Məhkəmə qərarları › İş №2-1(118)-2626/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2626/2025

08.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2626/2025 08.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: əvvəlki dövrlər üzrə pensiyanın ödənilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əvvəlki dövrlər üzrə pensiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 20 iyun 2024-cü il tarixli, 3-16-17/2-B-3583-6/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Penitensiar xidmətdə qulluq müddətinin təqvimi hesablama ilə 7 il 6 ay 21 gün, güzəştli hesablama ilə 10 il 10 ay 18 gün təşkil etməsi barədə müvafiq arayış Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinə göndərilmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 29 avqust 2024-cü il tarixli, 3-17-1/2-B-207623/2024 nömrəli “Ötən dövr üzrə əmək pensiyasının müəyyən edilməsinin mümkün olmaması haqqında” İddiaçı göndərilmiş məktubundan görünür ki, pensiya işinə aid sənədlərdə 21 dekabr 2011-ci il tarixdən Fondun Sumqayıt rayon şöbəsi tərəfindən ədliyyə işçisi kimi xidmət illəri ilə əlaqədar yaşa görə əmək pensiyası (işləyən əmək pensiyaçısı kimi) təyin edildiyi qeyd olunmuşdur. Ədliyyə orqanlarından azad edilməsi ilə əlaqədar pensiyası 28 mart 2024-cü il tarixdən yenidən hesablanmışdır. Hazırda əmək pensiyası 2.563,28 manat təşkil edir. 15 mart 2009-cu il tarixdən əmək pensiyası müəyyən edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır. Ərizədə qeyd edilmiş 15 mart 2009-cu il tarixdən ədliyyə orqanlarında 25 ili tamamlandığı halda belə, həmin tarix Mərkəzi Filiala müraciətinin daxil olduğu 9 avqust 2024-cü il tarixdən geriyə üç il müddətindən daha çox dövrü əhatə etdiyindən sözügedən tarixdən əmək pensiyasının müəyyən edilməsi yenə də mümkün olmayacaqdır.

3. İddiaçı məxsus 12 iyun 1978-ci il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın surəti.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 22 iyul 2025ci il tarixli, 3-17-1/2-17038/2025 nömrəli məktubu ilə aşağıdakı sənədlər qoşma şəklində göndərilmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 30 may 2024-cü il tarixli, 3-17-1/3-7- 6269/2024 nömrəli qərarından görünür ki, İddiaçı 2 yanvar 2012-ci il tarixdə təyin edilmiş, hazırkı pensiya məbləği 1.627,26 manat, yenidən hesablanmış pensiya məbləği 2.415,35 manat, yenidən hesablanma hüququnun yarandığı tarix və səbəbi “Ədliyyə orqanlarında qulluq keçməyə xitam verilməsi”, dövlət məvacibinin cəmi 3.019,19 manat olaraq göstərilmişdir. - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İddiaçı dair 27242 nömrəli “Pensiyaçının uçot vərəqəsi”. - İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 22 aprel 2024-cü il tarixli “Müraciət vərəqəsi”; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 17 aprel 2024-cü il tarixli, 3-16-8/2- 298/24 nömrəli 2011-2016-cı, 1 avqust 2016-cı il –-1 avqust 2021-ci il, 1 aprel 2022-ci il - 1 aprel 2024-cü il tarixlər üzrə İddiaçı əmək haqqında dair cədvəllər. - 5 noyabr 2024-cü il tarixli, 3-17-1/2-B-288258/2024 nömrəli İddiaçı göndərilmiş məktubdan görünür ki, əməmk pensiyası yenidən hesablanaraq 2.563,28 manat məbləğində müəyyən edilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

5. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, almadığı 3 il 3 ay 27 gün üçün pensiya məbləğini hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbinin dəlilləri işin hallarına (§1-3) istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı 12 may 1986-cı il tarixdən 2024-cü ilin mart ayının 27-dək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmişdir. İddiaçıya 21 dekabr 2011-ci il tarixdə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. İşdən çıxdıqdan sonra 2024-cü ilin aprel ayında, Ədliyyə Nazirliyindən əmək kitabçasını götürdükdən sonra Penitensiar Xidmətdə qulluq müddətinin təqvimi hesablama ilə 7 il 6 ay 21 gün, güzəştli hesablama ilə 10 il 10 ay 18 gün təşkil etməsini bilmişdir. Bundan sonra Ədliyyə Nazirliyinə ərizə ilə müraciət etmişdir. 25 avqust 2008-ci il tarixdən ona pensiya təyin edilməli olduğu halda, 3 il 3 ay 27 gün gec, 21 dekabr 2011-ci il tarixdə təyin edilmişdir. Bu səbəbdən almadığı 3 il 3 ay 27 gün üçün pensiya məbləğini hesablayıb birdəfəlik ödənilməsi barədə 29 iyul 2024-cü il tarixdə cavabdehə ərizə ilə müraciət etmiş, lakin sonuncu tərəfindən müraciətin icrasından imtina edilmişdir.

7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 38, 60, 149, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktının 9, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87, “Əmək pensiyaları haqqında” Qanunun 31.1, 32.1-1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli, 91 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin 2.3-cü bəndinə, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il, 631 nömrəli Qərarının 2-ci hissəsinə, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2, İPM-in 1.2ci maddələrinə istinad olunmuşdur.

8. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 5 sentyabr 2008-ci il tarixdən pensiyanın təyin olunması, 5 sentyabr 2008-ci il tarixdən 2 yanvar 2012-ci il tarixə kimi olan, iddiaçıya təyin edilməyən 3 il 3 ay 27 gün üçün pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 3 sentyabr 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

9. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

10. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

11. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

12. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ona pensiyanın 25 avqust 2008-ci il tarixdən təyin edilməli və ödənilməli olduğunu bildirsə də, bu mümkün deyildir. Çünki, iddiaçının ədliyyə işçisi kimi qanunvericiliklə tələb olunan 25 il iş stajı 21 dekabr 2011-ci il tarixdə tamam olmuşdur. İddiaçının ədliyyə işçisi kimi 25 il iş stajı 25 avqust 2008-ci il tarixdə tamam olmuş olsa idi belə, ona həmin tarixdən pensiyanın təyin edilməsi və ödənilməsi mümkün olmayacaqdı. Çünki həmin dövr qanunvericiliklə tələb edilən müraciət tarixindən (9 avqust 2024-cü il) əvvəlki üç illik dövrü deyil, 25 avqust 2008-ci il tarixdən 21 dekabr 2011-ci il tarixədək olan dövrü əhatə edir. Bundan başqa, iddiaçı iddia ərizəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin “Normativ hüquqi aktlar haqqında” Qanunun 87-ci maddəsinə zidd olduğunu bildirərək, həmin Qanunun hazırkı iş üzrə tətbiq edilməsini əsassız hesab etmişdir. Bununla bağlı bildirilmişdir ki, iddiaçının bu dəlili tamamilə əsassızdır. Çünki, sözügedən qanunlar arasında heç bir ziddiyyət yoxdur. Ziddiyyət olmuş olsa idi belə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi tətbiq ediləcəkdi. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının pensiyası onun ədliyyə orqanlarından azad edilməsi ilə əlaqədar 28 mart 2024-cü il tarixdən yenidən hesablanmış və hazırda pensiya məbləği 2.563,28 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya pensiyanın 25 avqust 2008-ci il tarixdən təyin edilməsi və ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.

13. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 9.7, 32.1-1-ci maddələrinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, iddiaçının ərizədə qeyd etdiyi 15 mart 2009-cu il tarixdən ədliyyə orqanlarında 25 ilini tamamlandığı halda belə, həmin tarix cavabdeh orqana daxil olduğu 9 avqust 2024-cü il tarixdən geriyə üç il müddətindən daha çox dövrü əhatə etdiyindən sözügedən tarixdən iddiaçıya əmək pensiyasının müəyyən edilməsi mümkün olmayacaqdır, əlavə olaraq iddiaçıya pensiyanın ilk dəfə 21 dekabr 2011-ci il tarixdə təyin edildiyini qeyd etmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

17. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

18. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

19. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin və digər iddiaçıların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

20. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, həmçinin əmək kitabçasının Ədliyyə Nazirliyinin bir strukturundan digər struktura keçdiyini, 38 il ərzində ədliyyə orqanında rəis vəzifəsində işlədiyini, əmək kitabçadakı qeydlə bağlı 2024-cü il tarixdə məlumatın olduğunu, buna baxmayaraq cavabdeh orqanın pensiya təyinatı apararkən bu barədə məlumatlı olaraq nəzərə almadığını, əmək pensiyasının yanlış hesablanmasının inzibati orqanın təqsiri olduğunu, Penitensiar Xidmətinin müvafiq arayışın 20 iyun 2024-cü il tarixli olduğunu, cavabdehə müraciət edildikdən sonra təqdim edildiyini bildirmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

21. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

22. Belə ki, irəli sürülmüş iddia zahirən öhdəliyin icrası haqqında iddia kimi görünsə də, məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

23. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

24. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

25. Məcburetmə haqqında iddia onunla səciyyələnir ki, şəxs “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – “İİQ”) 28.1.1-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi üçün ərizə ilə inzibati orqana müraciət etsin və inzibati orqan həmin ərizəni rədd etsin. Yəni iddiaçı inzibati orqandan müəyyən bir hərəkətin edilməsini tələb etmək məqsədilə birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməz. Əksinə, o, bunun üçün ilk növbədə səlahiyyətli inzibati orqana müraciət etməlidir. Bu, İİQ-nin 66-cı maddəsindən irəli gəlir (http://lawlibrary.info/az/books/GİZ2013-Az- İNZİBATİ-MAHKAMA-İCRAATİ.pdf).

26. Məcburetmə iddiasının qaldırılması o zaman mümkündür ki, inzibati orqanın inzibati aktı qəbul etməkdən imtina etməsi və ya ümumiyyətlə hərəkətsizlik göstərməsi məhz iddiaçının hüquqlarını pozsun. Həmçinin, iddiaçı inzibati orqandan inzibati aktı qəbul etməsini tələb etmiş olsun. Bu aktın müəyyənedici, hüquqyaradıcı, əşya yönümlü inzibati akt, əlverişli və ya əlverişsiz olmasının iddianın mümkünlüyü üçün əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə tərəfindən yoxlanılmalıdır ki, subyektiv hüquq pozulmuşdurmu; bu hüquq iddiaçıya məxsusdurmu;iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl inzibati aktın qəbul edilməsini inzibati orqandan tələb etmişdirmi (və müvafiq müddəti gözləmişdirmi, çünki ancaq bu müddət keçdikdən sonra hüquq pozulmuş hesab edilə bilər) (S.Ə.Kərimov, G.İ.Vəliyeva. İPM-in Kommentariyası səh.128-129).

27. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir (§ 28-33). Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

28. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

29. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajının təsdiq edilməsi qaydası

İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”:

1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ...

31. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (21 may 2022-ci il tarixədək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar.

“Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

32. “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli, 91 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

“Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 noyabr tarixli 631 nömrəli Qərarının 2-ci hissəsinə uyğun olaraq dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır.

33. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: (-) b) xidmətin bir ayı ay yarım sayılmaqla: (-) müdafiə, daxili işlər, ədliyyə nazirliklərinin, dövlət təhlükəsizliyi xidmətinin, xarici kəşfiyyat xidmətinin və dövlət sərhəd xidmətinin xüsusi təyinatlı dəstələrində və digər hərbi birləşmələrdə bu nazirliklərin müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə; (-)

34. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 52. Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)

Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

Məhkəmənin mövqeyi:

35. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

36. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.

37. İddiaçı tərəfin mövqeyinə görə, o, 12 may 1986-cı il tarixdən 2024-cü ilin mart ayının 27-dək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləmiş, Penitensiar Xidmətdə qulluq müddətinin təqvimi hesablama ilə 7 il 6 ay 21 gün, güzəştli hesablama ilə 10 il 10 ay 18 gün təşkil etməsinə baxmayaraq, 25 avqust 2008-ci il tarixdən iddiaçıya pensiya təyin edilməli olduğu halda, 3 il 3 ay 27 gün gec, yəni 21 dekabr 2011-ci il tarixdə təyin edilmişdir. Bu səbəbdən də iddiaçının yaşa görə əmək pensiyası 25 avqust 2008-ci il tarixdən təyin edilərək, həmin müddətdən ödənilməyən pensiya məbləği birdəfəlik verilməlidir.

38. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçının ədliyyə işçisi kimi qanunvericiliklə tələb olunan 25 il iş stajı 21 dekabr 2011-ci il tarixdə tamam olmuş, bundan əlavə, həmin tarixdən pensiyanın ödənilməsi, qeyd edilən dövrün qanunvericiliklə tələb edilən müraciət tarixindən əvvəlki üç illik dövrü deyil, 25 avqust 2008-ci il tarixdən 21 dekabr 2011-ci il tarixədək olan dövrü əhatə etdiyi üçün, mümkün deyildir.

39. Göründüyü kimi, iddiaçının iddia tələbi iki hissədən ibarətdir: - 5 sentyabr 2008-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması; - 5 sentyabr 2008-ci il tarixdən 2 yanvar 2012-ci il tarixə kimi iddiaçıya təyin edilməyən 3 il 3 ay 27 gün üçün pensiyanın ödənilməsi.

40. İddia tələbinin birinci hissəsi - 5 sentyabr 2008-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası”ndan görünür ki, müdafiə, daxili işlər, ədliyyə nazirliklərinin, dövlət təhlükəsizliyi xidmətinin, xarici kəşfiyyat xidmətinin və dövlət sərhəd xidmətinin xüsusi təyinatlı dəstələrində və digər hərbi birləşmələrdə bu nazirliklərin müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə uzun müddət xidmətə güzəştli şərtlərlə aid olmaqla, xidmət bir ayı ayyarım sayılır.

41. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən təqdim edilmiş məlumata əsasən iddiaçının Penitensiar Xidmətdə qulluq müddəti təqvimi hesablama ilə 7 il 6 ay 21 gün, güzəştli hesablama ilə 10 il 10 ay 18 gün təşkil edir.

42. İddiaçının əmək kitabçasından görünür ki, iddiaçı 28 fevral 2001-ci il tarixdən 9 may 2003-cü il tarixədək Abşeron Rayon Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları bölməsinin rəisi, 9 may 2003-cü il tarixdən 26 dekabr 2008-ci il tarixədək Sumqayıt Şəhər Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsinin rəisi vəzifələrində çalışmışdır.

43. Cavabdeh orqan iddiaçının ədliyyə işçisi kimi qanunvericiliklə tələb olunan 25 il iş stajının 21 dekabr 2011-ci il tarixdə tamam olduğunu bildirməklə təsdiq edir ki, yuxarıda qeyd edilən müvafiq qaydaları ilə nəzərdə tutulmuş güzəştli hesablama iddiaçıya münasibətdə tətbiq edilməmişdir. Yəni iddiaçıya münasibətdə pensiya təyin edilən zaman onun Penitensiar Xidmətdə qulluq keçdiyi müddətinin bir ay yarım kimi hesablanmaması işin mübahisəsiz halıdır.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2024-cü il tarixli, 2-1(102)-138/2024 saylı qərarında qeyd olunmuşdur ki, “41. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

45. Belə ki, İİQ-nin 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.”

46. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi bu hissədə əsaslı olduğu üçün təmin edilərək, yaşa görə əmək pensiyası 5 sentyabr 2008-ci il tarixdən təyin edilməlidir.

47. İddia tələbinin ikinci hissəsi - sentyabr 2008-ci il tarixdən 2 yanvar 2012-ci il tarixə kimi iddiaçıya təyin edilməyən 3 il 3 ay 27 gün üçün pensiyanın ödənilməsi. Məhkəmə iclasında İPM-in 12-13-cü maddələrinin tələbləri çərçivəsində hər iki tərəflə tələbə dair qanunvericiliyin və mövcud təcrübəyə dair müzakirələr aparılmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı qeyd etmişdir ki, cavabdeh tərəfin etirazının dəlili Azərbaycan Respublikasının Konstiyusiyasına ziddir və bu, onun hüquqlarının pozulmasına gətirib çıxara bilər.

48. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsində Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar hüquqi qüvvəsinə görə sıralanmışdır. Belə ki, həmin maddəyə görə, İ. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 3) qanunlar;

49. Bu baxımdan “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.

50. İPM-in 98-1-ci maddəsinə əsasən, Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir (98-1.3). Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar (98-1.4). Ali Məhkəmənin məhkəmə tərkibi eyni xarakterli məsələlərə baxarkən, bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab edirsə, məsələyə bu Məcəllənin 98-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır (98-1.5).

51. Sadalanmış normaların məzmunundan aydın olur ki, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında əsas məqsəd hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etməkdən, fərqli yanaşma hallarına son qoyulmasından, maddi və prosessual hüquq normalarının birinci instansiya, apelyasiya və kasasiya məhkəmələrində eyni cür tətbiqinə nail olmaqdan ibarətdir. Vahid məhkəmə təcrübəsi isə Ali Məhkəmənin kollegiyalarının, konkret işlər üzrə Plenum qərarlarının, habelə Ali Məhkəmə Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar, o cümlədən məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərardadlar vasitəsi ilə formalaşdırılır.

52. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

53. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

54. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli, 3 saylı Qərardadında qeyd olunmuşdur ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul taraixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.”

55. İddiaçı hazırda 5 sentyabr 2008-ci il tarixdən 2 yanvar 2012-ci il tarixə kimi olan, ona təyin edilməyən 3 il 3 ay 27 gün üçün pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, bununla bağlı 9 avqust 2024-cü il tarixdə cavabdeh orqana müraciət etmişdir.

56. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq əvvəlki müddət üçün alınmamış pensiya məbləği müraciət edilən tarixdən əvvəlki üç illik dövr üçün ödənilməlidir. Belə ki, iddiaçı pensiyanın yenidən hesablanması ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 32.1-2-ci maddəsi ilə 3 illik məhdudiyyətin tətbiq olunmağa başlandığı 1 yanvar 2019-cu il tarixdən sonra müraciət etdiyindən və Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında da vurğulandığı kimi Qanunun 32.1-2ci maddəsi ilə məhz əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlədiyindən, bu halda şəxsə yenidən hesablanmış pensiya məbləği əvvəlki üç illik müddət üçün ödənilə bilərdi. Lakin hazırki işdə müraciət edilən tarixdən əvvəlki üç illik dövr üçün deyil, 5 sentyabr 2008-ci il tarixdən 2 yanvar 2012-ci il tarixə kimi olan dövrlər üzrə pensiya yətin edilməsi xahiş olunur.

57. Nəzərə alınmalıdır ki, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər, qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla, hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Bu mənada, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında da istər inzibati orqanlara, istərsə də vətəndaşlara münasibətdə konkret hərəkətlərin müəyyən edilmiş müddətlər daxilində edilməsini tələb edən normalar mövcuddur. Odur ki, yeni tənzimləmə həm də hüquqi müəyyənliyi və sabitliyi təmin etməyə dair əsaslı legitim məqsədə də xidmət edir.

58. Göstərilənlərə əsasən məhkəmə cavabdehin etiraz dəlili ilə razılaşaraq hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq əvvəlki müddət üçün alınmamış pensiya məbləği müraciət edilən tarixdən əvvəlki üç illik dövr üçün ödənilməli olduğu halda iddiaçının hazırkı ödənilməmiş 5 sentyabr 2008-ci il tarixdən 2 yanvar 2012ci il tarixə kimi olan pensiya məbləğinin ödənilməsi tələbi təmin edilə bilməz.

NƏTİCƏVİ HİSSƏ

59. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı 5 sentyabr 2008-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar