Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2685/2023 23.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə qarşı “xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı İddiaçı-Abşeron rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvan üzrə yaşayış yeri üzrə qeydiyyata alınmağı vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, anası X1 xx.xx.1964-cü il tarixdə Astara rayonunun Pensər kəndində anadan olub. Anası Azərbaycan Respublikasının vətəndaşıdır. O doğulan zaman anası heç kimlə nikahda olmayıb, doğumu qeydə alman zaman isə atalığı müəyyən edilməyib. Bu səbəbdən də doğum akt qeydində atası barədə məlumatlar ananın verdiyi şifahi məlumat əsasında yazılıb. Anası onun yeganə valideynidir. O doğulandan 2000-ci ilə kimi ailəsi ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 128 A, mənzil 10 ünvanında yaşamış, 2000-ci ildə həmin mənzil satılıb və biz Bakı şəhəri, Sabunçu rayonu, M.Muxtarov qəsəbəsi, 9-cu Mədən küçəsində ev (həmin ev üzərində mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətində qeydiyyata alınmadığı üçün evin nömrəsi yox idi) alaraq ora köçmüş, 2017-ci ildə həmin evi də satıb və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, X3 yerləşən ünvansız evlərdən birinə köçüblər. Daha sonra uzun müddət Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində müxtəlif ünvanlarda kirayədə yaşamış, ondan sonra bir müddət ünvan 6 ünvanında kirayədə yaşamış, hazırda isə ünvan 7 yaşayır. O tibb müəssisəsindən kənarda doğulduğu üçün və doğularkən anasına kömək edən həkim olmadığından, hətta doğuşdan sonra onun doğulmağı barədə sənəd almaq üçün anası heç bir həkimə müraciət etmədiyi üçün uzun müddət onun doğum qeydə alınmayıb və o doğum haqqında şəhadətnamə ilə təmin edilməmişdir. Bu səbəbdən də, onun şəxsiyyətii təsdiq edən sənədlə təmin edilməyi indiyə kimi mümkün olmayıb. Şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi olmadığı üçün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüş və BMT QAK-m himayə sənədi əsasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmışdır. İddiaçı doğum faktının müəyyən edilməsi məqsədilə həmin vaxt yaşadığı yer üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 2189/2022 saylı iş üzrə, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmiş, xx.xx.2022-ci il tarixdə isə həmin qətnamə əsasında Bakı səhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən onun doğum faktı qeydə alındı və o AZ- İV seriyalı, 759837 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edildikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, ******* saylı qərarı ilə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon Şöbəsi tərəfindən ilkin hərbi qeydiyyata alınmış, hazırda o ünvan 7 yaşayır və Dövlət Miqrasiya Xidməti tərəfindən həmin ünvana olduğu yer üzrə qeydiyyata alınmış, o həmin mənzildə kirayədə yaşayır və evin mülkiyyətçisi həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata düşməyinə razılıq vermir. Bu səbəbdən də həmin ünvana yaşayış yeri üzrə qeydiyyata düşməyi mümkün deyil. Yaşayış yeri üzrə qeydiyyata düşməyim üçün ünvan olmaması səbəbindən “ASAN xidmət” mərkəzi tərəfindən onun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmağı mümkün deyil. Bu səbəbdən də xx.xx.2023-cü il tarixdə Abşeron rayon Polis İdarəsinə müraciət edərək onun 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmağı məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 “S” saylı Sərəncamına əsasən, Abşeron rayon Polis İdarəsinin inzibati binasının ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyata alınmağımın təmin edilməsini və həmin sənədin 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinə göndərilməsini xahiş etmişdir. Həmin ərizə xx.xx.2023-cü il tarixdə Abşeron rayon Polis İdarəsinin “Mərdanova” soyadlı əməkdaşı tərəfindən qəbul edilmişdir. Lakin həmin müraciətimdən 50 gündən çox vaxt keçməsinə baxmayaraq cavabdeh Abşeron rayon Polis İdarəsinin hərəkətsizliyi səbəbindən o yaşayış yeri üzrə qeydiyyata alınmamışdır. Cavabdehin hərəkətsizliyi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə münasibət bildirməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Abşeron Rayon Polis İdarəsinə göndərilmiş pretenziya məktubu, poçt xəbərnaməsinin surəti, arayış, Miqrasiya Xidmətinin qərarı, doğum haqqında şəhadətnamənin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı Abşeron Rayon Polis İdarəsinin inzibati binasına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Analoji mübahisələrə dair şəxsin Daxili İşlər Nazirliyi tərəfindən yaşadığı və ya olduğu yer üzrə qeydiyyata alınması nəzərdə tutulmamışdır. Bu səbəbdən də cavabdeh təşkilat tərəfindən haqlı olaraq onun müraciəti müsbət həll edilməmişdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun adından göründüyü kimi, bu Qanunun tənzimlədiyi məsələlər vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının aparılması ilə bağlıdır. Qanunun müddəalarına əsasən qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizəanketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas nəzərdə tutulmuşdur: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, bu təhlilin nəticəsi olaraq müəyyən edilmişdir ki, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşin hallarına görə, iddiaçı yaşayış yeri üzrə qeydiyyatı istinad edilmiş Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərdən heç birini təqdim etməmişdir. Yəni iddiaçı qeydiyyata alınmaq istədiyi sahə ilə hüququnu təsdiq edən sənədi və yaxud həmin mənzilə hüququ olan şəxsin ərizəsini təqdim etməmişdir. Bu əsasla cavabdeh inzibati orqan düzgün olaraq iddiaçının müraciətini təmin etməmişdir. Qanunvericiliyin yuxarıda aparılmış təhlilindən göründüyü kimi, yaşayış yeri üzrə qeydiyyatın əsasını həmin yaşayış yerinə dair hüququnun mövcudluğu təşkil edir. Yaşayış yerinə hüquq isə mülkiyyət, icarə və ya istifadə hüququndan ibarətdir. Bu hüquqi yanaşma həmçinin “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 noyabr 2018-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyindən də irəli gəlmişdir. Həmin qərarda özbaşına tikiliyə şəxsin köçürülməsinə dair məhkəmə qərarına qiymət verilərkən göstərilmişdir ki, mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğısatqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 “S” saylı Sərəncamı yaşayış yeri olmayan şəxslərə şamil edilir. İddiaçının isə bildirdiyinə görə o hal hazırda ünvan 8 ünvanında yaşayır və Dövlət Miqrasiya Xidməti tərəfindən onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin tanınması haqqında 13 sentyabr 2022-ci il tarixli qərardan sonra həmin qurum tərəfindən 23 yanvar 2023-cü ildən 31 yanvar 2024-cü ilədək həmin ünvanda olduğu yer üzrə qeydiyyata alınıb. Bu isə bir daha ona dəlalət edir ki, İddiaçı “qaçqınlıq” statusunu itirməyib. O da nəzərə alınamlıdır ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin 23 yanvar 2023-cü ildə verdiyi Himayə Sənədinin 31 yanvar 2024-cü ilədək etibarlılıq müddəti var və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu 3-cü maddəsinin 5-ci bəndinə görə qaşqın statusuna malik olan şəxsə şəxsiyyət vəsiqəsi deyil qaçqın vəsiqəsi verilir. Belə ki, qeyd olunan Qanunun 3-cü maddəsinin 5-cü bəndinə əsasən Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi onun yaşayış yerini müəyyən edən sənəd hesab edilir. Həmin Qanunun 7-ci maddəsinə görə əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verilərkən, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılarkən onlar eyni zamanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınırlar. Şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması haqqında məlumat ona verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsində, qaçqın vəsiqəsində, habelə müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda öz əksini tapır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 saylı Fərmanının 2.2-ci bəndinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. Göründüyü kimi qaçqın statusuna malik olan İddiaçı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən ünvan 9 ünvanına olduğu yer üzrə qeydiyyata alınıb və qanunun tələbinə görə qaçqın statusu olan şəxslərin Daxili İşlər Nazirliyi tərəfindən yaşadığı və ya olduğu yer üzrə qeydiyyata alınması nəzərdə tutulmayıb. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə qarşı “xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı İddiaçı-Abşeron rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvan üzrə yaşayış yeri üzrə qeydiyyata alınmağı vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Abşeron Rayoni, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2685/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2685/2023
23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver