Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-264/2025 15.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Sumqayıt Şəhər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli Qərarına uyğun olaraq İddiaçı “Ceyranbatan” massivində fərdi ev tikintisi satılmış sahəsi 600 (altı yüz) kv.metr olan 773 saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla, adına çıxarış və plan ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt Şəhər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli Qərarına uyğun olaraq vətəndaş İddiaçı “Ceyranbatan” massivində fərdi ev tikintisi üçün alqı-satqı yolu ilə satılmış sahəsi 600 (altı yüz) kv.metr olan 773 saylı torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatının rəsmiləşdirilərək çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir. Daha sonda iddiaçı ərizə təqdim edərək, “Sumqayıt Şəhər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli Qərarına uyğun olaraq vətəndaş İddiaçı “Ceyranbatan” massivində fərdi ev tikintisi üçün alqı-satqı yolu ilə satılmış sahəsi 600 (altı yüz) kv.metr olan 773 saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatının rəsmiləşdirilərək çıxarış və plan ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Bələdiyyəsinin xx.xx.2006-cı İl tarixli Qərarına əsasən vətəndaş İddiaçı “Ceyranbatan” massivində fərdi ev tikintisi üçün sahəsi 600 (altı yüz) kv.metr olan 773 saylı torpaq sahəsinin ayrılması və “Torpaq islahatı haqqmda” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən torpağın alqısatqısına dair aktın tərtib edilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli həmin qərarı torpaq sahəsi ayrılmış vətəndaşa təqdim edilsə də, Qərarın 9 nömrəli protokolu və alqı-satqıya dair akt İddiaçı təqdim edilməmişdir. Sumqayıt Bələdiyyəsinə ünvanlanmış müraciətə cavab olaraq Bələdiyyədən göndərilmiş məktubda sənədlərin Sumqayıt Arxiv İdarəsinə təhvil verildiyi bildirilmişdir. Daha sonra iddiaçı tərəfindən Sumqayıt Arxiv İdarəsinə ünvanlanmış, müraciətə cavab olaraq İdarədən göndərilmiş sənədlər toplusuna da Sumqayıt Şəhər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 9 nömrəli protokolu və alqı-satqıya dair aktı əlavə edilməmişdir. İddiaçı qeyd edir ki, torpaq sahəsinin alqı-satqısına dair iddiaçı tərəfindən müəyyən edilmiş məbləğdə vəsait bələdiyyənin hesabına ödənilmişdir və bununla bağlı mədaxil qəbzi mövcuddur. Qeyd olunanlara əsasən çıxaırışın verilməsi ilə bağlı iddiaçı tərəfindən edilmiş müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü İl tarixli məktubla imtina edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, “Ceyranbatan” massivi ərazisində yerləşən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti 3-21-3-31/1-A-0012-8/2023 nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkiln Vasif oğluna bildirilmişdir ki, 16 mart 2006-ci il tarixli 9 nömrəli Sumqayıt Bələdiyyəsinin müvafiq torpaq sahəsinin ayrılması barədə qərar qəbul etdiyi, lakin sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun olaraq yekunlaşmadığı, sözügedən torpaq sahəsinə dair alqı-satqı aktının tərtib olunmadığı, icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyi alınmamış, eləcə də müraciətinizə torpaq sahəsinin sərhədlərini müəyyən edən sənəd əlavə olunmadığından faktiki göstərilən torpaq sahəsinin sənəd üzrə ayrılan torpaq sahəsi olduğunu müəyyən etmək mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci mədəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü əlavə olunmalıdır. Həmçinin qeyd edirlər ki, torpağın dəyəri bank vasitəsi ilə deyil, bilavasitə ödənilmiş, mədaxil qəbzi Sumqayıt Bələdiyyəsi tərəfindən təsdiq olunmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.5-ci maddəsinə əsasən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Məlumat üçün bildirirlər ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinə əsasən, Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmamasını xahiş edirlər.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktub; Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 9 saylı qərarı; Seriya DGM №117746 saylı qəbz; məhkəmə sorğusu əsasında təqdim edilmiş müayinə aktı və digər sənədlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, “Ceyranbatan” massivində fərdi ev tikintisi üçün alqı-satqı yolu ilə satılmış sahəsi 600 (altı yüz) kv.metr olan 773 saylı torpaq sahəsinin Sumqayıt Şəhər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 saylı qərarı ilə İddiaçı ayrılması qərara alınmış, qeyd olunan torpaq sahəsi həmin vaxtdan da onun istifadəsində və sahibliyində olmuşdur. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan və yuxarıda sadalanan torpaq sahəsinin satılması barədə qərar, o cümlədən ödəniş qəbzi ilə də təsdiq edilir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mübahisəli torpaq sahəsi Sumqayıt Şəhər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 saylı qərarına əsasən iddiaçıya satılmış və həmin vaxtdan torpaq sahəsi onun istifadəsində və sahibliyində olmuşdur. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrıldığı dövrdə, yəni 16 mart 2006-cı ildə qüvvədə olan redaksiyasında torpaq sahələrinin şəxslərə torpaq hərracları və ya müsabiqələri ilə yanaşı bilavasitə satışının mümkünlüyü də təsbit edilmişdir. Beləliklə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Sözügedən torpaq sahəsi iddiaçıya ayrılmamışdan öncə bununla bağlı müvafiq orqanların rəyi alınmışdır. İddiaçıya torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, eyni zamanda iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına pul vəsaiti ödənilmişdir. Sumqayıt Şəhər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 saylı qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. İddiaçıya səlahiyyətli orqanın rəyi əsasında torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Məhkəmə iddiaçıya torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlərin arxiv nüsxəsinin mövcud olub-olmadığını araşdırmaq məqsədilə müvafiq sorğular ünvanlamış, məhkəmə sorğusuna cavab olaraq yuxarıda qeyd edilən sənədlərin arxiv nüsxəsi məhkəməyə təqdim edilmişdir. Məhkəmə işin araşdırılması zamanı cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş müayinə aktında, torpaq sahəsinin faktiki ölçüsünün isə 0.06 ha ölçüdə olduğu; torpaq sahəsinin yaşayış məntəqələrinin torpaq sahələrinə aid olduğu; mübahisə halının baş vermediyi; iddiaçı tərəfindən göstərilən və faktiki istifadədə olan daşınmaz əmlak üzərində digər şəxslərə aid mülkiyyət, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı, texniki baxış zamanı göstərilən torpaq sahəsi elektron bazada qeydiyyata alınmış hər hansı torpaq sahəsi ilə üst-üstə düşmədiyi qeyd edilmişdir. Beləliklə göründüyü kimi, iddiaçının naturada müəyyən edilmiş torpaq sahəsinə dair mübahisə aşkar edilmədiyindən, iddia etdiyi torpaq sahəsi üzərində mülkiyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması barədə tələbində haqlıdır. Cavabdehin iddiaçının hüquqlarının qeydiyyatından imtinasının əsası kimi göstərdiyi əsas tamamilə əsassızdır və formal xarakter daşıyır. Cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt Şəhər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli Qərarına uyğun olaraq İddiaçı “Ceyranbatan” massivində fərdi ev tikintisi üçün satılmış sahəsi 600 (altı yüz) kv.metr olan 773 saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla, adına çıxarış və plan ölçü sənədlərinin verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt Şəhər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 saylı Qərarına əsasən İddiaçı “Ceyranbatan” massivində fərdi ev tikintisi üçün satılmış sahəsi 600 (altı yüz) kv.metr olan 773 saylı həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla, adına çıxarış və plan ölçü sənədlərinin verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva