Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2603/2023 31.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X4 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Saray bağlar massivi, 4371 ünvanında yerləşən 0.20 ha torpaq sahəsi üzərində mərhum əri X3 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə qoyulmasına” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, qızı və nümayəndəsi Tağıyeva Zenfıra Xakizər qızı Sumqayıt şəhəri, Saray bağlar massiv, 4371 ünvanda yerləşən 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədləri əlavə etmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 2 saylı Sumqayıt Ərazi İdarəsi həmin torpaq sahəsi üzrəində mülkiyyət hüququmun dövlət qeydiyyatının aparılmasından xx.xx.2023-cü il tarixli bildirişlə imtina etmişdir. Həmçinin cavabdeh imtina məktubunda bildirmişdir ki, “Sumqayıt şəhəri. Saray bağlar massivi, 4371 ünvanda yerləşən 0.20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə əlaqədar xx.xx.2023-cü il traixli, ********** qeydiyyat nömrəli "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X6 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Müraciətinizlə bağlı bildiririk ki, ərizəyə əlavə olunan xx.xx.1989-cu il tarixli 10381 nömrəli "Bağ sahəsinin uzunmüddətli icarəyə verilməsinə dair müqavilə"nin Sumqayıt Bələdiyyəsi tərəfindən idarəyə təhvil verilmiş arxiv nüsxəsi müvafiq qurumun möhürü və İmzası ilə təsdiqlənməmişdir. Cavabdeh imtinasını onunla əsaslandın ki, ərizəyə əlavə olunan xx.xx.1989-cu il tarixli 10381 nömrəli "Bağ sahəsinin uzunmüddətli icarəyə verilməsinə dair müqavilə"nin Sumqayıt Bələdiyyəsi tərəfindən idarəyə təhvil verilmiş arxiv nüsxəsi müvafiq qurumun möhürü və imzası ilə təsdiqlənməmişdir. Həmin müqavilə tərtib edilərkən imzalanmaması və mövürlə təsdiq olunmaması iddiaçının günahı deyil. İddia ərizəsinə də əlavə olunmuş bağ sahəsinin uzun müddətli icarəyə verilməsinə dair müqavilənin üzərində yoxlanılmasına dair möhür mövcudur. Hesab edir ki, cavabdehin gətirdiyi dəlillər əsasızdır. Ona görədə mərhum əri X3 adına arayışı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iştirak etmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Belə ki, iddiaçı Sumqayıt şəhəri, Saray bağlar massivi, 4371 ünvanında yerləşən 0.20 ha torpaq sahəsi üzərində mərhum əri X3 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəyir. Lakin iddiaçı tərəfindən mərhum əri X3 vərəsəsi olması ilə bağlı sənəd məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi bu halda iddiaçının iddia tələbini qaldırmağa subyektiv hüququ yoxdur. Bundan əlavə iddiaçı Sumqayıt şəhəri, Saray bağlar massivi, 4371 ünvanında yerləşən 0.20 ha torpaq sahəsi üzərində mərhum əri X3 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəyir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsində deyilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun bu normasına əsasən, hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. Bundan əlavə “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 1.2-ci bəndinə əsasən, bu Təlimatla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra - Xidmət) ərazi idarələri tərəfindən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (bundan sonra - arayış) yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Təlimatın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, mövcud hüquqların qeydiyyatı ilə bağlı fərqli tənzimləmələr mövcuddur. Məhkəmə praktikasında “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a uyğun olaraq mübahisələrin həlli mövcud olsada, hazırda yuxarı instansiya məhkəmələrində bu çür mübahisələrin həllinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq həll edilməli olması mövqeyi formalaşdığına görə, hüquqi müəyyənlik prinsipi baxımından məhkəmə hesab edir ki, bu çür mübahisələr “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə uyğun həll edilməlidir. İddiaçıya izah edilsin ki, o “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq cavabdeh inzibati orqana təkrar müraciət edə bilər, inzibati orqan imtina vəya hərəkətsizlik edərsə, məhkəməyə müraciət edə bilər. İddiaçıya izah edilsin ki, ilkin olaraq vərəsə olmasını qanunvericiliyə uyğun olaraq müəyyən edilməsinə nail olmalıdır. Bundan sonra isə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2603/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2603/2023
31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver