Məhkəmə qərarları › İş №2-1(118)-261/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-261/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-261/2023 08.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya İT ******* saylı xx.xx.1983-cü il tarixli əmək kitabçasında qeyd edilmiş əmək stajının və HZ ******* saylı xx.xx.1983-cü il tarixli hərbi biletdə qeyd edilmiş hərbi xidmət müddətinin də sosial sığorta stajına daxil olunaraq, ona 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən etibarən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya İT ******* saylı xx.xx.1983-cü il tarixli əmək kitabçasında qeyd edilmiş əmək stajının və HZ ******* saylı xx.xx.1983-cü il tarixli hərbi biletdə qeyd edilmiş hərbi xidmət müddətinin də sosial sığorta stajına daxil olunaraq, ona 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən etibarən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 27.08,1965-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. 1980-1983-cü illərdə Sumqayıt 35 saylı Peşə məktəbində elektrik qaynaqçısı ixtisası üzrə təhsil almışdır, 1983-1985-ci illər ərzində hərbi xidmətdə olmuşdur. 1983-cü ildən əmək fəaliyyətinə Sumqayıt 3 saylı Evtikmə Kombinatının 103 saylı Tikinti idarəsində armatur sexində əl ilə elektrik qaynaqçısı kimi başlamışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1986-cı ildə yenidən Sumqayıt 3 saylı Evtikmə Kombinatının 103 saylı Tikinti idarəsində armatur sexində əl ilə elektrik qaynaqçısı kimi işə başlamışdır və xx.xx.1996-cı ildə öz xahişilə həmin müəssisədən işdən azad edilmişdir. xx.xx.1998-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi Sumqayıt "Etilen-Polietilen" Zavodunun Quraşdılrma sexində əl ilə elektrik qaynaqçısı işləmişdir. Təqdim edilən, əmək kitabçasından və işəgötürən müəssisə tərəfindən verilmiş müvafiq arayışlardan da görünür ki, 1. xx.xx.1983 - xx.xx.1983= 5 ay 12 gün; 2. xx.xx.1983 - xx.xx.1985= 2 il 2 ay; 3.xx.xx.1986 - xx.xx.1996=10 il 8 ay 13 gün; 4. xx.xx.1998 - xx.xx.2006= 7 il 3 ay ümumilikdə 20 il 6 ay 25 gün əmək stajı var və bu stajın 18 il 04 aydan artıq müddəti pensiya təyinatını tənzimləyən qanunun və qaydaların tələb etdiyi kimi güzşətli şərtlərlə pensiya təyinatı üçün hüquq verən peşə və sahələrə aiddir. Onun əmək fəaliyyəti və mövcud olan sığorta stajı imkan verir ki, ona 52 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin. xx.xx.2022-ci il tarixdə o, cavabdeh DSMF-nun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına ərizə ilə rəsmi qaydada müraciət edərək ona güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin olnmasını xahiş etmişdir. Lakin cavabdeh təşkilat xx.xx.2022-ci il tarixli cavabı ilə (qeyd: həmin cavab məktubunu və sənədlərimi DSMF-nun Sumqayıt regional ASAN xidmətindən xx.xx.2022-ci il tarixdə qəbzə imza edib təhvil almışdır.) onun müraciətini təmin etməmiş və göstərmişdir ki, "sizin xx.xx.2006-cı il tarixədək güzəştli iş stajınız 10 ildən az (7 il 3 ay(01 10 1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövr). Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir." Hesab edirəm ki, cavabdeh DSMF-nun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialının mənə güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Həmçinin bu imtina onun sosial təminat kimi konstitusion hüquqlarını kobud şəkildə pozur. 3.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Əvvəlki məhkəmə iclasında iddiaçının və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin ərizəçinin müraciətinə baxılaraq, qanunvericiliklə tələb olunan güzşətli iş stajının və pensya kapitalının mövcud olmaması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş ‘‘Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahısı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranması üçün Qanunda göstərilmiş 2 şərt ödənilməlidir: 1) ümumi iş stajının 20 il olması; 2) 1 nömrəli siyahısı üzrə müəyyən edilmiş güzəştli iş stajının 10 il olması; İddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən ünvanlanan xx.xx.2022-ci il tarixli cavab məktubunda onun 01.01,2006-cı il tarixədək güzəştli iş stajının 10 ildən az olduğu (7 il 3 ay( xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövr) qeyd olunmuşdur. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli 22/39 nömrəli arayışda onun xx.xx.1983-cü il tarixdən xx.xx.1996-cı il tarixədək 3 №-li Evtikmə Kombinatının 103 №-li Tikinti İdarəsində əl ilə elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuş, eyni zamanda həmin vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahısı üzrə 33-cü bölmənin 23200000-19906 nömrəli kodla tənzimlənən güzəştli vəzifəyə uyğun gəldiyi bildirilmişdir. Lakin 22/39 nömrəli arayışda qeyd olunan 23200000-19906 nömrəli kodla tənzimlənən güzəştli vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahısına deyil, 2 nömrəli siyahısına uyğundur. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahısı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 55 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericilik normalarının məzmunundan da göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iddiaçının: 1 nömrəli siyahı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajına və bu stajın azı 10 ili güzəştli sığorta stajına; 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajına və bu stajın azı 12 il 6 ayı güzəştli sığorta stajına malik olmalıdır. Lakin iddiaçının xx.xx.1983-cü il tarixli əmək kitabçasına əsasən onun xx.xx.2006-cı il tarixədək 20 il 6 ay 25 gün ümumi sığorta stajı mövcuddur. Yəni, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahısı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan 10 il güzəştli sığorta stajı, 2 nömrəli siyahısı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün isə qanunvericiliklə tələb olunan 25 il ümumi sığorta stajı mövcud deyil. Eyni zamanda iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 59280,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı bu günə cəmi 43379,25 manat təşkil edir. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Təyin edilmiş şifahi məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər: İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - AZE seriyalı, 17410039 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1965-ci ildə anadan olmuşdur. - İddiaçıya məxsus xx.xx.1983-cü ildə qeydiyyata alınmış ИТ-İ №1790673 saylı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilədək, xx.xx.1986-cı ildən xx.xx.1996-cı ilədək, xx.xx.1998-ci ildən xx.xx.2011-ci ilədək, xx.xx.2011-ci ildən xx.xx.2013-cü ilədək, xx.xx.2014-cü ildən xx.xx.2018-ci ilədək, xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. - İddiaçıya məxsus НЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus Azərbaycan SSR X3 Təhsil Komitəsi tərəfindən verilmiş Г № 615881 saylı diplomun surətindən görünür ki, İddiaçı 01 sentyabr 1980-ci ildən 20 iyul 1983-cü ilədək Sumqayıt Texnologiya Texnikumunda təhsil almışdır. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 23/09 saylı, xx.xx.2023-cü il tarixli “İşin xarakteri haqqında güzşətli arxiv arayışı”ndan görünür ki, İddiaçı 05 may 1983-cü ildən 17 oktyabr 1983-cü ilədək, 14 yanvar 1986-cı ildən 27 sentyabr 1996-cı ilədək əl ilə elektrik qaynaqçısı işləmişdir. İddiaçı “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 saylı siyahısının XİV. “Tikinti materialları istehsalı” Bölməsinə (kod 1140200a-19906) (əl ilə qaynaqla məşğul olan elektrik qaynaqçıları) əsasən güzşətli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. Bu güzşət, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın 35 “Ümumi peşələr” maddəsində nəzərdə tutulmuş maddəsində nəzərdə tutulmuş “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” hissəsində də nəzərdə tutulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının 10 mart 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düüzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın mahiyyəti ilə bağlı isə məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçının tələbi iki hissədən ibarətdir:

1. İddiaçıya 52 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi;

2. məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması; Məhkəmə iddiaçının birinci tələbinə münasibətdə hesab edir ki, tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh inzibati orqan iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinasının səbəbi kimi iddiaçının ona əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına və sığorta stajına malik olmamasını göstərmişdir. Beləliklə mübahisə iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına və sığorta stajına malik olmamasıdır. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” (bundan sonra 1 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 1 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtinanın birinci bir əsası kimi iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kainetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahısı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan 10 il güzəştli sığorta stajı, 2 nömrəli siyahısı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün isə qanunvericiliklə tələb olunan 25 il ümumi sığorta stajının mövcud olmamasını göstərmişdir. Beləliklə iddiaçıya pensiya təyini ilə bağlı mübahisənin birinci əsasını iddiaçının xüsusi iş stajına malik olub-olmaması təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin bununla bağlı dəlili əsassızdır. İş materiallarında qeyd olunan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 23/09 saylı, xx.xx.2023-cü il tarixli “İşin xarakteri haqqında güzşətli arxiv arayışı”ndan da görünür ki, İddiaçı 05 may 1983-cü ildən 17 oktyabr 1983-cü ilədək, 14 yanvar 1986-cı ildən 27 sentyabr 1996-cı ilədək əl ilə elektrik qaynaqçısı işləmişdir. Qeyd olunan vəzifə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 1 nömrəli siyahısında 11400000 saylı XİV. Tikinti materialları istehsalı bölməsinin 1140200a—19906 saylı zənginləşdirmə fabriklərinin texnoloji sexlərində əl ilə qaynaqla məşğul olan elektrik qaynaqçıları kimi qeyd olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin qeyd edilən dəlili əsassızdır. Məhkəmə qeyd edir ki, iddiaçının 20 ildən artıq ümumi iş stajının olması ilə bağlı tərəflər arasında hər hansı bir mübahisə yoxdur. Lakin, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən 10 il xüsusi iş stajının olmaması cavabdeh tərəfindən mübahisələndirilir. Beləliklə, iddiaçının 52 yaşı tamam olduğuna, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə 10 il xüsusi iş stajı və 20 il ümumi iş stajı olduğuna görə, yuxarıda qeyd olunan normalara əsasən onun pensiya hüququ yaranmışdır. Məhkəmə cavabdehin iddiaçının ona əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün onun pensiya hüququ yarandığı dövrdə, yəni 52 yaşı tamam olduğu dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı” haqqında Qanunda güzəştli şərtlərlə pensiya kapitalı tələb olunmurdu. İddiaçıya da pensiya təyini ilə bağlı sözügedən Qanun tətbiq edilməli olduğundan cavabdehin imtinası əsassızdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona pensiyas təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Məhkəmə iddiaçının digər tələbinə, yəni məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə münasibətdə qeyd edir ki, Əmək pensiyaları haqqında Qanunun 32.1-ci maddəsinin əvvəlki redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərdilər. Qeyd edilən maddəyə 2017-ci ilin 10 mart tarixli Azərbaycan Respublikası Qanunu (01 iyul 2017-ci il tarixindən qüvvəyə minmişdir) ilə edilmiş dəyişikliyə əsasən, bu maddədən “heç bir müddət məhdudiyyəti” olmadan sözləri çıxarılmış, yeni məzmunlu 32.1-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərdə təyin edilir. Qeyd olunan normanın 01 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərə tətbiqinə dair məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarı ilə hüquqi qiymət verilmiş və həmin qərarda mövqe ondan ibarət olmuşdur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci ilin 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən pensiya təminatı ilə bağlı işlərə baxılarkən hər işin konkret hallarını araşdırmadan, yalnız Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına istinadən qərarın qəbul edilməsi Konstitusiyanın 60-cı maddəsinin tələblərinin pozulmasına gətirib çıxara bilər. Hazırki işdə iddiaçı xx.xx.2017-ci ildən əvvəl inzibati orqana müraciət etməsi ilə bağlı və ya müraciət etməməsinin səbəbinin üzrlü olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdeh orqana pensiya təyinatı ilə bağlı 16 fevral 2022-ci il tarixdə müraciət olunmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, ona əmək pensiyası müraciət etdiyi tarixdən 3 il əvvəldən, yəni 16 fevral 2019-cu il tarixdən ödənilməlidir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar