Məhkəmə qərarları › İş №2-1(118)-268/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-268/2021

19.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-268/2021 19.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi ilə, İddiaçı ( işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X1 (AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında aparıcı mütəxəssis işləyən, ünvan 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi filialına qarşı xx.xx.1987-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Qubadlı rayon Xanlıq kənd 35/10 KV yarımstansiyada dispetçer vəzifəsində işlədiyi müddətin sosial siğorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon şöbəsinə qarşı iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Qubadlı rayon Xanlıq kənd 35/10 KV Yarım Stansiyada dispetçer vəzifəsində işlədiyi müddətin sosial siğorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon şöbəsinin prosessual hüquq varisi kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialını cəlb etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1987-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Qubadlı rayon Xanlıq kənd 35/10 KV Yarım Stansiyada dispetçer vəzifəsində işlədiyi müddətin sosial siğorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon şöbəsinə ərizə ilə müraciət edərək ona əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqanı tərəfindən ona İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina edilmiş və bildirilmişdir ki, ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 13 il 08 ay sosial sığorta stajı və 19680.00 manat pensiya kapitalı tələb olunur. İddiaçının xx.xx.1987-xx.xx.2001-ci illərdə işlədiyi Qubadlı elektrik şəbəkəsi fəaliyyət göstərmədiyindən və sənədlərini Qubadlı rayon Dövlət Arxivinə təhvil verilmədiyindən həmin dövrlərin sosial sığorta stajı kimi hesablanması qanunvericiliklə mümkün deyildir. Təqdim olunan sənədlərə əsasən isə onun xx.xx.2006- cı il tarixədək 05 il 01 ay 15 gün sosial sığorta stajı və 01.01 2006-cı il tarixdən sonra 08 il 04 ay sosial sığorta stajı və 7716,15 manat pensiya kapitalı toplanmışdır. Cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etmədi və izah etdi ki, iddiaçının xx.xx.1987-ci il tarixindən xx.xx.2001-ci tarixədək Qubadlı rayon Xanlıq kənd 35/10 KV yarımstansiyada işləməsi faktı əmək kitabçasındakı qeydlərə görə əsaslı hesab edilə bilməz. Təqdim olunmuş iş materiallarına baxılarkən əmək kitabçasının saxta olduğu faktı açıq-aşkar aşağıdakı sübutlar əsasında öz təsdiqini tapır. Əmək kitabçasındakı kitabçanın doldurulma tarixi xx xxxx 1997-ci il tarixində qeyd edilsə də, əmək kitabçasının yuxarı hissəsində SSRİyə məxsus dövlət gerbi əks olunmuşdur. Azərbaycan Respublikasının müstəqillik dövründə doldurulan əmək kitabçasının SSRİ-yə məxsus olan əmək kitabçası formasında doldurulması mümkün deyildir, çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə əmək kitabçasının forması təsdiq edilmişdir. 1997-ci ildə doldurulan əmək kitabçaları Azərbaycan Respublikasının dövlət gerbi nişanlı əmək kitabçalarında doldurulurdu. Bundan başqa Nazirlər Kabinetinin göstərilən Qərarının 1.2-ci maddəsinə görə əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. İddiaçının əmək kitabçasındakı qeydə əsasən, Qubadlı rayon Xanlıq kənd 35/10 KV Yarım Stansiyada dispetçer vəzifəsinə qəbul üçün əmri xx.xx.1993-də verilmiş, lakin Qubadlı rayonu xx xxxxxx 1993-cü ildə işğal olunmuşdur. Buna görə də İddiaçı işğal altındakı rayonda həm işə qəbul olunması əmrinin verilməsi və əmək kitabçasının açılması, həm də orada 2001-ci ilə qədər əmək fəaliyyəti ilə məşğul olması qeyrimümkündür. Əmək kitabçasında iddiaçının işə daxil olma tarixi xx.xx.1987-ci il tarixi yazılsa da, işə daxil olma əmrinin verilmə tarixi xx.xx.1993-cü il tarixi yazılmışdır, işə daxil olma müddəti ilə əmrin verilmə tarixi arasındakı ziddiyyətə görə əmək kitabçasındakı həmin qeydin doğruluğu faktı aradan qalxır. Əmək kitabçasında xx.xx.2001-cı ildə vətəndaşın işdən azad edilmə qeydləri “kiril” əlifbası ilə yazılsa da, qeydin üzərinə vurulmuş möhürdəki yazılar “latın” qrafikalı əlifba ilə əks olunmuşdur. Bu cür ziddiyyətlər əmək kitabçasının sonradan tərtib olunma faktını üzə çıxardır. İddiaçının həqiqətən də işləməsi faktı əmək kitabçasındakı qeydlərlə mümkün olmadığından hüquqi fakt olaraq həqiqətən də işlədiyi təsdiq edilməlidir. Cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan : - AZE ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. - Qubadlı rayon İcra Hakimiyyətinin başçısının Xanlıq kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10-17/193 saylı xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1987-xx.xx.2001-ci illərdə Qubadlı rayon Xanlıq kənd 35/10 KV Yarımstansiyasında dispetçer vəzifəsində işləmişdir. -ИТ-İ № ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1987-xx.xx.2001-ci illərdə X2 dispetçer vəzifəsində çalışmışdır. - “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli 02-05-H-84/1/780 saylı məktubundan görünür ki, Qubadlı rayon X4 “xxxx” ASC-nin tabeçiliyndə olmuş, kadrlara dair əmrlər rayon X4 tərəfindən verilmişdir. Qubadlı rayonunun işğalı zamanı həmin məlumatlar işğal zonasında qalmış və Qubadlı REŞ-in kadr əmrləri “xxxx” ASC-də yoxdur. -AR ƏƏSMN tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi filialının xx.xx.2020-ci il tarixli **********3 saylı imtina məktubundan görünür ki, İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 13 il 08 ay sosial siğorta stajı və 19680.00 manat pensiya kapitalı tələb olunur, həmçinin onun xx.xx.1987-xx.xx.2001-ci illərdə işlədiyi Qubadlı elektrik şəbəkəsi fəaliyyət göstərmədiyindən və sənədlərini qubadlı rayon Dövlət Arxivinə təhvil vermədiyindən həmin dövrlərin sosial siğorta stajı kimi hesablanması qanunvericiliklə mümkün deyildir. Təqdim olunan sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək 05 il 01 ay 15 gün sosial siğorta stajı və xx.xx.2006-cı il tarixdən sonra 08 il 04 ay sosial siğorta stajı və 7716,15 manat pensiya kapitalı toplanmışdır, tələb olunan sosial siğorta stajı və pensiya kapitalı toplanmadığı üçün əlilliyə görə əmək pensiyasının təyin olunması qanunvericiliklə mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xx-xx-1808 cavab məktubundan görünür ki, Qubadlı rayonunun işğalı zamanı Qubadlı REŞ-in sənədləri işğal zonasında qalmış və “xxxx” ASC-də qeyd olunan sorğu ilə bağlı sənədlər yoxdur. Qubadlı REŞ-ə aid yeni sənədlərin müəyyən hissəsi “xxxx” ASC-də olmuş, lakin enerji təchizatına aid olan aktiv və passivlərin bir hüquqi şəxsdən digərinə təhvil-təslim işləri zamanı itirilmişdir. İddiaçı müraciətinə arxivdən məlumatları tapmaq mümkün olmadığı üçün əmək kitabçası əsasında cavab verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Qubadlı rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 6 saylı cavab məktubundan görünür ki, rayonun işğalı ilə əlaqədar olaraq Qubadlı rayon Xanlıq kənd 35/10 KV Yarımstansiya (Qubadlı REŞ) müəssisəsinin arxiv materialları Qubadlı rayon X7 Mühafizəsinə heç bir sənəd təhvil verilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçının adına xx xxxx 1997-ci ildə açılmış əmək kitabçasından görünür ki, ilk titul vərəqinə Qubadlı rayon Elektrik Şəbəkəsinin möhürü vurulmuşdur. Məhkəmə qeyd edir ki, əmək kitabçasında iddiaçının xx.xx.1987-ci ildə işə qəbil edilməsi qeyd edilsə də, bu barədə əmrin tarixi xx.xx.1993-cü il kimi göstərilmiş, kitabça özü isə yalnız 1997-ci ildə açılmışdır. Bundan başqa işdən azad edilməsi barədə qeyd xx.xx.2001-ci il tarixə aid edilsə də, əmrin tarixi xx.xx.2001-ci il kimi qeyd edilmişdir. Həmin qeyd kiril əlifbası ilə yazılmasına baxmayaraq qeydin və işə qəbul olunması barədə qeydin üzərinə vurulmuş möhürdəki yazılar latın qrafikalı əlifba ilə əks olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.11-ci maddəsinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə də təsdiq edilir. Əmək kitabçasındakı ilk qeyddən görünür ki, o, xx xxx 1987-ci ildə Qubadlı rayon Elektrik Şəbəkəsinə dispetçer xidmətinə elektrik montyoru vəzifəsinə qəbul edilmişdir. Yuxarıda göstərilən Qaydaların 3.2-ci maddəsinin tələbinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Beləliklə, yuxarıda sadalanan halları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Qubadlı rayon Elektrik Şəbəkəsində işləməsinə dair əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyi iş materialları ilə sübuta yetirilmir. Məhkəmə hesab edir ki, bu ziddiyyətin yoxlanılması üçün iddiaçının işə qəbul edilməsi, işdən azad edilməsi, əmək haqqı cədvəlləri və s.mötəbər sübutların təqdim edilməsi zəruri olmuşdur. Lakin iddiaçının işlədiyi idarənin fəaliyyət göstərməməsi, həmin idarənin sənədlərinin arxivə təhvil verilməməsi araşdırmanı imkansız etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hesab edir ki, əmək kitabçasında aparılan qeydlər və təqdim edilmiş şahid ifadələri sözügedən müddətin sosial sığorta stajına daxil edilməsi üçün kifayət etmədiyindən iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar