Məhkəmə qərarları › İş №2-1(118)-26/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-26/2020

26.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-26/2020 26.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin HakimiQuliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası DT və XK tərəfindən verilmiş JN 0364 seriyalı 30123018 kodlu dövlət aktına əsasən Qusar rayonu, Xuray kənd ərazisində yerləşən 2,0 ha torpaq sahəsinin xüsusi mülkiyyət kimi ona məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması və çıxarışın verilməsinin cavabdeh təşkilata həvalə edilməsi”nə dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Qusar rayonu, Xuray kənd ərazisində yerləşən 2,0 ha torpaq sahəsinin xüsusi mülkiyyət kimi ona məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması və çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən müraciətin təmin olunmasından imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, iddiaçı Qusar rayonu Xuray kəndi ərazisində 2,0 ha torpaq sahəsini Xuray Bələdiyyəsi ilə 2004-cü ildə müqavilə bağlayaraq icarəyə götürmüşdür, 2006-cı ildə sahibkarlıq fəaliyyəti ilə məşqul olmaq məqsədi ilə həmin torpaq sahəsinin satın alınması üçün ərizə ilə rəsmi olaraq Xuray bələdiyyəsinə müraciət etmiş və həmin Bələdiyyənin xx xxxxx 2006-cı il tarixli 10 saylı protokoluna əsasən Xuray Bələdiyyəsinə məxsus olan 2004-cü ildən icarəyə alınmış 2,0 ha torpaq sahəsi tikinti və sahibkarlıq məqsədi üçün iddiaçıya satılmışdır. Daha sonra, satın aldığı torpaq sahəsinin sənədlərini Qusar rayon Torpaq şöbəsinə təqdim etmiş və Qusar rayon Xuray kəndi ərazisində 2,0 ha torpaq sahəsinin mülkiyyət hüququ əsasında ona məxsus olması barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN 0364 seriyalı 30123018 kodlu dövlət aktı verilmişdir. 2006-cı ildən bu günə qədər iddiaçı Qusar rayon Xuray kənd ərazisində yerləşən 2,0 ha torpaq sahəsinə istifadə və sahiblik hüquqlarını mübahisəsiz həyata keçirir. Hətta mülkiyyət hüququ əsasında ona məxsus həmin torpaq sahəsinin üzərində istirahət zonasının tikinti üçün Qusar rayon İcra Hakimiyyəti başçısının x xxxxxxx 2007-ci il tarixli sərəncamı da verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN 0364 seriyalı 30123018 kodlu dövlət aktını cavabdeh təşkilat olan DƏDRX-nin 5 saylı X5 təqdim edərək mülkiyyət hüququ əsasında özünə məxsus torpaq sahəsinə Çıxarışın verilməsini xahiş etmişdir. Lakin, cavabdeh təşkilat xx xxxxxxxx 2018-ci il tarixli məktubu ilə çıxarışın verilməsinə imtina edərək bildirmişdir ki, təqdim edilmiş dövlət aktı qeydiyyat kitabında öz əksini tapsa da, akta göstərilən torpaq sahəsinin cizgiləri Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamış, faktiki istifadədə olan torpaq sahəsinin koordinatları isə 5 saylı X3 elektron məlumat bazasında olan xəritəsində meşə fondu ərazisi kimi göstərilmişdir. Yuxarıda qeyd etdiyi kimi, Qusar rayon Xuray kənd ərazisində yerləşən 2,0 ha torpaq sahəsi 14 ildir ki iddiaçının istifadəsində və sahibliyindədir və həmin torpaq sahəsi Azərbaycan Respublikası DT və XK Qusar rayon torpaq şöbəsi tərfındən verilmiş dövlət aktına əsasən mülkiyyət hüququ əsasında ona məxsusdur. İddiaçı hesab edir ki, AR DT və XK tərəfindən verilmiş dövlət aktı əsasında Qusar rayonu Xuray kənd ərazisində yerləşən 2,0 ha torpaq sahəsinin mülkiyyət hüququ əsasında ona məxsus olması barədə cavabdeh təşkilat daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydləri aparmalı və bu barədə iddiaçıya Çıxarış verməlidir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. izahatında bildirmişdir ki, Xuray Bələdiyyəsinə məxsus olan 2004-cü ildən icarəyə alınmış 2,0 ha torpaq sahəsi tikinti və sahibkarlıq məqsədi üçün iddiaçıya satılmışdır. Həmin torpaq sahəsinin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olması barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş dövlət aktı mövcuddur. Cavabdeh iddiaya etirazında qeyd edir ki, vətəndaş İddiaçı etibarnamə üzrə nümayəndəsi vətəndaş X1 rayonu, Xuray kəndi ərazisində yerləşən 2.0 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 sayiı X5 daxil olmuş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, ərizəyə əlavə edilmiş JN-0364 (kod 30123018) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsindən 5 saylı X5 təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydə alınsada, aktda göstərilən torpaq sahəsinin cizgiləri Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. Faktiki istifadə olunan torpaq sahəsinin koordinatları isə 5 saylı X3 elektron məlumat bazasında olan xəritəsində meşə fondu ərazisi kimi göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 31.5-ci maddəsinə əsasən meşə fondu torpaqlarının alqı-satqısına yol verilmir. Həmin məcəllənin 46-cı maddəsinə əsasən meşə fondu torpaqları dövlət mülkiyyətinə aiddir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1 -ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Göründüyü kimi iddia ərizəsində göstərilən daşınmaz əmlak ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin elektron baza kadastr xəritə materiallarında aşkar edilmədiyindən, o cümlədən faktiki istifadə olunan torpaq sahəsinin koordinatları xəritədə meşə fondu ərazisi kimi göstərildiyindən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, iaşqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilənlər nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən vətəndaş İddiaçı ərizəsinin icrasından əsaslı olaraq imtina olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmiş, məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi tərəfindən müvafiq ekspertizalar keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx xxxx 2019-cu il tarixli 8336 saylı və xx xxxxxx 2019-cu il tarixli 25265 saylı ekspert rəylərinə əsasən müəyyən olunmuşdur ki, İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə JN-03xx xxx 30123018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilmiş torpaq sahəsinin koordinatlarının uyğundur və İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin vahid elektron baza məlumatlarında olan yerquruluşu xəritəsinə və X8 Təsərrüfatının arxivində saxlanılan meşəquruluşu xəritələrinə əsasən meşə fondu torpaqlarına aid deyil. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia həmdə əsaslıdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinaya səbəb kimi ərizəyə əlavə edilmiş JN-0364 (kod 30123018) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsindən 5 saylı X5 təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydə alınsa da, aktda göstərilən torpaq sahəsinin cizgiləri Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmadığı, faktiki istifadə olunan torpaq sahəsinin koordinatları isə 5 saylı X3 elektron məlumat bazasında olan xəritəsində meşə fondu ərazisi kimi göstərildiyi qeyd olunmuşdur. Bununla əlaqədar olaraq, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi tərəfindən müvafiq ekspertizalar keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx xxxx 2019-cu il tarixli 8336 saylı və xx xxxxxx 2019-cu il tarixli 25265 saylı ekspert rəylərinə əsasən müəyyən olunmuşdur ki, İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə JN-03xx xxx 30123018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilmiş torpaq sahəsinin koordinatlarının uyğundur və İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin vahid elektron baza məlumatlarında olan yerquruluşu xəritəsinə və X8 Təsərrüfatının arxivində saxlanılan meşəquruluşu xəritələrinə əsasən meşə fondu torpaqlarına aid deyil. Beləliklə cavabdeh inzibati orqanın imtinada istinad etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Bundan başqa məhkəmə qeyd edir ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları öz əksini tapmışdır. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Hazırki işdə isə hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün qanunvericilikdə müəyyən edilmiş əsaslardan hər hansı biri mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, hazırki işdə cavabdeh tərəfindən iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsi, onun yuxarıda qeyd olunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası DT və XK tərəfindən verilmiş JN 0364 seriyalı 30123018 kodlu dövlət aktına əsasən Qusar rayonu, Xuray kənd ərazisində yerləşən 2,0 ha torpaq sahəsinin xüsusi mülkiyyət kimi İddiaçı məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması və çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə həvalə edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası DT və XK tərəfindən verilmiş JN 0364 seriyalı 30123018 kodlu dövlət aktına əsasən Qusar rayonu, Xuray kənd ərazisində yerləşən 2,0 ha torpaq sahəsinin xüsusi mülkiyyət kimi İddiaçı məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması və çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar