəzifəsinə işə qəbul edilmişdir və hal-hazıradək həmin sexdə əmək fəaliyyətini davam etdirir. Qeyd edilmiş peşələr (vəzifələr) hazırda “X2” QSC-də mövcud olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Belə ki, “qaynaqçı” və “elektrik qaynaqçısı” peşələri 35. Ümumi peşələr bəndinin “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi ilə eynilik təşkil edir. İddiaçı işlədiyi müddətdə əmək fəaliyyətini əl ilə qaynaq aparan elektrik qaxmaqları aparatında icra etmişdir.
9. "xxxx" ASC-nin 23 oktyabr 2024-cü il tarixli, AZB01/0160 nömrəli məktubu. Qoşma şəklində "xxxx" ASC-nin 1 avqust 2024-cü il tarixli, AZB01/106 nömrəli araşdırıcı arayışı (§6) göndərilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
10. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 26 may 2018-ci il tarixdən 29 iyun 2022-ci il tarixədək güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbinin dəlilləri işin hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müraciət edilsə də, cavabdeh orqan tərəfindən imtina edilmişdir. İmtina qanunsuzdur. Çünki, iddiaçıya 60 yaşı tamam olduğu tarixdən 24 iyul 2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) hərəkətdə olan tərkibin təmiri üzrə çilingər vəzifəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Ümumi Peşələr” bölməsində elektrik qaynaqçıları, qaz qaynaqçıları, əl ilə işləyən elektrik qaynaqçıları nəzərdə tutulmuşdur.
12. İddia tələbinin maddi hüquqi əsası kimi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.2, 2.2.3, 73.1-ci maddələrinə istinad olunmuşdur.
13. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya 60 yaşı tamam olduğu 24 iyul 2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 3 aprel 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.
14. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
15. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
16. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
17. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin 1 avqust 2024-cü il tarixli, AZB01/106 nömrəli arayışında 1 aprel 1991-ci il - 27 dekabr 1993-cü il tarixləri arasındakı dövr ərzində hərəkətdə olan tərkibin təmiri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin işlədiyi müəssisənin fəaliyyət sahəsi yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Bu səbəbdən həmin dövr güzəştli iş stajı kimi götürülə bilməz.Həmçinin, “X2”nin iddiaçıya dair 23 iyul 2024-cü il tarixli, BSC-X-24-0606/001 nömrəli arayışında adıçəkilən müəssisədə 18 fevral 2011-ci il - 7 avqust 2012-ci il və 17 iyul 2020-ci il - 24 aprel 2021-ci il tarixləri arasındakı dövrlər ərzində qaynaqçı və elektrik qaynaqçısı vəzifələrində işlədiyi qeyd edilmişdir. Lakin sözügedən arayışda işlədiyi müddətdə əl ilə qaynaq aparıb-aparmaması barədə hər hansı məlumat qeyd olunmamışdır. Beləliklə, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 26 gün (26 iyul 1982-ci il - 28 sentyabr 1983-cü il, 10 yanvar 1986-cı il - 25 avqust 1986-cı il, 22 dekabr 1987-ci il - 1 aprel 1991-ci il tarixləri arasındakı dövrlər) olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
18. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 1.0.8, 7, 9.1, 21.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə, prosessual hüquqi əsası kimi İPM-in 47, 58.6-cı maddələrinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
19. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
21. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
22. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
23. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
24. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
25. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)
27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
28. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”:
1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ...
30. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”:
3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar.
“Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”:
21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər ...
35. Ümumi peşələr: əl ilə qaynaq aparan elektrik qaynaqçıları
32. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər.
Maddə 15. Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri 15.1. İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. ... Maddə 52. Məhkəmə baxışının hədləri
Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. ...
Məhkəmənin mövqeyi:
33. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.
34. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.
35. İddiaçı tərəfin mövqeyinə görə iddiaçıya 60 yaşı tamam olduğu 24 iyul 2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün əsaslar mövcud olduğundan, həmin tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməli ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
36. Nəzərə alınmalıdır ki, iddiaçıya 60 yaşının tamam olduğu 24 iyul 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: - iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; - həmin stajın ən azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması.
37. Cavabdeh tərəfin mövqeyinə görə iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 26 gün (26 iyul 1982-ci il - 28 sentyabr 1983-cü il, 10 yanvar 1986-cı il - 25 avqust 1986-cı il, 22 dekabr 1987-ci il - 1 aprel 1991-ci il tarixləri arasındakı dövrlər) olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
38. Göründüyü kimi iddiaçının ümumi sığorta stajı mübahisələndirilmir. Cavabdeh orqan yalnız ümumi stajın ən azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması ilə bağlı tələbin ödənilməıdiyinə əsaslanır və əsas kimi iki dəlilə istinad edir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən etirazın dəlilləri ilə razılaşmır.
39. Etirazın birinci dəlilinə görə "xxxx" ASC-nin 1 avqust 2024-cü il tarixli, AZB01/106 nömrəli arayışında 1 aprel 1991-ci il - 27 dekabr 1993-cü il tarixləri arasındakı dövr ərzində hərəkətdə olan tərkibin təmiri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunsa da, işlədiyi müəssisənin fəaliyyət sahəsi yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Bu səbəbdən həmin dövr güzəştli iş stajı kimi götürülə bilməz.
40. Halbuki, məhkəmənin sorğusuna əsasən təqdim edilmiş "xxxx" ASC-nin 23 oktyabr 2024-cü il tarixli, AZB01/0160 nömrəli məktubundan görünür ki, "xxxx" ASC (keçmiş Azərbaycan Boruyayma Zavodu) Azərbaycan Respublikasında polad boru istehsalı üzrə aparıcı rol oynayan ən böyük metallurgiya müəssisələrindən biridir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir. Müəssisənin Dəmiryol sexindəki fəaliyyəti də dəmiryol nəqliyyatı sahəsinə aid olmaqla ağır və zərərli sahə sayılır. Belə ki, müəssisənin Dəmiryolu sexi vahid texnoloji qaydalara uyğun olaraq əsas magistral dəmiryolu xətti ilə birləşən və müəssisəyə məxsus dalan yolunun, həmçinin, müəssisədaxili dəmiryol xətlərinin istismarını həyata keçirir. Bu sexdə çalışan işçilər də sənaye müəssisələrində dəmiryol nəqliyyatının texniki istismar qaydalarına və təlimata uyğun olaraq, öz əmək funksiyalarını həyata keçirir. İddiaçı 1 aprel 1991-ci il tarixdən 27 dekabr 1993-cü il tarixədək müəssisənin Dəmir yolu sexində “vaqonların təmiri sahəsinə hərəkətdə olan tərkibin təmiri üzrə çilingər” peşəsində işləmişdir. Qeyd olunan peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci Nəqliyyat bölməsinin 21.4-cü Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” peşəsi ilə eynilik təşkil edir.
41. Etirazın ikinci dəlilinə görə “X2”nin iddiaçıya dair 23 iyul 2024-cü il tarixli, arayışında adıçəkilən müəssisədə 18 fevral 2011-ci il - 7 avqust 2012-ci il və 17 iyul 2020-ci il - 24 aprel 2021-ci il tarixləri arasındakı dövrlər ərzində qaynaqçı və elektrik qaynaqçısı vəzifələrində işlədiyi qeyd edilmişdir. Lakin sözügedən arayışda işlədiyi müddətdə əl ilə qaynaq aparıbaparmaması barədə hər hansı məlumat qeyd olunmamışdır.
42. Lakin istinad olunmuş “X2” QSC-nin 23 iyul 2024-cü il tarixli, arayışından görünür ki, iddiaçının işləmiş olduğu və hal-hazırdada əmək fəaliyyətini davam etdirdiyi peşələr (vəzifələr) hazırda “X2” QSC-də mövcud olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Belə ki, “qaynaqçı” və “elektrik qaynaqçısı” peşələri 35. Ümumi peşələr bəndinin “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi ilə eynilik təşkil edir.
43. Bundan əlavə, “X2” QSC-nin 19 sentyabr 2024-cü il tarixli, araşdırıcı arayışından da görünür ki, iddiaçının işləmiş olduğu peşələr (vəzifələr) hazırda “X2” QSC-də mövcud olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Belə ki, “qaynaqçı” və “elektrik qaynaqçısı” peşələri 35. Ümumi peşələr bəndinin “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi ilə eynilik təşkil edir və iddiaçı işlədiyi müddətdə əmək fəaliyyətini əl ilə qaynaq aparan elektrik qaxmaqları aparatında icra etmişdir.
44. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
45. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir.
46. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir.
47. İş materialına iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışlar əlavə edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir.
48. İşin yuxarıda müəyyən edilmiş hallarından aydın şəkildə görünür ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, iddiaçıya 60 yaşının tamam olduğu 24 iyul 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsiödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
49. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu 24 iyul 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Könül Həbibova