Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2644/2024 15.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Elşən oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı 24 oktyabr 1995-ci ildən 25 oktyabr 2000-ci il tarixədək "xxxx" kiçik müəssisəsində və 01 fevral 2002-ci il tarixdən 16 may 2008-ci il tarixədək "xxxx" MMC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 24 oktyabr 1995-ci ildən 25 oktyabr 2000-ci il tarixədək "xxxx" Kiçik Müəssisəsində və 01 fevral 2002-ci il tarixdən 16 may 2008-ci il tarixədək "xxxx" MMC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. İddiaçı halhazırda sosial müavinət alır. İşlədiyi dövrlərin bir hissəsi öz təsdiqini tapmadığı üçün yaşa görə əmək pensiyası ala bilmir. İş stajı 35 ilə yaxın olmasına baxmayaraq cavabdeh cəmi 23 il 3 ay 6 gününü qəbul edir. Belə ki, o, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına rəsmi şəkildə müraciət etmişdir və xx.xx.2023-cü il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktub göndərilmişdir. Cavabdeh tərəfindən onun 24 oktyabr 1995-ci ildən 25 oktyabr 2000-ci il tarixədək "xxxx" Kiçik Müəssisəsində və 01 fevral 2002-ci il tarixdən 16 may 2008-ci il tarixədək "xxxx" MMC-də işlədiyi dövr mübahisələndirilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi L.M.Xəlizadə iddianı qəbul etmədi və izah etdi ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü İddiaçı pensiya yaş həddinə, yəni 63 yaşına xx.xx.2023-cü il tarixdə çatmışdır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunla müəyyən olunmuş yaş həddinə çatması ilə yanaşı Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; azı 25 il sosial sığorta stajı olduqda. İddiaçı tərəfindən təqdim edilən əmək kitabçası və digər sənədlərin surətlərinə əsasən mübahisələndirilməyən sosial sığorta stajı 23 il 3 ay 6 gün təşkil edir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən ümumi sosial sığorta stajı 11 il 3 ay 16 gün təşkil edir. İş materiallarına əsasən İddiaçı xx.xx.1995ci il tarixdən xx.xx.2000-ci il tarixədək dövr ərzində "xxxx" kiçik müəssisəsində mühasib vəzifəsində (5 il 1 gün) işlədiyini iddia edir. İddiaçı tərəfindən təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək (5 il 1 ay) "xxxx" kiçik müəssisəsində əmək fəaliyyəti dövrlərinin mötəbərliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, onun əmək kitabçasında həmin vaxt artıq qüvvədən düşmüş qanunvericiliyə istinad edilmişdir. Eyni zamanda iş materiallarına əsasən İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək dövr ərzində "xxxx" MMC-də anbardar vəzifəsində (6 il 3 ay 15 gün) işlədiyini iddia edir. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Belə ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" MMC-də olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Həmçinin araşdırma zamanı nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedən tərəfindən 2006-2009-cu illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlara (Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar”ın (Forma B3) təqdim edilmədiyi müəyyən olunmuşdur. Dövlət sosial sığorta sistemində fərdi uçot sahəsində sağlamlaşdırma işləri çərçivəsində , "X5 LTD" MMM tərəfindən 2006-2009-cu illər üzrə təqdim edilməmiş qalan Forma B3 məlumatları 12 aprel 2023-cü il tarixdə 01/230 nömrəli sənəd ilə “Aktlaşdırılmış” və statusu MEİS-də “Bölüşdürülməsi mümkün olmayan” kimi qeydiyyata alınmışdır. Eyni zamanda MEİS-in Sığorta (Monitorinq) altsistemindən əldə olunan məlumatlara əsasən sığortaedənin hüquqi şəxs kimi xx.xx.2009-cu il tarixdə **********2 sığortaedənin uçot nömrəsi (SUN) ilə uçota alındığı, fəaliyyət statusunun “dondurulmuş” əks olunduğu və hesabat təqdim edilmədiyi müəyyən edilmişdir. Bununla bağlı iddiaçıya imtina cavabı verilmişdir. İş materiallarında olan: - iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1960-cı il təvəllüdlüdür. - iddiaçıya aid əmək kitabçasından görünür ki, o, xx.xx.1977-ci il tarixdən xx.xx.2010-cu il tarixədək müxtəlif müəssisələrdə və peşələrdə, o cümlədən 24 oktyabr 1995-ci ildən 25 oktyabr 2000-ci il tarixədək "xxxx" Kiçik Müəssisəsində və 01 fevral 2002-ci il tarixdən 16 may 2008-ci il tarixədək "xxxx" MMC-də işləmişdir. Məhkəmənin sorğusuna əsasən Milli Arxiv idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin və "xxxx" kiçik müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - Məhkəmənin sorğusuna əsasən Dövlət Vergi Xidməti tərəfindən verilmiş **********742900 nömrəli məktubdan görünür ki, dövlət reyestrində "X5 LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2000-ci il tarixdə M-891 nömrə ilə dövlət qeydiyyatından keçməsi və hüquqi ünvanının AZ1009, ünvan 1t mövcuddur. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə xx.xx.2021 -ci il tarixdə təqdim edilmiş arayışa əsasən uçot məlumat bazasında "X5 LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılması barədə qeyd aparılmışdır. Reyestrdə “Gülnarə" Kiçik Müəssisəsi adlı hüquqi şəxslərin sayı çox olduğundan həmin hüquqi şəxsi müəyyən etmək mümkün olmamışdır. Şahid qismində dindirilən X2 bildirdi ki, o, Dövlət Proqramına əsasən Azərbaycan və Tatarstan arasında nəzərdə tutulmuş layihənin icra edilməsi ilə əlaqədar yaradılmış "X5 LTD" MMC_nin direktoru olmuşdur. Müəssisə 2001-ci ildə yaradılmış, İddiaçı 2002-ci ilin fevral ayının əvvəllərində işə qəbul etmişdir. Müəssisə Binəqədi qəsəbəsində B.Sərdarov adına zavodun bir hissəsində yerləşmiş və "xxxx" markalı avtomobilləri üçün ehtiyat hissələrinin hazırlanması ilə məşğul olmuşdur. Müəssisənni fəaliyyəti dayandırıldıqdan sonra sənədləri arxivə təhbil verilməmişdir, 3 il bundan əvvəl zavod ərazisi sosial evlərin tikintisi ilə bağlı söküldükdə buldozerlə binalar dağıdılmış və nəticədə bütün sənədlər məhv olmuşdur. İddiaçı müəssisədən xx.xx.2002-ci ildən xx.xx.2008-ci ilədək təxminən 450-500 manat civarında əmək haqqı alıb, sosial sığorta haqları ödənilmişdir. Müəssisənin 70-80 nəfərə qədər işçisi olmuşdur,məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi mümkün deyildir, çünki cərimə edilə bilərdi. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göstərilən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının 24 oktyabr 1995-ci ildən 25 oktyabr 2000-ci il tarixədək "xxxx" Kiçik Müəssisəsində və 01 fevral 2002-ci il tarixdən 16 may 2008-ci il tarixədək "xxxx" MMC-də işləməsi onun əmək kitabçası ilə təsdiq edilir. Lakin onun barəsində xx.xx.2006-ci il tarixdən sonra işəgötürən müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqqı ödənilməsi öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək iddiaçının 24 oktyabr 1995-ci ildən 25 oktyabr 2000-ci il tarixədək "xxxx" Kiçik Müəssisəsində və 01 fevral 2002-ci il tarixdən 01 yanvar 2006-cı il tarixədək "xxxx" MMC-də işlədiyi dövr onun sosial sığorta stajına daxil edilməli və ona yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə iddiaçının işlədiyi müddətlər üzrə sığorta stajının təsdiq edilməsi üçün əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi barədə cavabdehin iddia ərizəsinə etirazda göstərdiyi mövqeyi ilə bağlı qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərkən qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X3) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud qaydalar “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı da həmin qanun qüvvəyə minənədək olan dövrdə işləmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya görə xx.xx.2006-cı il tarixdən sonra müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi öz təsdiqini tapmasa da, bu hal onun xx.xx.2006-cı il tarixədək olan dövrün də qəbul edilməməsinə əsas olmamalıdır. Bundan başqa cavabdeh əmək kitabçasında olan qeydlərin həqiqiliyinin müvafiq arxiv sənədləri ilə təsdiq edilmədiyini bildirsə də, məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, işə əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, əmək kitabçasında olan qeydlər müəssisənin möhürü ilə təsdiq olunmuş və həmin qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Əmək kitabçasında işdən çıxma barədə əmrin həmin vaxt artıq qüvvədən düşmüş Əmək Qanunları Məcəlləsinə istinadən qeyd edilməsinə görə iddiaçının həmin müəssisədə işləməsini təkzib edən hal kimi qiymətləndirilməməlidir, əmək kitabçasının düzgün və qanunauyğun şəkildə doldurulması işçinin deyil, işəgötürənin vəzifələrinə aid məsələdir. Məhkəmə qeyd edir ki, mübahisəli dövr iddiaçının sosial sığorta stajına daxil edildikdə onun sosial sığorta stajı 25 ildən yuxarı təşkil edir ki, bu da ona yaşa görə əmək pensiyasının təyin olunması üçün əsas yaradır. Azərbaycan Respublikası İnzibati prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, 24 oktyabr 1995-ci ildən 25 oktyabr 2000-ci il tarixədək "xxxx" Kiçik Müəssisəsində və 01 fevral 2002-ci il tarixdən 01 yanvar 2006-cı il tarixədək "xxxx" MMC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. 24 oktyabr 1995-ci ildən 25 oktyabr 2000-ci il tarixədək "xxxx" kiçik müəssisəsində və 01 fevral 2002-ci il tarixdən 01 yanvar 2006-cı il tarixədək "xxxx" MMC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2644/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2644/2024
15.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver