Məhkəmə qərarları › İş №2-1(118)-2646/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2646/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2646/2024 09.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli 7 saylı protokolunun 18.89.4 saylı qərarı ilə ayrılmış 600 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum oğlu X2 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 52 ünvanında yerləşən 600 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum oğlu X2 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Sumqayıt şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli 7 saylı protokolunun 18.89.4 saylı qərarı ilə ayrılmış 600 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum oğlu X2 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə arayış verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 52 ünvanında yerləşən 600 kv m torpaq sahəsi Sumqayıt şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli 18.89.4 saylı qərarına əsasən iddiaçının mərhum oğlu X2 ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi ailə üzvlərinin istifadəsindədir. Faktiki torpaq sahəsi 0,0722 ha təşkil edir və mişar daşı ilə iki hissəyə bölünüb. Oğlu vəfat etdikdən sonra iddiaçı mülkiyyət hüquqlarının qeydə alınması üçün müracət etdikdə ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçını nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsindən görünür ki, təqdim edilən xx.xx.1990-cı il tarixli 184 nömrəli ayrıc aktı onu tərtib edən müvafiq qurum tərəfindən möhürlə təsdiq olunmamış, sonradan Sumqayıt Şəhər icra Hakimiyyəti Memarlıq və Şəhərsalma idarəsi tərəfindən "əsli ilə düzdür” qeydi yazılaraq təsdiq olunmuşdur. Sözügedən torpaq sahəsində inventarlaşdırma işləri aparılan zaman müəyyən olunmuşdur ki, faktiki torpaq sahəsi 0.0722 ha təşkil edir və mişar daşı ilə iki hissəyə bölünmüşdür. Eyni zamanda cizgidə göstərilən torpaq sahəsinin yerləşmə vəziyyəti ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğu, həmçinin ərazinin situasiya planında müəyyən dəyişikliklər olduğu üçün qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin yerini dəqiq müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən, Azərbaycan Respublikasının Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin müddəalarını nəzərə alaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən fərdi evin tikintisi üçün ayrılmış sözügedən torpaq sahəsinə dair yeni təhkim aktının tərtib olunması ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə xx.xx.2023-cü il tarixli 3-21-3-31/2-3641/2023 saylı sorğu ünvanlanmışdır. Lakin sorğuya cavab verilməmişdir. İş materiallarında olan: -Sumqayıt şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 18.89.4 saylı qərarından çıxarışdan görünür ki, X2 Corat qəsəbəsində fərdi ev tikmək üçün sahəsi 600 kv m olan torpaq sahəsi ayılması qərara alınmıdır. - xx.xx.1990-cı il tarixli aktdan görünür ki, Sumqayıt şhəri, Corat qəsəbəsi, 2-ci məhəllə ərazisində 52 №-li torpaq sahəsi X2 təhvil verilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylıSumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli müayinə aktından görünür ki, torpaq sahəsində texniki inventarlaşma işləri aparılmış, torpaq sahəsində tikinti altı sahəsi 115,0 kv m və 126,0 kv m olan 2 ədəd yaşayış evi mövcuddur. Torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,06 ha göstərilmişdir, lakin faktiki yerində 0,0722 ha təşkil edir, 122,0 kv m artıq torpaq sahəsi mövcuddur. Torpaq sahəsi mişar daşı ilə iki hissəyə bölünmüşdür. Torpaq sahəsi yerüstü kommunikasiya xətlərinin mühafizə zolağına düşmür. -Məhkəmənin sorğusuna əsasən Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər XDS İK-nin 01 mart 1990-cı illərə dair 7 saylı iclas protokolunun 18.89.4 saylı qərarından vətəndaş X1 adına torpaq sahəsi ayrılması barədə arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 157.1-ci maddəsinə uyğun olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 01 yanvar 1971-ci il tarixdə qüvvəyə minmiş və 09 noyabr 1991-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə əsasən kolxozlar, sovxozlar, digər müəssisələr, idarələr və təşkilatlar qanunla müəyyən edilmiş hallarda, onlara təhkim olunmuş torpaqlardan təkrar istifadə üçün torpaq sahələri ayıra bilərlər. Torpaqdan təkrar istifadə qaydası və şərtləri bu Məcəllənin 70-ci maddəsi, 84-cü maddəsinin birinci hissəsi, 137, 142-145 və 151-ci maddələri ilə müəyyən olunur. Həmin Məcəllənin 20-ci maddəsinin üçüncü hissəsinə görə şəhər və qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 107-ci maddəsinə müvafiq olaraq, qəsəbə xalq deputatları Sovetlərinin icraiyyə komitələri isə həmçinin bu Məcəllənin 17-ci maddəsində nəzərdə tutulmuş qaydada qəsəbə Sovetinə ayrılmış torpaqlardan daimi və ya müvəqqəti istifadəyə torpaq sahələri verirlər. Göstərilən Məcəllənin 80-ci maddəsinə görə kənd təsərrüfatı ehtiyacları üçün sovxozun və ya digər dövlət kənd təsərrüfatı müəssisəsinin, idarəsinin, təşkilatının istifadəsinə verilən torpaqlardan təsdiq edilmiş təsərrüfatdaxili yerquruluşu layihəsinə uyğun surətdə, bu Məcəllənin 92-ci maddəsində müəyyən edilmiş normalar daxilində fəhlələrə və qulluqçulara həyətyanı torpaq sahələri verilməsi üçünn həyətyanı torpaqlar ayrılır və mərzlənir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1, 1.4-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair ... rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar nəərdə tutulmuşdur. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilir ki, Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən 600 kv m torpaq sahəsi Sumqayıt şəhər X5 İcraiyyə Komitəsinin 01 mart 1990-cı il tarixli, 18.89.4 nömrəli qərarı ilə iddiaçının mərhum oğluna ayrılmışdır. Torpaq sahəsi mərhuma təhvil verilmiş, faktiki olaraq ailə üzvlərinin istifadəsi və sahibliyindədir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 3-cü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Sumqayıt şəhər XDS İK-nin 01 mart 1990-cı illərə dair 7 saylı iclas protokolunun 18.89.4 saylı qərarı həmin torpaq sahəsinə dair qanuni istifadə ilə bağlı sənəd hesab olunmaqla mübahisəsi gedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Sumqayıt şəhər X5 İcraiyyə Komitəsinin 01 mart 1990-cı il tarixli 7 saylı protokolun 18.89.4 nömrəli qərarı ilə ayrılmış 600 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı mərhum oğlu X2 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhər X5 İcraiyyə Komitəsinin 01 mart 1990-cı il tarixli 7 saylı protokolun 18.89.4 nömrəli qərarı ilə ayrılmış 600 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı mərhum oğlu X2 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar