Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-264/2020 07.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi, İddiaçı oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı “təhsil aldığı müddətin, hərbi xidmətdə olduğu müddətin iş stajına daxil edilməsi, pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.1954-cü ildə anadan olmuşdur. İddiaçı, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqanın xx xxxxxxx 2019-cu il tarixli, **********2 saylı imtina məktubunda müraciətin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi göstərilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından “Əmək Pensiyaları haqqında” Qanunun 22-1.21-ci maddəsi iddiaçıya şamil edilmir. Həmçinin qeyd edilmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1982-xx.xx.2005-ci illərə aid əmək stajı yerində yoxlanılarkən işə girmə və işdən azad olunma əmrlərinə rast gəlinsə də xx.xx.1997-ci ildən sonrakı dövrlərdə əmək haqqı alması barəsində heç bir sənəd təqdim olunmadı. Bu səbəbdən də onun 25 il ümumi iş stajı toplanmadığından yaşa görə əmək pensiyası hüququ yoxdur. İddiaçı razılaşmayaraq, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı iş materiallarına əlavə etdiyi ******* nömrəli əmək kitabçasından da göründüyü kimi 1982-2005-ci il tarixlərdə X1 Müəssisəsi- “X2” ASC -də işləmişdir. Bundan başqa iş materiallarına əlavə etdiyi '1254 nömrəli Azərbaycan SSRİ Nazirlər Sovetinin Dövlət X4 komitəsi tərəfindən verilən attestatdan görünür ki, o, xx xxxxxxxx 1970-ci ildən x xxxx 1971 -ci il tarixə qədər quşçuluq üzrə mexanizator peşə təhsili almışdır. Bundan başqa iş materiallarına əlavə etdiyi xx xxxxx 2019-cu il tarixli F-487 nömrəli Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilən Arxiv arayışından görünür ki, iddiaçı, Bakı Quşçuluq fabriki direktorunun xx.xx.1971-ci il tarixli 69 saylı əmri ilə o, xx xxx 1973-cü il tarixli 47 saylı əmri ilə işdən azad edilmişdir. Bundan başqa iş materiallarına əlavə etdiyi H3 seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx xxxxxx 1974-cü il tarixdən xx xxxxxx 1976-cı il tarixə qədər N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. “Əmək pensiyaları haqqında” qanuna əsasən də təhsil müddəti, o cümlədən hərbi xidmətdə olan dövrlər iş stajına daxil edilir. Buradan da görünür ki, iddiaçının 25 ildən çox iş stajı var ki, bu da yaşa görə əmək pensiyası almaq hüququnun olmasına əsas verir. Bütün bunlara baxmayaraq xx xxxxxxx 2019-cu il tarixli müraciətinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi tərəfindən verilən imtina məktubunda qeyd edilir ki, əmək kitabçasında qeyd olunmuş xx.xx.1982-xx.xx.2005-ci illərə aid əmək stajı yerində yoxlanılarkən işə girmə və işdən azad olunma əmrlərinə rast gəlinsə də, xx.xx.1997-ci ildən sonrakı dövrlərdə əmək haqqı alması barəsində heç bir sənəd təqdim olunmamış, bu səbəbdən də onun 25 il ümumi iş stajı toplanmadığından yaşa görə əmək pensiyası hüququ yoxdur. Yaşa görə təyin edilən əmək pensiyası üçün zəruri olan iş stajı- 25 il mövcuddur və kapitaldan asılı olmayaraq 25 il varsa, əmək pensiyası təyin edilməlidir. Əmək haqqı almaq barədə sənədi təqdim etmək, araşdırmaq isə vətəndaşın vəzifəsi deyil. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 1 hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin ediiməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 1.1-ci maddəsinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsini, sosial sığorta stajının müəyyən olunmasını, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsini, baxılmasını və saxlanılmasını tənzimləyir. Həmin Qaydaların 3.1.1 -ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin qeyd edilən Qaydalara 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir ki, həmin siyahıya əsasən yaşa görə əmək pensiyası növü üzrə - pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər təqdim olunur. “Əmək pensiyaları haqqında” Azərbaycam Respublikası Qanununun 21.1 -ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22.1 -ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə iclasında İddiaçı oğlu iştirak etmiş, iddia ərizəsini müdafiə edərək iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək qeyd edir ki,İddiaçı “Təhsil aldığı müddətin, hərbi xidmətdə olduğu müddətin iş stajına daxil edilməsi, pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Abşeron rayon şöbəsinin üzərinə qoyulmasına dair” vermiş olduğu iddianı tamamilə əsassız hesab edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi iddia tələbi ilə bağlı bunları bildirir ki: “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda 2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyul ayının 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı təqdim etdiyi sənədlərə əsasən xx.xx.2006-cı il tarixinədək olan 17 il 05 ay 06 gün sosial sığorta stajı toplandığından, 25 il ümumi iş stajı olmadığından yaşa görə əmək pensiyası hüququ yoxdur. 2019-cu ilin yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2.1 -ci maddəsinə əsasən bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun xx.xx.2006-cı ilədək olan sığorta stajı 25 il hesablanır. İddiaçının təqdim etdiyi sənədlərə əsasən onun fərdi sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından bu Qanunun 22-1.2.1 -ci maddəsi İddiaçı şamil edilmir. İddiaçı əmək kitabçasında qeyd olunmuş xx.xx.1982- xx.xx.2005-ci illərə aid əmək stajı yerində yoxlanılarkən işə girmə və işdən azad olunma əmrlərinə rast gəlinsə də xx.xx.1997-ci ildən sonrakı dövrlərdə əmək haqqı alması barəsində heç bir sənəd təqdim olunmadı. Bu səbəbdən də iddiaçının 25 il ümumi iş stajı toplanmadığından yaşa görə əmək pensiyası hüququ yoxdur. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, iddiaya etirazı müdafiə etmiş, iddianın rədd edilməsini xahiş etmiş, bildirmişdir ki, İddiaçı əmək kitabçasında qeyd olunmuş xx.xx.1982- xx.xx.2005-ci illərə aid əmək stajı yerində yoxlanılarkən işə girmə və işdən azad olunma əmrlərinə rast gəlinsə də xx.xx.1997-ci ildən sonrakı dövrlərdə əmək haqqı alması barəsində heç bir sənəd təqdim olunmadı. Bu səbəbdən də iddiaçının 25 il ümumi iş stajı toplanmadığından yaşa görə əmək pensiyası hüququ yoxdur. Cavabdehin nümayəndəsi məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, mübahisəli dövrlər nəzərə alınarsa, iddiaçının prnsiya hüququ yaranar. Məhkəməyə yuxarıda adı qeyd olunan sənədlər təqdim edilmişdir. Həmin ənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Əmək pensiyaları haqqında Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödəniməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il yanvarın birinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi Əmək pensiyaları haqqında Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının əmək kitabçasında da 1982-2005-ci il tarixlərdə X1 Müəssisəsi-“X2” ASC dəişləməsi öz əksini tapmışdır və bu müvafiq əmrlərlədə təsdiq olunur. İddiaçının xx.xx.1997-ci ildən sonrakı dövrlərdə əmək haqqı alması barəsində heç bir sənəd təqdim olunmamasıiddiaçının məsuliyyətinə səbəb ola bilməz. Bundan başqa İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə qeyd edir ki, 1982-2005-ci il tarixlərdə X1 Müəssisəsi-“X2” ASC -də iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Məhkəmə iddiaçının təhsil aldığı müddətin sosial sığorta stajı kimi nəzərə alınmamasına münasibətdə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının xx xxxxxxxx 1970-ci ildən x xxxx 1971 -ci il tarixə qədər quşçuluq üzrə mexanizator peşə təhsilialdığı müddət xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ bəndinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən onun iş stajına daxil edilməlidir. Məhkəmə iddiaçının hərbi xidmət dövrlərinin iş stajı kimi nəzərə alınmasına dair tələbinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən bununla bağlı hər hansı bir mübahisənin olmadığı müəyyən olunur. Yuxarıda qeyd edilə dövrlər idiaçının sosial sığorta stajı kimi nəzərə alınanda, onun pensiya hüququ yaranır və bu hal tərəflər arasında mübahisə olunmur. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı oğlunun təhsil aldığı müddətin, hərbi xidmətdə olduğu müddətin iş stajına daxil edilməsi və pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-264/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-264/2020
07.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver