Məhkəmə qərarları › İş №2-1(118)-2676/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2676/2022

10.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2676/2022 10.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan) Cavabdehin nümayəndəsi Nümayəndə (DSMF puiblik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının baş mütəxəssisi işləyən) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzşətli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin müddət üçün alınmamış əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək qarşı ona 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzşətli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin müddət üçün alınmamış əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. 1977-ci il tarixdən hal-hazıradək olan müddət üçün ümumilikdə 25 ildən artıq sosial sığorta stajına malikdir. Bu müddətdən 13 ildən artıq hissəsini güzəştli şərtlərlə pensiya hüququ verən əmək şəraitində işləmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Qeyd olunan idarə tərəfindən ona ünvanlanmış 20 iyun 2022- ci il tarixli cavab məktubunda göstərilmişdir ki, ümumi iş stajının 25 ildən az (22 il 5 ay 5 gün), güzəştli iş stajının isə 12 il 6 aydan az (7 il 6 ay 19 gün) təşkil etdiyinə və pensiya kapitalının kifayət qədər olmadığına görə onun müraciətinin təmin olunmasından imtina edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı məxsus əmək kitabçasında qeyd olunan Gürcüstanda işlədiyi xx.xx.1992-ci il tarixədək dövrlər sığorta stajına daxil edilmişdir. Təqdim olunmuş sənədlərə əsasən İddiaçı ümumi iş stajı 25 ildənaz, cəmi 22 il 5 ay 5 gün təşkil etdiyini, (xx.xx.1977-xx.xx.1977-ci il, xx.xx.1978-xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər) və xx.xx.2006-cı ildən hazırki tarixədək 8 il 9 ay)), güzəştli iş stajı isə 12 il 6 aydan az ((7 il 6 ay 19 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1989-cu il tarixləri arasındakı dövrlər)) təşkil etmişdir. Digər tərəfdən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün digər şərt tələb olunan pensiya kapitalının tamamlanmasıdır. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 39360,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 25664,54 manat təşkil edir.Məhz buna görə də Y. İ. Talıbova qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İş materiallarında olan : -AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki,İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. -İddiaçının adına açılmış ЗТ-№ ******* seriyalı əmək kitabçasından görünür ki, xx.xx.1978ci il Tbilisi Dəmir yol texnikumunu bitirmiş, xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1977-xx.xx.1977-ci illərdə PR-9 Tbilisi узловая КВ dəmir yolunda, xx.xx.1978-xx.xx.1978–ci illərdə PR-9 Tbilisi узловая КВ, xx.xx.1980-xx.xx.1982-ci illərdə Rustaveli Metallurgiya zavodunda, xx.xx.1983-xx.xx.1983-cü illərdə Tbilisi СMУ ИЗДЕЛИЯ, xx.xx.1983-xx.xx.1983-cü illərdə 2 nömrəli Mexanika İdrəsində, xx.xx.1983xx.xx.1988-ci illərdə Rustaveli Metallurgiya zavodunda,xx.xx.1988-xx.xx.1989-cu illərdə Mexanizasiya və Nəqliyyat İdarəsində,xx.xx.1989-xx.xx.1991-ci illərdə SMU-9 trestində, xx.xx.1991-xx.xx.1992-ci illərdə Rustavi 9 nömrəli Trestində, xx.xx.2009-xx.xx.2018-ci illərdə "xxxx" ASC-də, xx.xx.2018-xx.xx.2018-ci illərdə "xxxx" MMC-də, xx.xx.2018 xx.xx.2022-ci illərdə "xxxx" ASC-də işləmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, Qanunun tələbindən göründüyü kimi şəxsə 60 yaşdan əmək pensiyasının təyin edilməsi üçün azı 25 il ümumi, 12 il 6 ay xüsusi stajın və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının mövcud olması tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının təhsil, hərbi xidmət və işlədiyi dövrlərin hamısı nəzərə alınmaqla ümumi iş stajı 26 il 10 ay 5 gün təşkil edir. Lakin onun xüsusi iş stajı 12 il 6 aya qarşı cəmi 7 il 6 ay 19 gün təşkil edir ki, bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istisna edir. Belə ki, iddiaçıının əmək kitabçasında sadalanan peşələrdən yalnız onun xx.xx.1980-xx.xx.1982-ci illərdə Rustavi Metallurqiya zavodunda işlədiyi yol montyoru və xx.xx.1983-cü ildən xx.xx.1989-cu il tarixədək kran maşinisti işlədiyi peşələr güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün əsas verən peşələrə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 2-ci bəndinə əsasən “Metallurqiya” sahəsində metallurgiya istehsalatının kran maşinistləri və magistrala çıxan yollarda məşğul olan yol montyorları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən pe.ələrə aid edilmişdir. İddiaçının əmək kitabçasında göstərilən digər peşələr həmin Siyahıda nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, iddiaçı xüsusi (güzəştli) iş stajı ilə bağlı tələbi ödəməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Qanunun pensiya kapitalı ilə bağlı tələbinin yoxlanılmasına artıq zərurət qalmır. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzşətli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin müddət üçün alınmamış əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar