Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2656/2024 17.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası üzrə inzibati işə 17 dekabr 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. “Xəzər” X7 Heyətinin iclasının 10 avqust 2010-cu il tarixli, 58 nömrəli protokoldan görünür ki, İddiaçı Xəzər” Bağçılıq Yoldaşlığına üzv qəbul edilmişdir.
2. 2001-ci il tarixli Sumqayıt şəhəri “Xəzər” Bağçılıq Cəmiyyəti tərəfindən 470V nömrəli bağa dair 10 avqust 2010-cu il tarixdə bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş İddiaçı verilmiş “Bağçılıq üzvlük kitabçası”.
3. 28 iyun 2005-ci il tarixli, DĞB seriyalı, 022005 nömrəli Quliyev Muxtarın torpaq haqqının ödənilməsi barədə qəbzi.
4. 20 dekabr 2005-ci il tarixli, AS seriyalı, 695405 nömrəli X5 adına verilmiş Sumqayıt şəhəri, “Xəzər bağları” ərazisində yerləşən 470A saylı bağa dair “Əhali Əmlakının Könüllü Sığortası haqqında şəhadətnamə”.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 9 oktyabr 2023-cü il tarixli, 3-21-3-31/2-Q-0056- 8/2023 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən “Xəzər” Bağçılıq Cəmiyyətinin bağ sahələrinin ayrılması ilə bağlı arxiv məlumatları, o cümlədən, bağçılıq cəmiyyəti üzvlərinin təsdiq olunmuş adlı siyahısı 2 saylı Sumqayıt Ərazi İdarəsinə təhvil verilməmişdir. Sözügedən ərazidə yerləşən bağ sahələrinə dair arxiv məlumatlarının idarəyə təhvil verilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə, Sumqayıt bələdiyyəsinə və Dövlət Arxivinin Sumqayıt filialına ərazi idarəsi tərəfindən müxtəlif vaxtlarda sorğular verilmişdir. Bu səbəbdən qeyd edilən ərazidə yerləşən torpaq sahələri üzərində hüquqların qeydiyyatı prosesi arxiv məlumatları idarəyə təhvil verilənədək dayandırılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 1 saylı Notariat Ofisinin 4 dekabr 2023-cü il tarixli, 1712 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, X5 və İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, “Xəzər bağları” ərazisində yerləşən 470A, 470V saylı bağ sahələrinə dair Sumqayıt şəhər 1 saylı notariat ofisində notariat hərəkəti aşkar edilməmişdir.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 4 fevral 2024-cü il tarixli, 3-21-3- 31/2-397/2024 nömrəli məktubundan görünür ki, “Xəzər” Bağçılıq Yoldaşlığı tərəfindən arxiv və plan-cizgi sənədləri “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim olunmamışdır. Mübahisə predmeti olan torpaq sahəsinə keçirilmiş baxış zamanı tərtib olunmuş müayinə (baxış) aktı, ortofoto görüntü və torpaq sahəsinin koordinatları qoşma şəklində təqdim olunmuşdur. - 3 oktyabr 2023-cü il tarixli, Daşınmaz Əmlakının texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Sumqayıt şəhər, Xəzər bağları ünvanda yerləşən torpaq sahəsi faktiki 0,1328 ha olaraq göstərilmişdir. Torpaq sahəsində inventarlaşma işləri aparılmışdır. Torpaq sahəsində ayrı-ayrılıqda digər şəxslərə məxsus fərdi yaşayış evləri mövcuddur. Faktiki torpaq sahəsi fiziki sərhədlə 5 hissəyə bölünmüşdür. Torpaq sahəsi üzərindən YGEX keçmir.
8. “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı məhəllə komitəsinin 24 mart 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı adına verilmiş 470V nömrəli bağçının üzvlük kitabçası İddiaçı babası X5 6 iyul 2010-cu il tarixli ərizəsi “Xəzər” Bağçılıq Yoldaşlığı Cəmiyyətinin İdarə Heyyəti tərəfindən nəzərə alınaraq 10 iyul 2010-cu il tarixli 58 nömrəli Protokol əsasında İddiaçı “Xəzər” Bağçılıq Yoldaşlığı Cəmiyyətinə üzv qəbul edilmişdir. İddiaçı ona babası X9 tərəfindən verilmiş bağ sahəsini 3 iyul 2020-ci il tarixli ərizəsi ilə “Xəzər” Bağçılıq Cəmiyyətinə müraciət etmiş və onun istifadəsində olan 470V nömrəli bağ sahəsini əmisi X6 verdiyini bildirmişdir. Qoşma şəklində “Xəzər” X7 Heyətinin iclasının 10 avqust 2010-cu il tarixli, 58 nömrəli protokolu və X5 470A nömrəli üzvlük kitabçasının surəti göndərilmişdir.
9. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 4 aprel 2024-cü il tarixli, 3-48-DA-10F/2-66/2024 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhər İHB-nin 2010-cu ilə dair sərəncamlarına baxılmış, Sumqayıt şəhəri “Xəzər” Bağçılıq Cəmiyyəti tərəfindən İddiaçı verilmiş 470V nömrəli bağçının üzvlük kitabçasının və həmin kitabçanın verilməsinə əsas olmuş sənədlər barədə məlumat aşkar olunmamışdır.
10. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının aparatının 4 aprel 2024-cü il tarixli, 5-6/2-725/2024 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhər İHB-nin 2010-cu ilə dair sərəncamlarına baxılmış, Sumqayıt şəhəri “Xəzər” Bağçılıq Cəmiyyəti tərəfindən İddiaçı verilmiş 470V nömrəli bağçının üzvlük kitabçasının və həmin kitabçanın verilməsinə əsas olmuş sənədlər Sumqayıt şəhər İcra Hakimiyyətinin və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinin arxivlərində aşkar edilməmişdir.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 2 dekabr 2024-cü il tarixli, 3-21-3-31/2-4563/2024 nömrəli məktubu ilə aşağıdakı sənədlər qoşma şəklində göndərilmişdir: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 12 iyun 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış (§4); - 271B/2 nömrəli “Bağçının üzvlük kitabçası”.
12. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının aparatının 4 iyul 2024-cü il tarixli, 5-6/2-1365/2024 nömrəli məktubundan görünür ki, X3 vərəsələri barədə Sumqayıt Şəhər İcra Hakimiyyətində hər hansı məlumat yoxdur.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri:
13. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Xəzər Bağları” ərazisində iddiaçının istifadəsində olmuş 0,08 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 avqust 1986-cı il tarixdə Sumqayıt şəhər XDS tərəfindən “Xəzər Bağları” ərazisində iddiaçının mərhum babası X5 istifadəsində olmuş 0,22 ha ümumi torpaq sahəsindən 2010-cu ildə 0,08 ha ölçüdə torpaq sahəsi ayrılıb iddiaçının istifadəsinə verilmişdir (Bağçının üzvlük kitabçası-470V). Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə ilə cavabdeh təşkilata müraciət edilmiş, cavabdehin məktubla imtina edilmişdir. Hesab edilir ki, imtina əsassızdır, ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
15. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 60, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 12.1, 33.1, 33.3, 33.4-cü maddələrinə istinad olunmuşdur.
16. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
17. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri:
18. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
19. Etiraz onunla əsaslandırılmışdır ki, Xəzər bağları ərazisində yerləşən “Xəzər” Bağçılıq Cəmiyyətinin bağ sahələrinə dair bağçılıq-yoldaşlıq təsərrüfatının sxematik xəritələri və bağçılıq cəmiyyəti üzvlərinin adlı siyahısı idarəyə təhvil verilmədiyi üçün həmin ərazidə yerləşən torpaq sahələrinin qeydiyyata alınması ilə bağlı müraciətlərin icrası təmin oluna bilmir. Buna görə də dəfələrlə Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına, Sumqayıt şəhər İcra Hakimiyyətinə və Sumqayıt bələdiyyəsinə arxiv saxlanclarında aşkar olunduğu halda “Xəzər” Bağçılıq Cəmiyyətinin üzvlərinə bağ sahələrinin ayrılması ilə bağlı arxiv məlumatlarının, o cümlədən bağçılıq-yoldaşlıq təsərrüfatının sxematik xəritələrinin, bağçılıq cəmiyyəti üzvlərinin adlı siyahısının idarəyə təqdim olunması ilə bağlı sorğular göndərilmiş, lakin sorğular müvafiq qurumlar tərəfindən müsbət cavablandırılmamışdır.
20. Etirazın maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7, 11.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” 2007-ci il 22 may tarixli, 2186 nömrəli sərəncamının 2.1-ci bəndinə, İPM-in 35.1-ci maddəsinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
21. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında təmsil olunmamışdır.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
24. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
25. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
26. Məhkəmənin əvvəlki tarixli iclaslarında iştirak etmiş cavabdehin səlahiyyətli nümayəndələri X4 və X1 etirazı müdafiə etmiş, iddia tələbi əsassız olduğundan təmin edilməməli olduğunu bildirmişdirlər.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
27. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
28. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
29. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
30. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
31. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. b) Tətbiq edilən hüquq:
32. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ...
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
“Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.”
“Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. ...”
“Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...” 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ...
“Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi ... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. ...” “Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...”
34. TM-in müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur: Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
“ Maddə 5 5 . Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; ...”
“Maddə 6 6 . Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
“Maddə 6 7 . Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. ...”
“Maddə 6 8 . Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
35. MM-in müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
“Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. ...”
“Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar
139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...”
36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
37. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”
38. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. …”
“Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. …”
c) Məhkəmənin mövqeyi
39. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir.
40. İddiaçı tələbinin əsası kimi Sumqayıt şəhər XDS tərəfindən “Xəzər Bağları” ərazisində iddiaçının mərhum babası X5 istifadəsində olmuş 0,22 ha ümumi torpaq sahəsindən 2010-cu ildə 0,08 ha ölçüdə torpaq sahəsi ayrılıb iddiaçının istifadəsinə verilməsinə və 470V saylı bağ sahəsinə dair Bağçılıq üzvlük kitabçasının məxsus olmasın istinad edir.
41. Cavabdeh isə etirazında Xəzər bağları ərazisində yerləşən “Xəzər” Bağçılıq Cəmiyyətinin bağ sahələrinə dair bağçılıq-yoldaşlıq təsərrüfatının sxematik xəritələri və bağçılıq cəmiyyəti üzvlərinin adlı siyahısı idarəyə təhvil verilməməsini, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına, Sumqayıt şəhər İcra Hakimiyyətinə və Sumqayıt bələdiyyəsinə arxiv saxlanclarında aşkar olunmamasını bildirmişdir.
42. Məhkəmə hər iki tərəfin istinad etdiyi halları araşdırmaq məqsədi ilə, “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı məhəllə komitəsinə, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Dövlət Arxivinin Sumqayıt Arxivinə sorğular ünvanlamışdır.
43. Həmin sorğulara verilmiş cavab məktublarından müəyyən edilir ki, iddiaçının adına verilmiş 470V nömrəli bağa dair “Bağçılıq üzvlük kitabçası” Dövlət Arxivində, Sumqayıt şəhər İcra Hakimiyyətinin və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinin arxivlərində aşkar olunmamışdır.
44. Eyni zamanda, “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı məhəllə komitəsi tərəfindən iddiaçının Bağçılıq Yoldaşlığına üzv kimi qəbul edilməsinə dair protokol göndərilsə də, 470V nömrəli bağa dair iddiaçının adına verilmiş “Bağçılıq üzvlük kitabçası” göndərilməmişdir (§ 8-13).
45. Göründüyü kimi, iddiaçının tələbinin əsasında olan 470V nömrəli bağa dair verilmiş “Bağçılıq üzvlük kitabçası” arxiv sənədlərində öz təsdiqini tapmamışdır.
46. İddiaçının istinad etdiyi sənədlərin özündə belə uyğunsuzluqlar mövcuddur.
47. Bundan əlavə, iddiaçı tərəfindən həmin ərazidə yerləşən torpaq sahəsinə dair məhkəməyə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 12 iyun 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış təqdim edilmiş, məhkəmə tərəfindən cavabdeh orqana sorğu ünvanlanaraq həmin çıxarışın verilməsi əsaslarına dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi xahiş edilmişdir.
48. Məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, 12 iyun 2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilmə əsasları tamamilə fərqli olduğundan, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin tələbi baxımından hazırki mübahisəyə tətbiq edilməsi mümkün deyildir.
49. Həmçinin, İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
50. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir.
51. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İmtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.
52. Məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
53. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı ““Xəzər Bağları” ərazisində iddiaçının istifadəsində olmuş 0,08 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova