Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2668/2025 07.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı iş üzrə (Açar sözlər: bakalavr diplomu üzrə aldığı ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüququi şəxsinə qarşı “bakalavr diplomu üzrə aldığı ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 7 aprel 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan iddiaçı tərəfindən, həmçinin məhkəmə sorğusu əsasında təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. İddiaçıya 31 may 2023-cü il tarixli 009480 saylı “Şəhid Ailəsi üzvünün vəsiqəsi” verilmişdir.
2. Digah qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 609 saylı arayışından görünür ki, iddiaçı həqiqətən Digah qəsəbəsi, M.Hüseynzadə küçəsi, 68 saylı evdə qeydiyyatda olmaqla yaşayır.
3. İddiaçı tərəfindən AZE seriyalı C02697057 saylı Azərbaycan Respublikası pasortu təqdim edilmişdir.
4. ДИ seriyalı, ******* saylı Belarus Respublikası Ali Təhsil haqqında diplomun və apostilin notarial qaydada təsdiq olunmuş surətləri.
5. “Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti” Dövlət Təhsil Müəssisəsi tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, iddiaçı həqiqətən də 14 mart 2022-ci ildən 28 mart 2022-ci ilə qədər dərs (məşğələ) cədvəllərindən və tələbinin şəxsiyyətinin məcburi identifikasiyasından və ya autentifikasiyasından, informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə cari attestasiyanın aparılması haqqında müddəaya (əsasnaməyə) uyğun olaraq onlayn-formatda cari attestasiyadan keçmişdir.
6. “Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti” Dövlət Təhsil Müəssisəsi tərəfindən verilmiş 10 may 2023-cü il tarixli, 28 saylı hesabfaktura.
7. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin 14 noyabr 2023-cü il tarixli, 0968/e saylı Əmrinin surətindən görünür ki, iddiaçıya Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin qiyabi şöbəsinin 5-ci kurs imtahan sessiyasında iştirak etmək üçün 15 noyabr 2023-cü il tarixdən 4 dekabr 2023-cü il tarixədək 20 təqvim günü müddətində ödənişli təhsil mıəzuniyyəti verilmişdir.
8. Azərbaycan Respublikasının DSX Sərhəd Nəzarəti tərəfindən təqdim edilmiş 25 fevral 2025-ci il tarixli, 3-38-33/2-702/25 saylı məktubunda iddiaçının dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasənda olan məlumatlar təqdim edilmişdir:
9. Azərbaycan Respublikasının FHN tərəfindən verilmiş 13 mart 2025-ci il tarixli, 3- 18/2-1314/2025 saylı məktubu.
10. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 9 sentyabr 2024-cü il tarixli, NA00032213 nömrəli “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” qərarından görünür ki, İddiaçı (bundan sonra – “iddiaçı”) ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində tamamladığı müəyyən edilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, diplom üzrə ixtisasının tanınması şəhadətnaməsinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ildə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki X1 halların qarşısının alınması və aradan qaldırılması fakültəsinə qəbul olmuş, həmin univerisiteti 2024-cü ildə bitirmiş, bu barədə Dövlət İmtahan Komissiyasının 144 saylı 24 iyun 2024-cü il tarixli protokolu ilə ona Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə ******* nömrəli, qeydiyyat nömrəsi 3373 26 iyun 2024-cü il tarixli mühəndis ixtisası dərəcəsi diplomu verilmişdir. 18 avqust 2014-cü ildən bu günə kimi Azərbaycan Respublikasının Bakı şəhəri, Binəqədi rayon X2 hissəsinin 1 nömrəli Yanğından Mühafizə bölməsinin yanğınsöndürəni vəzifəsində çavuş rütbəsində işləyir. Belarusiyada oxuduğu univerisitetə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin göndərişi əsasında daxil olmuşdur. Əlavə olaraq bildirmişdir ki, atası İsayev Qulu oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən birinci Qarabağ müharibəsində şəhid olmuşdur.
13. İddiaçı daha sonra iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən İddiaçı adına verilmiş ДИ ******* nömrəli, 26 iyun 2024-cü il tarixli (qeydiyyat nömrəsi: 3373) bakalavr diplomu üzrə aldığı ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 7 aprel 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.
14. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
15. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
İddia tələbinə dair cavabdehin münasibəti:
16. Cavabdeh tərəfindən iddia ərizəsinə münasibət bildirilməmişdir.
c) Tərəflərin iştirakı və izahatları:
17. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
20. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
21. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
22. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
23. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
24. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
26. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
27. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
28. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu: 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilaima formaları müəyyən edilir. 27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən Jəsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
29. “‘Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2009-cu il tarixli, 156 nömrəli Fərmanının: 2.2-ci bəndində əsasən, Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
30. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın: 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları ilə müəyyən edilir.
32. Hər iki Qaydalar eyni məzmunlu olmaqla Qaydaların 4.1-ci bəndində tanınmaya dar ümumi tələblər qeyd edilmişdir. Həmin tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifıkasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi;
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2018-ci il tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra - Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifıkasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması);
34. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifıkasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması).
35. Təhsil müddəti 5 il olmaqla distant formada 2015-2020-ci illəri əhatə edir. Məhkəmə nəzərə alır ki, iddiaçının təhsil aldığı müddətdə, ondan əvvəl və sonra (ixtisası üzrə) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində xidmətdə olmuş və Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetində müvafiq çağırışlar əsasında Nazirlik tərəfindən təhsil məzuniyyətinin verilməsi haqqında əmrlərə uyğun olaraq dərslərdə iştirak etmişdir. İddiaçı təhsilini başa vurduqdan sonra Fövqəladə Hallar Nazirliyində xidmətini davam edir.
36. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı həqiqətən də Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti” Dövlət Təhsil Müəssisəsində 14 mart 2022-ci ildən 28 mart 2022-ci ilə qədər dərs (məşğələ) cədvəllərindən və tələbinin şəxsiyyətinin məcburi identifikasiyasından və ya autentifikasiyasından, informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə cari attestasiyanın aparılması haqqında müddəaya (əsasnaməyə) uyğun olaraq onlaynformatda cari attestasiyadan keçmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirliyi X2 Xidmətinin 14 noyabr 2023-cü il tarixli, 0968/e saylı Əmrinin surətindən görünür ki, iddiaçıya Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin qiyabi şöbəsinin 5-ci kurs imtahan sessiyasında iştirak etmək üçün 15 noyabr 2023-cü il tarixdən 4 dekabr 2023-cü il tarixədək 20 təqvim günü müddətində ödənişli təhsil məzuniyyəti verilmişdir.
37. Azərbaycan Respublikasının DSX Sərhəd Nəzarəti tərəfindən təqdim edilmiş 25 fevral 2025-ci il tarixli, 3-38-33/2-702/25 saylı məktubunda iddiaçının dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasənda olan məlumatlar da iş materialına əlavə olunmuşdur.
38. Azərbaycan Respublikasının FHN tərəfindən verilmiş məktubun məzmunundan isə görünür ki, iddiaçı 8 oktyabr 2009-cü ildən fövqəladə hallar orqanlarında xidmət keçir. Xidmət yeri üzrə müsbət xarakterizə olunur, əldə etdiyi nailiyyətlərə görə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005-2010)” yubiley medalı ilə təltif edilmişdir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu”nun 16.1-ci maddəsi ilə fövqəladə hallar orqanlarını ixtisaslı kadrlarla təmin etmək, əməkdaşların nəzəri və peşə hazırlığını artırmaq məqsədi ilə fövqəladə hallar orqanlarının təhsil müəssisələrindən, ixtisasartırma kurslarından, məşğələlərdən, seminarlardan, konfranslardan, xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq tədris sistemindən və digər tədbirlərdən istifadə olunması müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2007-ci il tarixli, 1945 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq haqqında” Sazişlə tərəflərin tədris müəssisələrində mütəxəssislərin hazırlığının təşkil edilməsi, təcrübə keçənlərin, müəllimlərin, alimlərin, mütəxəssislərin və digər əməkdaşların mübadiləsi istiqamətlərdə əməkdaşlıq edəcəkləri nəzərdə tutulmuşdir. Qanununun 9.0.12-ci yarımbəndi ilə fövqəladə hallar orqanları əməkdaşlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, habelə təhsil məqsədi ilə məzuniyyət almaq hüquqları təsbit edilmişdir. 2019/2020-ci təhsil ilində Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetində şəxsi vəsaiti hesabına təhsil alması barədə müraciəti nəzərə alınaraq İddiaçı yuxarıda qeyd edilən hüququndan istifadəsi mümkün sayılmış və təhsil aldığı dövrdə ona təhsil müəssisəsinin verdiyi arayışlar əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 124-cü maddəsi ilə nəzərdə tutulmuş müddətlərdə əmək haqqı saxlanılmaqla müvafiq təhsil məzuniyyətlərinin verilməsi təmin edilmişdir.
39. Odur ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddətdə tədris yükünü yerinə yetirə bilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən müddətin müəyyən edilmiş tədris yükünün mənimsənilməsini yetərsiz hesab etməyə məhkəmə əsas görmür.
40. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın tələblərinə əsasən, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. İddiaçının diplomuna əsasən müəyyən olunur ki, o, 240 AKTTS (Avropa Kredit və Toplanması Sistemi) kredit yığmışdır. İddiaçı təhsil almasına dair təhsil aldığı ölkənin müvafiq qurumu tərəfindən apostil olunmuş təhsilə dair sənədi, diplomu və diploma əlavəni təqdim etmişdir.
41. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
42. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
43. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
44. Göstərilənlərə istinadən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
45. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən İddiaçı adına verilmiş ДИ ******* nömrəli, 26 iyun 2024-cü il tarixli (qeydiyyat nömrəsi: 3373) bakalavr diplomu üzrə aldığı ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Könül Həbibova