Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-264/2021 15.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Xaçmaz şəhəri, R.Behbudov küçəsi dalan 1 ev 18-də yaşayan), Cavabdehin nümayəndəsi X3 (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri müavini işləyən, Bakı şəhəri, Naximov küçəsi, ev 45 mənzil 61-də) və X1 (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Dövlət qulluğu və kadrların seçilməsi sektorunda məsləhətçi işləyən, Bakı şəhəri, Lökbatan qəsəbəsi, D.Bünyatzadə küçəsi 136 saylı evdə yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş işdən çıxarılması barədə əmrin ləğv edilməsi və işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsində məsləhətçi vəzifəsində işləmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevin ********** №-li 27.07.2020-ci il tarixli əmrinə əsasən 29.07.2020-ci il tarixdən 2000-dən çox dövlət qulluğunda olan işçilərin, o cümlədən də İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. İşdən çıxma barədə əmr verilərkən bir çox qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 912 №-li, 30.12.2019-cu il tarixli Fərmanının 7.5 hissəsinə əsasən Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Xidməti, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti publik hüquqi şəxsə çevrilmişdir. Həmin Fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən qeyd olunan təşkilatlarda işləyən işçiləri, bu Fərmanın 1.4-cü hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunması ilə bağlı tədbirlər görülməsi ilə əlaqədar Fərman qəbul etmişdir. Nazirlik Fərmandan irəli gələn öhdəliyi yerinə yetirməyərək işçiləri aldadılaraq ərizələri alınmış və işdən azad olunmuş 2000-dən çox işçilərin sırasında iddiaçını da qeyd etmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63.1-ci maddəsinə görə müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Nazirlik işçilərin müvafiq işlə təmin olunması ilə əlaqədar verdiyi Fərmana diqqətsiz yanaşmış, müddətsiz əmək müqavilələrinə xitam verilmiş işçilərlə (bizimlə) razılaşmadan 600 manat aylıq əmək haqqı göstərilməklə əmək müqavilələri hazırlanmışdır. Həmin müqavilələrin müddəti 14.11.2020-ci il tarixədək olmaqla, işçilər ştat cədvəlində göstərilməmişdir. Ştat cədvəlində göstərilmədən hansı hesabdan işçilərə əmək haqqı verilməsi də müəmmalıdır. Cənab Nazirin 27.07.2020-ci il tarixində verdiyi ********** №-li əmrinədək Fondun və yerli şöbələrdə işləyən işçilərin vəzifələri dövlət qulluğuna aid edilmişdir. X7 sədri Himalay Məmişovun məktubu şöbəyə daxil olmuşdur. Həmin məktubda 23-24 iyul 2020-ci il tarixlərdə işçilərin (baş işçilər istisna olmaqla) yoxlanılması bildirilmişdir, həmin qiymətləndirmə şöbədə Fondun işçilərinə əvvəlcədən hazırlayıb gətirdikdə suallar əsasında keçirilmiş və işçilər tərəfindən doldurulmuş vərəqələr DSMF-yə aparılaraq, orada cavablar qiymətləndirilmişdir. Bu da qiymətləndirmənin ədalətli olmasına şübhə yaradır.Həmin qiymətləndirmə 29.07.2020-ci il tarixədək dövlət qulluğunda olan işçilər üçün «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə zidd keçirilmişdir. Həmin Qanunun 30.1.1-ci maddəsində göstərilir: «İnzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir». İddiaçı keçirilən qiymətləndirmədə 30-31 iyul 2020ci il tarixlərdə xəstə olduğuna görə bülletendə olduğu üçün iştirak etməmişdir. Lakin DSMF onu «C» variantına əsasən qiymətləndirmişdir. “0” balı toplamsını iddiaçı internetdən billmişdir. Bu da DSMF-nin növbəti qanuna zidd hərəkətidir. DSMF bütün bu qanun pozmalarına ona görə yol vermişdir ki, işdən azad etdikləri işçilərə işdən çıxma müavinəti verilməsin. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63.3-cü maddəsi tətbiq olunmaqla işçilər işdən azad edilən işçilərin hüquqları pozulmuşdur. Prezidentin 9121 №-li, 30.12.2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar verilmiş 30.06.2020-ci il tarixli Fərmanında göstərilən tələblərə Nazirlik və DSMF tərəfindən əməl olunmamış, işdən çıxarılan işçilər sosial müdafiəsiz qalmış, bu gərgin karantin müddətində taleyin ümidinə buraxılmışlar. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən mənim işdən çıxma əmrini və Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsdən isə onunla birtərəfli qaydada bağlanmış əmək müqavilənin surətini ala bilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Nazirlik 1 ay müddətinə gözləməli olduğu halda həmin müddəti gözləmədən, ərizəni düzgün qiymətləndirməyərək onu işdən azad etmişdir. Şifahi məhkəmə baxışında İddiaçı qızı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək izah etdi ki, iddiaçı ərizə ilə müraciət edərək öz arzusu ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmiş və onun dövlət qulluğuna 29 iyul 2020-ci il tarixdən **********6 nömrəli əmrlə xitam verilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna dövlət qulluqçusunun öz arzusu ilə xitam verilə bilər. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər. İşəgötürən göstərilən normada qeyd edilən hüququndan istifadə etməmiş və ərizə qeydə alınan gün İddiaçı əmək müqaviləsinə xitam vermişdir. Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondu əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1076 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Nazirliyin strukturuna daxil olan orqanların siyahısından Dövlət Sosial Müdafiə Fondunun adı çıxarılmışdır. Həmin Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilmiş və 5.5.6-cı yarımbənd bu redaksiyada verilmişdir “Nazirliyin Aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), digər işçiləri (bu Əsasnamənin 5.5.6-1-ci yarımbəndi nəzərə alınmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür”. Həmin Fərmanla yeni 5.5.6-1-ci bənd də əlavə edilmişdir. Nazirliyin tabeliyindəki publik hüquqi şəxslərin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə razılıq verir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanının 7.5-ci bəndinə əsasən Dövlət Sosial Müdafiə Fondunda işləyən işçilərin bu Fərmanın 1-4cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görüb və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermələri tapşırılmışdır. Qeyd edilən tapşırığın icrası ilə bağlı həm Nazirlik tərəfindən, həm də Dövlət Sosial Müdafiə Fondu tərəfindən yeni yaradılmış qurumlarda işə qəbul olunmaqla bağlı İddiaçı öz arzusu ilə əmək müqaviləsinə xitam verilməsi və yeni yaradılmış müvafiq qurumda işlə təmin olunması ilə bağlı ərizə yazmışdır. Ərizəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun 14 avqust 2020- ci il tarixli **********6 nömrəli əmri ilə Fondun Xaçmaz rayon xidmət nümayəndəliyində işlə təmin edilmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan : -İddiaçı 29.07.2020-ci il tarixli ərizəsindən görünür ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək Dövlət Sosial Müdafiə fondunun Pubik Hüquqi şəxsə çevrildiyi üçün işlədiyi Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsində məsləhətçi vəzifəsindən azad edilərək yeni qurumda müvafiq işlə təmin olunmasını xahiş etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27 iyul 2020-ci il tarixli **********5 nömrəli əmrindən görünür ki, “Dövlət qulluğu” haqqında Azərbaycan Respublikası Qanununun 33.1.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF–nin yerli bölmələrinin işçiləri 2020-ci ilin 29 iyul tarixdən öz arzuları ilə tutduqları vəzifələrdən azad edilməsi, əmək müqaviləsinə xitam verilmiş dövlət qulluqçuları ilə təhvil-təslim işlərinin və son haqq-hesabın aparılması qərara alınmışdır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 avqust 2020- ci il tarixli **********6 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun taıixii 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 4.11.11 -ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 1 -ci hissəsinə, 47-ci maddəsinin T bəndinə və 51 -ci maddəsinin 1 -ci hissəsinə uyğun olaraq bu əmrə əlavə olunan 1 nömrəli siyahıda adları qeyd edilən şəxslər 2020-ci il 17 avqust tarixindən tərəflərin razılığı ilə 1 (bir) ay sınaq müddəti müəyyən edilməklə 3 (üç) ay müddətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Fond) regional ərazi filiallarında, şəhər və rayon xidmət nümayəndəliklərində müvafiq vəzifələrə təyin edilməsi ; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 1 -ci hissəsinə və 47-ci maddəsinin 'T' bəndinə uyğun olaraq bu əmrə əlavə olunan 2 nömrəli siyahıda adları qeyd edilən şəxslər 2020-ci il 17 avqust tarixindən tərəflərin razılığı ilə 3 (üç) ay müddətinə Fondun regional ərazi filiallarında, şəhər və rayon xidmət nümayəndəliklərində müvafiq vəzifələrə təyin edilməsi əmr edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələrinin işçilərinin dövlət qulluğuna xitam verilməsi barədə 27.07.2002-ci il tarixli **********6 nömrəli əəmrdən çıxarışdan görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF –nin yerli bölmələrinin işçiləri 2020-ci ilin 29 iyul tarixdən öz arzuları ilə tutduqları vəzifələrdən azad edilməsi; müvafiq olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi; əmək müqaviləsinə xitam verilmiş İddiaçı ilə təhvil-təslim işlərinin və son haqqhesabın aparılmasının təmin edilməsi qərar əmr edilmişdir. - Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı edilmiş xəbərdarlıq məktubundan görünür ki, onunla bağlanmış 14.08.2020-ci il tarixli əmək müqaviləsinin müddəti 14.11.2020-ci il tarixdə qurtardığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə həmin tarixdə xitam veriləcəyi və əmək qanunverciliyinin tələblərinə uyğun haq-hesab aparılacağı bildirilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsi ilə İddiaçı arasında bağlanılmış 14.08.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xaçmaz rayon xidmət nümayəndəliyinə ştatdankənar işçi vəzifəsinə təyin edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27 iyul 2020-ci il tarixli **********6 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə tutuduğu vəzifədən azad olunmuş və daha sonra X9 Fondunun 14 avqust 2020-ci il tarixli əmri ilə Fondun Xaçmaz rayon xidməti nümayəndəliyində işlə təmin edilmişdir. Hazırda iddiaçı işdən azad edilməsi barədə əmrin ləğv edilməsini tələb edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən dövlət qulluğuna dövlət qulluqçusunun öz arzusu ilə xitam verilə bilər. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondu əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs yaradılmışdır. Həmin Fərmanın 7-ci hissəsində qeyd edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti öz fəaliyyətlərini davam etdirsinlər. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1076 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Nazirliyin strukturuna daxil olan orqanların siyahısından Dövlət Sosial Müdafiə Fondunun adı çıxarılmışdır. Həmin Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilmiş və 5.5.6-cı yarımbənd bu redaksiyada verilmişdir “Nazirliyin Aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), digər işçiləri (bu Əsasnamənin 5.5.6-1-ci yarımbəndi nəzərə alınmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür”. Həmin Fərmanla yeni 5.5.6-1-ci bənd də əlavə edilmişdir : Nazirliyin tabeliyindəki publik hüquqi şəxslərin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə razılıq verir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun” Nizamnaməsi” nin 4.5.6-cı yarımbəndinə əsasən Fondun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərara qəbul etmək səlahiyyəti X8 verilmişdir. Həmin Fərmanın 4.11.11 -ci yarımbəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1076 nömrəli Fərmanının 2-ci hissəsi ləğv edilmiş “Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin 1.1-ci bəndində qeyd edilirdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. “Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə görə Publik hüquqi şəxs dedikdə dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilat nəzərədə tutulur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1 -ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanının 7.5-ci bəndinə əsasən Dövlət Sosial Müdafiə Fondunda işləyən işçilərin bu Fərmanın 1-4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görüb və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermələri tapşırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı öz iradə ifadəsi iolaraq tutduğu vəzifədən qazad edilməsi və yeni yaradılacaq qurumda işə qəbul edilməsi barədə ərizə yazmış və onun ərizəsi təmin edilərək o, tutduğu vəzifədən azad edilərək Dövlət Sosial Müdafiə Fondunin Xaçmaz rayon xidməti nümayəndəliyində işlə təmin edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının dövlət qulluğuna qanunauğyun şəkildə xitam verilmişdir. Onun dövlət qulluğuna xitam verilməsinə dair əmrin qanunsuz hesab edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilən Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə hesab edir ki, mübahisələndirilən əmrin ləğv edilməsi üçün qanuni əsas müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-264/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-264/2021
15.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver