Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2669/2025 25.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı qərarı ilə ayrılmış 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Abşeron rayonu Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı qərarı ilə ayrılmış 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Abşeron rayonu, Qobu bələdiyəsindən xx.xx.2007-ci ildə 0,08 ha torpaq sahəsi almışdır. Torpaq sahəsi Qobu bələdiyyə qərarı ilə satılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə , "Torpaqların islahatı haqqında və Torpaq bazarı haqqında" AR Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Torpaqlarına alqı-satqı qaydalarına" və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 158 saylı qərarına müvafiq olaraq bələdiyyənin perspektiv inkişaf fəndimin alqı-satqı predmeti olan 0,08 ha torpaq sahəsi satılması barədəki 2007-ci il tarixli ərizəsinə, bu barədə DT və XK-nın Abşeron rayon şöbəsinin hazırladığı rəy və digər sənədlər əsasında həmin torpaq sahəsi iddiaçıya satılmışdır. Torpaq sahəsinin alqısatqısına dair xx.xx.2012-ci ildə səlahiyyətli şəxs tərəfindən akt tərtib edilmiş və öhdəlik olaraq 800 azn haqq ödənilməsi həvalə edilmişdir. Həmin pulu Qobu bələdiyyəsinin hesabına ödəmişdir. DT və XK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 448 saylı rəydə göstərilir ki, Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 9 saylı qərarı ilə 800 kv.m torpaq sahəsi qanuna müvafiqdir və DT və XK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüquqinə dair hüqüqi sənəd verilməsinə etiraz etmir. Abşeron rayonu, Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarış verilmiş və torpaq sahəsinin ölçüləri və naturada yeri dəqiq göstərilmişdir. Torpaq sahəsinin qanuni sənədlər arasında verildiyini hesab edərək cavabdeh təşkilata müraciət etsə də torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir, imtinadan məlum olur ki, cavabdeh sözügedən 0.08 ha torpaq sahəsinin verilməsi barədə səlahiyyətli orqanların sənədlərinə şübhə ilə yanaşır və həqiqətə uyğun olmadığı qənaətinə gəlmişdir. Hüquqların dövlət reyestrində qeydə alınmasından müxtəlif bəhanələrlə boyun qaçırırlar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibət bildirməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, izahatında imtinanı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Abşeron rayon Qobu bələdiyyəsinin 25 may 2007-ci il tarixli 03 saylı Qərarı ilə bələdiyyənin prespektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən 0.08 ha torpaq sahəsi İddiaçı Rəfayıl qızına satılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin 25 iyul 2010cu il tarixli 228 saylı rəyində torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmədiklərini bildirmişdirlər. Torpaqların alqı-satqısına dair akt 25 iyul 2010-cu il tarixdə tərtib edilərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsində 1426 nömrə ilə qeydiyyata alınmışdır. Abşeron rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda arxiv fondunda Qobu bələdiyyəsinin 03 saylı qərarlarında xx.xx.2007-ci il tarixli qərarın aşkar edilmədiyi qeyd edilmişdir. Abşeron rayon Qobu bələdiyyəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda 2013-cü ilədək olan torpaq sahəsinin ayrılmasına dair qərarların və digər sənədlərin qorunması və mühafizəsi üçün Abşeron rayon Dövlər Arxiv İdarəsinə göndərildiyi qeyd edilmişdir. Abşeron rayon Qobu bələdiyyəsinin 25 may 2007-ci il tarixli 03 saylı Qərarının, torpaqların alqı-satqı aktının, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin rəyinin, bələdiyyənin yerquruluşu planından çıxarışın əsli iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 24 dekabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, elektron məlumat bazasına əsasən sözügedən torpaq sahəsinə dair X2 adına müraciət olduğu qeyd edilmiş, lakin həmin müraciətlə bağlı heç bir sənəd əsaslar aşkar edilməmişdir. Torpaq sahəsinin müayinə aktı və ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmasını istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, aparılan araşdırma zamanı Qobu bələdiyyəsi tərəfindən 0.08 ha torpaq sahəsi 25 may 2007-ci il tarixdə, 03 nömrəli qərarı ilə ayrıldığı halda, alqı-satqı aktının 25 iyul 2010-cu il tarixində verilməklə alqı-satqı aktının qanunamüvafiq qaydada təsdiq (hüquq sahibinin imzası ilə) olunmadığı, arxiv arayışının hazırkı ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Bundan başqa müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü və ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi müəyyən edilmişdir. Həmçinin sözügedən torpaq sahəsi üzərində başqa şəxsin müraciəti olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Göründüyü kimi torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsi Abşeron rayon Qobu bələdiyyəsinin 25 may 2007-ci il tarixli 03 saylı Qərarı ilə iddiaçıya satılmışdır. Bələdiyyə qərarı hazırda qüvvədədir və mübahisələndirilmir. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Abşeron rayon Qobu bələdiyyəsinin 25 may 2007-ci il tarixli 03 saylı Qərarının arxiv nüsxəsinin aşkar edilməsi mümkün olmasa da, Qərarın və ona əlavə edilmiş sənədlərin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin imtinasını əsaslandırdığı hallar iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinə başqa şəxsin adına müraciət olsa da, həmin müraciətlə bağlı heç bir sənəd əsaslar aşkar edilməmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsinin sənəd üzrə və faktiki koordinat və ölçüləri uyğunluq təşkil edir. Beləliklə, məhkəmə tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hal müəyyən edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı qərarı ilə ayrılmış 0.08 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-2669/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2669/2025
25.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver