Məhkəmə qərarları › İş №2-1(118)-2627/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2627/2022

02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2627/2022 02.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında N nömrəli hərbi hissə (5-ci Ordu Korpusunun) komandirinin 27 yanvar 2022-ci il tarixli 04 “əç” nömrəli əmrin iddiaçıya aid hissədə ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdaifə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında N nömrəli hərbi hissə (5-ci Ordu Korpusunun) komandirinin 27 yanvar 2022-ci il tarixli 04 “əç” nömrəli əmrin iddiaçıya aid hissədə ləğv edilməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququnu əldə edənədək hərbi xidmətə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək əmrin dəyişdirilərək öz xahişinə əsasən azad edilməsi barədə əmrin qəbul edilməsi və ödənilməyən ezamiyyət pullarının ödənilməsi, həmçinin maliyyə attestatı, əşya geyim attestatı, işdən çıxarılma barədə əmrinin və əmək kitabçasının ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsasıandırılmışdır ki, iddiaçı NəLiyeva Müdafiə Nazirliyinin tərkibində N nömrəli hərbi hissədə 4-cü taborun rabitə tağımında telefon manqasının telefonçusu vəzifəsində, “kiçik çavuş” rütbəsində qadın hərbi qulluqçu olaraq xidmət etmişdir. N nömrəli hərbi hissə (5-ci Ordu Korpusun) komandirinin 27 yanvar 2022-ci il tarixli 04 “əç” nömrəli əmri ilə o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) hərbi xidmətdən istefaya buraxılmışdır. Həmin əmr barədə iddiaçıya heç bir məlumat verilməmişdir. Əmr ona yalnız 01 iyun 2022-ci il tarixdə icraya yönəldilmiş, həmin tarixdən o, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çxarılmışdır. 04 iyun 2022-ci il tarixdə kadr üzrə zabit ona 3 gün əvvəl barəsində əmrin verildiyini elan etmişdir. O, əmri qanunsuz hesab edərək ləğv olunmasını tələb edir. Belə ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnu əldə etməyə cəmi 2 il qalmışdır. Həmin müddətə qədər onun xidmət etmək hüququ vardır. İddiaçı və nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etdilər və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi E.Eyvazov iddianı qəbul etmədi və izah etdi ki, İddiaçı ehtiyata buraxılması ilə əlaqədar xx.xx.2021-ci il tarixdə Hərbi Həkim Komissiyasına göndərilmi, lakin o, söhbətləşmə vərəqəsində buna ehtiyacın olmadığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə barəsində təqdimat hazırlanaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “a” əndinə (yaşa görə) müvafiq olaraq ehtiyata buraxılması məqsədəuyğun hesab edilərək yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Komandanlıq tərəfindən müsbət qərar qəbul olnaraq barəsində əmr verilmişdir. İddiaçı əmrlə tanış edilərək müvafiq jurnalı “təyinat vərəqi”ni almışdır. Lakin cavabdeh tərəfindən humansitlik göstərilərək o, iyun ayınadək xidmətini davam etdirmişdir. Məhkəmə iclasında iddiaçıya Azərbaycan Respublikası İnzibayti Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım edildikdən sonra o, vəsatətlə məhkəməyə müraciət edərək, iddia müddətinin üzürlü səbəbdən buraxılmış hesab edilərək bərpa edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Vəsatət onunla əsaslandırılmışdr ki, mübahisələnduirilən əmr iddiaçıya yalnız 2022-ci ilin iyun ayının əvvəllərində elan edilmişdir. Bundan sonra iddiaçı Müdafiə Nazirliyinə şikayətlə müraciət etmiş, səhhəti ilə bağlı müalicələrdə olmuşdur və 2022-ci ilin avqust ayının 22-də müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia müddətinin bərpa edilməsinə dair vəsatət təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi qeyd edilən iddia tələbi mübahisələndirmə haqqında iddia növünə daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. «E.Həkimovun şikayəti ilə əlaqədar» 03 noyabr 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üstüstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə hesab edir ki, mübahisələndirilən əmrin iddiaçıya vaxtında təqdim edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməsə də, iddiaçı 2022-ci ilin iyun ayının 04-dən əmrdən xəbərdar olduğunu bildirir. Məhkəmə hesab edir ki, iddiaçının gətirdiyi dəlillər iddia müddətinin bərpa edilməsi üçün üzürlü səbəb kimi qiymətləndiriləə bilməz. İddiaçı qeyd olunan əmrlə hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. “İnzibati məhkəmə icraatında idianın mümkünlüuünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı 10 aprel 2015-ci il tarixli Qərarının 2.3-cü bənidnə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı idida müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında N nömrəli hərbi hissə (5-ci Ordu Korpusunun) komandirinin 27 yanvar 2022-ci il tarixli 04 “əç” nömrəli əmrin iddiaçıya aid hissədə ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə iddia müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar