Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2597/2022 07.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X1, X2 iştirakları ilə, İddiaçı cavabdeh Abşeron Rayon Polis İdarəsinin X7 şöbəsinə qarşı “ona vurulan maddi ziyanın əvəzi kimi cavabdehdən onun xeyrinə 3.490 manat kompensasiyanın tutulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə, saat təxminən 15 radələrində “Opel Astra” markalı, ** BF *** dövlət nömrə nişanlı avtomobili ilə Mehdiabad qəsəbəsində, “Bolmart” marketin qarşısında hərəkətdə olarkən, marketin dayanacağında, gözlə görsənməyən yerdə dayanmış, ** YP *** dövlət nömrə nişanlı yol patrul xidməti avtomobili onun arxası ilə hərəkət etmişdir. Həmin vaxt patrul xidməti əməkdaşı tərəfindən ona heç bir işarə verilməmiş, dayanmaq barədə xəbərdarlıq edilməmiş və arxası ilə hərəkətini davam etdirmişdir.İddiaçı Fatmayı yolundan sola, Mehdiabad qəsəbəsinin içərisinə tərəf dönərkən patrul maşını da dönmüş, onu heç bir əsas olmadan təqib etməyə, demək olar ki, qovmağa başlamış, bu zaman o həyəcan keçirmiş və idarətməni itirərək avtomobil divara dəymişdir.Avtomobilin qabaq hissəsi sıradan çıxmışdır və özü də cüzi xəsarətlər almışdır.Bunu görən yol patrul xidmətinin əməkdaşı dərhal maşını döndərərək hadisə yerini tərk etmişdir. Onun tərəfindən heç bir qayda pozuntularına yol verilməmiş və hər hansı bir cərimə olmamışdır . Yəni təqib edilərək qovulmağı üçün əsaslar mövcud olmamışdır. Avtomobilin təmir edilməsi ilə bağlı "xxxx" Kiçik Müəssisəsinə müraciət etmiş, müəssisənin əməkdaşları tərəfindən avtomobilə baxış keçirilmişdir. "xxxx" Kiçik Müəssisəsi tərəfindən 10 may 2022-ci il tarixdə zərər aktı tərtib edilmişdir və avtomobilə vurulmuş maddi ziyan bazar qiymətinə uyğun qiymətləndirilmiş və cəmi 3490 manat müəyyən edilmişdir. Cavabdehə kompensasiyanın ödənilməsi üçün müraciət etsə də, bu günə kimi heç bir cavab ala bilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi polis serjantı X3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq hərəkətdə olarkən onun tərəfindən 100 metr yol müşayiət olunmuşdur. Belə ki, iddiaçı nəqliyyat vasitəsini yüksək sürətlə idarə etdiyinə görə nəqliyyat vasitəsinin müşayiəti dayandırılmış və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları qeyd olunaraq müvafiq tədbir görülməsi üçün Abşeron Rayon Polis İdarəsinə müraciət olunmuşdur. Dedikləri idarə etdiyi nəqliyyat vasitəsinə quraşdırılmış videomüşahidə cizalarında olan kadırlarlada öz təsdiqini tapır. Nəqliyyat vasitəsinin hasara dəyməsindən xəbəri olmamış və bu barədə iddiaçının Abşeron Rayon Polis İdarəsinə qarşı məhkəmədə inzibati xəta haqqında protokolun ləğv edilməsi ilə bağlı qaldırdığı iddiaya baxılması zamanı məlumatlı olmuşdur. Məhkəmə prosesində iştirak edən cavabdeh təşkilatın digər nümayəndəsi X4 iddia tələbinə etiraz edərək bildirmişdir ki, polis serjantı X2 raportu əsasında yol hərəkəti qaydalarını pozmuş İddiaçı barəsində tənbeh tədbirlərinin tətbiq edilməsi məqsədi ilə şöbəyə dəvət edilərək inzibati xəta haqqında müvafiq qərar qəbul edilmişdir. İddiaçı qeyd olunan inzibati xəta haqqında qərarı məhkəmədə mübahisələndirmişdir, lakin məhkəmə tərəfindən onun inzibati xəta haqqında qərarın ləğv edilməsi ilə bağlı qaldırdığı iddiası rədd edilmişdir. Nəqliyyat vasitəsinə dəymiş ziyanın kimin təqsiri ucbatından baş verməsini aydınlaşdırmaq məqsədi ilə xidməti avtomobilə quraşdırılmış cihazda olan videogörüntüyə və hadisə baş verən yerin yaxınlığında quraşdırılmış kamerada olan videogörüntülərə baxış keçirilmiş və iddiaçının idarə etdiyi avtomobilin divara dəyməsində polis inspektorunun təqsirinin olmaması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən təmsil etdiyi quruma qarşı qaldırılan əsassız iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubunun xəbərnaməsi, "xxxx" Kiçik Müəssisəsi tərəfindən verilmiş 10 may 2022-ci il tarixdə zərər aktı, tərəflərin təqdim etdiyi CD disklər və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan istifadə etdiyi avtomobilin qəza keçirilməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin X7 şöbəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müvafiq İdarə və həmin idarənin nəzdində fəaliyyət göstərən ayrıca inzibati orqan funksiyasının həyata keçirən şöbəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Hazırkı iddia tələbindən məlum olur ki, iddiaçının tələbi onun mülkiyyətində olan nəqliyyat vasitəsinin sıradan çıxdığına görə cavabdehdən kompensasiya alınması ilə bağlıdır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı müvafiq orqana müraciət etmiş, lakin onun müraciəti inzibati orqan tərəfindən cavablandırılmamışdır. Belə olan təqdirdə iddiaçının məhkəməyə müraciət etmək hüququ yaranmış olur. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia kompensasiyanın verilməsi ilə bağlı olduğuna və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Digər tərədən o da nəzərə alınmalıdır ki Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda inzibati orqan kimi göstərilmişdir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqanlar hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 5ci bölməsinə əsasən Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də inzibati orqanlar hesab edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə, saat təxminən 15 radələrində “Opel Astra” markalı, ** BF *** dövlət nömrə nişanlı avtomobili ilə Mehdiabad qəsəbəsində olarkən avtomobil ilə qəza törədərək divara dəymişdir. Avtomobilin qabaq hissəsi sıradan çıxmışdır. İddiaçı həmin hadisənin törədilməsinin səbəbkarı kimi Abşeron Rayon Polis İdarəsinin X7 şöbəsinin əməkdaşlarının olduğunu əsas gətirərək, ona dəymiş maddi ziyanın ödənilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciəti müsbət həll edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, tərəflərin təqdim etdikləri CD disk görüntülərinə baxış keçirmiş və müəyyən olunmuşdur ki, “Opel Astra” markalı, ** BF *** dövlət nömrə nişanlı avtomobili yüksək sürətlə hərəkətini davam etdirərkən idarəetməni itirərək daş hasara çırpılmışdır. Videogörüntülərdən polis avtomobilinin aşağı sürətlə hadisə baş verən küçə ilə hərəkət etməsi və İddiaçı nəqliyyat vasitəsini sürətlə idarə etməsini gördüyündən müşahidəni dayandırmaqla yolun əks istiqamətinə doğru geri qayıtması da öz əksini tapmışdır. Nəzərə alınmalıdır ki, yol nəqliyyat hadisəsinin baş verdiyi küçəsinin döngələrinin olması səbəbindən YPX avtomobilinin geriyə qayıtdığı ərazidən nəqliyyat vasitəsinin dəydiyi divarı görmək mümkün deyildir. Bu isə bir daha ona dəlalət edir ki, İddiaçı idarə etdiyi avtomobilin divara dəyməsi yol patrul xidmətinin əməkdaşının birbaşa müşayəti nəticəsində baş verməyib. Hesab olunur ki, yol hərəkət qaydalarını pozan şəxsin inzibati qaydada tənbeh edilməsi məqsədi ilə həmin şəxsin idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanlarının dəqiq müəyyənləşdirilməsi baxımından qısa müddətli müşahidəsi qanun pozuntusu kimi qəbul edilə bilməz. Həmçinin o da nəzərə alınmaldır ki, İddiaçı inzibati xəta törətməsində inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı olan qərar hal-hazırda qüvvədədir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh təşkilatın “Opel Astra” markalı, ** BF *** dövlət nömrə nişanlı avtomobilin divara çırpılmasında təqsiri olmadığından ona qarşı qaldırılmış iddia əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Abşeron Rayon Polis İdarəsinin X7 şöbəsinə qarşı “ona vurulan maddi ziyanın əvəzi kimi cavabdehdən onun xeyrinə 3.490 manat kompensasiyanın tutulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2597/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2597/2022
07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver