Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2624/2024 13.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “onun barəsində minik avtomobilinə tibbi göstərişin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2001-ci il tarixində Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı əsasında işğal olunmuş torpaqların işğaldan azad edilməsi üçün 44 günlük Vətən müharibəsində (2-ci Qarabağ müharibəsində) şücayət göstərmiş və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xəsarət almışdır. İlk tibbi yardım göstərildikdən sonra Füzuli DM-ne göndərilərək orada “Sağ budun orta 1/3-nin dəlib-keçən odlu silah yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsi. Sağ bud arteriyasının ve bud venasının hissəvi qopmasına görə aparılmış sağ bud arteriyasının PVX boru ilə müvəqqəti suntlanması, sağ bud venasının liqasiyası” cərrahi əməliyyatı icra edilərək xx.xx.2020-ci il tarixdə SQ BKH-na köçürülmüşdür. Sağ aşağı ətrafın bud nahiyəsinin yumşaq toxumalarının dəlib-keçən qəlpə yaralanması. Sağ bud arteriyasının və dərin bud venasının autovenoplastikası, sağ bud sinirinin autovenoplastikası cerrahi əməlivatından (xx.xx.2020) sonrakı vəziyyət. Hemorragik şok, İİİ dərəcə Xroniki eritematoz gastroduodenitin kəskinləşməsi. Sap oturaq sinirinin komoression işemik nevropativasından sonrakı vəziyyət” diaqnozu ilə stasionar müalicədə olmuş, SQ BKH-nm ürək-damar cərrahı ilə konsultasiya olunmuşdur.TSEK tərəfindən Mina partlayışı travması. Sağ aşağı ətrafın bud nahiyyəsinin yumşaq toxumalarını dəlib keçən qəlpə yaralanması Ümumi bud, dərin bud, səthi bud, dizaltı arteriyası, ön qamış, arxa qamış arteriyaların stenozu qeyd olunur. Sağ bud arteriyasının və dərin bud venasının antovenoplastikası. Hərəkətin və yerişin pozulması. Sağ ouraq sinirin postravmatik neyropatiyası. Xr qastritş. Dəmir defisitli anemiya. Kardionevroz diaqnozları müəyyən edilmişdir. Bununla bağlı hərbi hospitalda bir sıra müayinələr almışdır.Yuxarıda göstərilən diaqnoza əsasən cavabdeh orqan tərəfindən ona 5 il müddətinə 3-cü dərəcə əlillik (xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı ilədək) müəyyən edilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə əyani müayinədən sonra avtomobil növbəsinə götürülsə də, “texniki yanlışlıq” səbəbi ilə cavabdeh tərəfindən onun müraciəti təmin edilməmiş və ona dair diaqnoz və onun ağırlaşmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermədiyi bildirilmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya dair Abşeron Rayon Mərkəzi Xəstəxanasının “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Mina partlayışı travması. Sağ aşağı ətrafın bud nahiyyəsinin yumşaq toxumalarını dəlib keçən qəlpə yaralanması ümumi bud, dərin bud, səthi bud, dizaltı arteriyası, ön qamış, arxa qamış arteriyaların stenozu qeyd olunur. Sağ bud arteriyasının və dərin bud venasının antovenoplastikası. Hərəkətin və yerişin pozulması. Sad oturaq sinirin postravmatik neyropatiyası. Xroniki qastrit. Dəmir defisitli anemiya. Kardionevroz” diaqnozlu 0215003AAC5D nömrəli göndərişi xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.Vətəndaşın minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılarkən sağ aşağı ətrafda pəncəni əhatə edən yüngül distal parez qeyd olunmuşdur. Əlillik təyinatına əsas verən diaqnoz Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin təyinatına əsas verməmişdir.Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid əlillik sənədılərinin surəti, cavabdehin etiraz ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olduğu vaxtından yaranmış olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Agentlik hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, əlillərə müvafiq tibbi rəyin verilməsi Agentliyin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Agentliyin yuxarı orqanına müraciət etmiş, inzibati orqan onun müraciətinə müsbət cavab verməmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, “Sağ aşağı ətrafın bud nahiyəsinin yumşaq toxumalarının dəlib-keçən qəlpə yaralanması. Sağ bud arteriyasının və dərin bud venasının autovenoplastikası, sağ bud sinirinin autovenoplastikası cerrahi əməlivatından (xx.xx.2020) sonrakı vəziyyət. Hemorragik şok, İİİ dərəcə Xroniki eritematoz gastroduodenitin kəskinləşməsi. Sap oturaq sinirinin komoression işemik nevropativasından sonrakı vəziyyət” diaqnozu ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının 0215003AAC5D nömrəli göndərişi xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Daha sonra iddiaçı barəsində “Avtomobil və motorlu araba almaq üçün” Forma 088 doldurularaq göndərilmiş, lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının qərarına əsasən ona “avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstərişin verilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi isə əlillik təyinatına əsas verən diaqnoz Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin təyinatına əsas vermədiyi göstərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı qərarının “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinə əsasən əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir (30.1); Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur (30.2); Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir(30.3) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2018-ci il tarixli Ne 213 Fərmanının 1.1.18-ci bəndinə əsasən həmin Qanunun 30.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydasına əsasən:-1.2-ci bəndinə əsasən şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir.-1.4-cü bəndinə əsasən Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X2 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X4 tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.-3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. -3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X3 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir.-3.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ümumi səbəblərdən: ümumi xəstəlik; istehsalat zədəsi; peşə xəstəliyi; Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; hərbi xidmət dövrü ilə əlaqədar hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; terror hadisəsi ilə əlaqədar; xüsusi səbəblərdən: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; Çemobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı qərarının “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və QaydasT’na əlavənin 57-ci bəndində minik avtomobilləri aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı; ağciyər çatışmazlığı, İİ dərəcəli; bir aşağı ətrafın iflici və ya nəzərəcarpan parezi; hemiplegiya, nəzərəçarpan hemiparez; nəzərəçarpan ataksiya, hi-perkinetik amiostatik sindrom; hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda ll-lll dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla; hər iki aşağı ətrafın fillik xəstəliyi; hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü; aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü; hər iki bud-çanaq oyna-ğının ankilozu;onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan lll-İV dərəcəli əyilmələr; bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boş-luqların olması ilə); aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda; hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda; əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda. Məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinə əsasən, əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. Əlilliyi olan şəxslərin bu Qanunun 30.1 -ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur (30.2); Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir(30.3) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153- VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2018-ci il tarixli N 213 Fərmanının 1.1.18-ci bəndinə əsasən, həmin Qanunun 30.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtlən və Qaydası”na əlavə 57-ci bəndində qeyd edilmişdir ki, minik avtomobilləri “aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi” barəsində tibbi göstərişlər olduğu hallarda təyin edilir. İddiaçıya əlilliyin təyin olunmasına əsas olmuş diaqnoz “sağ aşağı ətrafda pəncəni əhatə edən yüngül distal parez” müəyyən olunmuşdur ki, bu da reabilitasiya vasitələri ilə təmin olunma qaydasına və şərtlərinə uyğun gəlir. Beləliklə, iddiaçının minik avtomobilinə tibbi göstərişin təyini barədə tələbi yuxarıda qeyd edilən “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə göstərilmiş meyarlara uyğundur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “sol budun yuxarı və orta 1/3-nin dəlib keçən güllə yaralanması, sol aşağı ətrafındərin parezi” diaqnozu ilə əlillik təyin edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsalıdır və təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:-2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 12.1 ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 23.1 -ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı barəsində minik avtomobilinə tibbi göstərişin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2624/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2624/2024
13.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver