Məhkəmə qərarları › İş №2-1(118)-266/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-266/2021

08.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-266/2021 08.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi ilə, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı barəsində ölüm aktı qeydinin ləğv olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı onun Vətəndaşlıq vəziyyəti aktlarının qeydində “ölmüş” qeydinin ləğv olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sona iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək barəsində cavabdehin üzərinə Quba rayon Zərqava kənd icra nümayəndəliyi tərəfindən iddiaçının barəsində 1939-cu ilin sentyabr ayında tərtib edilmiş 32 saylı ölüm haqqında akt qeydinin ləğv olunması öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1939-cu ildə Quba rayonunun İsnov kəndində anadan olmuşdur. 1945-1953-cü illərdə orta məktəbdə oxumuşdur. 1953-cü ildə M.Ə.Sabir adına Şamaxı pedoqoji məktəbinə daxil olmuş və 1957-ci ildə həmin məktəbi bitirmişdir. 1958-ci ildə S.Kirov adına Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1963-cü ildə orada hüquqşünaslıq üzrə tam kursu bitirmişdir. 1963-1989-cu illərdə daxili işlər orqanlarında xidmət etmişdir. 1993-cü ildə Sumqayıt Sənaye İnstitutunda, 1993-1994-cü illərdə Sumqayıt Üst Trikotaj fabrikində, 1994-1997-ci illərdə isə Sumqayıt şəhər təhsil şöbəsində işləmişdir. Sumqayıt şəhər qeydiyyat şöbəsindən ailə üzvləri barədə arayış almaq istəyərkən ona bildirilmişdir ki, 16 sentyabr 1939-cu il tarixdən sistemdə qeyri-aktiv (ölmüş kimi) qeyd olunmuşdur. Lakin qeydiyyat şöbəsinə buraxılmış səhvin düzəldilməsinə dair müraciət etməsinə baxmayaraq düzəliş edilməsindən imtina edilmiş məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Cavabdeh və iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun zahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı həmçinin izah etdi ki, brəsində ölüm kaqqında akt qeydinin aparılmasının səbəbi ona bəlli deyildir. İş materiallarına əlavə edilmiş : - AZE 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1939-cu il təvəllüdlüdür. - Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 13.08.2020-ci il tarixli, 05/Q- 1702/15 saylı imtina məktubundan görünür ki, iddiaçının ölüm haqqında akt qeydinin ləğvi ilə əlaqədar şöbəyə daxil olmuş müraciətə baxılmışdır. AR Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52№li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında həyata keçirilir. İddiaçıya məhkəyə müraciət etməsi tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikası Quba rayonu İHB-nın Zərqava İƏV üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ–İİ № 933158 seriyalı təkrar doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1939-cu ildə anadan olmuşdur. Ata qrafasında X4, ana qrafasında X1 qeyd edilmişdir. - B № 025395 saylı diplomdan görünür ki, İddiaçı 1953-cü ildə M.Ə.Sabir adına Şamaxı pedoqoji məktəbinə daxil olmuş və 1957-ci ildə həmin məktəbi bitirmişdir. - O № 134543 saylı diplomdan görünür ki, İddiaçı 1958-ci ildə S.Kirov adına Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1963-cü ildə orada hüquqşünaslıq üzrə tam kursu bitirmişdir. - ИТ- İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, xx.xx.1939-cu il təvəllüdlü İddiaçı 1963-1989-cu illərdə daxili işlər orqanlarında xidmət etmiş, 1993-cü ildə Sumqayıt Sənaye İnstitutunda, 1993-1994-cü illərdə Sumqayıt Üst Trikotaj fabrikində, 1994- 1997-ci illərdə isə Sumqayıt şəhər təhsil şöbəsində işləmişdir. - 10.11.2020-ci il tarixli, 1268/2020 saylı sorğuya cavab olaraq Quba rayonu İHB-nın Zərqava İƏV üzrə nümayəndəliyi tərəfindən verilmiş 25.11.2020-ci il tarixli 36 saylı cavab məktubundan görünür ki, İddiaçı məxsus doğum və ölüm haqqında akt qeydiyyatları barədə nümayəndəlikdə heç bir rəsmi məlumat yoxdur. Nümayəndəlikdə aparılan doğum, ölüm, nikah haqqında akt qeydləri və sənədləri hər ayın sonunda rayon qeydiyyat şöbəsinə təhvil verilir. Ona görə də həmin məsələ ilə əlaqədar Quba rayon qeydiyyat şöbəsinə müraciət etmək tövsiyyə olunmuşdur. - 10.11.2020-ci il tarixli, 1268/2020 saylı sorğuya cavab olaraq Quba rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 20.11.2020-ci il tarixli 05/Q-698 saylı cavab məktubundan görünür ki, İddiaçı barəsində ölüm haqqında akt qeydi və həmin akt qeydinə baxış keçirilərkən onun doğum tarixi xx.xx.1939-cu il kimi deyil, sadəcə yaşı ölüm qeydə alınarkən 6 yaş kimi qeyd olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən» Əsas müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aklarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir (23). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı hazıradək sağ-salamat olduğu halda onun ölümü barədə 1939-cu ilin sentyabr ayında akt qeydi tərtib edilmişdir. Həmin akt qeydinin aparılmasının əsasları məhv edildiyi üçün müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, ölüm haqqında akt qeydinin əsassız olduğu aşkar surətdə aydın olduğundan iddia tələbi təmin edilərək xx.xx.1939-cu il il təvəllüdlü İddiaçı barəsində Quba rayon Zərqava kənd sovetliyi tərəfindən tərtib olunmuş 32 saylı sentyabr 1939-cu il tarixli ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı barəsində Quba rayon Zərqava kənd sovetliyi tərəfindən tərtib olunmuş 32 saylı, sentyabr 1939-cu il tarixli ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar