Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-267/2020 03.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, X1 katibliyi ilə, İddiaçının, onun nümayəndəsi və vəkili X2 iştrakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “Qusar rayonu, Xürəl Bələdiyyəsinin 02.10.2007-ci il tarixli, 22A nömrəli qərarı ilə ona ayrılmış 17.50 ha torpaq sahəsini özəlləşdirilərək dövlət qeydiyyatına alınmasını və dövlət reyestridən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Qusar rayonu, Xürəl Bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan az yararlı torpaq sahəsindən sahibkarlıq məqsədi ilə 17.50 ha torpaq sahəsinin satılması barədə 02.10.2007–ci il tarixli, 22 a nömrəli qərar Qəbul edilmişdir. Həmin qərar əsasında Xürəl Bələdiyyəsinin torpaqların alqı satqısına dair 05.10.2007-ci il tarixli akt tərtib olunmuşdur. Xürəl Bələdiyyəsindən ona ayrılmış torpaq sahəsinə dair qərar qəbul edilərkən, qanunvericilikdə nəzərdə tutulmuş müvafiq qurumlardan rəylər alınmşıdır. 17.50 ha torpaq sahəsini 9800 manat məbləğində pul ödəməklə Qusar rayonu, Xürəl Bələdiyyəsindən almışdır. Torpaq sahəsi yerində ölçülərək ona təhvil verilmiş, o torpaq sahəsində hazırda texniki işlər görmüş və torpağın təyinatı üzrə istifadəsi üçün ona qulluq göstərmişdir. Hal– hazırda torpaq sahəsini özəlləşdirərək, dövlət qeydiyyatından keçirmək istəyir. O, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması üçün müraciət etsə də, DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin 25.10.2019–cu il tarixli məktubunda ona bildirildi ki, Qusar rayonu, Xürəl bələdiyyəsinin 02.10.2007-ci il tarixli 22 a saylı qərarı ilə sahibkarlıq məqsədi ilə satılmış 17.50 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 6.3-cü maddəsinə əsasən, bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. "Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanunun 11.1 və 15-ci maddələrini əsas göstərək imtina etmişdilər. Hesab edir ki, verilmiş cavab qanunsuz və əsasızdır. Buna görə də mülkiyyət hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, vətəndaş İddiaçı Qusar rayonu, Xürəl kəndi ərazisində yerləşən 17.50 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın hazırlanmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 25.10.2019-cu il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə 25.10.2019-cu il tarixli **********39 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, ərizəyə əlavə olunmuş Qusar rayonu, Xürəl bələdiyyəsinin 02.10.2007-ci il tarixli 22a saylı qərarı ilə sahibkarlıq məqsədilə satılmış 17.50 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3–cü və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.1-ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi–tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3.bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub–olmamasının müəyyən edilməsi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68–ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən. onların planı və ölçüsünün tərtib edilməsindənı torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilənlər nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15–ci maddələrinə əsasən İddiaçı ərizəsinin icrasından əsaslı olaraq imtina olunmuşdur. Bildiririk ki, qeyd olunduğu kimi iddia predmeti olan Qusar rayonu, Xürəl bələdiyyəsinin 02.10.2007-ci il tarixli 22a saylı qərarı ilə sahibkarlıq məqsədilə satılmış 17.50 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. Bununla bağlı icraatda olan iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinın yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini üÇüncü şəxs qismində işə cəlb olunması zəruridir. (Vəsatət əlavə olunur). Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilat və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişlər və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Qusar rayonu, Xürəl Bələdiyyəsinin 02.10.2007-ci il tarixli 22a saylı qərarın notarial qaydada təsdiqlənmiş surəti, 05.10.2007-ci il tarixli, 358 nömrəli torpaqların alqı-satqı müqaviləsinin notarial qaydada surəti, Xürəl Bələdiyyəsinin kassasına ödənilmiş kassa mədaxil qəbzinin notarial qaydada təsdiqlənmiş surəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş rəyin notarial qaydada təsdiqlənmiş surəti, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 25.10.2019-cu il tarixli **********39 saylı imtina məktubu, etirazı, Dominant Konsalting MMC-nin 20.05.2020-ci il tarixli rəyi,Dominant Konsalting MMC-nin 25 may 2020-ci il tarixli A-04/339 saylı məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Qusar rayonu, Xürəl Bələdiyyəsinin 02.10.2007-ci il tarixli 22a saylı qərarı və 05.10.2007-ci il tarixli, 358 nömrəli torpaqların alqı-satqı müqaviləsi əsasında Xürəl bələdiyyəsi ərazisində yerləşən 17.50 hektar torpaq sahəsi iddiaçıya ayrılmış və həmin torpaq sahəsi iddiaçıya satılmışdır. İddiaçı 17.50 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh 25.10.2019-cu il tarixli **********39 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, «Hüquqların dövlət qeydiyyatından imtina»-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15- ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur ki, Xürəl Bələdiyyəsinin 02.10.2007ci il tarixli 22a saylı qərarı və 05.10.2007-ci il tarixli, 358 nömrəli torpaqların alqı-satqı müqaviləsinə əsasən Qusar rayonu Xürəl Bələdiyyəsi ərazisində yerləşən 17.50 hektar torpaq sahəsi İddiaçı satılmışdır. Həmin torpaq sahəsinin Xürəl Bələdiyyəsinin ehtiyyat fondunun torpaq sahəsinə aid olmasına dair DT və XK Qusar rayon şöbəsi tərəfindən müvafiq rəy verilmiş və həmin qurumun yerli şöbəsi tərəfindən yerquruluşu planı təstiq edilmişdir. Qeyd olunan torpaq sahəsinin dəyəri İddiaçı tərəfindən 022819 saylı məxaric qəbzi əsasında ödənilmişdir. Məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Həmin Qanununn 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Göründüyü kimi hazır ki, iş üzrə İddiaçı Qusar rayonu, Xürəl bələdiyyəsinə qarşı qeyd olunan Qanunun etimad prinsiplərinə əsaslanaraq Xürəl bələdiyyəsinə müraciət edərək, torpaq sahələri əldə etmişdir. Nəzərə alınmalıdır ki, İddiaçı torpaq sahəsi ayrılarkən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbəsinin rəyi alınmış və həmin rəyə əsasən qeyd olunan torpaq sahəsi Xüral bələdiyyəsinin ehtiyyat fonduna aid olması müəyyən edilmişdir. Zaman etibarı ilə qeyd olunan vaxt torpaq sahələrinin kateqoriyasının, normativ qiymətinin müəyyən edilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Hal hazırda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi olan ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı ərazi idarəsi hüquqi sələfi olmuş DTXK-nin verdiyi rəyi inkar edir.Bu isə “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.5-ci maddəsinə ziddir. Məhkəmə tərəfindən torpaq sahəsinin kateqoriyasının müəyyən edilməsi istiqamətində müvafiq mütəxəssis rəyi alınmış, lakin həmin rəyə əsasən qeyd olunan torpaq sahəsinin kateqoriyasını müəyyən etmək mümkün olmamışdır. Belə olduğu tədqirdə İnzibati İcraat haqqında qanunun 19-cu maddəsində göstərilən mötəbərlik prinsipinə riayət olunmalıdır. Belə ki, həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cu il 10 avqust tarixli, 113 nömrəli Fərmanının 4.2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsində nəzərdə tutulmuş “qeydiyyat orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həyata keçirir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 13.11-ci maddəsinə əsasən Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Torpaq mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi həmin dövrdə qüvvədə olmuş 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanla təsdiq edilmiş eyniadlı Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4, 10, 11-ci bəndlərinə görə, torpağa mülkiyyət və daimi istifadə hüquqlarına dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerqurluşu Lahiyə İnstitunun arxivində müddətsiz olaraq saxlanır. Dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilir. Qeydiyyat kitabında qeydə almanın rayon (şəhər) torpaq şöbələri həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.2-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Göründüyü kimi, torpaq üzərində hüquqlara dair Dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keşmiş DTXK tərəfindən aparılmışdır. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DwJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir. Məhkəmə hesab edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Qusar rayonu Xürəl Bələdiyyəsinin 02.10.2007-ci il tarixli 22a saylı qərarı və 05.10.2007-ci il tarixli, 358 nömrəli torpaqların alqı-satqı müqaviləsinə əsasən Qusar rayonu Xürəl Bələdiyyəsi ərazisində yerləşən 17.50 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair İddiaçı adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-267/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-267/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver