Məhkəmə qərarları › İş №2-1(118)-2636/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2636/2025

06.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2636/2025 06.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın dövlət qeydiyyatına alınması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı “qərarın dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası üzrə inzibati işə 6 fevral 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında inzibati icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”-in 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. "xxxx" MMC-nin (VÖEN: **********) 10 oktyabr 2007-ci il tarixli Nizamnaməsindən görünür ki, Cəmiyyətin təsisçisi X3r.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsinin “Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında Şəhadətnamə”dən görünür ki, "xxxx" MMC 10 oktyabr 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

3. "xxxx" MMC-nin təsisçisi X2 8 iyun 2019-cu il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçisi təyin edilmiş İddiaçı qərarın təyin edildiyi gündən ləğv edilməsi qərara alınmışdır. Həmin təsisçi qərarın qeydiyyata alınması, dövlət orqanlarına təqdim edilməsi İddiaçı həvalə edilmişdir.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 3 aprel 2024-cü l tarixli, **********867300 nömrəli "xxxx" MMC-yə göndərilmiş məktubundan görünür ki, qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələbindən göründüyü kimi, rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə yeni rəhbərin (qanuni təmsilçinin) təyinatı barədə təsisçilərin ümumi yığıncağın qərarının əsli və rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək onlayn növbə əldə etməklə və ya poçt vasitəsi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməlidir.

5. "xxxx" MMC-nin “Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə”.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsinin "xxxx" MMC-yə dair “Kommersiya təşkilatının dövlət reyestrindən çıxarış”.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 27 may 2025-ci il tarixli, 3-21-2-2-1/2-38524/2025 nömrəli məktubundan görünür ki, "xxxx" MMC-nin rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi müvafiq ərizəyə dəyişiklik barədə təsisçi qərarının əsli və direktorun şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edildiyi halda mümkündür. X1 Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün "xxxx" MMC-nin dövlət reyestrində qeydə alınmış faktların dəyişdirilməsi, yəni rəhbərinin adının qanuni təmsilçi kimi dövlət reyestrindən çıxarılması mümkünsüzdür. Qoşma şəklində aşağıdakı sənədlərin surəti göndərilmişdir: - "xxxx" MMC-nin təsisçinin 29 may 2019-cu il tarixli qərarından görünür ki, "xxxx" MMCnin direktoru X4 tutduğu vəzifəsindən azad edilmiş, İddiaçı "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. - Vergilər Nazirliyi yanında yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin "xxxx" MMC-yə dair çıxarışdan görünür ki, MMC-nin təsisçisi – X5, qanuni təmsilçisi X4 olaraq göstərilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

8. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin təsisçisinin 8 iyun 2019-cu il tarixli qərarının ("xxxx" MMC-nin təsisçisinin qərarı ilə həmin hüquqi şəxsə təmsilçi təyin edildiyi qərarın təyin edildiyi vaxtdan ləğv edilməsi haqqında) dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-nin təsisçisinin qərarı ilə həmin hüquqi şəxsə təmsilçi təyin edildiyi və sözügedən təsisçi qərarı ilə dərhal cavabdehdən dövlət qeydiyyatından keçmişdir. Bir müddətdən sonra həmin hüquqi şəxsə DİN tərəfindən lisenziya verilməyəcəyi bəlli olmuşdur. Bu da həmin hüquqi şəxsin fəaliyyətinə birmənalı maneə oldu, nizamnamə fəaliyyəti üzrə işləyə bilməyəcəyi qətiləşdi. "xxxx" MMC nin təsisçisinin qərarı ilə həmin hüquqi şəxsə təmsilçi təyin edildiyi qərarın, elə təyin edildiyi vaxtdan ləğv edilməsi haqqında 8 sentyabr 2019-cu tarixli təsisçi qərarı verdi və icrası iddiaçıya həvalə edilmişdir. Tərəfindən sözügedən təsisçi qərarının ləğvinin cavabdehə 1 aprel 2024-cü il tarixdə təhvil vermiş və həmin sənədin üzərinə qeyd elətdirmişdir. Cavabdeh iddiaçının "xxxx" MMC-nin təsisçisinin qərarın dövlət qeydiyyatına alınmaqdan imtina edərək həmin imtinanı elektron kabinetdə yerləşdirmiş və həmin sənədin surətin almış, sözügedən imtina ilə tanış olmuşdur. Hesab edir ki, həmin imtina qanunsuz və əsasızdır. Belə ki, "xxxx" MMC-nin yeganə təsisçisi var və təmsilçi təyin etmək hüququ nizamnamə ilə təsisçinin müstəsna hüququdur. Cavabdehin imtina verdiyi qərar, təsisçi tərəfindən imzalanaraq, möhürlənərək icrasını elə həmin qərarla iddiaçıya həvalə edilmişdir.

10. İddia tələbinin prosessual hüquqi əsası kimi İPM-in 46-cı maddəsinə istinad edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2-1(112)-11716/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qərarın dövlət qeydiyyatına alınması” tələbinə dair iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

12. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

13. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

14. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək, onun təmin edilməməsini xahiş etmişdir.

15. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC 10 oktyabr 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış və hazırda ləğv olunmamışdır. Hüquqi şəxsin qeydiyyat qovluğunda mövcud olan sənədlərə əsasən "xxxx" MMC-nin ümumi yığıncağının 29 may 2019-cı il tarixli qərarı ilə qanuni təmsilçisi hazıradək İddiaçıdur. İddiaçı cavabdehə təqdim etdiyi 8 iyun 2019-cu il tarixli qərarı qanunvericiliyə müvafiq qaydada tərtib edilmədiyi və əlavə edilməli sənədlər olmadığı üçün inzibati orqan tərəfindən direktor dəyişikliyinin həyata keçirilməsi mümkün olmamışdır və təqdim edilməli sənədlərin siyahısı, təqdim edilməsi qaydası barədə **********867300 nömrəli məktub iddiaçıya ünvanlanmışdır. X1 Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün "xxxx" MMC-nin dövlət reyestrində qeydə alınmış faktların dəyişdirilməsi, yəni iddiaçının adının qanuni təmsilçi kimi dövlət reyestrindən çıxarılması mümkünsüzdür. Qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələbindən göründüyü kimi, rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi müvafiq ərizəyə yeni direktorun (qanuni təmsilçinin) təyinatı barədə təsisçilərin ümumi yığıncağın qərarının əsli və təyin olunan şəxsin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək cavabdehə təqdim edildikdən sonra həyata keçirilə bilər. Göründüyü kimi, iddiaçının hüququ qeydiyyatı həyata keçirən inzibati orqan tərəfindən deyil, cəmiyyətin təsisçiləri tərəfindən pozulmuşdur.

16. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 49.1, 49.2, 91.3.2, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.2, 5.4.6, 9, 14.1.7, prosessual hüquqi əsası kimi İPM-in 2.2.1, 2.2.2, 2.2.3, 35, 48.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakları və izahatları:

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında təmsil olunmamışdırlar.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

19. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

20. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

21. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

22. Məhkəmənin 14 aprel 2025-ci il tarixli iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

23. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

24. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

25. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

26. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

27. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

28. Məhkəmə tərəflərin mövqelərini, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

29. Hazırkı iddia tələbi ondan ibarətdir ki, iddiaçının direktor olduğu "xxxx" MMC-nin 8 iyun 2019-cu il tarixli qərarı ilə iddiaçı direktor vəzifəsindən azad edilmiş, həmçinin MMCnin direktoru təyin edilməsi barədə qərarın həmin gündən ləğv edilməsi qərara alınmış, lakin iddiaçı tərəfindən bu qərarın qeydiyyata alınmasının xahiş edilməsinə baxmayaraq, cavabdeh orqan müraciətin icrasından imtina etmişdir.

30. Cavabdehin mövqeyi isə ondan ibarətdir ki, qeyd edilən qərar qanunvericiliyə müvafiq qaydada tərtib edilməmiş və əlavə edilməli sənədlər olmadığı üçün cavabdeh orqan tərəfindən direktor dəyişikliyinin həyata keçirilməsi mümkün olmamışdır.

31. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, "xxxx" MMC 10 oktyabr 2007-ci il tarixdə hüquqi şəxs qismində dövlət qeydiyyata alınmış, təsisçisi isə X5 olmuş, sonuncunun 29 may 2019-cu il tarixli qərarı ilə MMC-nin direktoru X4 tutduğu vəzifəsindən azad edilmiş, iddiaçı isə həmin vəzifəyə təyin edilmiş, daha sonra 8 iyun 2019-cu il tarixli qərar ilə iddiaçının qanuni təmsilçi qismində təyin edilməsi barədə 29 may 2019-cu il tarixli qərarın qəbul edildiyi vaxtdan ləğv edilməsi qərara alınmışdır. Hazırda isə iddia tələbi həmin 8 iyun 2019-cu il tarixli qərarın qeydiyyata alınmasından ibarətdir.

32. MM-in 49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər.

33. Həmin Məcəllənin 91.3.2-ci maddəsinə əsasən cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir.

34. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır.

35. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 15 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik həmin Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır.

36. Həmin Qanunun 14.1.7-ci dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar əks etdirilməlidir.

37. Cavabdeh orqanın təqdim etdiyi məlumata əsasən 10 oktyabr 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC hazırda ləğv olunmamışdır, hüquqi şəxsin qeydiyyat qovluğunda mövcud olan sənədlərə əsasən MMC-nin ümumi yığıncağının 29 may 2019-cı il tarixli qərarı ilə qanuni təmsilçisi hazıradək iddiaçıdır.

38. İstinad edilən qanunvericilik normalarının tələbindən göründüyü kimi, rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi müvafiq ərizəyə yeni direktorun (qanuni təmsilçinin) təyinatı barədə təsisçilərin ümumi yığıncağın qərarının əsli və təyin olunan şəxsin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edildikdən sonra həyata keçirilə bilər.

39. Eyni zamanda, reyestrdə müvafiq dəyişiklərin edilməsi üçün həmin dəyişikliyin baş verdiyi andan 15 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməli olduğuna baxmayaraq, iddiaçı 8 iyun 2019-cu il tarixdə qəbul edilmiş qərarın dövlət qeydiyyatına alınması üçün qərarda yeni təsisçini müəyyən etmədən, bu barədə hər hansı məlumatı dəqiqləşdirmədən 1 aprel 2024-cü il tarixdə, yəni təxminən 5 ildən sonra cavabdeh orqana müraciət etmişdir.

40. Məhkəmə cavabdeh orqanın etiraz dəlilləri ilə razılaşaraq bildirir ki, hazırkı iş üzrə "xxxx" MMC-nin rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi üçün qəbul edilmiş qərarda yeni direktoru (təsisçisi) barədə məlumat mövcud olmadığından, şəxsiyyət vəsiqəsinin surəti əlavə olunmadığından, həmçinin dəyişikliyin baş verdiyi andan uzun müddət keçdikdən sonra müraciət edildiyindən, inzibati orqana öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyindən cavabdeh tərəfindən tələbin təmin edilməsi mümkün deyildir.

41. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək, yuxarıda istinad edilən normativ hüquqi aktların müddəalarını tətbiq edərək hеsаb еdir ki, iddiaçının iddia tələbi qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün, təmin еdilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

42. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar