Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-267/2023 20.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “iddiaçıya 01 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair iddia ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia qaldıraraq “iddiaçıya 60 yaşına çatdığına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “iddiaçıya 01 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il tarixdə Quba rayon Amsar kəndində anadan olmuşdur. O, xx.xx.1979-cu il tarixdə Quba elektrotexnika zavoduna işə qəbul edilərək, əmək fəaliyyətinə başlamışdır. xx.xx.1981-ci il tarixdə hərbi xidmətə çağrıldığı üçün işdən azad olunmuşdur. xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi keçmiş Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra keçmiş X1 Muxtar dairəsində qalaraq, xx.xx.1983-cü il tarixdə "Yuqansknefteqaz" istehsalat birliyinin 2 saylı Nefteyuqansk qazma işləri idarəsində neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazmacasının 3-cü dərəcə üzrə qazmaçı köməkçisi qismində əmək faəliyyətini davam etdirməyə başlamışdır və xx.xx.1992-ci il tarixdə həmin işdən azad olunmuşdur. xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi "Yugansknefteqaz" İB və 6-cı dərəcəli qazmaçı vəzifəsində işləyərək, xx.xx.1992-ci il tarixdə həmin işdən azad olunmuşdur. 22 may 1992-ci il tarixdən Pit-Yax şəhəri idə yerləşən ''Yuqansknefteqaz" İB-nin "Mamontneft" neftqazmaçıxarma idarəsində quyuların yeraltı təmiri üzrə operator kimi işə qəbul olunaraq, 30 aprel 2002-ci il tarixə kimi təşkilatda işləmişdir. 01 may 2002-ci il tarixindən 08 dekabr 2007-ci il tarixinədək Tyumin vilayətində Xanti-Maktinski Muxtar dairəsinin Pıt-Yax şəhərində "xxxx" URS MMC müəssisəsində işləmişdir. O, xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi ilə mağazaya satıcı qəbul olunmuşdur və hər ay DSMF-nin Quba rayon Şöbəsinə sosial ödənişlər etmişdir və yeraltı işlərdə işlədiyi, 60 yaşa çatdığı, 25 ildən artıq sığorta stajı və bu müddətin 15 ilə yaxın hissəsini həmin işlərdə çalışdığı üçün onun əmək şəraitinə görə əmək pensiyası almaq hüququ yarandığı üçün o, cavabdeh təşkilata müraciət etmişdir və cavabdeh özünün xx.xx.2022ci il tarixli məktubu ilə ona güzəştli şərtlərlə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, cavabdehin bu hərəkəti tamamilə əsassız və qanunsuz olmaqla, onun hüquqlarının pozulmasına əsas olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə” qərarında aşağıdakı qeyd edilən xüsusiyyətlər əsasında vətəndaşa imtina cavabı verilmişdir: 1.İddiaçı filiala təqdim etdiyi xx.xx.1962 ci il tarixli klT-l ******* nömrəli əmək kitabçasının surətində xx.xx.1997-xx.xx.2007 ci il tarixləri arasındakı dövr ərzində Rusiya Federasiyasında işlədiyi qeyd olunmuşdur. 2.Eyni zamanda İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 57600.00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24738.50 manat təşkil edir. “Əmək pensiyaları haqqında” AR Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olması üçün normanın məzmununda göstərilmiş şərtlər mövcud olmalıdır: 1.Sığortaolunanlar qanunla tələb edilən yaş həddinə çatdıqda (kişilər 60 yaş, qadınlar 55 yaş); 2.Sığortaolunanlar qanunla tələb edilən ümumi sosial sığorta stajına malik olduqda (kişilər 25 il, qadınlar 20 il); 3.Sığortaolunanlar qanunla tələb edilən güzəştli sosial sığorta stajına malik olduqda (kişilər 12 il 6 ay, qadınlar 10 il); 4.Sığortaolunanların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. İşin mübahisələndirilən halı iki hissədən ibarətdir: - İddiaçı ümumi sosial sığorta stajı; - İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarına 2 nömrəli əlavə ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Neft-qaz və qaz kondensatının hasilatı bəndində ‘‘quyuların yeraltı təmiri üzrə operatorlar’’ peşəsi nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10-cu bəndinin “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” nın 2-ci hissəsində “quyuların yeraltı təmiri üzrə operatorlar” peşəsi nəzərdə tutulmuşdur. İddiaçı İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının surəti, “Yuqanskneftqaz” istehsalat birliyinin və "xxxx" MMC-nin arayışından görünür ki, iddiaçının işlədiyi vəzifələr göstərilmiş lakin iddiaçının işlədiyi müəssisə tərəfindən işin . xarakteri haqqında arayış verilməsinə baxmayaraq, həmin arayışda AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıya istinad edilməmişdir. Belə ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat İşin mübahisələndirilən ikinci halı iiə bağlı qeyd edilməlidir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına irnkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 57600.00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24738.50 manat təşkil edir. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı “Əmək pensiyaları haqqında” AR Qanunun 9.1-ci maddəsinin tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı tarixdə qanunla ona əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il ümumi sosial sığorta stajına və fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. - İddiaçı məxsus НЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, o, 05 may 1981-ci ildən 1 iyul 1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus ИТ-İ ******* saylı, xx.xx.1981-ci il tarixdə qeydə alınmış əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək, xx.xx.1983-cü ildən xx.xx.1991-ci ilədək, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək, xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilədək, xx.xx.2002-ci ildən xx.xx.2007-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Rusiya Federasiyası Tumen Vilayəti Nefteyuqans şəhər arxivi tərəfindən verilmiş 11 dekabr 2007-ci il tarixli, M-327 və M-327/1 saylı arxiv arayışlarından tərcümələrdə qeyd edilmişdir ki, İddiaçı xx.xx.1983-cü il tarixindən etibarən tam iş günü, tam iş həftəsi ərzində “Yuqansknefteqaz” istehsalat birliyinin 2 saylı Nefteyuqansk qazma işləri idarəsində neft və qaz üzrə istismar və kəşfiyyat quyularının üçüncü dərəcə üzrə qazmaçı köməkçisi qismində işləmişdir, xx.xx.1986-cı il tarixdə neft və qaz üzrə istismar və kəşfiyyat qruplarının dördüncü dərəcə üzrə qazmaçı köməkçisi işləmişdir, xx.xx.1991ci il tarixdə işdən azad edilmişdir, 27.021991-ci il tarixindən etibarən tam iş günü, tam iş həftəsi ərzində “Yuqansknefteqaz” istehsalat birliyinin 2 saylı Nefteyuqansk qazma işləri idarəsində neft və qaz üzrə istismar və kəşfiyyat quyularının altıncı dərəcəli qazmaçısı işləmişdir, xx.xx.1992-ci il tarixdə işdən çıxarılaraq işdən azad edilmişdir. - Xantı-Mansiysk Muxat İdarəsində Nümayəndəlik tərəfindən verilmiş 29/04-M-448 saylı, xx.xx.2007-ci il tarixli “Güzəştli pensiya təyin etmək üçün lazım olan işin və ya əmək şəraitinin xüsusi xarakterini dəqiqləşdirən” arayışın tərcüməsində qeyd edilmişdir ki, İddiaçı 22 may 1992-ci il tarixindən etibarən Pıt-Yax şəhərində yerləşən “Yuqansknefteqaz” istehsalat birliyinin “Mamontneft” Neftçıxarma İdarəsində quyuların yeraltı təmiri üzrə operator kimi işləmişdir, 30 aprel 2002-ci ildə işdən çıxarılmışdır. - Məhkəməyə sorğu əsasında cavabdeh orqan tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş 12/02/01/02-02-11-M-20 saylı, xx.xx.2023-cü il tarixli arayışın notarial tərcüməsində qeyd edilmişdir ki, iddiaçı Pıt-yax şəhərində yerləşən, SSRİ Neft və Qaz Sənayesi Nazirliyinin X2 ordenli “Yuqansknefteqaz” İstehsalat Birliyinin “Mamontovneft” Neft-Qaz çıxarma İdarəsində xx.xx.1992-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək “quyuların yeraltı təmiri operatoru” vəzifəsində işləmişdir, həmin illər üçün əmək haqqı almışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının iddiaçıya ünvanladığı 28 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsindən imtina edilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərtləri təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, həm də əsaslı iddiadır. İş materilları ilə müəyyən edilir ki, iddiaçı ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdehin 28 yanvar 2022-ci il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinasının əsası kimi iddiaçının əmək kitabçasında qeyd edilmiş Rusiya Federasiyasında işlədiyi xx.xx.1997-ci ildən xx.xx.2007-ci il tarixədək olan dövrün onun iş stajına daxil olmamasını və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmasını qeyd etmişdir. Göründüyü kimi inzibati iş üzrə mübahisə iddiaçının zəruri olan ümumi və güzəştli iş stajı, həmçinin pensiya kapitalı ilə bağlıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idiyaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); Hazırda qüvvədə olan qanunvericiliyə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud olmalıdır: yaş; iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Hazırki işdə iş materiallarına əlavə olunmuş əmək kitabçasından görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün xx.xx.2022-ci ilədək 25 ildən artıq ümumi (05 may 1981-ci ildən 1 iyul 1983-cü ilədək, xx.xx.1979-cu ildən xx.xx.1981ci ilədək, xx.xx.1983-cü ildən xx.xx.1991-ci ilədək, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək, xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilədək, xx.xx.2002-ci ildən xx.xx.2007-ci ilədək) iş stajı vardır. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasından, Rusiya Federasiyası Tumen Vilayəti Nefteyuqans şəhər arxivi tərəfindən verilmiş 11 dekabr 2007-ci il tarixli, M-327 və M-327/1 saylı arxiv arayışlarından, Xantı-Mansiysk Muxat İdarəsində Nümayəndəlik tərəfindən verilmiş 29/04-M-448 saylı, xx.xx.2007-ci il tarixli “Güzəştli pensiya təyin etmək üçün lazım olan işin və ya əmək şəraitinin xüsusi xarakterini dəqiqləşdirən” arayışdan, "xxxx" MMC tərəfindən təqdim edilmiş 12/02/01/02-02-11-M-20 saylı, xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, iddiaçının öz təsdiqini tapan 12 il 06 aydan artıq güzəştli şərtlərlə (xx.xx.1983-cü ildən xx.xx.1991-ci ilədək, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək, xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilədək) pensiya hüququ verən stajı vardır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya məxsus yuxarıda qeyd olunan ümumi və güzəştli iş stajının qəbul edilməməsinin əsası kimi onun Rusiya Federasiyasında işləməsi qeyd edilmişdir. Məhkəmə qeyd olunan halın araşdırılması üçün cavabdeh orqana aidiyyatı üzrə sorğular ünvanlayaraq, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında vətəndaşların pensiya təminatı ilə bağlı müqavilə və ya razılıq olub-olmaması ilə bağlı ətraflı məlumatın məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Cavabdeh orqan məhkəmə sorğusuna ünvanladığı 25 may 2023-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə”nin 12-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Müqavilənin tətbiqi üçün sılahiyyətli orqanlar onun tətbiqinə dair İnzibati Saziş imzalamalıdırlar. Müqavilə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasında, xx.xx.2023-cü il tarixində isə Rusiya Federasiyasında ratifikasiya edilmiş olsa da, İnzibati Sazişin imzalanması bu günədək təmin edilməmişdir. Lakin məhkəmə hesab edir ki, cavabdeh orqanın qeyd olunan arqumenti tam əsassızdır. Belə ki, 26 aprel 2022-ci il tarixli “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə”nin birinci maddəsinə əsasən, Bu Müqavilə aşağıdakılara dair hər iki Razılığa gələn Tərəfin pensiya təminatı haqqında qanunvericiliyi ilə tənzimlənən münasibətlərə şamil edilir: 1) Azərbaycan Respublikasında: yaşa görə əmək pensiyasına, əlilliyə görə əmək pensiyasına, ailə başçısını itirməyə görə əmək pensiyasına, habelə bu pensiyalara əlavələrə; 2) Rusiya Federasiyasında: bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, qocalığa görə sığorta pensiyasına, əlilliyə görə sığorta pensiyasına, ailə başçısını itirməyə görə sığorta pensiyasına, həmçinin sığorta pensiyasına sabit ödənişə, sığorta pensiyasına sabit ödənişin qaldırılması və (və ya) artırılmasına və sığorta pensiyasına əlavəyə; yığım pensiyası və pensiya yığımının hesabına digər ödənişlərə; sosial pensiyalara; pensiyaya sosial (federal və ya regional) əlavəyə. Müqavilənin birinci maddəsinin ikinci bəndinə görə Bu Müqavilə bu maddənin 1-ci bəndində göstərilən pul ödənişlərinin təmin edilməsi üçün sığorta haqlarının ödənilməsi ilə bağlı Razılığa gələn Tərəflərin qanunvericiliyi ilə tənzimlənən münasibətlərə şamil olunur. Birinci maddənin üçüncü bəndinə əsasən bu Müqavilə bu maddənin 4-cü bəndində nəzərdə tutulan hallar istisna olmaqla, bu maddənin 1-ci bəndində qeyd edilən müddəaları dəyişdirən və ya tamamlayan pensiya təminatı haqqında qanunvericiliklə tənzimlənən münasibətlərə də şamil olunur. Birinci maddənin dördüncü bəndinə görə razılığa gələn Tərəflər başqa hal barədə razılığa gəlməmişdirlərsə, bu Müqavilə əhatə olunan şəxslərin dairəsinin genişləndirilməsi, habelə yeni pensiya təminatı növlərinin müəyyənləşdirilməsi baxımından bu maddənin 1-ci bəndində göstərilən halları dəyişdirən və ya tamamlayan qanunvericiliklə tənzimlənən münasibətlərə şamil olunmur. Müqavilənin dördüncü maddəsinə görə bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Razılığa gələn Tərəflərdən birinin pensiya təminatı sahəsində qanunvericiliyinin tətbiqi zamanı digər Razılığa gələn Tərəfin vətəndaşları birinci Razılığa gələn Tərəfin vətəndaşları ilə bərabər hüquqlara malikdir və bərabər öhdəliklər daşıyırlar. Müqavilənin 20-ci maddəsinə əsasən:
1. Bu Müqavilə ratifikasiya edilməlidir.
2. Bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir.
3. Razılığa gələn Tərəflər bu Müqavilənin mətninə onun ayrılmaz hissəsi olan dəyişikliklər edə bilərlər. Bu Müqaviləyə dəyişikliklərin edilməsi Razılığa gələn Tərəflərin bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəalarına uyğun qüvvəyə minən müvafiq protokolları imzalaması yolu ilə həyata keçirilir.
4. Razılığa gələn Tərəflər bu Müqavilənin imzalanması ilə əlaqədar olaraq 5 noyabr 1999-cu il tarixində Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişin iştirakçısı olmamaq niyyətini ifadə edir. Göründüyü kimi cavabdehin istinad etdiyi müqavilə artıq qüvvəyə mindiyindən, onun iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassız olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı 01 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı 01 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva