Məhkəmə qərarları › İş №2-1(118)-2641/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2641/2024

26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2641/2024 26.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: qeydiyyatdan çıxarılma) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı (X11, X26, X19, X30 və X20 üçüncü şəxslər qismində cəlb edilməklə) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə 26 aprel 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 10 ünvanında yerləşən əmlak İddiaçı xüsusi mülkiyyətindədir, həmin mülkiyyətin tam payının sahibidir.

2. “Eketron notariat” X1 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışlardan görünür ki, X57, X11, X26 və X4 şəhəri, Heydər Əliyev küçəsi, ev 146, mənzil 21 ünvanında, X30 və X9 şəhəri, T.İsmayılov küçəsi, ev 146, mənzil 21 ünvanında qeydiyyatdadırlar.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdeh 27 noyabr 2023-cü il tarixli, 3-13-93/2-B-212xx/xx/2023 nömrəli məktubundan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsəsən, 5-ci bəndinə əsəsən isə yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadəsinə xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılırlar. Qeyd olunmuşdur ki, Əmirbəyova (Xələfova) Nigar Səfərbəg qızı 4 mart 2022-ci il tarixdən Qusar şəhərində digər ünvanda qeydiyyatdadır. ünvan 7iyyatda olan X11, X26, X30 və X16 həmin ünvandan qeydiyyatdan çıxarılması üçün Qusar rayon məhkəməsinə müraciət edilməsi tövsiyyə olunmuşdur.

4. Azərbaycan Respublikası Qusar rayon İcra Hakimiyyətinin Mənzil İstismarı müəssisəsinin 11 dekabr 2023-cü il tarixli, 346 nömrəli arayışından görünür ki, İddiaçı Qusar şəhəri, H.Əliyev küçəsi, 146 saylı binanın 21 saylı mənzildə yaşayır və X39, X32, X47, X48 onun ailə üzvləridir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq:

5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 24 yanvar 2024-cü il tarixli, 3-21-3-34/2-804/2024 nömrəli məktubu ilə göndərilmiş məktubundan görünür ki, ünvan 9 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ İddiaçı adındadır. Digər şəxslərin istifadə hüququna dair və məhkəmə mübahisəsi barədə məlumat aşkarlanmamışdır. Mənzilə dair çıxarışın verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətləri qoşma ilə göndərilmişdir.

6. 16 may 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X5 şəhəri, H.Əliyev prospekti, ev 146, mənzil 21 ünvanında yerləşən ümumi sahəsi 66,5 kv.m, yaşayış sahəsi 41,9 kv.m, yardımçı sahəsi 24,9 kv.m olan mənzilin tam hissəsini hədiyyə alan İddiaçı mülkiyyətinə vermişdir.

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 23 yanvar 2024-cü il tarixli, 18/2-1646/2024 nömrəli məktubundan görünür ki, X11, X26, X19, X30 və X16 Qusar şəhəri, Heydər Əliyev prospekti, ev 146, mənzil 21 ünvanına qeydiyyata alınmalarına əsas olunmuş sənədlərin saxlanma müddəti (beş il) bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün deyildir.

8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 22 fevral 2024-cü il tarixli, 3-21-3-34/2-1798/2024 nömrəli məktubundan görünür ki, Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən, ünvan 10 ünvanın digər daşınmaz əmlaka verilməsinə dair məlumat aşkar edilməmişdir.

9. Azərbaycan Respublikası Qusar rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin 24 yanvar 2024-cü il tarixli, 5-63-10/2-14/2024 nömrəli məktubundan görünür ki, X11, X26, X19, X30 və X9 şəhəri, Heydər Əliyev prospekti, 146 saylı binanın 21 saylı mənzilində qeydiyyatdadırlar, lakin həmin ünvanda yaşamırlar.

10. Azərbaycan Respublikası Qusar rayon İcra Hakimiyyətinin Mənzil İstismarı Müəssisəsinin 23 yanvar 2024-cü il tarixli, 46 nömrəli arayışından görünür ki, İddiaçı məxsus Qusar şəhəri, Heydər Əliyev prospekti, 146 saylı binanın 21 saylı mənzilində X11, X26, X30 və X31 qeydiyyatdadırlar. X2 şəhəri, H.Əliyev küçəsi, 174 saylı binanın 44 saylı mənzilində qeydiyyatdadır. Qusar şəhəri, Heydər Əliyev prospekti, 146 saylı binanın 21 saylı mənzilində qeyd olunan şəxslər yaşamırlar.

11. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 15 aprel 2024-cü il tarixli, 18/2-9646/24 nömrəli məktubundan görünür ki, 16 aprel 1941-ci il təvəllüdlü X11 16 oktyabr 2005-ci il tarixdən hazırkı vaxtadək ünvan 4 ünvanında qeydiyyatdadır. 20 iyul 1993-cü il təvəllüdlü X13 4 mart 2022-ci il tarixdən hazırkı vaxtadək ünvan 12 ünvanında qeydiyyatdadır. 4 oktyabr 1967-ci il təvəllüdlü X31 15 noyabr 2017-ci il tarixdən, 22 dekabr 1969-cu il təvəllüdlü X30 7 iyul 2020-ci il tarixdən hazırkı vaxtadək ünvan 5 ünvanında qeydiyyatdadırlar.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon Qeydiyyat Şöbəsinin 4 aprel 2024-cü il tarixli, 3-16-5/8-xx/xx/2024 nömrəli məktubu ilə qoşma ilə arayışlar göndərilmişdir: - 4 aprel 2024 tarixli, İY seriyalı, 052107 nömrəli arayışdan görünür ki, X11 16 aprel 1941-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Bu barədə 16 oktyabr 1953-cü il tarixdə kitabın 1064 nömrəli səhifəsində qeydiyyat aparılmışdır. Atası: X17, anası: X14r. - 4 aprel 2024-cü il tarixli, AZ-İ seriyalı, 278352 nömrəli arayışdan görünür ki, X11 31 mart 2008-ci il tarixdə Qusar rayonu, Qusar şəhərində ölmüşdür. Bu barədə 2 aprel 2008-ci il tarixdə kitabın 52 nömrəli ölüm səhifəsində qeydiyyat aparılmışdır. Ölümün səbəbi beynə qansızma kimi qeyd olunmuşdur. - 4 aprel 2024-cü il tarixli, İİ YQ seriyalı, 310665 nömrəli arayışdan görünür ki, X10 rayonu, Qələcuq kəndində 4 oktyabr 1967-ci il tarixdə anadan olmuşdur. Bu barədə 26 dekabr 1967-ci il tarixdə kitabın 99 nömrəli səhifəsində qeydiyyat aparılmışdır. Atası: X55, anası: X8r. - 4 aprel 2024-cü il tarixli, AZ seriyalı, ******* nömrəli arayışdan görünür ki, X3 rayonu, Bədirqələ kəndində 22 dekabr 1969-cu il tarixdə anadan olmuşdur. Bu barədə 6 yanvar 1970ci il tarixdə kitabın 2 nömrəli səhifəsində qeydiyyat aparılmışdır. Atası: X18, anası: X7r. - 4 aprel 2024-cü il tarixli, XVİ seriyalı, 371045 nömrəli arayışdan görünür ki, X29 Qusar şəhərində 9 iyul 1991-ci il tarixdə anadan olmuşdur. Bu barədə 4 iyul 1991-ci il tarixdə kitabın 219 nömrəli səhifəsində qeydiyyat aparılmışdır. Atası: X31, anası: X23r. - 4 aprel 2024-cü il tarixli, XVİİİ seriyalı, 348573 nömrəli arayışdan görünür ki, X6 şəhərində 20 iyul 1993-cü il tarixdə anadan olmuşdur. Bu barədə 10 avqust 1993-cü il tarixdə kitabın 216 nömrəli səhifəsində qeydiyyat aparılmışdır. Atası: X31, anası: X23r.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

13. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11, X26, X21, X30 və X16 iddiaçının mülkiyyətində olan Qusar şəhəri, H.Əliyev prospekti (köhnə adı Qusar şəhəri, T.İsmayılov küçəsi) 146 saylı evin 21 saylı mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 10 (köhnə adı: Qusar şəhəri, T.İsmayılov küçəsi) iddiaçı tərəfindən 23 ilə yaxın müddətdir ki, alqı-satqı vasitəsi ilə tanımadığı şəxsdən qeyd olunan mənzili almışdır. Həmin daşınmaz əmlak üzərində yaranan hüququnu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 13 oktyabr 2017-ci il tarixli, seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişdir. Hal-hazırda qeyd olunan daşınmaz əmlakın (köhnə adı: Qusar şəhəri, T.İsmayılov küçəsi) indiki ünvan 10-in hüquqi sahibi iddiaçıdır və həmin mənzil onun mülkiyyətindədir. Lakin iddiaçıya məxsus olan qeyd olunan mənzildə tanımadığı heç bir əlaqələri və qohumluq münasibətləri olmayan kənar şəxslərin qeydiyyatda olmaları müəyyən etmişdir və hazırda da qeydiyyatdadırlar. Həmin şəxslər 9 iyun 1940-cı il təvəllüdlü (FİN: 3TQ2EDG) X57, 16 aprel 1941-ci il təvəllüdlü (FİN: 3V165GY) X11, 9 iyul 1991-ci il təvəllüdlü (FİN: 1K2ES1Q) X26, 20 iyul 1993-cü il təvəllüdlü (FİN: 5M978QG) X21, 22 dekabr 1969-cu il təvəllüdlü (FİN: 3V17Y4N) X30 və 4 oktyabr 1967-ci il təvəllüdlü (FİN: 3W1R53U) X31 olduğu müəyyən edilmişdir. Qeyd olunan mənzili aldığı vaxtdan bu günə kimi iddiaçının qeyd olunan həmin şəxslərin onun mənzilində qeydiyyatda olmaları barədə xəbəri olmamışdır. Qeyd olunan şəxslər həmin mənzildə ümumiyyətlə yaşamırlar. Bu mənzildə iddiaçı öz ailə üzvləri ilə yaşayır. Həmçinin onların hal-hazırda faktiki olaraq harada yaşadıqları barədə heç bir məlumatı yoxdur. X57, X11, X26, X21, X30 və X31 hazırda formal olaraq iddiaçıya məxsus evdə qeydiyyatda qalması isə mülkiyyətçi kimi onun hüquqlarını pozur və məhdudlaşdırır. Fərdi yaşayış evinə dair sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst şəkildə həyata keçirə bilmir. Qeyd olunan həmin şəxslərin həmin mənzildə qeydiyyatda qalması əlavə kommunal xərclərin ödənilməsi zərurətini yaradır. Həmçinin məhkəmənin diqqətinə çatdırılır ki, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Qeyd olunan şəxslərin isə faktiki olaraq başqa yerdə yaşaması, amma iddiaçının mənzilində qeydiyyatda olması onların dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Ona görə də X57, X11, X26, X24, X30 və X16 ünvan 14 evin 21 saylı ünvanda yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmalıdır. Onların qeydiyyatdan çıxarılması barədə iddiaçı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh orqan 27 noyabr 2023-cü il tarixli məktubu ilə həmin şəxslərin qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etməsini tövsiyə etmişdir.

15. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 228.1, 228.2-ci maddələrinə, Azərbaycan Respublikasının 8 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsinin 60.1, 60.5, 60.6, 87.2, 132.2-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarına, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150, 216, 217, 218, 219, 220-ci maddələrinə istinad olunmuşdur.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

17. Məhkəmənin 29 mart 2024-cü il tarixli, 2-1(118)-2641/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə X11, X26, X21, X30 və X16 üçüncü şəxslər qismində (zəruri cəlb etmə) (bundan sonra – “üçüncü şəxslər”) inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır.

18. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə təqdim edilmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

19. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və onun təmin olunmasını məhkəmədən xahiş etmişdir.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına iştirak etməmişdirlər və bu barədə məhkəməyə məlumat verməmişdirlər.

21. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

22. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, o cümlədən yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

23. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsi və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

24. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

25. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

26. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

27. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

28. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

29. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

30. İşin faktiki hallarından görünür ki, iddiaçı ünvan 10 ünvanında yerləşən əmlakın mülkiyyətçisidir. İddiaçı mülkiyyət hüququ ilə ona məxsus mənzildə qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələblərini rəhbər tutmaqla müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı həmin üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi irəli sürmüşdür.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”): 24.1-ci maddəsinə əsasən, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir; 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır;

32. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir; 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

33. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır.

34. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır.

35. Hazırkı iş üzrə müəyyən edilir ki, üçüncü şəxslər faktiki yaşamadığları ünvan üzrə qeydiyyatdadırlar.

36. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

37. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir.

38. Belə ki, MM-in 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

39. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 27 avqust 2020-ci il tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

41. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

42. Hazırkı işdən də müəyyən olunur ki, üçüncü şəxslər mübahisəli ünvanda qeydiyyatda olsalar da, həmin ünvanda faktiki olaraq yaşamırlar, onların mənzilə dair istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda üçüncü şəxslər iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxslər olduğundan mənzilin hazırkı mülkiyyətçisi onların qeydiyyatdan çıxarılmalarını tələb etməkdə haqlı olmuş, cavabdeh inzibati orqanın isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir.

43. Həmçinin, qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxs öz yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər.

44. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

45. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

46. Şərh edilənlərə əsasən və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. X11, X26, X21, X30 və X16 ünvan 9 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qusar rayonu Polis Şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar