Məhkəmə qərarları › İş №2-1(118)-2647/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2647/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2647/2022 03.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan), İddiaçının nümayəndəsi Vəkil (fərdi qaydada fəaliyyət göstərən vəkil, Şabran şəhəri, M.Rəsulzadə küçəsi ev 82-də yaşayan), Cavabdehin nümayəndəsi X3 (Təhsildə Keyfiyyət Təminatı Agentliyinə böyük məslətəçi işləyən,Bakı şəhəri, Ramana qəsəbəsi, Haqverdiyev küçəsi ev 20-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı cavabdeh tərəfindən iddiaçının Ukrayna Respublikasında V.N.Karazin adına Xarkov Milli Universitetinin menecment istiqaməti üzrə menecment, menecer-administratorr ixtisası verilmiş B16 225969 saylı bakalavr diplomunda göstərilən ixtisasın tanınması və ekvivalent haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçının Ukrayna Respublikasında V.N.Karazin adına Xarkov Milli Universitetinin menecment istiqaməti üzrə menecment, menecer-administratorr ixtisası verilmiş B16 225969 saylı bakalavr diplomunda göstərilən ixtisasın tanınması və ekvivalent haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilməsini məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı ildə V.N.Karazin adına Xarkov Milli Universitetin menecment istiqaməti üzrə menecment, menecer-administrator ixtisası üzrə tam kursu bitirərək B16 225969 saylı bakalavr diplomu ilə təltif edilmişdir. Xarici ali təhsil ixtisasının tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavab məktubunda imtina cavabı verilmişdir. Belə ki, onun həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı təhsili ilə əlaqədar xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilədək, xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək, xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək, xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək və xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilədək Ukrayna Respublikasında olmuşdur. 2014-cü ilin yaz aylarında Ukraynada başlanılmış muharibə ilə əlaqədar Azərbaycana qayıtmış və distant təhsil almışdır. Ali təhsilli olduğuna görə Azərbaycanda bir illik hərbi xidmətə çağırılmışdır (iyul 2016-iyul 2017). Vətən müharibəsi zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Xocavənd rayonu istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. Müharibə iştirakçısı olduğuna görə, "Cəsur döyüşçü", "Xocavəndin işğaldan azad olunması", "Vətən müharibəsi iştirakçısı” və “Ağdamın işğaldan azad olunması” medalları və “Ədalət qılıncı” ordeni ilə təltif edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərmi partlayışı nəticəsində “Batotravma” xəsarəti almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izah etdi ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə 2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə müraciət etmişdir.Cavabdeh müraciətə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində olmasını (2012/2013-cü tədris ili üzrə - 7 ay 19 gün, 2013/2014-cü tədris ili üzrə - 8 ay 8 gün, 2014/2015-ci tədris ili üzrə -1 ay 1 gün, 2015/2016-cı tədris ili üzrə -1 ay 22 gün) müəyyən etmişdir. Belə ki, sözügedən müddət ərzində iddiaçının ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilmiş və bu barədə məlumat xx.xx.2017-ci il tarixdə onun elektron kabinetində yerləşdirilmiş və qeydiyyatda olduğu ünvana imtina məktubu göndərilmişdir.cavabdehin imtinası qanuni və əsaslıdır. İş materiallarında olan : - V.N.Karamzin adına Xarkov Milli Universitinin B16 225969 saylı diplomunun surətindən görünür ki, İddiaçı həmin universitetin “menecment, menecer-administrator” ixtisası üzrə bakalavr təhsili almışdır. - İddiaçıya məxsus P ******* seriyalı pasportun surətindən görünür ki, o, 17.09.12ci ildən 25.05.13-cü ilədək, xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək, xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək, xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək, xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilədək Ukrayna Respublikasında olmuşdur. -xx.xx.2017-ci il tarixli diplomun tanınmasına dair ekspert rəyindən görünür ki, Ukrayna Respublikası V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən İddiaçı adına verilmiş B16 225969 nömrəli, xx.xx.2016-cı il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. - Təhsildə Keyfiyyət Təminatı Agentliyinin iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, ali təhsil sənədlərinizin araşdırılması zamanı müəyyən edilmişdir ki, Ukrayna Respublikası V.N.Karazin adına Xarkov Milli Universitetinin tədris normativi üzrə təhsil atmaq üçün tələb olunan müddətin qarşılığında onun həmin ölkədə qısa müddət ərzində otduğundan diploma əiavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri- mümkündür. Bununla bağlkı ona verilmiş ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. - İddiaçıya məxsus hərbi biletdən görünür ki, o, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Xocavənd rayonu istiqamətində döyüş əməliyyatlarında iştirak etmişdir. - Mərkəzi hərbi həkim komissiyasının 1807 nömrəli arayışından görünür ki, İddiaçı diaqnozu “xəstəlikdir,hərbi xidmət dövründə almışdır” kimi göstərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.4-cü maddəsinə əsasən təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 oyun tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydaları: Maddə 1.6. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4- 5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Maddə 2.3 Bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Maddə 4.1 “Bakalavr” dərəcəsi almış məzunlar: - təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; - humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; - təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; - əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; -peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; - əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları: ” -bənd 1.2.Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. -bənd 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. -bənd 2.3. Ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. -bənd 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. bənd 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Hazırkı mübahisə mahiyyət etibarı ilə diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması ilə bağlıdır. Başqa sözlə, iddiaçının hüquqi marağı V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş diplomunun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. İşin məhkəmə tərəfindən müəyyən olunan hallarından görünür ki, İddiaçı V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən “menecment, meneceradmisintrator” ixtisası üzrə bakalavr dərəcəsi verilmiş, bu barədə ona Universitet tərəfindən xx.xx.2016-cı il tarixdə B16 N 225969 saylı diplom verilmişdir. Diplom xx.xx.2016-cı il tarixdə Ukrayna Respublikası tərəfindən apostil olunmuşdur. Hazırki mübahisəyə münasibətdə diplomun tanınmasından cavabdehin imtinasının əsas və yeganə dəlili iddiaçının təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olması ilə bağlıdır. Belə ki, iddiaçının hazırkı tələblə bağlı iddiaçının müraciətinə cavabdehin cavab məktubunda qeyd edilmişdir ki, Xarkov Milli Unversitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında onun həmin ölkədə qısa müddət ərzində olması səbəbindən diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyrimümkündür. Ona görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7 bəndinə əsasən, iddiaçının aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Bununla bağlı nəzərə almaq lazımdır ki, oxşar işlər üzrə Ali Məhkəmənin əvvəlki qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması ilə bağlı dəlil özü-özlüyündə bir qədər qeyri - müəyyəndir. Qeyd olunmalıdır ki, tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normativi müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmasına əlahiddə olaraq deyil, şəxsin təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşması və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda istinad olunan normada nəzərdə tutulmuş qaydaya görə, xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduğu hallarda mənfi rəy verilə bilər. Bu qaydanın cavabdeh tərəfindən onun imtinasında istinad etdiyi tədris yükünün mənimsənilməsinə dair qısa müddət anlamında təfsir olunması da yanlış sayılmalıdır. Belə ki, həmin hal Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Həmin bəndə əsasən, xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur. İddiaçının ixtisasının bu meyarlardan hər hansı birinə uyğun gəlmədiyi iş üzrə sübuta yetirilmir. Nəzərə alınmalıdır ki, iddiaçının təhsilinin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olmamış, ona verilən bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur. Cavabdeh tərəfindən də bunu təkzib edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən tədris yükünün yerinə yetirilməsi və konkret müddət ərzində mənimsənilməsi səviyyəsinin qiymətləndirilməsinin müvafiq ali təhsil müəssisəsinin müstəsna qiymətləndirmə səlahiyyətinə aid olduğu da diqqətə alınmalıdır. Başqa sözlə, iddiaçının tədris yükünü yerinə yetirməsinin müəyyən olunması və qiymətləndirilməsi müstəsna olaraq onun təhsil aldığı təhsil müəssisəsinin səlahiyyətlərinə və məsuliyyət sferasına aiddir. Məlum haldır ki, iddiaçı təhsil aldığı zaman proqram fənlərindən müxtəlif qiymətlər almış, tədris təcrübəsini keçmiş, kurs işlərini yazmış, ixtisas üzrə imtahanları müvəffəqiyyətlə vermişdir. Yəni iddiaçı tərəfindən təhsil aldığı ali təhsil müəssisəsinin normativləri baxımından tədris proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsi müvafiq ali təhsil müəssisəsi tərəfindən məqbul qiymətləndirilmişdir ki, on yekun diplomun verilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh orqan iddiaçının təhsil aldığı müddətin qarşılığında xarici ölkədə qısa müddət ərzində olduğunu iddia etsə də, qısa müddət anlayışı ilə konkret hansı müddətin nəzərdə tutulduğunu, yetərli müddətin məhz nə qədər olmalı olduğunu və ümumiyyətlə, bununla bağlı hansı meyarların rəhbər tutulduğunu qeyd etməmişdir. İddiaçının ümumvətəndaşlıq pasportunda aparılan qeydlərdən də aydın olur ki,o, təhsil aldığı müddət ərzində 1-ci il - 17.09.12-ci ildən 25.05.13-cü ilədək, 2-ci il xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək, 3-cü il, xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək, 4-cü il, xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək və 5-ci il xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilədək Ukrayna Respublikasında olmuşdur. Beləliklə, mübahisəyə dair iş üzrə materiallardan iddiaçının təhsil aldığı müddətdə ilk iki ili ərzində tam tədris dövründə Ukraynada olduğu, sonrakı illərdə isə mütəmadi olaraq təhsil aldığı ölkəyə gedib-gəldiyi, bundan əlavə, təhsil aldığı təhsil müəssisəsinin normativlərinə uyğun olaraq tədris yükünü tam mənimsədiyi təsdiq olunur. Bundan başqa nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Höküməti və Ukrayna NAzirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” 16 mart 2000-ci il tarixdə Saziş bağlanılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş həmin Sazişin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikası və Ukraynada orta ümumtəhsil və texniki-peşə təhsili haqqında verilən dövlət sənədlərinin nümunələri qarşılıqlı surətdə tanınır və növbəti pillədə təhsili davam etdirərkən ekvivalent sayılır. Sazişin 5-ci maddəsinə görə Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Ukrayna Respublikasında V.N.Karazin adına Xarkov Milli Universitetinin menecment istiqaməti üzrə menecment, menecer-administratorr ixtisası verilmiş B16 225969 saylı bakalavr diplomunda göstərilən ixtisasın tanınması və ekvivalent haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar