Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2684/2025 22.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Kimyaçı” Bağçılıq Yoldaşlıq Cəmiyyəti, 1156 ünvanında yerləşən 0,6 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Kimyaçı” Bağçılıq Yoldaşlıq Cəmiyyəti, 1156 ünvanında yerləşən 0,6 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Kimyaçı” Bağçılıq Yoldaşlıq Cəmiyyəti, 1156 ünvanında yerləşən 0,6 ha torpaq sahəsi iddiaçının ailəsinə ayrılmasına və faktiki mövcudluğuna baxmayaraq, həmin torpaq sahəsinin özəlləşdirilməsini həyata keçirə bilmir. Baxmayaraq ki, mülkiyyətə ayrılmış torpaq sahəsinin bütün sənədlərində, o cümlədən arxiv sənədlərində torpaq sahəsinin ailəsinə məxsusluğu təsdiq edilmişdir, ona torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və haqqında çıxarışın verilməsindən cavabdeh təşkilat tərəfindən rəsmi surətdə imtina edilmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikasının İN yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 22 fevral 2024-cü il tarixli, 3-21-3-31/2-8- 0012/02-8/2023 saylı məktubuna əsasən, Sumqayıt şəhəri, Yaşma bağlar ərazisində yerləşən “Kimyaçı” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin bağ sahələrinin ayrılması ilə bağlı arxiv məlumatları, o cümlədən bağçılıq cəmiyyəti üzvlərinin təsdiq olunmuş adlı siyahısı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təhvil verilməmişdir. Sözügedən ərazidə yerləşən bağ sahələrinə dair arxiv məlumatlarının idarəyə təhvil verilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə, Sumqayıt Bələdiyyəsinə və Dövlət Arxivinin Sumqayıt filialına ərazi idarəsi tərəfindən müxtəlif vaxtlarda sorğular verilmişdir. Bu səbəbdən qeyd edilən ərazidə yerləşən torpaq sahələri üzərində hüquqların qeydiyyatı prosesi arxiv məlumatları idarəyə təhvil verilənədək dayandırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən qanunsuz və əsassız olaraq bu barədə müsbət qərar qəbul etməli olduğu halda bunu etməkdən imtina etmişdir. Belə ki, imtinanın özündə cavabdeh “Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hüquqların dövlət qeydiyyatı üçün əsasdır” bildirsə də, özü-özünə ziddiyyət yaradaraq sonda “ərizənizin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir” qərarını vermişdir. Qeyd olunan sənədləri cavabdehə təqdim etmişdir, lakin o yenə də heç bir qanuni əsas olmadan formal mülahizələrlə həmin torpaq sahəsinə Çıxarış verilməsindən imtina etmişdir. Ötən müddət ərzində dəfələrlə cavabdehə həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyesterində qeydiyyata alınması və çıxarışın verilməsi barədə dəfələrlə müraciət etməyinə baxmayaraq, cavabdeh təşkilatlar tərəfindən qanunsuz və əsassız olaraq imtina edilmişdir. Torpaq sahəsinin ayrılmasından uzun müddət yəni 36 ildən çox vaxt keçməsinə baxmayaraq ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüqqunu (torpaq sahəsinin qanuni istifadəsində olmasına) təsdiq edəcək sənədi dövlət reyestrində qeydiyyata saldıra bilmir. Hal-hazırda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən zəruri sənədlər - Sumqayıt şəhərinin “Yaşma” bölgəsindəki “Kimyaçı” yoldaşlıqbağçılıq cəmiyyətinə təhkim edilmiş torpaq sahəsinə aid yerquruluşu xəritəsində 1156 saylı bağ sahəsinin yerləşməsinin sxematik planından tikintiyə icazə barədə sənəd, sxem, ayrıc aktı, təhkim aktı, rəy və ilkin baş plan quruluşu planından çıxarış, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və sairə sənədlər cavabdeh təşkilata göndərilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnaməyə, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2007-ci il tarixli, 536 nömrəli Fərmanına, Azərbaycan Respublikasının “Daşınmaz əmlakın-dövlət reyestri haqqında” Qanununa əsasən, cavabdeh təşkilat tərəfindən mənə faktiki mülkiyyətimdə olan Sumqayıt şəhəri, Yaşma bağlarında 0,6 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarımın dövlət qeydiyyatına alınması və çıxarışın verilməsinə dair qərar qəbul edilməli idi. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, izahatında bildirmişdir ki, iki bağ sahəsi vardır, birinə reyestrdən çıxarış almışdır. Mübahisə predmetini təşkil edən torpaq sahəsinə dair bağçılıq kitabçasını pul verərək almış, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, izahatında bildirmişdir ki, sənədin kökü yoxdur. Ərazinin ümumi sxemi yoxdur. Bağçılığın ərazisini göstərən sənəd yoxdur. İmtinanın əsaslarını müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İş materiallarına Sumqayıt şəhəri, Yaşma Kimyaçı ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair 1156№li üzvlük kitabçasının surəti əlavə edilmişdir. RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********51, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, Kimyaçı B/Y-1047 ünvanında yerləşən torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X3 Cəmiyyətinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 25 dekabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X3 Cəmiyyəti və ya həmin cəmiyyətin tabe olduğu qurum tərəfindən tərtib və təsdiq edilmiş bağçılıq yoldaşlığı üzvlərinin siyahısı və digər sənədlər idarəyə təhvil verilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli müayinə aktı və torpaq sahəsinin ortotofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 21 aprel 2025-ci il tarixli məktubu ilə RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********51, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və onun verilməsinə əsas olan sənədlər (üzvlük kitabçası, bağ sahəsinin yerləşməsinin sxematik planından çıxarış) məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 10 yanvar 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzin arxivində X3 Cəmiyyətinin üzvlərinin siyahısı, eyni zamanda Sumqayıt şəhəri, Yaşma Bağları ərazisində İddiaçı verilmiş bağ sahəsinə dair sənədlər aşkar edilməmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Kimyaçı” Bağçılıq Yoldaşlıq Cəmiyyəti, 1156 ünvanında yerləşən 0,6 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, üzvlük kitabçasında üzvlüyə qəbul protokolunun nömrəsi və tarixi qeyd edilməmiş, kitabçasının verilmə tarixi göstərilməmişdir. 08 aprel 2025-ci il tarixli məhkəmə iclasında izahatı zamanı iddiaçı 8 uşaq atası olduğunu, onları yerləşdirməyə yer tapmadığını, torpaq sahəsi alıb ev tikməyə məcbur olduğunu, qeyd edilən bağçılıq kitabçasının satıldığını, onun tərəfindən pul verilərək alındığını bildirmiş, ona torpaq sahəsinin ayrılmadığını etiraf etmiş, cavabdehin nümayəndəsinin sualına cavab olaraq bu qaydada aldığı bağçılıq kitabçası əsasında digər torpaq sahəsinə çıxarış əldə etdiyini qeyd etmişdir. İddiaçı izahatı zamanı həmçinin təqdim etdiyi bağçılıq kitabçasını 2022-ci ildə aldığını bildirmiş, məhkəmənin sualına cavab olaraq bağçılıq kitabçasını pul ödəyərək aldığını etiraf etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı tərəfindən üzvlük kitabçası məhkəməyə təqdim edilsə də, məhkəmə araşdırması zamanı kitabçasının arxiv nüsxəsi aşkar edilməmişdir. Məhkəmə iclasında iddiaçı etiraf etmişdir ki, bağ sahəsinə dair kitabçanı pul verərək əldə etmişdir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin...Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır...” Konstitusiya Məhkəməsinin istinad olunan qərarındakı hüquqi mövqeni nəzərə almaqla məhkəmə qeyd edir ki, iddiaçının hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi bağçılıq kitabçasının arxiv məlumatlarının mövcud olmaması, adına **********51 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışın verilməsi, həmin çıxarışın verilməsinə əsas kimi “Kimyaçı” bağçılıq yoldaşlıq tərəfindən verilmiş 1047 saylı bağçının üzvlük kitabçasının mövcud olması iddiaçı tərəfindən təqdim edilmiş 1156 saylı bağçının üzvlük kitabçasının mötəbər sübut kimi qəbul edilməsini istisna edir. **********51 reyestr nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışın verilməsinə əsas olan sənədlərdən görünür ki, “Kimyaçı” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən verilmiş bağçının üzvlük kitabçasına əsasən iddiaçının adına dövlət reyestrində qeydiyyatda alınmış torpaq sahəsi mövcuddur. İddiaçı ona qanuni əsaslarla “Kimyaçı” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən iki ayrı-ayrı bağ sahəsinə dair bağçının üzvlük kitabçasının verilməsini təsdiq edəcək heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhz bu baxımdan yanaşdıqda, məhkəmə iddiaçının etirafını və adına “Kimyaçı” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən verilmiş bağçılıq kitabçasına əsasən artıq bir torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatı barədə çıxarışının mövcud olduğunu iş üzrə yekun nəticəyə gəlmək üçün yetərli hesab edir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Həmin Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən iddia etdiyi bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsinə şərh edilərək, göstərilmişdir ki, “...Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim edilməsini tələb etməyə haqlı deyil” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Hazırki işdə də ilk növbədə iddiaçı özünnün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Aparılan araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməmiş, imtina əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-2684/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2684/2025
22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver