Məhkəmə qərarları › İş №2-1(118)-2665/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2665/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2665/2024 05.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “Sumqayıt şəhər Polis İdarəsinin imtinasının qanunsuz hesab edilməsi, 17 mart 1987-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27V/14, mənzil 46-dan pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati mübahisəyə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə mürcaiət edərək Sumqayıt şəhər Polis İdarəsinin imtinasının qanunsuz hesab edilməsi, 17 mart 1987-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27V/14, mənzil 46-dan pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27V/14-də yerləşən 46 nömrəli mənzilə dair iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və müvafiq çıxarış verilmişdir. Sözügedən mənzili 09 iyul 2023-cü il tarixdə X4 almışdır. İddiaçının mənzilində X2 formal olaraq qeydiyyatda qalmışdır. O, iddiaçının ailə üzvü deyildir. Onun qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh orqana müraciət etsə də ərizəsinin təmin olunmasından imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 05 mart 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, üçüncü şəxsin yetkinlik yaşına çatan uşağının olub-olmaması halı ona məlum deyildir. Cavabdeh inzibati orqan iddiaçının iddiasına etirazının olmadığını və qanuni qərar qəbul olunacağı təqdirdə icra olunacağını bildirmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxsə məhkəmə iclası barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda onun ərizəsinin icrasından imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. • İşdə olan daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27V/14-də yerləşən 46 saylı mənzil (mübahisəli mənzil) iddiaçının xüsusi mülkiyyətindədir. • Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən (AN-İ № 1175376) iddiaçı mübahisəli mənzili X4 almışdır. • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən xx.xx.1987-ci il təvəllüdlü X3 mübahisəli mənzildə qeydiyyatdadır.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İşə əlavə edilən ərizədən də göründüyü kimi iddiaçı hazırkı tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən iddiaçının ərizəsnin icrasından imtina edilmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, iş materiallarında olan çıxarışa əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27V/14-də yerləşən 46 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzildə üçüncü şəxs - X3 qeydiyyatdadır. Hazırki iş üzrə iddiaçı həmin şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxsin mənzilə qeydiyyatı formal xarakter daşıyır və o, faktiki olaraq həmin mənzildə yaşamır. Bundan əlavə məhkəmə qeyd edir ki, iddia ərizəsində üçüncü şəxsin yetkinlik yaşına çatmayan övladları ilə birgə qeydiyyatdan çıxarılması bildirilsə də, araşdırma nəticəsində, eyni zamanda Daxili İşlər Nazirliyinin arayışında da mübahisəli mənzildə qeydiyyatda olan şəxs kimi yalnız X1 adı qeyd olunduğundan məhkəmə hesab edir ki, iddia tələbi yalnız həmin şəxsə münasibətdə əsas götürülməlidir. Bundan əlavə iddiaçı özü də üçüncü şəxsin yetkinlik yaşına çatmayan övladının olub-olmamasından xəbərdar deyildir. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxs iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, üçüncü şəxs X1 iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27V/14-də yerləşən 46 saylı mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Üçüncü şəxs X1 iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27V/14-də yerləşən 46 nömrəli mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar