Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2649/2024 28.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə olunan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. İddiaçı məxsus 2 avqust 1976-cı il tarixli əmək kitabçasının surəti.
2. İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surəti.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 8 iyun 2023-cü il tarixli, 3-17-1/2-M-130274/2023 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması mümkün olmaması haqqında” məktubundan görünür ki, X12 29 iyun 2022-ci il tarixdən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin 29 iyun 2022-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzeştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya Kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən Nüqrət Tasimova dair sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, adıçəkilən şəxsin ümumi iş stajı 25 ildən az (23 il 10 ay 16 gün (2 avqust 1976-21 sentyabr 1976-cı il, 3 may 1977-28 may 1979-cu il, 26 sentyabr 1979- 20 aprel 1985-ci il, 13 iyun 1986-24 oktyabr 1986-cı il, 18 mart 1988-20 iyul 1988-ci il, 9 oktyabr 1988-11 may 1989-cu il, 1 iyun 1989-10 noyabr 1989-cu il, 12 aprel 1990-10 dekabr 1990-cı il, 6 aprel 1991-18 may 1992-ci il, 18 iyul 1994-1 mart 1997-ci il, 30 dekabr 2002-31 oktyabr 2005-ci il tarixləri arasındakı dövrlər və 1 yanvar 2006-cı il tarixdən sonra 7 il 2 ay)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq Nüqrət Tasimova təyin olunmuş əmək pensiyasının 60 yaşının tamam olduğu 29 iyun 2018-ci il tarixdən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından hesab edilmir.
Cavabdeh tərəfindən məhkəmənin sərəncamına münasibətdə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş inzibati icraat materiallarına görə:
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” 21 oktyabr 2022-ci il tarixli, **********7 nömrəli qərarından görünür ki, İddiaçı 23 il 10 ay 25 gün ümumi və 12 il 9 ay 15 gün güzəştli staj üzrə 301,53 manat pensiya məbləği hesablanmışdır.
5. İddiaçı məxsus 2 avqust 1976-cı il tarixli əmək kitabçasının surəti (§1);
6. xx xxxxxx 1958-ci il təvəllüdlü İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surəti (§2);
7. xx xxxxxx 1958-ci il təvəllüdlü İddiaçı məxsus 3 fevral 2022-ci il tarixli, ******* nömrəli əmək kitabçasının dublikatının surəti;
8. İddiaçı göndərilmiş “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan görünür ki, onun ümumi iş stajı 25 ildən az (24 il 10 ay 25 gün (2 avqust 1976-21 sentyabr 1976-cı il, 3 may 1977-28 may 1979-cu il, 26 sentyabr 1979-20 aprel 1985-ci il, 13 iyun 1986-24 oktyabr 1986-cı il, 18 mart 1988-20 iyul 1988-ci il, 9 oktyabr 1988-11 may 1989cu il, 1 iyun 1989-10 noyabr 1989-cu il, 12 aprel 1990-10 dekabr 1990-cı il, 6 aprel 1991-18 may 1992-ci il, 18 iyul 1994-1 mart 1997-ci il, 30 dekabr 2002-31 oktyabr 2005-ci il tarixləri arasındakı dövrlər və 1 oktyabr 2006-cı il tarixdən sonra isə ümumilikdə 7 il 2 ay)) təşkil edir. Belə ki, 2006-2014-cü illərdə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə cəmi 7 il 2 ay sığorta ödənişi öz əksini tapmışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla). Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin təyinatı baxımından mümkün hesab edilməmişdir.
9. İddiaçı məxsus НЗ seriyalı, ******* nömrəli “Hərbi bileti”;
10. SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və qazçıxarma idarəsinin 17 fevral 2021-ci il tarixli, OM01-ink/04-2 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 26 sentyabr 1979-cu il-20 aprel 1985-ci il tarixlər üzrə güzəştli iş stajı 5 il 6 ay 24 gün təşkil edir.
11. SOCAR “Kompleks qazma işləri” trestinin 19 may 2021-ci il tarixli, **********80020115X00108 nömrəli arxiv arayışından görünür ki, xx xxxxxx 1958-ci il təvəllüdlü Tasimov X4 işləmişdir; 2 avqust 1976-cı il-21 sentyabr 1976-cı il, 18 iyun 2006-cı il- 1 sentyabr 2006-cı il, 1 sentyabr 2006-cı il-23 iyun 2008-ci il, 23 iyun 2008-ci il-10 sentyabr 2012-ci il, 11 sentyabr 2012-ci il-21 yanvar 2014-cü il tarixlər üzrə güzəştli iş stajı 7 il, 8 ay, 21 gün təşkil edir.
12. SOCAR-ın 23 mart 2021-ci il tarixli, 01-01ink/72 nömrəli arayışından görünür ki, İddiaçı 18 iyul 1994-cü il-1 mart 1997-ci il tarixlər üzrə güzəştli şərtlərlə iş stajı 2 il, 7 ay, 13 gün təşkil edir.
13. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin 11 noyabr 2021-ci il tarixli, 18/T-219 nömrəli arayışından görünür ki, X1 Departamentinin Dəniz Hidrometeorologiyası Mərkəzində 30 dekabr 2002-ci il tarixdən Xərə Zirə HMM-ə mühəndis okeanoloq vəzifəsinə qəbul edilmiş, 2005-ci ilin oktyabr ayınadək əmək haqqı almışdır.
14. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin X11 göndərilmiş 16 dekabr 2021-ci il tarixli, 20/T-577 nömrəli məktubundan görünür ki, onun Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin X5 X2 mühəndis okeanoloq vəzifəsinə təyin edilməsi haqqında 30 dekabr 2002-ci il tarixli, 040/K nömrəli əmr Geoloji İnformasiya və arxiv fondunda mövcuddur. Lakin əmək müqaviləsinə xitam verilməsi haqqında əmr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 22 sentyabr 2008-ci il tarixli, 548/ü saylı əmri ilə X8 ləğv edildiyi zaman fonda təhvil verilməmişdir. Bununla əlaqədar olaraq əmək kitabçasında 2003-2005-ci illərdə X6 işləməyi barədə qeydləri aparmaq mümkün deyildir.
15. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin 16 fevral 2022-ci il tarixli, 18/T-024 nömrəli arayışından görünür ki, X1 Departamentinin Dəniz Hidrometeorologiyası Mərkəzində 30 dekabr 2002-ci il tarixdən Xərə Zirə HMM-ə mühəndis okeanoloq vəzifəsinə qəbul edilmiş, 31 oktyabr 2005-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 17 aprel 2024-cü il tarixli, 3-17-1/2-86501/2024 nömrəli “İddiaçı dair müvafiq məlumatların göndərilməsi haqqında” məktubundan görünür ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçalarının surəti araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmadığı üçün (təqdim olunmuş əmək kitabçalarındakı tarixlər və iş yerləri üstüstə düşmür, aşkar yazı səhvləri, qaralamalar və hər hansı digər düzəlişlərə rast gəlinmir) sözügedən əmək kitabçalarında göstərilmiş konkret iş yerlərinə hər hansı sorğu göndərilməmişdir. Eyni zamanda bildirilmişdir ki, İddiaçı ümumi iş stajı 23 il 10 ay 26 gün (1 yanvar 2006-cı il tarixədək 16 il 8 ay 26 gün (2 avqust 1976-21 sentyabr 1976-cı il, 3 may 1977-28 may 1979-cu il, 26 sentyabr 1979-20 aprel 1985-ci il, 13 iyun 1986-24 oktyabr 1986cı il, 18 mart 1988-20 iyul 1988-ci il, 9 oktyabr 1988-11 may 1989-cu il, 1 iyun 1989-10 noyabr 1989-cu il, 12 aprel 1990-10 dekabr 1990-cu il, 6 aprel 1991-18 may 1992-ci il, 18 iyul 1994-1 mart 1997-ci il, 30 dekabr 2002-31 oktyabr 2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 7 il 2 ay) təşkil edir. Əlavə olaraq bildirilir ki, İddiaçı 15 aprel 2024-cü il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 61.032,31 manat təşkil edir.
17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 12 avqust 2024-cü il tarixli, 3-17-1/2-192107/2024 nömrəli “İddiaçı dair müvafiq məlumatların göndərilməsi haqqında” məktubundan görünür ki, İddiaçı 29 iyun 2022-ci il tarixdən Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildirilir ki, İddiaçı 20 yanvar 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı cəmi 37.460,61 manat təşkil edib. Bundan başqa, adıçəkilən şəxsin əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq (20 yanvar 2018-ci il tarixə) ona münasibətdə 20.716,83 manat təşkil edirdi.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddiaçı tərəfin tələbi və əsasları
18. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018-ci ilin 20 yanvarından yaşa görə əmək pensiyaçısı hesab olunmağı və ötən müddətdə almadığı müvafiq dövrlər (5 il 6 ay) üçün əmək pensiyası məbləğinin ödənilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” ilə müəyyən edilmiş “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” istehsalat təsnifatı üzrə neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları, həmçinin qazma qurğularının motorçuları vəzifələrində ən azı 12 il 6 ay çalışmışdır. xx xxxxxx 1958-ci il təvəllüdlüdür. Hazırda 65 yaşı tamam olmuşdur. Hüquqi cəhətdən maarifsizliyi səbəbindən bunu (güzəştli şərtlərlə əmək pensiyası hüququ) gec bilmiş və ümumi şərtlərlə 65 yaşından etibarən pensiyaya çıxmışdır. Sonradan məlum olmuşdur ki, 2018-ci ilin 20 yanvarından etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təminatındadır. Cavabdehə 60 yaşından (2018-ci ilin 20 yanvarı) etibarən pensiya (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası) təyin olunması ilə əlaqədar müraciət etmişdir. Lakin həmin qurum tərəfindən müraciəti müsbət həll olunmamışdır. Məktubda ziddiyyətli məqam ondan ibarətdir ki, ikinci abzasda 29 iyun 2022-ci il tarixdən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu qeyd edilsə də, altıncı abzasda hesablama ilə 25 il iş stajının olmaması vurğulanmışdır.
20. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 34.1-cü maddəsinə istinad olunmuşdur.
21. Daha sonra 29 aprel 2024-cü il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə “elektron kabinet” vasitəsilə ərizə təqdim edərək, ona 60 yaşdan etibarən yaşa görə əmək pensiyaçısı hesab olunmağı, həmçinin 3 il əvvəlki müddətdə almadığı müvafiq dövrlər üçün əmək pensiyası məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
22. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
23. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
Cavabdeh tərəfin iddia ərizəsinə qarşı mövqeyi - etiraz və onun dəlilləri:
24. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
25. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçının ümumi iş stajı 25 ildən az (23 il 10 ay 16 gün (2 avqust 1976-21 sentyabr 1976-cı il, 3 may 1977-28 may 1979-cu il, 26 sentyabr 1979- 20 aprel 1985-ci il, 13 iyun 1986-24 oktyabr 1986-cı il, 18 mart 1988-20 iyul 1988-ci il, 9 oktyabr 1988-11 may 1989-cu il, 1 iyun 1989-10 noyabr 1989-cu il, 12 aprel 1990-10 dekabr 1990-cu il, 6 aprel 1991-18 may 1992-ci il, 18 iyul 1994-1 mart 1997-ci il, 30 dekabr 2002-31 oktyabr 2005-ci il tarixləri arasındakı dövrlər və 1 yanvar 2006-cı il tarixdən sonra 7 il 2 ay)) təşkil edir. Qeyd olunanlardan görünür ki, iddiaçıya 60 yaşının tamam olduğu 20 yanvar 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına, qanunla tələb olunan pensiya kapitalına və güzəştli iş stajına malik olmasına baxmayaraq, kifayət qədər ümumi is stajı olmadığından, ona həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçının ümumi iş stajı 25 ildən az olmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində kifayət qədər pensiya kapitalının olması ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsas olmuşdur. Belə ki, X10 qeyd edilmiş məlumatlara əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində 43.420,50 manat pensiya kapitalı mövcud olmuş və həmin pensiya kapitalı əsasında iddiaçıya 29 iyun 2022-ci il tarixdən 301,53 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
26. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7, 9.1, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Azərbaycan Respublikası Qanununun 2.1, prosessual hüquqi əsası kimi isə İPM-in 47-ci maddələrinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
27. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə (§18-19) uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.
28. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazda qeyd olunan dəlillərə əsaslanaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
29. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
30. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
31. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
32. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
33. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq:
34. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)
35. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
1.0.6. dövlət sosial sığorta sistemində fərdi uçot – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır; 1.0.7. fərdi şəxsi hesab – hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır; 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; (-) 1.0.10. pensiya kapitalı -müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; (-)
Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri
63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər
9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
36. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
38. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarı:
“… Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. ...”
39. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 11. Qanun və məhkəmə qarşısında bərabərlik prinsipi 11.1. İnzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur.
Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
Maddə 15. Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri 15.1. İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir.
Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)
Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
Məhkəmənin mövqeyi:
40. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.
41. İddiaçının tələbi ondan ibarətdir ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə üzrə - “neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” istehsalat təsnifatı üzrə neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları, həmçinin qazma qurğularının motorçuları” vəzifələrində qanunvericilikdə göstərilmiş staj həddi (ən azı 12 il 6 ay) çalışmışdır. Bu səbəbdən hesab edir ki, o, ümumi yaşa görə 65 yaşdan pensiya təminatçısı deyil, 60 yaşından güzəştli şərtlərlə əmək pensiyaçısı hesab olunaraq, ödənilməmiş əvvəlki 3 il ərzində pensiya məbləği ona ödənilməlidir.
42. Cavabdeh tərəf iddia tələbi ilə razılaşmayaraq iddiaçıya güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin olunması üçün qanunvericilikdə göstərilmiş üç tələblərin biri ödənilməməsinə, yəni ümumi iş stajı 25 ildən az olduğuna istinad etməklə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir (§16-17, 25). Cavabdeh iddiaçıya 60 yaşının tamam olduğu 20 yanvar 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına, qanunla tələb olunan pensiya kapitalına və güzəştli iş stajına malik olmasına baxmayaraq, kifayət qədər ümumi is stajı olmadığından, ona həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmadığını bildirmişdir.
43. Yuxarıda sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element birlikdə mövcud olmalıdır: a) İddiaçının azı 25 il sığorta stajının mövcud olması; b) İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. c) İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.
44. Hazırkı mübahisənin əsasında iddiaçının ümumi iş stajının olub-olmaması halı dayanır.
45. İş materialına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının ümumi iş stajı 25 ildən azdır, yəni 23 il 10 ay 26 gün təşkil edir: 1 yanvar 2006-cı il tarixinədək 16 il 8 ay 26 gün (2 avqust 1976 – 21 sentyabr 1976-cı il, 3 may 1977 – 28 may 1979-cu il, 16 sentyabr 1979-20 aprel 1985-ci il, 13 iyun 1986 – 24 oktyabr 1986-cı il, 18 mart 1988 – 20 iyul 1988-ci il, 39 oktyabr 1988 – 11 may 1989-cu il, 1 iyun 1989 – 10 noyabr 1989-cu il, 12 aprel 1990 – 10 dekabr 1990-cu il, 56 aprel 1991 – 18 may 1992-ci il, 18 iyul 1994 – 1 mart 1997-ci il, 30 dekabr 2002 – 31 oktyabr 2005-ci il tarixləri ırasındakı dövrlər), həmin tarixdən sonra 7 il 2 ay) təşkil edir.
46. Məhkəmə iddiaçının ümumi iş stajına dair məlumatları yoxlayarkən https://hypnotronic.ru/hr/calculator/ proqramından da istifadə etmişdir.
47. Bununla da məhkəmə ümumi iş stajına münasibətdə də etirazın dəlili ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfin mövqeyi qanuni və əsaslı olmuşdur.
48. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
49. Göründüyü kimi, iddiaçı qanunla tələb edilən ümumi staja malik olmadığından, onun “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа olunmuşdur və işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
50. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi – Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova