Məhkəmə qərarları › İş №2-1(118)-261/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-261/2022

14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-261/2022 14.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi, vəkil X16 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Xaçmaz rayon Qaradağ-Buduq (Hülövlü) Bələdiyyəsinin 29 aprel 2013-cü il tarixli qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisəyə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı ilkin olaraq Xaçmaz rayon Qaradağ-Buduq Bələdiyyəsinə qarşı “Xaçmaz rayonu, Qaradağ-Buduq Bələdiyyəsinin 15.11.2004-cü il tarixli, 11 saylı qərarı ilə fərdi mənzil tikintisi üçün iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsinə cavabdeh tərəfindən edilən qəsd hərəkətlərə son qoyulması, iddiaçıya məxsus həmin torpaq sahəsinin X1 dair cavabdehin qərarı və alqısatqının etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsində həmin torpaq sahəsinə X15 mülkiyyət hüququna dair qeydin ləğv edilməsi, həmin qeyddən verilmiş çıxarış, habelə torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Qaradağ-Buduq Bələdiyyəsinin 15.11.2004-cü il tarixli, 11 saylı qərarı ilə iddiaçıya Xaçmaz rayonu, Qaradağ- Buduq Bələdiyyəsinin ərazisindən, Xaçmaz-Bakı magistral yolunun sol tərəfindən, fərdi mənzil tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmin hüquq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində 25.01.2005-ci il tarixdə qeydə alınmışdır. Həmin əsasla torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin qeyddən Çıxarışın verilməsi və Texniki Pasportun hazırlanması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilmişdir. Həmin idarənin cavab məktubunda göstərilir ki, "sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlat Reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz Xaçmaz rayonu, Qaradağ-Buduq Bələdiyyəsinin 15.11.2004-ci il tarixli, 11 saylı qərarı ilə, fərdi mənzil tikintisi üçün Sizə ayrılmış, 0,10 ha torpaq sahəsi üzərində mübahisə mövcuddur. Bundan əlavə müayinə zamanı tərəfinizdən göstərilən torpaq sahəsinə 5 saylı Xaçmaz Ərazi idarəsinin elektron məlumat bazasında olan xəritə üzərində digər şəxsin adına dövlət reyestrindən çıxarış hazırlanmışdır. Bu səbəbdən də mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün və dövlət reyestrindən çıxarışın hazırlanması mümkün olmamışdır. Həmin əsaslarla iddiaçının sənədləri geri qaytarılmışdır. Bununla bağlı iddiaçı Xaçmaz rayonu, Qaradağ-Buduq Bələdiyyəsinə və Xaçmaz rayon Dövlət arxivinə müraciət etmişdir. Xaçmaz rayonu, Qaradağ-Buduq Bələdiyyəsinin 06 noyabr 2020-ci il tarixli, 79 saylı arayışına əsasən, 15 noyabr 2004-cü il tarixli 11 saylı protokolla iddiaçıya verilmiş həyətyanı torpaq sahəsi 0,10 ha torpaq sahəsidir. Ancaq texniki səhv olaraq o, qərarda qeyd olunmamışdır. Xaçmaz rayon Dövlət Arxivinin 03.10.2020-ci il tarixli, 516 saylı sənədi əlavə edilməklə Xaçmaz rayonu, Qaradağ-Buduq Bələdiyyəsinin arxiv sənədləri (qəbz, qərar, torpaqların alqı-satqısına dair akt, rəy, xəritə) iddiaçıya təqdim olunmuşdur. İddiaçı 15 ildən çoxdur ki, torpağı qanuni alqı-satqı yolu ilə əldə etmiş, ərazini hasara almış, vaxtlıvaxtında rüsumları ödəmiş, torpaq sahəsindən öz mülkiyyəti kimi istifadə edərək ona aqrar qulluq etmiş, həmin torpaq sahəsini əkib becərmiş, bununla da torpaq sahəsinin qanuni sahibi olduğunu açıq nümayiş etdirmişdir. İddiaçı iddia ərizəsinin qaldırılması ilə əlaqədar olaraq bələdiyyəyə müraciət etməklə ona məxsus torpaq sahəsinin X1 dair bələdiyyə qərarının və digər snədlərin surətlərinin ona verilməsini xahiş etsə də, həmin sənədlərin təqdim olunmasından imtina edilmişdir. DƏDRX 5 saylı Ərazi İdarəsinin imtina məktubunda da mübahisəli torpaq sahəsinin kimə və hansı əsaslarla satılması, adına verilmiş çıxarışın nömrəsi və tarixi göstərilməmişdir. Lakin bələdiyyənin verdiyi qeyri-rəsmi məlumata əsasən Xaçmaz rayon Qaradağ-Buduq Bələdiyyəsinin 15.11.2004-cü il tarixli, 11 saylı qərarı ilə fərdi mənzil tikintisi üçün iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsi qeyri-qanuni olaraq həmin bələdiyyə tərəfindən maraqlı şəxs X3, sonradan bu torpaq sahəsinə mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış və onun adına çıxarış verilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qərardadı ilə Xaçmaz rayon Qaradağ-Buduq Bələdiyyəsi əsl Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Xaçmaz rayon Qaradağ-Buduq (Hülövlü) Bələdiyyəsinin 29 aprel 2013-cü il tarixli qərarının ləğv edilməsini xahiş etdi. Nümayəndə, həmçinin, bildirdi ki, iddiaçının atası əvvəllər bələdiyyə sədri olmuş və ümumilikdə 30 sot olmaqla hər üç övladına 10 sot torpaq sahəsi vermişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan da göründüyü kimi hər biri 10 sot olmaqla iddiaçının qardaşı X13 və bacısı X5 aid torpaq sahələri 17.12.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçıya məxsus torpaq sahəsi isə növbəti bələdiyyə tərəfindən X2. İddiaçının ona məxsus 10 sot torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı mövcud olmamışdır. Əvvəlki məhkəmə iclasında çıxış edən cavabdehin nümayəndəsi, eyni zamanda Xaçmaz rayon Hölüövlü bələdiyyəsinin sədri X18 iddia tələbinə etiraz edərək bildirdi ki, mübahisəli torpaq sahəsi X17 2013-cü il tarixdə satılmışdır. O, həmin vaxtı bələdiyyə sədri vəzifəsində işləmirdi. İddiaçı mübahisəli torpaq sahəsinə dair köhnə xəritələri gizlətmişdir. Torpağın hər iki şəxsə - iddiaçıya və üçüncü şəxsə satılması müxtəlif vaxtlarda bələdiyyə tərəfindən həyata keçirilmişdir. Lakin faktiki olaraq torpaq sahələri fərqli yerlərdə yerləşir. Elnur Əhmədova satılan torpaq sahəsinin mübahisəli olduğunu o bilməmişdir. Elnur Əhmədova torpaq sahəsi qanuni əsaslarla satılmışdır. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: • İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xaçmaz rayon Polis Şöbəsinin 30.03.2021-ci il tarixli məktubuna əsasən 15.01.1981-ci il təvəllüdlü X4 rayonu, Qaradağ-Buduq kəndində qeydiyyatdadır. • Xaçmaz rayon Dövlət Arxivindan daxil olmuş sənədlərin surətlərinə qəbz, qərar, torpaqların alqı-satqısına dair akt, rəy və xəritə daxil edilmişdir. • Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin rəyinə əsasən İddiaçı fərdi mənzil tikintisi məqsədilə satılması nəzərdə tutulan torpaq sahəsi Xaçmaz rayon Qaradağ-Buduq bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi bələdiyyənin perspektiv inkişafı üçün saxlanılan torpaqlarına aid olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. • Torpaqların alqı-satqısına dair Aktla müəyyən olunur ki, Xaçmaz rayonu ərazisində yaşayan İddiaçı Qaradağ-Buduq bələdiyyə ərazisində 0,10 ha torpaq sahəsinin satılmasına dair 15 noyabr 2004-cü il tarixli, 11 saylı qərar qəbul edilmişdir. Bu akt bələdiyyənin nümayəndəsi və Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin müdiri tərəfindən tərtib edilərək imzalanmış və möhürlə təsdiq edilmişdir. • İş materiallarına Xaçmaz rayon Qaradağ-Buduq bələdiyyəsinin xəritəsindən çıxarış və pul vəsaitinin bələdiyyənin hesabına keçirilməsinə dair qəbz də əlavə edilmişdir. • Xaçmaz rayon Qaradağ-Buduq bələdiyyəsinin 15.11.2004-cü il tarixli, 11 saylı qərarına əsasən iddiaçıya torpaq sahəsinin ayrıldığı müəyyən edilir. Hülövlü bələdiyyəsinin arayışında da 15.11.2004-cü il tarixli, 11 saylı protokolla 0,10 ha torpaq sahəsinin iddiaçıya ayrıldığı qeyd olunmuş, lakin texniki səhv olaraq onun qərarda qeyd olunmadığı bildirilmişdir. Qaradağ-Buduq bələdiyyəsinin eyni tarixli, eyni saylı qərarı ilə iddiaçının qardaşı X8 və bacısı X6 həmin bələdiyyə ərazisində 0,10 ha torpaq sahəsinin ayrıldığı müəyyən edilir (torpaqların alqı-satqısına dair aktların surətləri əlavə edilmişdir). • Məhkəmə sorğusu nəticəsində üçüncü şəxs – X17 məxsus Xaçmaz rayon Qaradağ- Buduq kəndində yerləşən 0,10 ha torpaq sahəsinə dair RX seriyalı ******* seriyalı, 24.05.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə daxil olmuşdur. Belə ki, daşınmaz əmlakın dövlət reyestrindən 13.03.2013-cü il tarixli (RX seriyalı, ******* nömrəli) çıxarışla mübahisəli torpaq sahəsi Cavabdeh mülkiyyətində olmuş, 24.05.2013-cü il tarixli çıxarışla (RX seriyalı, ******* nömrəli) Elnur Əhmədovun adına qeydiyyata alınmışdır. Əlavə olaraq 29 aprel 2013cü il tarixli iclasının 04 saylı protokolundan çıxarışa fərdi yaşayış evinin tikintisi məqsədilə bələdiyyənin perspektiv inkişaf fondu torpaqlarından 0,10 ha torpaq sahəsinin hərrac və müsabiqə keçirilmədən Elnur Əhmədovun mülkiyyətinə satıldığı qərara alınmışdır (alqı-satqı aktı və arayış da əlavə edilmişdir). Həmin sənədlərə DT və XK mütəxəssisinin rəyi və Xaçmaz rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin rəyi də daxil edilmişdir. • 2002-2004-cü illərdə Xaçmaz rayon Qaradağ-Buduq bələdiyyəsinin sədr müavini və 2004-2009-cu illərdə bələdiyyə sədri vəzifəsində işləmiş X9 tərəfindən ünvanlanmış ərizəyə əsasən Qaradağ-Buduq Bələdiyyəsi ləğv edilmiş və Hülövlü Bələdiyyəsinin tərkibinə daxil edilmişdir. Həmin dövrdə bələdiyyə sədri vəzifəsində işləyən mərhum X10 qanuni əsaslarla Xaçmaz rayon Qaradağ-Buduq bələdiyyəsinin 15.11.2004-cü il tarixli, 11 saylı qərarı ilə həmin ərazidən, Xaçmaz-magistral yolunun sol tərəfindən fərdi mənzil tikmək üçün övladları – İddiaçı, X14 və X12 üçün eyni tarixdə, ayrı-ayrılıqda yan-yana 0.10 ha torpaq sahəsi ayrılmışdır. Bu dövrdə bələdiyyələrin xəritələri tərtib olunmadığından və elektron sistem fəaliyyət göstərmədiyindən torpaq sahələrinin cizgi və koordinatları qeyd olunmamışdır. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyət baxımından uğurludur. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia - bələdiyyə qərarının ləğv edilməsinə yönələn tələb mümkündür. İddia mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Azərbaycan Respublikas Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissələri, 29-cu maddəsinin İ, İİ və İV hissələri). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. İlk öncə nəzərə alınmalıdır ki, bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrinin "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəalarına əsasən nəzərdən keçirərək ona müraciət edən şəxsə ayrılmasının məqsədə uyğunluğunu müəyyən edir. Əgər həmin ərazi üzrə torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilərsə, o halda bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən torpağın hərrac və hərrac keçirilmədən ayrılması məsələsini həll edir. Yəni qeyd olunan normaları müqayisə edərkən müəyyən edilir ki, qeyd olunan Qanunun 9.1-ci maddəsi torpaq sahələri ayrılarkən prosedurun ikinci mərhələsinə aiddir. Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verməkdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. Həmin Qanunun 5.4-cü maddəsinə müvafiq icra hakimiyyəti orqanları, torpaq istifadəçiləri, icarəçiləri və qeyri-hökumət təşkilatları bələdiyyə torpaqlarına dair münasibətlərdə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara verilmiş səlahiyyətlər daxilində iştirak edə bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xaçmaz rayon Qaradağ-Buduq Bələdiyyəsinin 15 noyabr 2004-cü il tarixli, 11 saylı qərarı əsasında iddiaçıya Qaradağ-Buduq kəndi ərazisindən bələdiyyənin ehtiyat fondundan torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında 25.01.2005-ci il tarixdə torpağın alqı-satqısına dair akt İddiaçılə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin müdirinin iştirakı ilə tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. İddiaçının bələdiyyənin hesabına (bir milyon yüz on min manat köhnə Azərbaycan manatı ilə) pul ödəməsi və bunun müqabilində 0,10 ha torpaq sahəsinin ona satılması müəyyən edilmişdir (bununla bağlı qəbzin surəti də iş materiallarında mövcuddur). Sözügedən akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsində qeydə alınmışdır. Bundan əlavə, 0,10 ha həyətyanı torpaq sahəsinin iddiaçıya ayrılması Cavabdeh arayışı ilə də müəyyən olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Xaçmaz rayon Qaradağ-Buduq bələdiyyəsinin eyni tarixli (15.11.2004-cü il), 11 saylı qərarları ilə iddiaçının mərhum atası və keçmiş bələdiyyə sədri olmuş Gülsevir Quliyev tərəfindən hər birinə 0,10 ha olmaqla yanbayan ərazidən torpaq sahələri hər üç övladına – İddiaçı, X11 və X7 ayrılmış, torpaqların alqısatqısına dair akt qəbul edilmişdir. Həmin qərarlar əsasında Mehman Quliyev və Sevinc Quliyeva (Günəşova) özlərinə məxsus 0,10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarış əldə etmişlər. İddiaçıya məxsus torpaq sahəsi ilə bağlı isə onun hüquqları pozularaq digər bələdiyyə sədri tərəfindən müvafiq qərarla üçüncü şəxsə satılmışdır. Sözügedən qərar qüvvədə olmasına baxmayaraq, Cavabdeh 02 noyabr 2012-ci il tarixli qərarı ilə fərdi mənzil tikintisi məqsədilə mübahisəli 0,10 ha (1000 kvadrat metr) torpaq sahəsi Hülövlü bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Bununla bağlı RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən 13.03.2013-cü il qeydiyyat tarixli çıxarış verilmişdir. Daha sonra 29 aprel 2013-cü il tarixli, 04 saylı qərarla həmin torpaq sahəsinin üçüncü şəxs – X15 mülkiyyətinə verilməsi qərara alınmışdır ki, nəticə etibari ilə həmin şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 24.05.2013-cü il qeydiyyat tarixli çıxarış verilmişdir. İddiaçıya ayrılmış torpaq sahəsinin məhz üçüncü şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsi iddiaçı ilə eyni tarixdə eyni nömrəli qərarla yanbayan hər biri 0,10 ha olmaqla cəmi 0,30 ha torpaq sahəsinin iddiaçı və onun bacı və qardaşına ayrılması, iddiaçı istisna olmaqla digər ailə üzvlərinin həmin sahələrə dair müvafiq çıxarışlarıın əldə etməsi, halhazırda həmin sahənin (0,30 ha) iddiaçının və onun ailə üzvlərinin faktiki sahibliklərində olması sübuta yetirilir. Aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 29.04.2013-cü il tarixli qərarının ləğv edilməsinə dair iddia tələbi əsaslı olduğundan ləğv edilməlidir. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 4-cü bəndində bələdiyyələrə öz qərarlarını ləğv etmək səlahiyyəti verilsə də hazırki iş üzrə iddiaçının hüquqlarının pozulmasına gətirib çıxaran qərarı qəbul etməkdə haqlı olmamış və qanunsuz inzibati akt qəbul etmişdir. Həmin Qanununun 48-ci maddəsinin 2-ci bəndinə əsasən, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. 4-cü bəndinə əsasən, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi özünün 15 yanvar 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, bələdiyyənin ərizəçiyə torpaq sahəsinin satılması barədə öz qərarını ləğv etmək səlahiyyətinin olmasının mülki işə baxan yuxarı məhkəmələr tərəfindən “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 4-cü bəndinə müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Göründüyü kimi qeyd olunan müddəaların digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz. Göründüyü kimi torpaq sahələrinin cizgi və koordinatlarının qeyd olunmaması həmin dövrdə mövcud olmuş bələdiyyələrin xəritələrinin olmaması, habelə elektron sistemin mövcud olmaması ilə bağlı idi. Hülövlü bələdiyyəsinin qanunun tələblərini pozmaqla qəbul etdiyi mübahisə predmeti olan qərar iddiaçının hüquqlarını pozduğundan “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 2-ci bəndini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alan məhkəmə hesab edir ki, Hülövlü bələdiyyəsinin qərarı qanunsuz inzibati aktdır və ləğv olunmalıdır. Belə ki, “İnzibati İcraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu səbəbdən də şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X17 0,10 ha torpaq sahəsinin satılması haqqında Xaçmaz rayon Qaradağ-Buduq (Hülövlü) Bələdiyyəsinin 29 aprel 2013-cü il tarixli qərarı ləğv olunmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Xaçmaz rayon Qaradağ-Buduq (Hülövlü) Bələdiyyəsinin 29 aprel 2013-cü il tarixli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar