Məhkəmə qərarları › İş №2-1(118)-2669/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2669/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2669/2022 19.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X1 (DSMF publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında baş mütəxəssis işləyən, Bakı şəhəri, M.Seyidov küçəsi, ev 14, mənzil 15-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı cavabdeh tərəfindən ondan tutulmuş 5663,24 manat pulun geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyuması və cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda göstərilən tutulacaq 1292,26 manat pulun ondan tələb edilməsinin qanunsuz hesab edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərəkcavabdeh tərəfindən ondan tutulmuş 5663,24 manat pulun geri qayatrılması və tutulması planlaşdırılan 3121,30 manat pulun iddiaçıdan tutulması barədə qərarın ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filailının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tutulmuş 5663,24 manat pulun geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda göstərilən tutulacaq 1292,26 manat pulun ondan tələb edilməsinin qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixdən əmək pensiyası alır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMFnin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən onun pensiyasından 5663,24 manat guya artıq aldığı pensiya məbləği tutulmuşdur. Bundan əlavə cavabdeh iddiaçıya xx.xx.2022-ci il tarixdə məktub göndərərək iddiaçıya 3121,30 manat pulun artıq ödənildiyini və həmin məbləğin büdcəyə qaytarılmalı olduğunu bildirmişdir. Bununla bağlı iddiaçı cavabdehin tələbini qanunsuz hesab edərək ondan tutulmuş məbləğin geri qaytarılmasını tələb edir. O, xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ondan tutulmuş 5663,24 manat pulun geri qaytarılması və tutulması planlaşdırılan 3121,30 manat pulun ondan tutulması barədə qərarın ləğv olunmasını xahiş etmişdir.Lakin cavabdeh tərəfindən müraciəti bu günədək cavablandırılmamış və nəticəsiz qalmışdır . Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi G.Cavadova iddianı qəbul etmədi və izah etdi ki, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 3 mart 2008-ci il tarixli 59108 nömrəli məlumat vərəqəsinə uyğun olaraq 14 mart 2008-ci il tarixdə (15 dekabr 2006-cı il tarixdən hesablanmaqla) Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1 -ci maddəsinə uyğun olaraq 26 il 3 ay 11 gün xidmət müddəti üçün hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan iddiaçı ona ödənilən yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçmək üçün Mərkəzi Filiala müraciət etmiş və bununla əlaqədar əmək pensiyasının növü 17 noyabr 2008-ci il tarixdən hesablanmaqla əlilliyə görə əmək pensiyasına dəyişdirilmişdir. Azərbaycan Respublikası Hesablama Palatasının apardığı audit yoxlaması nəticəsində iddiaçıya işlədiyi dövrdə əlilliyə görə əmək pensiyasının yalnız baza hissəsi ödənilməli olduğu halda, bu tələb nəzərə alınmayaraq ümumilikdə 5843,16 manat artıq vəsaitin ödənildiyi aşkar edilərək geri alınması Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş pul vəsaitinin 4118,72 manat hissəsi 2018-ci ilin may ayından etibarən hissə-hissə iddiaçının əmək pensiyasından tutulmuş, qalan 1000,00 manat hissəsi isə iddiaçı tərəfindən könüllü ödənilərək büdcəyə bərpa edilmişdir (ümumilikdə bərpa məbləği 5118,72 manat). Sonradan cavabdeh tərəfindən aparılan araşdırma zamanı “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən yaşa görə əmək pensiyası növündə təyinat aparılmış əmək pensiyaçısının sonradan əlilliyə görə əmək pensiyası növünə keçməsi hüququ olmadığı halda, ona 17 noyabr 2008-ci il tarixdən yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilməklə pensiya təyinatı aparıldığı müəyyən edilmişdir. Bu səbəbdən də 2021-ci ilin dekabr ayında iddiaçının əlilliyə görə pensiya ödənişi dayandırılmış, 719,03 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya təyin edilmiş əlilliyə görə pensiyasının ləğv edilməsi, həmçinin aparılan araşdırma ilə əlaqədar pensiya məbləği xx.xx.2006-cı il tarixdən yenidən hesablanmışdır. Nəticədə xx.xx.2006-cı il tarixdən 209,20 manat, müvafiq artımlara uyğun xx.xx.2007-ci il tarixdən 230,01 manat, xx.xx.2008-ci il tarixdən 301,41 manat, xx.xx.2008-ci il tarixdən 385,93 manat, xx.xx.2010-cu il tarixdən 412,45 manat, xx.xx.2011-ci il tarixdən 478,75 manat, xx.xx.2013-cü il tarixdən 512,35 manat, 01,02.2016-cı il tarixdən 549,47 manat, xx.xx.2018-ci il tarixdən 589,25 manat, xx.xx.2019-cu il tarixdən 719,03 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 89.971,89 manat pensiya məbləği ödənilməli olduğu halda, 92264,15 manat ödənilmişdir. Nəticədə ona 2292,26 manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. Həmin pul vəsaitindən müvafiq xəzinə hesabına ödəniş yolu ilə büdcəyə bərpa edilmiş 1000,00 manat çıxıldıqdan sonra qalıq hazırda ödənilmiş vəsait 1292,26 manat təşkil edir. Sözügedən qalan artıq ödənilmiş 1292,26 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə qaytarılması ilə əlaqədar idiaçıya xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktub ünvanlanmış, yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuş, əks halda qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyi bildirilmişdir. 01 yanvar 2022-ci il tarixdən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilir. İş materiallarında olan : -Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvalanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş 3 mart 2008-ci il tarixli 59108 nömrəli məlumat vərəqəsinə uyğun olaraq 14 mart 2008-ci il tarixindən Mərkəzi Filial tərəfindən sizə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 26 il 3 ay 11 gün xidmət müddəti üçün hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə 2008-ci ilin may ayından etibarən ödənilmişdir. Araşdırma zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən yaşa görə əmək pensiyası növündə təyinat aparılmış əmək pensiyaçısının sonradan əlilliyə görə əmək pensiyası növünə keçməsi hüququ olmadığı halda 17 noyabr 2008-ci il tarixdən yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilməklə pensiya təyinatı aparıldığı müəyyən edilib. Bu səbəbdən də 2021-ci ilin dekabr ayında yaşa görə 719,03 manat əmək pensiyası təyin edilmiş, həmçinin əmək pensiyası xx.xx.2007-ci il tarixdən yenidən hesablanaraq 3121,30 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Artıq ödənilən 3121,30 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə qaytarılması ilə əlaqədar yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur Əks halda qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəkdir. -Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvalanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Hesablama Palatasının apardığı audit yoxlaması nəticəsində işlədiyi dövrdə əlilliyə görə əmək pensiyasının yalnız baza hissəsi ödənilməli olduğu halda, bu tələb nəzərə alınmadığından ümumilikdə 5843,16 manat artıq vəsaitin ödənildiyi aşkar edilərək geri alınması Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş pul vəsaitinin 4118,72 manat hissəsi 2018-ci ilin may ayından etibarən hissə-hissə əmək pensiyasından tutulmuş, qalan 1000,00 manat hissəsi isə vətəndaş tərəfindən ödənilərək büdcəyə bərpa edilmişdir (ümumilikdə bərpa məbləği 5118,72 manat). İddiaçıya xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 89971,89 manat pensiya məbləği ödənilməli olduğu halda, 92264,15 manat ödənilmişdir. Nəticədə 2292,26 manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. Həmin pul vəsaitindən müvafiq xəzinə hesabına ödəniş yolu ilə büdcəyə bərpa edilmiş 1000,00 manat çıxıldıqdan sonra qalıq hazırda ödənilmiş vəsait 1292,26 manat təşkil edir. Sözügedən qalan artıq ödənilmiş 1292,26 manat pul vəsaitinin əmək pensiyadan tutularaq büdcəyə qaytarılması ilə əlaqədar yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuşdur. - Xüsusi Şərtlərlə Təyinat üzrə X3 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı yaşa görə əmək pensiyası yenidən hesablanmışdır hazırki pensiyanın məbləği 447.04 manat təşkil edir. -DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, xidmət etdiyi orqan tərəfindən təqdim edilən Məlumat vərəqəsinə əsasən İddiaçı vəzifə maaşı - 460.00 manat, rütbə maaşı - manat, xidmət illərinə görə 15 faiz əlavəniz - 88.05 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası - 64.00 manat və 15 faiz digər əlavə olmaqla cəmi təminat xərcliyi 808.05 manat təşkil edir. 2-ci qrup Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyə görə təminat xərcliyinin 80 faizi, yəni 646,44 manat məbləğində pensiya düzgün hesablanaraq ödənilir (baza hissəsi - 110.00 manat, sığorta hissəsi - 210,20 manat, qulluq stajına görə əlavə - 326.24 manat). “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası himayədə olanlara görə verilən əlavə nəzərə alınmadan yalnız baza hissəsindən ibarət olmaqla ödənilir. Bu səbəbdən də "xxxx" Açıq Səhmdar Cəmiyyətində işlədiyi müddətdə, yəni 01 yanvar 2015-ci il tarixdən 30 iyun 2017-ci il tarixədək artıq aldığı cəmi 5663,24 manat sığorta hissəsi ayda 128,71 manat olmaqla İddiaçı pensiyasından tutulur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən İddiaçı xx.xx.2018-ci il tarixdə (15 dekabr 2016-cı il tarixdən hesablanmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra xx.xx.2018-ci il tarixdə iddiaçının müraciətinə əsasən əmək pensiyasının növü “Əlilliyə görə” əmək pensiyası növünə dəyişdirilmişdir. xx.xx.2018-ci il tarixdə cavabdeh inzibati orqan iddiaçıya məktub ünvanlayaraq onun "xxxx" ASC-də işlədiyi xx.xx.2015-ci ildən xx.xx.2017-ci il tarixədək artıq aldığı cəmi 5663.24 manat əmək pensiyasının sığorta hissəsinin ayda 128.71 manat olmaqla tutulduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə isə cavabdeh iddiaçıya məktub ünvanlayaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən yaşa görə əmək pensiyası növündə təyinat aparılmış əmək pensiyaçısının sonradan əlilliyə görə əmək pensiyası növünə keçməsi mümkün olmadığı halda 17 noyabr 2008-ci il tarixdən yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilməklə pensiya təyinatı aparıldığı müəyyən edildiyi və bu səbəbdən də 2021-ci ilin dekabr ayında yaşa görə 719,03 manat əmək pensiyasının təyin edildiyi, həmçinin əmək pensiyasının xx.xx.2007-ci il tarixdən yenidən hesablanaraq 3121,30 manat artıq pul vəsaitinin ödənildiyi bildirilmişdir. Artıq ödənilən 3121,30 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə qaytarılması ilə əlaqədar yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı halda əmək pensiyaçısının (ərizəçinin) artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Bu səbəbdən də iddiaçı pensiya qanunvericiliyinin tələbinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Məhkəmə qeyd edir ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə məhkəməyə müraciət oluna bilər. Qanunvericilik əmək pensiyasının təyin edilməsini aidiyyətini səlahiyyətli orqan kimi Dövlət Sosial Müdafiə Fondu orqanının qərar qəbul etməsi ilə şərtləndirir. Cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində, əmək pensiyasının güman olunan səhv təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə cavabdehin etirazında, nə də məhkəməyə daxil olmuş müvafiq sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. İddiaçıya yaşa, daha sonra əlilliyə görə təyin edilmiş pensiya onun xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində inzibati akt qəbul edilən maraqlı şəxsi inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə olduğu halda icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Məhkəmə qeyd edir ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilmədən, ödənilmiş pensiya məbləğinin müəyyən hissəsini geri tutmağa başlamışdır. İddiaçı qanunla qorunan etimad hüququna malik olduğundan, ondan artıq ödənilmiş pensiya məbləğinin tutulması yolverilən deyil. Maraqlı şəxs kimi cavabdeh etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, cavabdehin səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini (növünün dəyişdirilməsi) və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab edilsə belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın və həmin qərar əsasında yenidən hesablama barədə qərar, sərəncam qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya ehtimal olunan artıq pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmir. Beləliklə, əmək pensiyasının növünün dəyişdirilməsi və ya hesablanması barədə qərar qanunsuz hesab edilsə belə, məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin iddiaçının hesabına düzəldilməsi yol verilməzdir. Eyni zamanda məhkəmə iddiaçı tərəfindən könüllü olaraq 1000 manatın cavabdehə ödənilməsini (qaytarmasını) nəzərə alaraq hesab edir ki, həmin vəsait onun tərəfindən könüllü olaraq geri ödənildiyindən göstərilən məbləğin geri qaytarılmasına dair hissədə iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı artıq ödənilmiş pensiya məbləği kimi onun əmək pensiyasından tutulmuş 4118,72 manatın geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzrinə qoyulsun. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının artıq ödənilmiş pensiya məbləği kimi iddiaçıdan 1292.26 manatın geri tələb etməsi qanunsuz hesab edilsin. İddia qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar