Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2638/2022 05.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı ( ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X3 (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 şöbəsində baş mütəxəssis işləyən, Abşeron rayonu, Saray qəsəbəsi, Təzə məhəllə ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ona təyin edilmiş əlilliyinin etibarsız hesab edildiyi xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiəsi ilə əlaqədar əlilliyin bərpa edilməsi öhdəliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ona təyin edilmiş əlilliyinin etibarsız hesab edildiyi xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1964-cü il təvəllüdlüdür. İki il Sovet Ordusunda, 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2016-cı ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. xx.xx.2017-ci il tarixdə səhiyyə müəssisəsinin 411000AABRD nömrəli göndərişi (88 nömrəli forma) əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən ona 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlillik təyin edilmişdir. 2020-ci ilin aprel ayında pensiya və təqaüdü dayandırılmış, bu zaman elektron sistemə əlillik vəziyyətimin yoxlanılması məqsədi ilə baxış keçirən zaman ona məlum olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspetiza və Reabılitatsiya Agentliyi tərəfindən əlillik vəziyyəti əsasız olaraq ona heç bir məlumat verilmədən etibarsız hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edi və iddia ətizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək izah etdi ki, iddiaçının əlillik vəziyyətinə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2017ci il tarixli göndərişi əsasında əyani müayinəsi həyata keçirilmiş və xx.xx.2020-cı il tarixli aktla əyani müayinənin nəticələri rəsmiləşdirilərək Agentliyə göndərilmişdir. Agentlik tərəfindən iddiaçının əlillik vəziyyəti qiymətləndirilərək tam reablitasiya olunduğu müəyyən olunmuşdur. İddiaçı əlilliyinin etibarsız hesab edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. O cümlədən inzibati icraatı düzgün aparmaqla iddiaçı barəsində müvafiq qərar qəbul etməklə, əllillik altsistemində iddiaçıya aid qiymətləndirmə etibarsız edilmişdir. İş materiallarında olan : - iddiaçıya məxsus AZE № ******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1964-ci il təvəllüdlüdür. - TSEK tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə 5 (beş) il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-ci il tarixli 1071 saylı qərarından görünür ki, İddiaçı diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. - Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2017-ci ildən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbindən beş il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır.Əlillik vəziyyətinin araşdırılması ilə bağlı xx.xx.2021-ci il tarixində Agentlikdə nəzarət qaydasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq onun barəsində "Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun : 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci bəndində əlilliyin müəyyən olunması meyarları göstərilmişdir. Həmin Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarət etmə, hərəkət etmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya təyin edilmiş ll dərəcəli əlilliyin cavabdeh tərəfindən etibarsız hesab edilməsinin səbəbi məhz DİN Tibb İdarəsinin sözügedən məktubu olmuşdur. Halbuki, həmin məktubda hər hansı maddi hüquq normasına istinad edilməmişdir. Sadəcə, siyahıda göstərilən şəxslərion Daxili İşlər Nazirliyinə heç bir aidiyyətinin olmaması və Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlərin əsassız olaraq rəsmişlədirilməsi qeyd edilmişdir. Bundan başqa cavabdeh tərəfindən iddiaçının əlilliyinin etibarsız hesab edilməsi barədə ayrıca qərar (inzibati akt) qəbul edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 saylı Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişi əsasında aparılır. Həmin Əsasnamənin 4.9-cu bəndinə görə göndərişin rəsmiləşdirilməsi barədə məlumat tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2-Sosial Ekspertiza və X5 (TSERAS) ötürülür. Əsasnamənin 4.16-cı bəndinə görə TSEK 2 iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə görə inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati akt qəbul etmək vəzifəsidir. Cavabdeh orqan isə daxil olmuş məktubu əsas tutaraq heç bir əlavə araşdırma aparmadan,inzibati akt qəbul etmədən iddiaçının əlilliyini altsistemdə etibarsız hesab etmişdir. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı əlilliyinin etibarsız hesab edildiyi xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun . Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2638/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2638/2022
05.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver