Məhkəmə qərarları › İş №2-1(118)-268/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-268/2024

29.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-268/2024 29.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı cavabdehin xx.xx.2022-ci il tarixli **********0 saylı qərarının ləğv edilməsi, xx.xx.1974-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Qubadlı rayon Çaytumas kənd orta məktəbində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək əmək pensiyasının xx.xx.2017-ci il tarixdən təyin edilməsi, xx.xx.2017-ci ildən xx.xx.2019-cu il tarixədək ödənilməmiş əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiyası hesablanarkən xx.xx.1977-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək 16 illik Qubadlı rayonu, Çaytumas kənd orta məktəbində əmək və rəsmxətt müəllimi kimi fəaliyyət göstərdiyi dövrün nəzərə alınması, xx.xx.1993-cü il tarixindən 2022-ci il tarixinədək 28 il 4 ay Qubadlı rayonu, Çaytumas kənd orta məktəbində sinif müəllimi kimi fəaliyyət göstərdiyi dövrü ümumi əmək fəaliyyətinin müddəti kimi hesaba alınması, imtina məktubunun ləğv edilməsi, pensiya kapitalının, sığorta stajının düzgün hesablanması və illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar sonuncu aldığı ən yüksək pensiya məbləğinə uyğun olaraq, pensiyasının 598 manatdan az olmayaraq ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir sonuncu ərizəsində məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli **********0 saylı qərarının ləğv edilməsi, xx.xx.1974-cü il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək əmək pensiyasının xx.xx.2017-ci il tarixdən təyin edilməsi, xx.xx.2017-ci ildən xx.xx.2019-cu il tarixədək ödənilməmiş əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 15.03.197-ci ildə Qubadlı rayonu Xocik kəndində anadan olmuşdur. 1974-cü ildə Ali və Orta ixtisas təhsili Nazirliyin nəzdində olan M.Ə.Sabir adına Bakı pedaqoji məktəbinə daxil olmuş və ümumtəhsil məktəblərində İV-Vİİİ sinilər üçün texniki, əmək və rəsmxət müəllimi ixtisası üzrə tam kursunu bitirmişdir. xx.xx.1977-cı ildə ona Dövlət ixtisas Komissiyasının qərarı ilə əmək və rəsmxət müəllimi ixtisası verilmişdir. xx.xx.1977-ci ildə Qubadlı rayonu Çaytumas kənd orta məktəbinə ixtisası üzrə əmək və rəsmxət müəllimi kimi Qubadlı Rayonu Təhsil şöbəsi müdiri tərəfindən təyin edilmişdir. 1977-ci ildən 1993-cü ilədək əmək və rəsmxət müəllimi kimi fəaliyyət göstərmişdir. Qubadlı rayonu 1993-cü il avqustun 31-də erməni işğalı nəticəsində Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçməsiilə əlaqədar o, məcburi köçkün düşmüş və Sumqayıt şəhərində məskunlaşmışdır. Sumqayıt şəhərind yerləşən H.Quliyev adına X10 Çaytumas məktəb-liseyində fəaliyyətini davam etdirmişdir. 15 mart 2022-ci ildə direktorun 11 №-li əmrinə əsasən 65 yaşı tamam olduğuna görə əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, iddiaçının əmək fəaliyyətinin müddəti 45 ilə bərabərdir. İddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2017-ci il tarixindən yaranmışdır. Pensiya kapitalının düzgün hesablanmadığına görə və 1977-ci il tarixindən 1993-cü il tarixınədək 16 illik əmək fəaliyyəti nəzərə alınmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə pensiyanın artırılması ilə bağlı elektron ərizə ilə müraciət etmişdir. Belə ki, iddiaçının 2017-ci üdə 60 yaşı tamam olmuşdur. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən əmək pensiyası 2019-cu ildən başlayaraq hesablanmışdır. Belə ki, aldığı ilk pensiya xx.xx.2019-cu il tarixində 196,21 manat olub. İllik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyanın məbləği xx.xx.2020-ci il tarixində 233,20 manata, xx.xx.2021-ci il tarixində 259,78 manata, xx.xx.2022-ci il tarixindən 268,62 manata çatdırılmışdır. 2022-ci il tarixin iyun ayına aldığı pensiya 297 manat olub. 2022-ci ilin iyul ayında pensiya məbləği 582 manat, avqust ayında isə 598 manat olub. Belə bir qeyri-stabil hesablamaya əsaslanaraq o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron ərizə ilə müraciət etmişdir. Bir müddət sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən imtina məktubu almışdır. Cavabdeh onun əmək pensiyasını yenidən hesablayarkən əksinə azalma aparmış, 1993-cü il tarixədək hesablanmış 194 manatı kəsmiş, 2022-ci ilin iyul və avqust aylarında aldığı pensiya məbləğindən 40 manat artıq ödənilmiş məbləğ kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən pensiya kapitalından kəsilir. Hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən hesablanan 1993-cü il tarixindən 2022-ci il tarixinədək pensiya 404 manatdır. Bu məbləğdən 40 manat kəsir olduğu halda, hazırda iddiaçıya 364 manat pensiya verilir. İddiaçının 1977-ci il tarixindən 2022-ci il tarixinədək 45 illik əmək fəaliyyətinə görə cəmi 364 manat pensiya verilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, S.N.Əlivevava xx.xx.2019cu il tarixdən avtomatlaşdırılmış qaydada yasa görə əmək pensiyası təyin edilmişdir. Lakin S.N.Əlivevanın yasa görə əmək pensiyası hüququ xx.xx.2017-ci il tarixdə yaranmışdır. Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının xx.xx.2006-cı il tarixədək 12 il 04 ay sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 12267,77 manat pensiya kapitalı əsasında pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2019-cu il tarixdən 196,21 manat məbləğində müəyyən edilmişdir. Qanunun 6-1 -ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Qanunun 6-1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş tələblərinə uyqun olaraq xx.xx.2019-cu il tarixdən iddiaçı S.N.Əlivevanın pensiyasının məbləği 200 manata çatdırılmışdır. Qanunun 29.1-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçı S.N.Əlivevanın əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən 233,20 manata, xx.xx.2021-ci il tarixdən 259,78 manata. xx.xx.2022-ci il tarixdən 268,62 manata çatdırılmışdır. Qanunvericilik normalarının tələblərinə uyqun olaraq xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11419,19 manat pensiya kapitalı əsasmda pensiyasının məbləği yenidən hesablanmış və işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2022-ci il tarixdən 404,56 manat məbləğində müəyyən edilmişdir. İddiaçı yenidən hesablanma ilə bağlı müraciətinin araşdırılması zamanı pensiya təyin edilərkən hüququn yaranma tarixinin, sığorta stajının və pensiya kapitalının düzgün müəyyən edilməməsi səbəbindən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək pensiya məbləğində 2020,68 manat artıq ödəmə aşkar edilmişdir. İddiaçı pensiya təyin edilərkən xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmalı olduğu halda, xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək nəzərə alınmışdır. Həmçinin xx.xx.2006-cı il tarixədək 12 il 04 ay sığorta stajı hesablanmalı olduğu halda, 28 il 04 ay sığorta stajı hesablanmışdır. Belə ki, iddiaçının əmək kitabçasının surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan əmək fəaliyyəti dövrü şahidlik əsasında qeyd edildiyindən həmin dövrün sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək artıq ödənilmiş məbləğin bir hissəsi xx.xx.2022-ci il tarixdən ötən dövr üzrə İddiaçı ödənilməli olan məbləğlə (71,86 manat) əvəzləşdirıldikdən sonra qalıq borc məbləği 1948,82 manat təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 göstərdi ki, o, 1976-cı ildən İddiaçı isə 1977-ci ildən Qubadlı rayon Çaytumas kənd orta məktəbində müəllimə işləmişlər. Ermənistanın işğalı nəticəsində məburi köçkün düşənə qədər Qubadlı rayonunda, daha sonra isə Sumqayıt şəhərində yerlşən məktəbdə iddiaçı ilə birlikdə işləmişlər. O, əmək pensiyası alır, Qubadlı rayon Çaytumas kənd ort məktəbində işlədiyi dövr onun sosial sığorta stajına daxil edilmişdir. X1 1975-1976-cı illərdən, İddiaçı isə 1977-ci ildən Qubadlı rayon Çaytumas kənd orta məktəbində müəllimə işləmişlər. 1993-cü ilə qədər Qubadlıda, daha sonra isə Sumqayıt şəhərində birlikdə işləmişlər. Məhkəmə iclasında mütəxəssis qismində dindirilən Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X12, daxili nəzarət və monitorinq departamentinin Daxili nəzarət şəbösənini böyük mütəxəssisi vəzifəsində işləyən X7 izah etdi ki, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2017-ci il tarixdə yaranmışdır. Lakin iddiaçı həmin vaxt pensiya təyin olunması üçün müraciət etməmişdir. İddiaçıya əmək pensiyası təyin edilərkən səhv ondan ibarət olmuşdur ki, iddiaçıya əmək pensiyası xx.xx.2019-cu il tarixdə avtomatlaşdırılmış qaydada təyin edilmiş və avtomatik olaraq 25 il staj əsas götürülmüşdür. 2022-ci ildə onun müraciəti əsasında areadşırma aparılarkən müəyyən edilmişdir ki, sığorta kapitalı 50 %hesablanmalı olduğu halda 90 % hesablanmışdır. İş materiallarında olan: - iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1957-ci il təvəllüdlüdür. -BT№ 017049 seriyalı diplomun surətindən görünür ki, İddiaçı 1974-1977-ci illərdə Sabir adına Bakı Pedaqoji peşə məktəbində təhsil alımışdır. -iddiaçının adına açılmış ИТ № ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1977-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Qubadlı rayon H.Quliyev adına X10 Çaytumas məktəb-liseyində ibtidai sinif müəllimi işləmişdir. -Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şərqi Zəngəur Regional Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1977ci il tarixdən xx.xx.2022-ci il tarixədək Qubadlı rayon Çaytumas kənd orta məktəbində işləmişdir. -Məhkəmənin sorğusuna əsasən Elm və Təhsil Nazirliyi Şərqi Zəngəur Regional Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Əliyeva X8 rayon H.Quliyev adına X10 Çaytumas məktəb-liseyində ibtidai sinif müəllimi işləmişdir. - Məhkəmənin sorğusuna əsasən Qubadlı rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, 1993-cü ildə rayonun işğalı ilə əlaqədar Qubadlı rayon Çaytumas kənd orta məktəbindən Qubadlı rayon X14 mühafizəsinə heç bir sənəd təhvil verilməmişdir. -məhkəməyə təqdim edilmiş Qubadlı rayon Çaytumas kənd orta məktəbi üzrə 189 saylı 01 iyun 1991-ci əmrdən görünür ki, müəllimlərin, o cümlədən İddiaçı (9-cu sıra) növbəti məzuniyyətə buraxılmması qərara alınmışdır. -əmək pensiyasnını yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********0 saylı qərardan görünür ki, İddiaçı əmək pensiyası hüququnun yarandığı tarix xx.xx.2017-ci il, təyin edildiyi tarix xx.xx.2019-cu il, yenidən hesablandığı tarix kimi xx.xx.2022-ci il tarix göstərilmişdir. Həmçinin qərarda yenidən hesabamanın vətəndaşın ərizəsi əsasında aparıldığı, sosail sığorta stajının və pensiya sığorta kapitalının düzgün müəyyən edilməməsi səbəbindən vətəndaşın pensiya ödənişində xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 1948.82 manat artıq ödənilmiş məbləğin olduğu aşkarlanmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin normasından göründüyü kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün göstərilən yaşa çatmaq və azı 25 il sığorta stajına malik olmaq tələb olunur. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Məhkəmə hesab edir ki, məlum hadisələrlə əlaqədar iddiaçının işlədiyi məktəbin, Təhsil İdarəsinin və s.sənədlərinin arxivə təhvil verilməməsi təbiidir və buna görə məsuliyyətin sosial təminat hüququ məhdudlaşdırılmamalıdır. Bundan başqa araşdırılan sübutlar məcmuu qaydada qiymətləndirildikdə iddiaçının həqiqətən də Qubadlı rayon Çaytumas kənd orta məktəbində 1977-1993-cü illərdə işləmçəsi öz təsdiqini tapır. Belə ki, onunla birlikdə şəxslərin şahdi ifadələri, məhkəməyətə təqdim edilmiş və həqiqiliyi şübhə doğurmayan Çaytumas kənd orta məktəbinin 1991-ci ilə aid olan əmrdə iddiaçının adının olması və Şərqi Zəngəzur Təhsil İdarəsinin verdiyi arayış iddiaçının həmin məktəbdə işləməsinin təsdiqi kimi çıxış edə bilər. Bundan başqa iddiaçının pensiya hüququnun xx.xx.2017-ci il tarixdən yaranması iin mübahisəsiz halıdır və cavabdehin özü tərəfindən də təsdiq edilir. Cavabdeh iddiaçının həmin vaxtdan hüququ yaransa da, iddiaçının müraciət etməməsinə dair dəlilinə mümasibətdə qeyd edir ki, iddiaçının əmək pensiyası hüququnun yarandığı vaxt, yəni xx.xx.2017-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanununun 31-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhduiyyəti olmadan istnilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciəıt edə bilərlər. Həmin Qanununun 32.1-ci maddəsinə əsasəm yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı halda əmək pensiyaçısının (ərizəçinin) artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Bu səbəbdən də iddiaçı pensiya qanunvericiliyinin tələbinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Məhkəmə qeyd edir ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə məhkəməyə müraciət oluna bilər. Qanunvericilik əmək pensiyasının təyin edilməsini aidiyyətini səlahiyyətli orqan kimi Dövlət Sosial Müdafiə Fondu orqanının qərar qəbul etməsi ilə şərtləndirir. Cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində, əmək pensiyasının güman olunan səhv təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə cavabdehin etirazında, nə də məhkəməyə daxil olmuş müvafiq sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. İddiaçıya əlilliyə görə təyin edilmiş pensiya onun xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində inzibati akt qəbul edilən maraqlı şəxsi inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə olduğu halda icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Məhkəmə qeyd edir ki, cavabdeh Dövlət Sosial Müdafiə X6 Təyinar üqzrə Mərkəzi Filialı tərəfindən əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilmədən, iddiaçının qanunla müəyyən edilmiş qaydada razılığı alınmadan ödənilmiş pensiya məbləğinin müəyyən hissəsini geri tutmağa başlanılmışdır. İddiaçı qanunla qorunan etimad hüququna malik olduğundan, ondan artıq ödənilmiş pensiya məbləğinin tutulması yolverilən deyil. Maraqlı şəxs kimi cavabdeh etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, cavabdehin səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini (növünün dəyişdirilməsi) və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab edilsə belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın və həmin qərar əsasında yenidən hesablama barədə qərar, sərəncam qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya ehtimal olunan artıq pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmir. Beləliklə, əmək pensiyasının növünün dəyişdirilməsi və ya hesablanması barədə qərar qanunsuz hesab edilsə belə, məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin iddiaçının hesabına düzəldilməsi yol verilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********0 saylı qərarı ləğv edilsin. İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Qubadlı rayon Çaytumas kənd orta məktəbində işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilərək əmək pensiyasının xx.xx.2017-ci il tarixdən təyin edilməsi, xx.xx.2017-ci ildən xx.xx.2019-cu il tarixədək ödənilməmiş əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.

Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar