Məhkəmə qərarları › İş №2-1(118)-263/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-263/2020

20.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-263/2020 20.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlununun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.1973-cü il tarixdə Quba rayonunda anadan olmuş, 1991-ci ildə Quba rayon lHXÇDX–si tərəfindən həqiqi hərbi xidmətə yararlı sayılaraq hərbi xidmətə çağırılmış, 08.07.1991-ci il tarixdə hərbi hissəyə göndərilmiş və 22.06.1996-cı il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 141 nömrəli əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. O, həqiqi hərbi xidmət dövründə N saylı hərbi hissənin tərkibində 18.03.1994-cü il tarixdən N.07.1996-cı il tarixədək Füzuli rayonu uğrunda gedən döyüşdərdə iştirak etmiş, Füzuli rayonu uğrunda gedən döyüşlərdə fərqləndiyinə görə hərbi hissənin rəhbərliyi tərəfindən təşəkkür almış və bu hal ona verilmiş xidməti xasiyyətnamə ilə öz təsdiqini tapır. Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün o bir neçə il dəfələrlə Müdafiə Nazirliyinə müraciət etmiş və hər dəfə xahişinə imtina edilmişdir. O, müharibə veteranı və vəsiqəsinin verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət hüququnun olmasını bilməmiş və nəhayət, 2019-cu il tarixdə keçmiş hərbiçi dostu ona məhkəməyə müraciət hüququnun olduğunu izah etmişdir. Ona müharibə veteranı və vəsiqəsinin verilməsi barədə müraciətinə cavabdeh Azərbaycan Respublikasının Müdafıə Nazirliyi özünün 01.10.2019-cu il tarixli 1/D–13363 saylı məktubu ilə cavab verərək bildirmişdir ki, hərbi biletinin 4–cü səhifəsində 702 nömrəli 18.03.1994- N.07.1996-cı il illərdə xidmətin Mərkəzi Arxivin 14.03.2018–ci il tarixli 9/2–4258 nömrəli arayışında təsdiqlənqmədiyindən, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmadığını göstərərək xahişinə imtina etmişdir. Cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Belə ki, onun hərbi biletində hərbi hissəyə daxil olmağı və tərxis olunmağı haqqında məlumatlar var. İddia ərizəsinə əlavə etdiyi SX ******* nömrəli hərbi biletin surətindən görünür ki, o 1991–ci ildə Quba rayon lHXÇDX–si tərəfindən həqiqi hərbi xidmətə yararlı sayılaraq hərbi xidmətə çağırılmış, 08.07.1991-ci il tarixdə hərbi hissəyə göndərilmiş, 22.06.1996-cı il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 141 nömrəli əmrinə əsasən həqiqi hərbi xidmətdən qanuni olaraq ehtiyata buraxılmış və hərbi xidmət dövründə N saylı hərbi hissənin tərkibində 18.03.1994cü il tarixdən N.07.1996-cı il tarixədək Füzuli rayonu uğrunda gedən döyüşdərdə iştirak etmişdir. Onun Azərbaycan Respublıkasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyi iddia ərizəsinə əlavə etdyi Quba rayon hərbi komissarlığının 16.10.1996–cı il tarixli 4/522 saylı arayışı, N saylı hərbi hissənin rahbərliyi tərəfindən verilmiş Xidməti Xasiyyətnamə, ən əsası isə hərbi bileti ilə təsdq edilir. O, təqsirkar deyil ki, arxiv sənədlərində yuxarıda qeyd edilənlər barədə məlumat yoxdur və buna məsul olan şəxs deyildir. Ona müharibə veteranı adının verilməməsi üçün elə bir hərəkət etməmişdir. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi tərəfindən 12.12.1996-cı iİ tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxs kimi ona 11899 saylı vəsiqə verilmiş və həmin birliyin üzvü kimi Quba rayon şöbəsində qeydiyyatdadır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək, bildirmişdir ki, Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995–ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində- Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- ( müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfındən verilmiş arayışlar. hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqmda arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamədən görünür ki, hərbi biletlər hərbi qulluqçuların hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda mötəbər hesab olunur. İddiaçı hərbi biletində onun N saylı hərbi hissənin tərkibində 18.03.1994–cü ildən N.07.1996–cı ilədək Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etdiyinin qeyd edildiyini göstərir. 12 may 1994–cü ildə atəşkəs barədə saziş bağlandığı və döyüş əməliyyatlarının dayandırıldığı məlum faktdır. Buna görə də iddiaçı 1994-cü ilin martın 18–dən mayın 12–dək döyüşlərdə iştirak etməsini iddia edə bilər. Ancaq, iddia ərizəsindən görünür ki, onun N saylı hərbi hissədə 18.03.1994-cü ildən N.07.1996-cı ilədək xidmət etməsi Mərkəzi Arxivin 14.03.2018–ci il tarixli 9/2–4258 nömrəli arayışı ilə təsdiqlənmir. Ona görə də iddianın təmin olunmaması barədə qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyni məzmunlu izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 01.10.2019cu il tarixli, Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxiv İdarəsinin N.11.2019-cu il tarixli məktubları, SX ******* nömrəli hərbi biletin notarial qaydada təsdiqlənmiş surəti, Azərbaycan Respublikası SHÇDX-nin Quba rayon şöbəsi tərəfindən verilmiş 27.01.2020ci il, 68 nömrəli məktubu və sairə sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia həm də əsaslıdır. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin «Azərbaycan Respublikasının Silahlı Qüvvələri Haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Həmin qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qərarın təsviri hissəsində qeyd olunmuş arayışlarla iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı öz təsdiqini tapır. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə qeyd edir ki, iddiaçının müharibədə iştirakını təsdiq edən hərbi biletin, habelə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin məktubunun həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlər Xidmətinin Quba rayon şöbəsinin 27.01.2020-ci il tarixli 68 saylı müşayət məktubu ilə gönİddiaçı qeydiyyat kartasının və hərbi biletin əvəzinə verilmiş arayışın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 141 saylı 22.06.1996-cı il tarixli əmri ilə 27.07.1996-cı ildə hərbi xidmətdən təxris olunub. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində İddiaçı hərbi xidmətdən təxris olunması barədə məlumatın olmaması səbəbindən onun müharibə veteranı statusunu almaq hüququ məhdudlaşdırıla bilməz. Bundan başqa cavabdeh inzibati orqan tərəfindən iddiaçının döyüş əməliyyatlarını fərrarilik etməklə tərk etməsi, habelə onun barəsində cinayət işinin açılması barədə, iddiaçıya müharibə veteranı statusunun verilməsini istisna edən hallar barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Halbuki Azərbaycan Respublikası X1 14-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə iddiaçının yuxarıda qeyd olunan sənədlərlə döyüş bölgəsində iştirakı öz təsdiqini tapmış və ona müharibə veteranı statusu verilməsini istisna edəcək hal müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya müharibə veteranı statusunun və vəsiqəsinin verilməsindən imtinası əsassız olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəməqərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar