Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2632/2025 03.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: qərarların ləğvi, əvvəlki pensiya məbləğinin bərpası) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli, pensiya iş №094471 olan qərarı və xx.xx.2024-cü il tarixli, 3-17-1/1-Ə-185632/2024 saylı qərarının ləğv edilməsi və təyin olunmuş əvvəlki pensiya məbləğinin bərpa edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli, pensiya iş №094471 olan və xx.xx.2024-cü il tarixli, 3-17-1/1-Ə- 185632/2024 saylı qərarlarının ləğv edilməsi və təyin olunmuş əvvəlki pensiya məbləğinin bərpa edilməsini istəyir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçıya xx.xx.2013-cü il tarixində yaşa görə əmək pensiyası təyin olunmuşdur. xx.xx.2015-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar hesabında xx.xx.2013-cü il tarixindən xx.xx.2015-ci il tarixinə kimi 1668.76 manat (2015-ci il tarixinə indüksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi olan dövrdə 2274.60 manat pensiya kapitalı toplanmışdır. xx.xx.2020-ci tarixində xx.xx.2017-ci il tarixindən xx.xx.2020ci il tarixinə kimi olan dövrdə hesabında toplanmış pensiya kapitalı əsasında əmək pensiyam yenidən hesablanmışdır. Növbəti illərdə olan indeksləşdirilmələr də daxil olmaqla iki ay bundan əvvələ qədər son pensiya məbləği olaraq hər ayda 499 manat pensiya alırdı. İki ay bunda əvvəl 2024-cü ilin iyul ayından etibarən aylıq pensiyası azaldılaraq 456.50 manat olaraq hesablandığından bu anlaşılmazlıqla əlaqədar AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. xx.xx.2024 tarixli 3-17-1/2-Ə 196577/2024 saylı məktub göndərdiklərini bildirdilər. İmtina məktubunu xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə qəbul etmişdir. (Təhviltəslim aktı iddia ərizəsinə əlavə edilir). Həmin imtina məktubunda qeyd olunur ki, “Xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, əmək pensiyanız xx.xx.2020-ci il tarixli müraciətiniz əsasında yenidən hesablanarkən (Qanunun 37.3.1-ci maddəsinə əsasən) xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına düzgün bölünməmişdir (pensiya kapitalı 89 aya bölünməli olduğu halda. 72 aya bölünərək hesablanmışdır...Nəticədə Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək pensiyanızın aylıq məbləğində artıqödəmə müəyyən edilmişdir. "İnzibati İcraat haqqında” Respublikası Qanununun 72-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır”. Hal-hazırda iddiaçının əmək pensiyasının məbləği 499 manat olduğu halda ona iki aydır ki, 456.50 manat məbləğində pensiya ödənilir. 2020-ci ilə qədər həm təqaüd alırdı və həm də işləyirdi. Lakin 2020-ci ilin iyul ayında əməliyyat olunduğundan daha işləmək imkanı olmamışdır və buna görə də bütün sənədləri, əmək kitabçasını, diplomu cavabdehə təqdim etmişdir. Hal-hazırda 68 yaşı var və aldığı pensiya yalnız müayinə, müalicə və yemək xərclərinə birtəhər çatır. Aldığı pensiya məbləği ilə başqa heç bir iş görmək, yığım etmək mümkün deyildir. Cavabdehin imzibati qərar hesab edilən aktında da qeyd olunduğu kimi, bu hesablamadan hal-hazırda da heç bir anlayışı yoxdur. Bütün hesablamaları, qərarları, ödəmələri cavabdeh özü həyata keçirib və iddiaçı hər ayın təqaüdünü alıb yuxarıda qeyd etdiyi məqsədlərə xərcləmişdir. Həmin pulları haradansa qazanıb geriyə qaytarmaq imkanı yoxdur. ... Qanunvericiliyin düzgün tətbiqinə və obyektiv qanunauyğun qərarların qəbuluna məsuliyyət daşıyan cavabdehin yanlış hərəkətinin məsuliyyətinin və neqativ hüquqi nəticələrinin yükünün iddiaçının üzərinə qoyulması yolverilməzdir (Ali Məhkəmənin 2-1 (102)-257/2024 saylı. xx.xx.2024 tarixli Qərarı). Hesab edir ki, cavabdehin xidməti araşdırması və öz səhvlərini 4 il keçdikdən sonra etiraf etməsi və bunun əsasında əmək pensiyasına artıq ödəmə müəyyən edilməsi adı altında pensiya məbləğinin aşağı salınması qanunsuz, əsassız və ədalətsizdir və cavabdehin imtinası əsassızdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Mərkəzi Filialın iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-196577/2024 nömrəli məktuba əsasən aparılan araşdırma zamanı əmək pensiyasının məbləğinin artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. İşin hallarına əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 7-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin olunub. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin olunduqdan, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. İddiaçı pensiya işində olan sənədlərin surətlərinə əsasən onun xx.xx.2006-cı il tarixədək 24 il 11 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 3102,14 manat (2013-cü il tarixə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2015-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyilə əlaqədar xx.xx.2013-cü il tarixdən işdən çıxdığı tarixədək 1668,76 (2015-ci il tarixə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2020-ci il tarixdə növbəti dəfə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyilə əlaqədar xx.xx.2017-ci il tarixdən işdən çıxdığı tarixədək 2274,60 manat (2020-ci il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən (artıq ödəmənin aşkar olunduğu tarixdən 3 il əvvələ) 330,03 manat müəyyən edilmişdir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixdən 341,25 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2022-ci il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Həmin maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 357,91 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilərək 410,53 manata, xx.xx.2024-cü il tarixdən 456,50 manata çatdırılmışdır. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son 3 il üçün tutulur. Xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının xx.xx.2020-ci il tarixli müraciəti əsasında əmək pensiyası yenidən hesablanarkən (Qanunun 37.3.1-ci maddəsinə əsasən) xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına düzgün bölünməmişdir (pensiya kapitalı 89 aya bölünməli olduğu halda, 72 aya bölünərək hesablanıb). Nəticədə Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçının əmək pensiyasının aylıq məbləğində artıq ödəmə müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Pensiya işi № 094471 olan İddiaçı xx.xx.2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2024-cü il tarixli Qərar əsasında İddiaçı əmək pensiyası yenidən hesablanmaqla 456.50 manat müəyyən edilmişdir. Qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə işdən çıxma ilə əlaqədar pensiyanın sığorta hissəsinin məbləğinin yenidən hesablanarkən dövrün PSK-sı düzgün müəyyən edilməmişdir. 89-a bölünmək əvəzinə 72yə bölünmüşdür. Nəticədə pensiyanın aylıq məbləğində artıq ödəmə yaranmışdır. Əmək Pensiyaları haqqında Qanunun 39.1-ci maddəsinə əsasən son 3 il (xx.xx.2021-xx.xx.2024) üçün 1.313.08 manat məbləğində artıq ödəmə hesablanmışdır. Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/1-Ə- 185632/2024 saylı Qərar əsasında xx.xx.2024-cü il tarixli Qərar qüvvədə saxlanılmışdır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddiaçının irəli sürdüyü tələb İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia verməklə iddia müddətinə riayət etmişdir. Belə ki, mübahisələndirilən qərarların iddiaçıya təqdim edilməsi barədə cavabdeh tərəfindən sübut təqdim edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli, pensiya iş №094471 olan və xx.xx.2024-cü il tarixli, 3-17-1/1-Ə-185632/2024 saylı qərarlarının ləğv edilməsi və təyin olunmuş əvvəlki pensiya məbləğinin bərpa edilməsini istəyir. Cavabdeh qeyd edir ki, iddiaçının xx.xx.2020-ci il tarixli müraciəti əsasında əmək pensiyası yenidən hesablanarkən (Qanunun 37.3.1-ci maddəsinə əsasən) xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına düzgün bölünməmişdir (pensiya kapitalı 89 aya bölünməli olduğu halda, 72 aya bölünərək hesablanıb). Nəticədə Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçının əmək pensiyasının aylıq məbləğində artıq ödəmə müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən 2-1(102)-3135/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir: “47. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir.
48. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür.
49. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir.
50. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir.
51. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir
56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. 57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140).” İddiaçıya əmək pensiyası yenidən hesablanarkən qəbul edilmiş qərarın qanunsuz inzibati akt olması halında belə, cavabdeh inzibati aktın ləğv olunması, dəyişdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 il müddəti ötürmüş olacaqdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiyası hesablanarkən hər-hansı halın onlara məlum olmaması səbəbindən yanlış hesablamanın aparılması və ya bu halın onlara sonradan məlum olması barədə sənəd və sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının pensiyası işdən çıxma ilə əlaqədar olaraq cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə yenidən hesablanmış, lakin həmin hesablamanın düzgün olmaması barədə cavabdeh inzibati orqan tərəfindən 4 il sonra, yəni xx.xx.2024-cü ildə xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına düzgün bölünmədiyi (89 aya bölünməli olduğu halda 72 aya bölünərək) səbəbi qeyd edilərək pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilmişdir. Qeyd edildiyi kimi bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. Hazırki işin hallarından isə cavabdeh inzibati orqanda 2020-ci ildə pensiya yenidən hesablanan zaman hər-hansı məlumatın olmaması və ya belə məlumatın əldə edilməsinin mümkünsüz olması halı müəyyən edilməmişdir. “Məhkəmələr və hakimlər haqqında” Qanununa görə: Maddə 79-1. Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması Vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Həmçinin işin hallarından müəyyən edilir ki, cavabdeh orqan inzibati icraat haqıında mövcud normaların tələbinə əməl etməyərək inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə iddiaçıya məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmişdir. “İnzibati icraat haqqında” Qanuna əsasən: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərarlar iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, pensiya iş №094471 olan qərarı və xx.xx.2024-cü il tarixli, 3-17-1/1- Ə-185632/2024 saylı qərarı ləğv edilsin və İddiaçı təyin olunmuş əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova