Məhkəmə qərarları › İş №2-1(118)-2617/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2617/2022

28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2617/2022 28.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 70 m2 torpaq sahəsinə və üzərində yerləşən qeyri-yaşayış binasına mövcud vəziyyətdə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyət hüququna dair sənədlərinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2022~ci il tarixli **********5 saylı imtina məktubu ilə Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 70 kv.m torpaq sahəsinə və üzərində yerləşən qeyri yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair nümayəndəsinin xx.xx.2022-ci il tarixli müraciəti əsasında hüququnun qeydiyyata almmasınadan imtina olunmuşdur. Qeyd olunan imtina əsassızdır, bu səbəbdən də cavabdehin üzərinə Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 70 kvm torpaq sahəsinə və üzərində yerləşən qeyriyaşayış binasına mülkiyyət hüquqlarının qeydiyyata alınması və Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Texniki pasportun hazırlanması öhdəliyi qoyulmalıdır. Belə ki, Xaçmaz Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 07 saylı qərarı və torpaqların alqı-satqısına dair xx.xx.2005-ci il tarixdə ləğv edilmiş DT və XK-nın Xaçmaz rayon şöbəsində 129 nömrə ilə qeydiyyata alınmış akta müvafiq olaraq sahibkarlıq fəailiyyəti üçün 70 kv.m torpaq sahəsi almışdır. Torpaq sahəsi alınarkən ləğv edilmiş DT və XK-nın Xaçmaz rayon Şöbəsinin xx.xx.2005-ci il tarixli 465/1 saylı rəyi alınmış və rəydə göstərilir ki, ona sahibkarlıq fəailiyyəti məqsədi ilə satılması nəzərdə tutulan torpaq sahəsi 70 kv.m olmaqla Xaçmaz Bələdiyyəsinin mülkiyyətinə aidir və alqısatqı predmetidir. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 214 saylı sərəncamı ilə aldığı torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilmişdir. Bundan əvvəl isə müvafiq komissiya tərəfindən Akt tərtib edilərək tikinti işlərinin aparılmasına icazə verilməsi qanuna uyğun hesab edilmişdir. Tikiləcək obyektin layihəsi hazırlanaraq Baş memar tərəfindən təsdiqlənmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti obyektinə verilən koda dair Seriya AZE N-003591 saylı şəhadətnamə hazırlanmış və Komitənin xx.xx.2021-ci il tarixli XO-01- 07-K-14-2021-03489 saylı məktubda göstərilir ki, ona mağaza binasının tikintisinə icazə verilməsinə dair təqdim olunmuş məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilmişdir.Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının imzası ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli tikinti obyektinin istismarına icazə 02/K nömrəsi ilə alınmışdır. Qeyd olunan sənədlərdə 1 mərtəbəli sahibkarlıq obyektinin ümumi sahəsi, tikinti sahəsi və həcmi göstərilmişdir. Fövqəlada Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Şimal Reqinal Tikinti Müfəttişliyinin rəisi Q.Cəfərovun imzası ilə təsdiqlənmiş xx.xx.2021 -ci il tarixli istismara hazırlıq Aktı N2 Ö/005055 hazırlanmışdır. Qeyd olunan sənədlərdə obyektin bir girişli, bir mərtəbəli fərdi mağaza binası, binanın ümumi həcmi V= 319,72 kvm, tikinti sahəsi S= 69,9 kvm, binanın ümumi sahəsi S= 55,85 kv.m qeyd edilmişdir. Qanuni əsaslarla aldığı 70 kv.m torpaq sahəsində normadan artıq ümumilikdə 87,1 kv.m olduğu müəyyən edildikdən sonra yerində yenidənqurma işləri aparılaraq tikinti sahəsi faktiki olaraq 70 kv.m ərazidə yekunlaşmışdır. Başqa sözlə istifadə olunan 17,1 kv.m torpaq sahəsi istifadədən çıxarılmışdır. Bundan sonra müvafiq qaydada cavabdehə məlumat verilsə də artıq imtina mövcud olduğundan məhkəmə müraciət edilməsi bildirilmişdir.Torpaq sahəsinin və üzərində yerləşən obyektin ölçüləri sənədlərə tam uyğundur.Göründüyü kimi cavabdeh həmin əmlaka mülkiyyət hüququmu əsasız olaraq qeydə almamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşdirmə verərək, Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 70 m2 torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış binasına (ümumi sahəsi 51.24 m2 , tikinti sahəsi 65.25 m2, həcmi 319.72 m3 olan 1 girişli, 1 mərtəbəli fərdi mağaza binası) mövcud vəziyyətdə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyət hüququna dair çıxarışın və texniki pasportun hazırlanıb verilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zarnam aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş qeyri-yaşayış binasının sənəd üzrə ümumi sahəsi 51.24 kv.m göstərilsə də, faktiki yerində 56.1 kv.m ölçüdə öz əksini tapmışdır. Bildirilir ki, qeyri-yaşayış binasının daxili ölçüləri ərizəyə əlavə olunmuş eskiz sxemə qismən uyğundur və qeyri-yaşayış binasının çöl ölçüləri Xaçmaz rayon İH-nin Tikinti və Memarlıq şöbəsi tərəfindən tərtib edilmiş eskiz sxemdə göstərilən ölçülərdən çoxdur. Belə ki, qeyri-yaşayış binasının arxa divarı ilə şimal istiqamətdə yerləşən qonşu evin hasarı arxasında qeyri-yaşayış binasının qərb və şərq divarları boyunca əlavə hissə mövcuddur və qeyri-yaşayış binasının çöl ölçüləri nəzərə alınmaqla qeyri-yaşayış binasının əsas tikintialtı sahəsi 84.5 kv.m-dir. Bundan əlavə, qeyri-yaşayış binasının tikintisi üçün torpaq sahəsi sənəd üzrə 70 kv.m ayrılsada faktiki tikinti işləri 87.1 kv.m ölçüdə aparılmışdır.eyriyaşayış binasında hüquqmüəyyənedici sənədləri təqdim edilməyən 17.1 kv.m əlavə tikililər mövcuddur. Yuxarıda qeyd olunanları nəzərə alaraq '‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından xx.xx.2022-ci il tarixli, **********05 nömrəli məktubla imtina olunmuşdur.Həmçinin icraatda olan iş üzrə Fövqəladə Hallar Nazirliyini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsini, Xaçmaz Rayon İcra Hakimiyyətini üçüncü şəxs qismində işə cəlb olunması zəruridir. (Vəsatət əlavə olunur) Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin Fövqəladə Hallar Nazirliyini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsini, Xaçmaz Rayon İcra Hakimiyyətini üçüncü şəxs qismində işə cəlb olunmasının zəruriliyinə münasibətdə məhkəmə qeyd edir ki, adları qeyd olunan təşkilatların müvafiq rəylərinin olması, o cümlədən qeyd olunan rəylər mübahisə predmeti olmadığına görə həmin təşkilatların nə zəruri, nə də adi qaydada cəlb edilməsinə lüzum yoxdur. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin **********005 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubu, etirazı, Xaçmaz Bələdiyyəsinin 25 may 2005-ci il tarixli 07 saylı qərarının notarial qaydada təsdiqlənmiş surəti, Xaçmaz Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin xx.xx.2015-ci il tarixli 34612 saylı rəyin notarial qaydada təsdiqlənmiş surəti, DTXK-nın Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş rəyin notarial qaydada təsdiqlənmiş surəti, Torpağın alğı-satqısına dair aktın notarial qaydada təsdiqlənmiş surəti, Bələdiyyə hesabına ödənilmiş ödəniş qəbzinin surəti, Arxiv arayışların notarial qaydada təsdiqlənmiş surəti, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin istismara hazırlıq Ö/005055 saylı aktın notarial qaydada təsdiqlənmiş surəti, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 214 nömrəli Sərəncamın notarial qaydada təsdiqlənmiş surəti, Komissiya tərəfindən verilmiş mağaza tikintisinə icazə barədə Aktın notarial qaydada təsdiqlənmiş surəti, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 02/K nömrəli obyektin tikintisinə icazənin notarial qaydada təsdiqlənmiş surəti, Qeyri-yaşayış obyektinin eskiz sxeminin notarial qaydada təsdiqlənmiş surəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş Tikinti obyektlərinə verilən koda dair xx.xx.2021-ci il tarixli, 003591 nömrəli Şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması haqqında Xaçmaz Bələdiyyəsinin 25 may 2005-ci il tarixli 07 saylı qərarının verildiyi və qeyri-yaşayış obyektinin tikintisinə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 214 nömrəli Sərəncamın verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi və obyekt DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKRin 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın **********005 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Xaçmaz şəhəri ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi ərazisində, sahibliyində olan 70 m2 torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə əlaqədar DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciət cavabdeh təşkilat tərəfindən ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh təşkilat tərəfindən iddiaçının müraciətinə mənfi cavabın verilməsinə əsas kimi: 1) inşa edilmiş qeyri-yaşayış binasının 17,1 m2 hissəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşməsi 2) qeyri-yaşayış binasının tikintialtı sahəsinin eskiz sxemdə göstərilən sahədən çox olmasıdır. Buna görə də inzibati orqan müraciətdə göstərilən və inşa edilmiş qeyri-yaşayış binasına dair mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etmişdir. Cavabdeh təşkilatın imtina və etiraz ərizəsində qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün gətirdiyi arqumentlər aşağıdakılardan ibarətdir: 1) inşa edilmiş qeyri-yaşayış binasının 17,1 m2 hissəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşməsi, 2) qeyri-yaşayış binasının tikintialtı sahəsinin eskiz sxemdə göstərilən sahədən çox olmasıdır Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, torpaq sahəsi və tikilin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqumentlər əsassızdır. Belə ki, iddiaçıya hüquqi əsas verən daşınmaz əmlaklara dair müvafiq təşkilatlar tərəfindən verilmiş rəsmi sənədlər əsasında torpaq sahəsi və qeyri-yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaq niyyətindədir. Belə olan halda məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Torpaq sahəsinə münasibətdə məhkəmə bildirir ki, İddiaçı Xaçmaz Bələdiyyəsinin 25 may 2005-ci il tarixli 07 nömrəli qərarı əsasında 70m2 torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rəyi verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin müdirinin iştirakı ilə qeyd olunan torpaq sahəsinin sxematik plan sərhədləri ölçülüb, nişangah qoyulduqdan sonra iddiaçıya təhvil verilmişdir. Həmin torpaq sahəsi hal-hazırda iddiaçının faktiki istifadəsindədir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.5-ci maddəsinin 28 oktyabr 2008-ci ilə qədər olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Qanunun qeyd olunan maddəsindən məlum olur ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmadan öncə DT və XK-nin müvafiq rəyi alınmalıdır. Nəzərə alınmalıdır ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmamışdan öncə DT və XK-nin verməli olduğu rəyin məqsədi qeyd olunan torpaq sahəsinin keyfiyyəti, kateqoriyası, dövlət və ya xüsusi mülkiyyətdə olub-olmamasını, o cümlədən torpaqların vahid registrinin həyata keçirmək məqsədi daşıyırdı. Belə ki, 04 may 2015-ci ilədək qüvvədə olmuş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamənin” 1-ci bəndinin 3-cü hissəsinə görə komitə yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhz bu səbəbdən bələdiyyə tərəfindən torpaq sahələri ayrılmamışdan öncə DTXK-nin müvafiq rəyinin alınması məcburi xarakter daşıyırdı. Xaçmaz Bələdiyyəsinin 25 may 2005-ci il tarixli 07 nömrəli qərarı qəbul edilərkən qanunvericiliyin tələbi gözlənilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən əldə edilmişdir. Müvafiq qanunda dəyişikliyin xx.xx.2007-ci il tarixində qüvvəyə mindiyi halda iddiaçı ilə Xaçmaz bələdiyyəsi qərarı 2005-ci ildə qəbul etmişdir. Alqı-satqı müqaviləsi əsasında ləğv edilmiş DTXK-də qeydiyyata alınmışdır. Nəzərə alınmalıdır ki, bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 15 və 16-cı bəndlərinə əsasən torpaq sahəsinin ayrılmasını tələb edən şəxsin müraciətini nəzərdən keçirərək həmin torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğunu müəyyən edir. Əgər həmin ərazi üzrə torpaq sahəsinin ayrılması məqsədə uyğun hesab edilərsə, o halda bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən torpağın hərrac və hərrac keçirilmədən ayrılması məsələsini həll edir. Həmin Qanunun 6.2ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Qeyd olunan normalar təhlil edilərkən müəyyən olunur ki, bələdiyyə tərəfindən şəxsə torpaq sahəsi ayrıldığı vaxt torpaq sahəsinin ayrılması ilə bağlı qərarla bələdiyyə ilə şəxs arasında bağlanmış alqı-satqı müqaviləsi bağlandıqdan sonra torpaq sahəsi şəxsə ayrılmış hesab edilir. Alqı-satqı müqaviləsinin ümumi prinsiplərinə əsasən alıcı müqavilə üzrə alqı-satqı predmetinin dəyərini satıcıya ödəməli, satıcı isə dəyəri ödənilmiş əşyanı sənədləri ilə birlikdə alıcının mülkiyyətinə verməlidir. Bundan başqa o da nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, bələdiyələrin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Beləliklə iddiaçıya ayrılmış torpaq sahəsi qanunvericiliyin tələbləri gözlənilməklə ayrılmışıdır. Məhkəmə qeyri-yaşayış binasına dair hüquqların dövlət dövlət qeydiyatına alınmasına münasibətdə bildirir ki, İddiaçı iddia tələbi öhdəliyin icrası haqqındadır və İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əssasən müdaxilədən müdafiə dair iddialar üzrə müdaxilənin zəruri edən faktiki şərtlərinin mövcudluğunu sübut etmək yükü DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsi üzərinə düşür. Xaçmaz Rayon İcra Hakimiyyəti nəzdində qurulmuş komissiyanın razılığı ilə qeyri-yaşayış binasının eskiz lahiyəsi tərtib edilmiş, o cümlədən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 02/K nömrəli obyektin tikintisinə icazədə qeyri-yaşayış binasının tikilib istismara verilməsi razılaşdırılmışdır. Eyni zamanda tikilin şəhərsalma normalarına uyğunluğuna nəzarət edən dövlət orqanı olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş Tikinti obyektlərinə verilən koda dair xx.xx.2021-ci il tarixli, 003591 nömrəli Şəhadətnamənin surətindən də görünür ki, iddiaçıya məxsus 1 mərtəbəli qeyriyaşayış binası tikinti normalarına uyğun olaraq inşa edilmişdir. Lakin DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsi Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi ərazisində inşa edilmiş qeyriyaşayış binasına müayinə baxışı keçirildikdən sonra tikilinin mülkiyyətdə olan torpaq sahəsindən 17.1 m2 hissəsi kənarda olmasını və qeyri-yaşayış binasının tikintialtı sahəsinin çox olması bildirməsinə baxmayaraq, buna dair hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Cavabdeh təşkilat əsassız olaraq layihələrə uyğun iddiaçının tələblərini müsbət həll etmir. Yəni iddiaçı tərəfindən cavabdeh təşkilata lazimi bütün tələbləri yerinə yetirən rəsmi sənədlər təqdim edilməsinə baxmayaraq, onun hüquqlarını qeydiyyata almaqdan imtina etmişdir. Halbuki, İPM-nin 14.2-ci maddəsinə əsasən cavabdeh təşkilat torpaq sahəsi və qeyri-yaşayış binasının faktiki ölçüləri ilə bağlı istinad etdiyi dəlillərini məhkəməyə təqdim etməli idi. Belə olduğu tədqirdə cavabdeh təşkilatın imtinasında gətirdiyi arqumentlər əsassız olur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin 7-ci bəndinə əsasən əsasən Komitənin fəaliyyət istiqamətləri ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirirməkdə və müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirməkdən ibarətdir. Həmin Əsasnamənin 8.20-4 və 8.20.5-ci bəndlərinə əsasən strukturuna daxil olan qurum vasitəsilə və ya bilavasitə tikintisinə icazə tələb olunan tikinti layihələrinin şəhərsalmaya dair normativ sənədlərin tələblərinə uyğunluğuna dair rəy vermək, tabeliyində olan qurum vasitəsilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahəsi ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğuna dair rəy vermək Komitənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydasının 5.1-ci bəndinə əsasən tikintiyə nəzarətin məqsədi obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmaqla tikilməsini təmin etməkdən ibarətdir. Həmin Qaydanın 5.2-ci bəndinə əsasən tikintiyə dövlət nəzarəti Tikinti və Şəhərsalma Məcəlləsinin 97-ci maddəsinə əsasən “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir. Həmin Qaydanın 5.5-ci maddəsinə əsasən tikinti obyektində tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı tərtib olunur. Həmin aktı sifarişçinin, podratçının, layihəçinin və Müfəttişliyin səlahiyyətli nümayəndəsi imzalayır və Agentlik 1 (bir) gün ərzində aktı sifarişçiyə təqdim edir. Həmin Qaydanın 6.1-ci bəndinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Qaydanın 7.1-ci bəndinə əsasən yeni tikinti obyektinin inşasını (o cümlədən mövcud tikinti obyektinin sökülərək yeni binanın inşasını) nəzərdə tutan tikintiyə icazənin verildiyi gündən 5 (beş) iş günümüddətində bu icazəni vermiş orqan obyektin tikintisinə icazənin (tikintiyə icazənin) surətini, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsini və tikinti obyektinin sifarişçisi barədə məlumatları, tikintisinə icazə tələb olunan tikinti obyektinin istismarına icazə verildiyi gündən, 5 (beş) iş günü müddətində isə icazənin (tikinti obyektinin istismarına icazənin) surətini daşınmaz əmlakın dövlət reyestrini aparan orqana kağız və ya elektron formada göndərir. Həmin Qaydanın 7.3-cü bəndinə əsasən Bu Qaydanın 7.1-ci bəndinə əsasən göndərilən sənədləri daşınmaz əmlakın dövlət reyestrini aparan orqan tikinti obyekti üzərində hüquq sahibindən təkrar tələb edə bilməz. Göründüyü kimi respublika ərazisində aparılan tikililərin qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilməsi, o cümlədən inşa edilən tikililərə aid olan sənədlərin tələblərə uyğunluğunun müəyyən edilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Hazırkı, iddia tələbinə əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi ərazisində inşa edilmiş qeyri-yaşayış binası inşaat tələblərinə uyğun gəldiyinə görə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikilinin inşasına icazə verilməsinə razılq verərək, tikili ilə bağlı təqdim edilmiş sənəd və məlumatları Tikintilərin Dövlət Reyesterinə daxil etmişdir. Mövcud tikili icazə sənədinə uyğun qaydada inşa edildiyinə görə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən inşa edilmiş obyektə xx.xx.2021-ci il tarixli, 003591 kod verilmişdir. Cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui- istifadə qadağandır. Məhkəmə hesab edir ki, qeyd olunan arqumentləri əsas gətirərək, cavabdehin iddiaçının bütün tələblərə cavab verdiyi torpaq sahəsi və tikilinin qeydiyyatının aparılmasından imtinası yolverilməzdir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8-ci, 10-cu və 11-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə əsaslar, həmin hüquqların dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin siyahısı və təqdim edilən sənədlərə dair tələblər öz əksini tapmışdır. Qeyd olunan müddəalarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan qeydlərin olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyil. Nəzərə alınmalıdır ki, hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. Belə ki, hazırkı iddia tələbi üzrə iddiaçı olan İddiaçı tərəfindən torpaq sahəsi və qeyri-yaşayış binasının inşası icra hakimiyyəti orqanlarının verdiyi qanuni tələblərə cavab verən razılığı əsasıda həyata keçirilib və FHN tərəfindən möhürlə təsdiqlənmiş istismara hazırlıq aktı tərtib edilib. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 70 m2 torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış binasına (ümumi sahəsi 51.24 m2 , tikinti sahəsi 65.25 m2, həcmi 319.72 m3 olan 1 girişli, 1 mərtəbəli fərdi mağaza binası) mövcud vəziyyətdə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyət hüququna dair çıxarışın və texniki pasportun hazırlanıb verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar