Məhkəmə qərarları › İş №2-1(118)-2681/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2681/2023

03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2681/2023 03.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2rşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Abşeron-Xızı Regional filialının xx.xx.2022-ci il tarixli, 19 saylı qərarının ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Abşeron-Xızı Regional filialına qarşı iddia qaldıraraq “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Abşeron-Xızı Regional filialının xx.xx.2022-ci il tarixli, 19 saylı qərarının ləğv olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsi ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının xx.xx.2022-ci il tarixli 19 saylı qərarı ilə iddiaçıdan xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3052.35 manat məbləğində artıq ödənilmiş cəmi 3052.35 manat məbləğində sosial yardımın tələb edilərək 10 gün müddətində Sumqayıt şəhər 9-cu mikrorayon, Z.Hacıyev 266 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının hesabına ödənilməsi qərara alınmışdır. Aşağıda sadalananlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının xx.xx.2022-ci il tarixli 19 saylı qərarını tamamilə qanunsuz və əsassız hesab edir. Qərar xx.xx.2022-ci ildə çıxarılsa da, onun həmin qərardan ümumiyyətlə xəbəri olmayıb və qərar rəsmi qaydada ona göndərilməyib. İcra məmuru onu icra şöbəsinə çağırdıqdan sonra o bundan xəbər tutmuş və xx.xx.2023-cü il tarixdə qərarın surətini icra məmurundan almışdır. Ona Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialı tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 203.49 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 və Audit Departamenti tərəfindən təkrar aparılmış ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı sosial yardım alan ailənin ailə tərkibində uyğunsuzluq aşkar edildiyi (təmsilçinin qardaşı ərizə-bəyannamədə qeyd edilməmişdir) üçün ona təyin edilmiş sosial yardımın ödənişi xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. Ona təyin edilmiş sosial yardımın xx.xx.2021-ci il tarixdən sosial yardım ödənişi dayandırıldığından aylar üzrə 203.49 manat ödənilmiş cəmi 3052.35 manat məbləğin geri tələb edilməsi zərurəti ortaya çıxmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının qərarı tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının belə nəticəyə gəlməsi heç bir həqiqəti əks etdirmir. Ona görə də hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının xx.xx.2022-ci il tarixli 19 saylı qərarı ləğv olunmalıdır. Ona təyin olunmuş aztəminatlı ailə kimi sosial yardım təyin olunması cavabdeh inzibati orqan tərəfindən həyata keçirilmiş, evi, ailə tərkibi, iş yeri onlar tərəfindən yoxlanılmış və təyinat məhz həmin orqan tərəfindən verilmişdir. Belə ki, əgər təyinat zamanı hər hansı bir qanunsuzluq mövcud olmuşsa, o zaman həmin məsuliyyəti o deyil, cavabdehin məsul şəxsləri daşımalıdır. Yəni mübahisə predmeti olan məbləğ inzibati və ya intizam icraatı zamanı həmin şəxslərdən tutulmalıdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri İşlə bağlı təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İşlə bağlı təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, aparılmış monitorinq nəticəsində vətəndaş İddiaçı “Ərizə Bəynnamə”də göstərilən məlumatlarla faktiki məlumatlarda uyğunsuzluq komissiya tərəfindən aşkarlanmış və bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixli 19 nömrəli qərar qəbul edilmişdir. Qeyd olunan qərarla vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdən təyin olunmuş ünvanlı dövlət sosial yardım xx.xx.2021-ci il tarixdən dayandırılmış və ona ödənilmiş 3052.35 manat (üç min əlli iki manat otuz beş qəpik) vəsaitin Fondun Abşeron - Xızı regional mərkəzi filialının hesabına qaytarılması haqqında xx.xx.2022-ci il tarixli **********4 nömrəli bildiriş iddiaçıya göndərilmişdir. Lakin artıq ödənilmiş 3052.35 (üç min əlli iki manat otuz beş qəpik) manat vəsaitin bərpası təmin edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1 və 1.2-ci maddələrinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifat”ının 14.1.4-cü bəndində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə X7 şəxsin və onun yerli bölmələri inzibati orqanların sırasına aid edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 67.1 və 67.2-ci maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Həmin Qanunun 81.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Qanunun 82.1 və 82.2-ci maddələrinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının xx.xx.2022-ci il tarixli 19 saylı qərarı ilə, xx.xx.1987-ci il tarixdə ünvan 3 ünvanında yaşayan borclu İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3052.35 (üç min əlli iki manat otuz beş qəpik) manat məbləğində artıq ödənilmiş sosial yardımın tələb edilərək 10 gün müddətində Sumqayıt şəhər, 9-cu mikrorayon, Z.Hacıyev 266 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının hesabına ödənilməsi qərara alınmışdır. Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməmişdir. 5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya cavabdeh tərəfindən ünvanlı sosial yardım təyin edilmişdir. Sonradan cavabdeh tərəfindən ona təyin edilmiş sosial yardımın ödənişi dayandırılmışdır. İddiaçı təyin edilmiş sosial yardım dayandırıldığından, cavabdeh təşkilat tərəfindən iddiaçıya ödənilmiş ümumilikdə 3052.35 (üç min əlli iki manat otuz beş qəpik) manat məbləğin geri qaytarılması haqqında 19 nömrəli, xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı qərarın qanunsuz olduğu qənaətinə gələrək məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 19 nömrəli, xx.xx.2022-ci il tarixli qərar ləğv edilməlidir. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən: -10.1 Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. -10.2.Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. -10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. -10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. -10.5. Aztəminatlı ailənin üzvü “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünüməşğulluğa cəlb edildiyi hallarda, həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünüməşğulluq istiqaməti üzrə əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddət ərzində məhdudlaşdırılır. -10.6. Sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın (bu Qanunun 10.3-cü maddəsində qeyd olunanlar istisna olmaqla) verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Göründüyü kimi qanunvericilikdə artıq ödənilmiş sosial müavinətin geri qaytarılmasının yalnız iki qaydası mövcuddur- tərəfin razılığı ilə inzibati orqanın özü tərəfindən qəbul edilmiş qərar və tərəfin razılıq olmadığı təqdirdə həmin vəsaitin qarşı tərəfdən məhkəmə qaydasında tutulması. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ondan artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı razılığı olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın artıq ödənilmiş pulun geri qaytarlması ilə bağlı qərar qəbul edilməsində subyektiv hüququ yoxdur. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, cavabdeh təşkilatın mübahisənin həlli ilə bağlı birbaşa xüsusi normanın, yəni “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 10-cu maddəsi mövcud olduğu tədqirdə ümumi norma qismində çıxış edən “İnzibati İcraat haqqında” Qanunun 82.2-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilat hazırkı qərarın qəbul edilməsində haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Abşeron-Xızı Regional filialının xx.xx.2022-ci il tarixli, 19 saylı qərarı ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Abşeron-Xızı Regional filialının xx.xx.2022-ci il tarixli, 19 saylı qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar