Məhkəmə qərarları › İş №2-1(118)-2621/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2621/2024

25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2621/2024 25.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “iddiaçının mərhum atası X3 istifadəsində olmuş 0,06 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X3 istifadəsində olmuş 0,06 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhər XDS tərəfindən “Xəzər Bağları” ərazisində iddiaçının mərhum atası X3 istifadəsinə 0,06 ha ölçüdə torpaq sahəsi ayrılmış və bağçının üzvlük kitabçası (470A) verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə cavabdeh təşkilata müraciət olunsa da, xx.xx.2023-cü il tarixli məktubla ərizənin icrasından imtina edilmişdir. Hesab olunur ki, imtina əsassızdır. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş edilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 17 iyul 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verdi və əlavə olaraq iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək mərhum atası X3 istifadəsində olmuş 0,06 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazı müdafiə edərək onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən 470a/69 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına köməklik göstərilməsi barədə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət olunmuşdur. Bununla əlaqədar olaraq bildirilir ki, Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən “Xəzər” Bağçılıq Cəmiyyətinin bağ sahələrinin ayrılması ilə bağlı arxiv məlumatları, o cümlədən, bağçılıq cəmiyyəti üzvlərinin təsdiq olunmuş adlı siyahısı 2 saylı Sumqayıt Ərazi İdarəsinə təhvil verilməmişdir. Sözügedən ərazidə yerləşən bağ sahələrinə dair arxiv məlumatlarının idarəyə təhvil verilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə, Sumqayıt bələdiyyəsinə və Dövlət Arxivinin Sumqayıt filialına müxtəlif sorğular verilmişdir. Bu səbəbdən qeyd edilən ərazidə yerləşən torpaq sahələri üzərində hüquqların qeydiyyatı prosesi arxiv məlumatları idarəyə təhvil verilənədək dayandırılmışdır. Bugünə qədər həmin arxiv sənədləri idarəyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş materiallarına əlavə edilən 470a/69 nömrəli Bağçının üzvlük kitabçasının surətinə əsasən X3 Bağçılıq Cəmiyyətinə üzv qəbul edilməsi qeyd edilmişdir. Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən iddiaçı mərhum X3 vərəsəsi olmaqla miras əmlakın 1\2 hissəsində pay hüququna malik olmuşdur.  İşdə olan xx.xx.2023-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişlə iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir: 1.1-ci bənd: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3-cü bənd: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bənd: Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3-cü bənd: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın yerləşdiyi yer Sumqayıt şəhəri olduğu üçün məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5. Tətbiq edilən hüquq

Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddə: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddə: Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir.Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

“X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarı inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki,son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

6. Məhkəmənin mövqeyi Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı 470a/69 nömrəli Bağçının üzvlük kitabçasının surətinə əsasən mərhum atası X3 Bağçılıq Cəmiyyətinə üzv qəbul edilməsi və mərhum atasına 1986-cı il tarixdə Sumqayıt şəhər XDS tərəfindən 0,06 ha torpaq sahəsinin ayrıldığını bildirmişdir. İşdə olan Bağçının üzvülük kitabçasının mötəbərliyinin müəyyən olunması üçün məhkəmə tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə, “Xəzər” Bağçılıq-Yoldaşlıq Cəmiyyəti 1 saylı Məhəllə Komitəsinə və Dövlət Arxivinin Sumqayıt Filialına sorğu göndərilmişdir. “ünvan 3 ünvanladığı məktubda qeyd olunmuşdur ki, X1 zavodunda fəhlə işləmiş, həmin Aliminium zavod Həmkarlar Təşkilatının öz işçilərinə, o cümlədən X5 torpaq sahəsi ayrılması barədə cəmiyyətin arxivində sənəd qeydiyyatda yoxdur. Bundan əlavə Dövlət Arxivinin Sumqayıt Filialının məktubundan görünür ki, bağçılıq üzvlük kitabçaları Sumqayıt Filialının mühafizəsinə təhvil verilməmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsinin iddiaçının mərhum atasına ayrılmasına dair hüquqmüəyyənedici sənədlər öz təsdiqini tapmamışdır. Yəni, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. İddiaçının hazırkı iş üzrə sənədləri heç bir hüquqmüəyyənedici xüsusiyyətlərə malik olmadığından məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “iddiaçının mərhum atası X3 istifadəsində olmuş 0,06 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar