Məhkəmə qərarları › İş №2-1(118)-2673/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2673/2022

19.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2673/2022 19.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan) Cavabdehin nümayəndəsi X2 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində Hüquq şöbəsinin müdiri işləyən) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Tramvay parkı ərazisi 13 ünvanında yerləşən və üzərində iddiaçının mülkiyyət hüquqlarrının qeydə alındığı fərdi yaşayış evinin yerləşdiyi 600 kv m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Tramvay parkı ərazisi 13 ünvanında yerləşən və üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alındığı fərdi yşayış evinin yerləşdiyi 600 kv m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə 1988-ci ildə Ermənistan Respublikasının Sisiyan rayonundan qaçqın düşməklə Sumqayıt Kompressorlar zavodunun ərazisində gecəqonduda məskunlaşmışdır. Ailənin mənzil-məişət şəraitinin ağır olması ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə müraciət etmiş, onların mənzil-məişət vəziyyətimiz araşdırılmış və həqiqətən də vəziyyətinin ağır olması nəzərə alınaraq Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi sədrinin müraciəti əsasında “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının icrasına uyğun olaraq torpaq sahəsinin ayrılması barədə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edilmiş və Sumqayıt şəhər İcra Hakimiyyətinin 115 saylı xx.xx.2002-ci il tarixli sərəncamına əsasən Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Tramvay parkı ilə S.Vurğun küçəsi arasındakı ərazidən 600 kv m torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün ayrılmışdır. Ayrılan ərazidə dövlət vəsaiti hesabına fərdi yaşayış evi inşa edilməklə onun və ailə üzvlərinin istifadəsinə verilmiş və həmin ünvana qeydiyyata alınmışdır. O, 20 il bundan qabaq qanuni əsaslarla mənə ayrılmış, istifadəsində olan bu torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adıma çıxarışın verilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixdə imtina məktubu vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, iddiaçı X5 müraciəti əsasında sənədlərin araşdırılması zamanı müəyyən çatışmazlıqlar aşkar olunmuşdur. Belə ki, ərizəyə əlavə olunmuş Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 20.05,2002-ci il tarixli, 115 saylı torpaq sahəsinin ayrılması barədə sərəncamı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün əsas deyildir.Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka baxış keçirilən zaman əldə olunan məlumatların yoxlanılması zamanı faktiki torpaq sahəsinin yerləşmə mövqeyi və konfiqurasiyası ərizəyə əlavə olunmuş mövqe sxeminə uyğun deyildir. İş materiallarında olan: - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 115 saylı sərəncamından görünür ki, X4 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Tramvay parkı ilə S.Vurğun küçəsi arasındakı ərazidən 600 kv m torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün ayrılmışdır. -Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyatı İdarəsinin 9009 invertar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Tramvay parkı ərazisində 3 otaqlı 45.75 kv m sahəsi olan ev X3 adına qeydə alınmışdır. -Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma idarəsinin 16. 05.2002-ci il tarixli rəyindən görünür ki, idarə X4 600 kv m torpaq sahəsinin ayırlmasına etiraz etmir. -xx.xx.2002-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri,Kotec qəsəbəsi,Tramvay parkı ərazisində 600 kv.m torpaq sahəsi X4 təhvil verilmişdir. -xx.xx.2003-cü il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, həmin sənəd X3 mülkiyyətində olan Sumqayıt şəhəri,Kotec qəsəbəsi, Tramvay parkı ərazisində yeləşən evi barəsindədir. - İİ – СЛ № 492505 seriyalı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X1 Turab Məhəmməd oğlu ilə nikaha daxil olmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işüzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması barədə) müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Göstərilən Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya mübahiəsi gedən torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli 115 saylı sərəncamı əsasında ayrılmışdır. Həmin torpaq sahəsi üzərində tikilən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydə alınmışdır. Lakin bu gal da torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədləri Siyahısı”:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Hazırki iş üzrə torpaq sahəsi 2002-ci ildə ayrıldığından və fərdi yaşayış evi də həmin tarixdən sonra inşa edildiyindən bu norma hazırki mübahisəyə tətbiq edilə bilməz. Məhkəmə qeyd edir ki, 1999-cu ildə qüvvəyə minmiş Azətbaycan Respublikası Torpaq Məcəlləsinin müddəalarına görə yerli icra hakimiyyəti orqanları tərəfindən vətəndaşa həyətyanı torpaq sahəsinin ayrılması səlahiyyəti nəzərdə tutulmamışdır. Bu səlahiyyət yalnız bələdiyyələrə verilmişdir. Məhkəmə hesab edir ki, torpaq sahəsi üzərində hüququmüəyyənedici sənəd kimi təqdim edilən yerli icra hakimiyyəti orqanının sərəncamı qanunvericiliyin tələblərinə zidd verildiyindən mülkiyyət hüququnun qeydə alınması üçün əsas deyildir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin qanuni əsasları müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.

Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar