Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2691/2024 23.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “səyyar (və ya kameral) vergi yoxlamasının həyata keçirilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. İddiaçı MMC (VÖEN: **********) tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmiş 1 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı MMC-yə əlavə olaraq hesablanmış 10.437,49 manat ƏDV borcunu və buna görə hesablanmış 3.886,54 manat faizlərinin silinməsi, eləcə də artıq ödənilmiş 3.104,88 manat məbləğinin qaytarılması xahiş edilmişdir.
2. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinə göndərilmiş 20 oktyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, AVİS proqramında bəyənnamə alt modulunu açaraq 2020-ci ilin mart ayında 2017-ci ilin mart ayı dövr üçün düzgün tərtib edilmiş dəqiqləşməyə imkan yaradılması xahiş edilmişdir.
3. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinə göndərilmiş 30 oktyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, 27 fevral 2017-ci il tarixdə HN seriyalı, 178986 nömrəli elektror vergi-hesab fakturası tərtib olunmuş, bank ödənişi isə 1 mart 2017-ci il tarixdə həyata keçirilmişdir. Belə olan təqdirdə, 2017-ci ilin fevral ayı üçün qeyd olunan vergi-hesab fakturası əvəzləşməyə aid edilmədiyi üçün, 2017-ci ilin mart ayı üçün ƏDV bəyənnaməsində öz əksini tapmalıdır. Xahiş edilmişdir ki, 2017-ci ilin mart ayı üçün bəyənnamə alt modulunda 2017-ci ilin mart ayına dair ƏDV dəqiqləşmiş bəyənnaməsini təqdim etmək üçün şərait yaradılaraq, şəxsi vərəqədə yaranmış 10.437,49 manat borc məbləğinin ardıcıllıqla izahı verilsin.
4. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinə göndərilmiş 28 noyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, Vergi Xidmətində AVİS proqramında bəyənnamə alt modulunu açaraq qeyd edilən dövr üçün düzgün tərtib edilmiş dəqiqləşməyə imkan yaradılması və real borc məbləğinin müəyyən edilərək, bu barədə məlumat verilməsi xahiş edilmişdir. Real borc məbləğinin əsaslı surətdə təqdim edildiyi təqdirdə, həmin borcu ödəməyə hazır olduğu qeyd olunmuşdur.
5. İddiaçı MMC tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatına göndərilmiş 9 dekabr 2023-cü il tarixli şikayətindən görünür ki, Cəmiyyətin Vergilər üzrə şəxsi hesab vərəqəsində yaranmış borc məbləği ilə əlaqədar olaraq vergi orqan tərəfindən ünvanlanmış məktublarda Vergi Məcəlləsinin (bundan sonra – VM) maddələrinə müəyyən istinadlar olub və tələb edilən real borc məbləğinin müəyyən olunması sahəsində dolğun cavablar verilməmişdir. ƏDV qeydiyyatına durduğu tarixdən şəxsi vərəqədə yaranmış borc məbləğinin real olub-olmadığını müəyyən edilməsi xahiş edilərək, real borc məbləğinin müəyyən olunması təqdirdə vergi öhdəliklərinin yerinə yetirələcəyi qeyd olunmuşdur.
6. İddiaçı MMC tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatına göndərilmiş 9 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, şəxsi vərəqədə yaranmış borc məbləği ilə əlaqədar olaraq dəfələrlə edilən müraciətlərə müsbət cavab ala bilməməyilə əlaqədar olaraq və eləcə də vergi hesablamalarının düzgünlüyünü müəyyən etmək üçün, səyyar vergi yoxlamasının təyin edilməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. Real vergi borcunun müəyyən olunması və vergi öhdəliklərinin yerinə yetirilməsinin həyata keçiriləcəyi bildirilmişdir.
7. İddiaçı MMC tərəfindən 2 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərilmiş 22 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, şəxsi vərəqədə yaranmış borc məbləği ilə əlaqədar olaraq dəfələrlə edilmiş müraciətlərə müsbət cavab ala bilməməyilə əlaqədar olaraq və eləcə də vergi hesablamalarının düzgünlüyünü müəyyən etmək üçün səyyar vergi yoxlamasının təyin edilməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. Real vergi borcunun müəyyən olunması və vergi öhdəliklərinin yerinə yetirilməsi həyata keçiriləcəyi bildirilmişdir.
8. İddiaçı MMC tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatına göndərilmiş 23 dekabr 2023-cü il tarixli şikayətindən görünür ki, Cəmiyyətə artıq vergi hesablanmışdır və bir neçə ildir ki bununla bağlı müraciət edilsə də, məsələ bu günədək həllini tapmamışdır. Məsələ bundan ibarətdir ki, 2017-ci ilin fevral-aprel ayları üzrə satış dövrüyyəsi 108.716 manat, ƏDV məbləği 19.568,88 manat; alış dövriyyəsi isə 107.186,08 manat, ƏDV məbləği 19.293,49 manat olmuşdur ki, bunlar arasında da fərq 275,39 manat vergi məbləği təşkil edir. Qeyd edildiyi kimi dəfələrlə müraciətlər edilsə də, müxtəlif cari, dəqiqləşmiş, kameral hesablamalar aparılsa da, hazırda şəxsi vərəqədə borc məbləği faiz üzrə qalıq ilə birlikdə 15.477,82 manat (əsas borc 11.589,76 manat, faiz üzrə isə 3.888,06 manat) göstərilir. Audit yoxlaması aparılarsa, bu məsələ də həllini tapar. 2017ci ilin noyabr ayından fəaliyyətini məcburi surətdə 5 il müddətinə dayandırılmışdır və 2022ci ildə daha 5 il uzadılmışdır.
9. 28 fevral 2022-ci il tarixli müraciətə baxılması haqqında məktubdan görünür ki, müvafiq dövrlər üzrə təqdim edilmiş 16 noyabr 2019-cu il və 2 mart 2020-ci il tarixli dəqiqləşdirilmiş vergi bəyannamələri qəbul edilmiş və kameral vergi yoxlaması ilə əlavə vergi məbləği hesablanmamışdır. VM-in 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Eyni zamanda, VM-in 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Göstərilənləri nəzərə alaraq müraciətinin nəzərə alınması mümkün olmamışdır.
10. 25 sentyabr 2023-cü il və 9 dekabr 2023-cü il tarixli müraciətlərə baxılması haqqında məktubdan görünür ki, müraciəti ilə bağlı təqdim edilən məlumatların aid olduğu dövr səyyar vergi yoxlaması əhatə oluna bilən dövrə təsadüf etmədiyindən, həmin dövr üzrə səyyar vergi yoxlamasının keçirilməsi mümkün olmamışdır. Belə ki, vergi nəzarəti ilə əhatə oluna bilən dövrlər, həmçinin vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmə müddətləri VM-in 36.3, 56.1 və 85.4-cü maddələri ilə müəyyən edilir.
11. 30 oktyabr 2023-cü il tarixli müraciətə baxılması haqqında məktubdan görünür ki, VM-in 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malikdir. Eyni zamanda, 16 noyabr 2019-cu il tarixdə 2017-ci ilin fevral ayı üzrə təqdim edilmiş dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsində HN seriyalı, 178986 nömrəli elektron vergi-hesab fakturası üzrə 10.437,49 manat məbləğ əvəzləşmədə nəzərə alındığı üçün 2 mart 2020-ci il tarixdə 2017-ci ilin mart ayı üzrə təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində həmin elektron vergi-hesab fakturası əvəzləşmədən silinərək, Cəmiyyətin şəxsi hesab vərəqəsində 10.437,49 manat hesablama aparılmışdır. Odur ki, müraciətdə qeyd olunan elektron vergi-hesab fakturasının MMC tərəfindən 2017-ci ilin fevral ayı üzrə təqdim edilmiş dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsində əvəzləşdirildiyi, eyni zamanda, 2017-ci ilin mart ayının dəqiqləşdirilmiş əlavə dəyər vergisinin təqdim edilməsi üçün VM-in 85.5-ci maddəsində nəzərdə tutulmuş müddətin bitdiyi müəyyən edilmişdir.
Cavabdeh tərəfindən tədqiq edilmiş və iş materiallarına əlavə olunmuş:
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-488/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı MMC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 10.437,49 manat ƏDV borcunun və buna görə hesablanmış 3.886,54 manat faizlərin silinməsi, eləcə də artıq ödənmiş 3.104,88 manatın iddiaçıya qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası tərəfindən apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2-1(118)-381/2022 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2 avqust 2023-cü il tarixli, 2-1(102)-661/2023 nömrəli qərarı ilə İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 2-1(105)-488/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:
İddia ərizəsinin dəlilləri
14. İddiaçı MMC (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının fəaliyyət göstərdiyi dövr üzrə səyyar vergi (və ya kameral) yoxlamasının həyata keçirilərək, vergi borcunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı MMC-nin fəaliyyəti 2017-ci ilin cəmi 2 ayını-fevral və aprel aylarını əhatə edir. İddiaçının fəaliyyəti dövründə alqı-satqı əməliyyatları aşağıdakı kimi olmuşdur: Alış: 2017-ci ilin fevral ayı üzrə - 65.386,07 manat, ƏDV - 11.769,49 manat; 2017-ci ili aprel ayı üzrə - 41.800,01 manat, ƏDV – 7.524 manat, cəmi: 107.186,08 manat, ƏDV – 19.293,49 manat. Satış: 2017-ci ilin fevral ayı üzrə - 108.716 manat, ƏDV 19.568,88 manat. Beləliklə, satış üzrə ƏDV məbləği – 19.568,88 manat, alış üzrə isə ƏDV məbləği - 19.293,49 manat təşkil edir və bu da ƏDV üzrə cəmi 275,39 manat vergi borcu yaradır. İddiaçının bundan başqa fəaliyyəti olmamışdır. İddiaçı qeyd olunan dövr üçün 275,39 manat ödəməli olduğu halda, cavabdehin düzgün olmayan hesablamaları üzrə büdcəyə 3.380,27 manat ödəmişdir ki, bu da əslində hesablanmalı olan vergi məbləğindən 3.104,88 manat çoxdur. İddiaçının həmin dövr üzrə ödəməli olduğu verginin məbləği aşağıdakı kimi olmalıdır: ƏDV üzrə - 275,39 manat MÖMV (ə\h gəlir vergisi) - 6,47 manat. Torpaq vergisi (2017, 2018, 2019-cu illər) - 48 manat. Cəmi: 329,86 manat. Bütün bunlara baxmayaraq, cavabdeh tərəfindən müxtəlif dövrlərə müxtəlif məbləğlərdə ƏDV üzrə vergi hesablamaları aparılaraq, süni vergi borcu yaradılmışdır. Bu barədə olan 17 aprel 2019-cu il və 27 may 2019-cu il tarixli qanunsuz kameral yoxlama qərarlarına dair şikayət verilmiş və 16 iyul 2019-cu il tarixli Qərarla həmin yoxlama qərarları ləğv edilmişdir və bu barədə iddiaçının şəxsi hesabında düzəlişlər edilməsi cavabdehə tapşırılmışdır. Buna baxmayaraq həmin qərardan sonra da cavabdeh yenə də müxtəlif tarixlərdə müxtəlif rəqəmlərlə əsassız olaraq iddiaçıya vergi borcları hesablamışdır, hər dəfə əsassız olaraq dəqiqləşmə tələb edərək, vergi borclarını bəzən “0”a qədər, bəzən də cüzi məbləğlərə qədər azaltmış və nəhayət, 18 dekabr 2019-cu il tarixə iddiaçıya cəmi 1.848,06 manat vergi borcu hesablanmışdır. İddiaçı bununla razılaşmadıqda cavabdeh bildirmişdir ki, iddiaçının sonuncu əməliyyatı 2017-ci ilin 27 fevralına təsadüf etdiyi və bank əməliyyatının qeydiyyatdan 2017-ci ilin martında keçdiyi üçün, 2017-ci ilin mart ayına dair sonuncu dəqiqləşmə verilməsi, sonra isə həmin məbləğin fevral ayından çıxarılması barədə dəqiqləşmə verərək, həmin vaxt iddiaçının sonuncu əməliyyatın məbləğini göstərməyi məsləhət bilmişdir. İddiaçı da həmin məsləhətlə razılaşaraq, 2 mart 2020-ci il tarixdə 2017-ci il mart ayı üçün bəyənnamə verərək satış dövriyyəsinin ƏDV-si kimi 10.437,49 manat göstərmiş, cavabdehin də məsləhət verdiyi kimi elə həmin gün 2017-ci ilin fevral ayı üçün son dəqiqləşmə bəyənnaməsi verərkən (marta göstərilmiş məbləğ çıxılmaqla) sistem bu dəqiqləşməni qəbul etməmiş və səbəb kimi iddiaçıya bildirilmişdir ki, vergi hesabatlarına dəqiqləşmə verilməsi müddəti VM-də 3 il nəzərdə tutulduğu üçün, cavabdehdən dəqiqləşmə qəbul edilə bilməz. Şəxsi hesabdan da görünür ki, 2 mart 2020-ci il tarixdə son bəyənnamə verərkən iddiaçının vergi borcu 1.848,06 manat göstərilmişdir. Belə olan təqdirdə hansı sahibkar mövcud olmayan və bir dəfə artıq vergisi ödənmiş ƏDV-ni yenidən özünün borcu kimi bəyan edər? Nəticədə iddiaçıya hazırda hesablanmış əsassız vergi borcu silinməli və artıq ödədiyi məbləğ qaytarılmalıdır. Çünki, VM-in tələblərinə görə heç bir şəxs eyni verginin iki dəfə ödənilməsinə cəlb edilə və məcbur edilə bilməz. İddiaçı isə hazırda borc kimi göstərilmiş ƏDV üzrə vergi borcunu ödəmişdir və cavabdehin qanunsuz hərəkətləri nəticəsində indi iddiaçı həmin vergini ikinci dəfə ödənməyə məcbur edilir. İddiaçı bu barədə cavabdehə 11 oktyabr 2021-ci il tarixdə elektron qaydada müraciət etsə də, nəticəsi olmamışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. İddia tələbi rədd edilmişdir, apellyasiya və kassasiya şikayətləri də təmin edilməmişdir. Bundan sonra ididaçı cavabdehə müraciət edərək MMC-də kameral və ya audit yoxlama keçirilməsini və yaxud vergi borcununun mənbəyini və yaranma səbəblərini araşdırıb arayış verilməsini, bu borc təsdiq edildiyi təqdirdə dərhal borcu ödəyəcəyini bildirmişdir. Cavabdeh hər dəfə birbaşa müraciətlərdən yayınaraq, iddiaçıya ümumi cavablar verərək bildirmişdir ki, dəqiqləşmə üçün qanunda nəzərdə tutulan müddət keçdiyi üçün dəqiqləşmə qəbul edilə bilməz. İddiaçı sonra rəhbərliyə müraciət edərək nümayəndələrini şəxsən qəbul etməsini xahiş etmişdir. Rəhbərlik nümayəndəni qəbul etmiş, nümayəndə baş verənləri izah edəndən və sənədləri təqdim edəndən sonra qəbul edən məsul şəxs bildirmişdir ki, ərizələrinin məzmunu düzgün araşdırılmamış və bir daha həmin xahişlə Vergi Xidmətinə müraciət etmək izah edilmişdir. Sonuncu dəfə edilən müraciətə cavabdeh orqan yazılı şəkildə cavab vermişdir ki, bəyannamə üzrə 30 gün ərzində kameral yoxlama keçiriləcək və nəticəsi barədə cavab veriləcək. Buna baxmayaraq, cavabdeh orqan qanunda göstərilən müddətin kkeçməsi əsası ilə səyyar yoxlama keçirilməsinim mümkün olmadığını bildirmişdir. Bu isə iddiaçının hüquqlarının pozulması, vergi müfəttişinin səhv “məsləhəti” nəticəsində 3 il əvvəl ödənmiş ƏDV məbləğinin yenidən borc kimi göstərilməsi və hazırda ikiqat vergiyə cəlb edilməyi deməkdir.
16. İddia tələbinin maddi-prosessual hüquqi əsası kimi müvafiq normalara istinad edilməmişdir.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
18. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
19. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
20. Etiraz onunla əsaslandırmışdır ki, iddiaçı 2017-ci ilin fevral və mart aylarını əhatə olunmaqla səyyar vergi yoxlamasının keçirilməsi barədə bir neçə dəfə müraciət etmiş və müraciətlər araşdırılaraq cavablandırılmışdır. Belə ki, VM-in 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir; 16 noyabr 2019-cu il tarixdə 2017-ci ilin fevral ayı üzrə təqdim edilmiş dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsində HN seriyalı, 178986 nömrəli elektron vergi-hesab fakturası üzrə 10.437,49 manat məbləğ əvəzləşmədə nəzərə alındığı üçün 2 mart 2020-ci il tarixdə 2017-ci ilin mart ayı üzrə təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində həmin elektron vergi-hesab fakturası əvəzləşmədən silinərək Cəmiyyətin şəxsi hesab vərəqəsində 10.437,49 manat hesablama aparılmışdır; Odur ki, müraciətdə qeyd olunan elektron vergi-hesab fakturasının iddiaçı tərəfindən 2017-ci ilin fevral ayı üzrə təqdim edilmiş dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsində əvəzləşdirildiyi, eyni zamanda, 2017-ci ilin mart ayının dəqiqləşdirilmiş əlavə dəyər vergisinin təqdim edilməsi üçün VM-in 85.5-ci maddəsində nəzərdə tutulmuş müddətin bitdiyi müəyyən edilmişdir. Beləliklə, VM-in 85.5-ci və 36.3-cü maddələrində nəzərdə tutulmuş müddət bitdiyi üçün, 2017-ci ilin fevral və mart ayları üzrə dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannamələrinin təqdim edilməsinə texniki imkan yaradılmasının, eləcə də səyyar vergi yoxlamasının keçirilməsinin mümkün olmaması barədə 24 noyabr 2023-cü il tarixli, **********036400 nömrəli, 8 dekabr 2023-cü il tarixli, **********509000 nömrəli, 22 dekabr 2023-cü il tarixli, **********006000 nömrəli, 29 dekabr 2023-cü il tarixli, **********006000 nömrəli, 9 yanvar 2024-cü il tarixli, **********006000 nömrəli və sonuncu dəfə 22 yanvar 2024-cü il tarixli, **********246300 nömrəli məktubla vergi ödəyicisinə izah verilmişdir.
21. Etirazın maddi hüquqi əsası kimi VM-in 36.3, 38.3.3, 38.3.4, 85.5-ci, prosessual hüquqi əsası kimi isə İPM-in 48.2-ci maddələrinə istinad olunmuşdur.
TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:
22. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəlillərinə (§14-15) uyğun izahat verərək bildirmişdir ki, səyyar vergi yoxlamasının 3 il ərzində keçirilməsi qaydası ancaq vergi orqanına aiddir. Qanunvericilikdə bunu qadağan edən hər hansı bir norma mövcud deyildir. Belə olan halda iddia tələbi təmin edilməlidir.
23. Məhkəmə iclasında iştirak edən cavabdeh orqanın səlahiyyətli nümayəndəsi etirazın dəlillərinə (§19-21) uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, (6 mart 2024-cü il tarixli iclasda) iddiaçının müraciət etdiyi borc məbləği ilə bağlı məhkəmə qərarı mövcuddur. Eyni zamanda bildirmişdir ki, vergi ödəyicisi əvvəlki 3 il üçün yekun hesabat tələb edə bilər. 2017-ci ildən 7 il keçib, buna görə yoxlama üçün qanumni əsas mövcud deyildir. İddiaçı özü bəyənnaməsini təqdim etdiyi üçün, apellyasiya məhkəməsi iddianı mümkün saymamışdır.
İDDİANİN MÜMKÜNLÜYÜ İLƏ BAĞLİ MƏHKƏMƏNİN MÖVQEYİ:
24. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.
25. Belə ki, iddia tələbinin əsasında MMC-nin 2017-ci ilin fevral və aprel aylarını əhatə edən fəaliyyəti üzrə yaranmış borc məbləğ dayanır. İddiaçı hesab edir ki, qeyd olunan dövr üçün 275,39 manat ödəməli olduğu halda, cavabdehin düzgün olmayan hesablamaları üzrə büdcəyə 3.380,27 manat ödəmişdir ki, bu da əslində hesablanmalı olan vergi məbləğindən 3.104,88 manat çoxdur. İddiaçı qeyd edir ki, cavabdeh orqanın məsləhəti ilə 2 mart 2020-ci il tarixdə 2017-ci il mart ayı üçün bəyənnamə verərək satış dövriyyəsinin ƏDV-si kimi 10.437,49 manat göstərmiş, həmin gün 2017-ci ilin fevral ayı üçün son dəqiqləşmə bəyənnaməsi verərkən (marta göstərilmiş məbləğ çıxılmaqla) sistem bu dəqiqləşməni qəbul etməmiş və səbəb kimi iddiaçıya bildirilmişdir ki, vergi hesabatlarına dəqiqləşmə verilməsi müddəti VM-də 3 il nəzərdə tutulduğu üçün, cavabdehdən dəqiqləşmə qəbul edilə bilməz (§14-15).
26. Cavabdeh tərəfin etirazının əsasında isə iki hal (§19-21, 23) dayanır: - iddiaçı 2017-ci ilin fevral və mart aylarını əhatə olunmaqla səyyar vergi yoxlamasının keçirilməsini xahiş edir, lakin VM-in 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir; - mübahisələndirilən borc məbləğinə münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur.
27. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-488/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2-1(118)- 381/2022 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Qətnamə onunla əsaslandırılmışdr ki, “ ... vergi orqanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş vergi bəyannaməsinin göstəriciləri ilə razılaşmadığı təqdirdə, həmin bəyannamə ilə hesablanmış vergi məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququna malikdir. Vergi orqanı tərəfindən hesablanmış vergi məbləği ödənilməli olan miqdarından çox olduğu və verginin vaxtından əvvəl hesablanmasına əsas vermiş amilin və ya vəziyyətin olmadığı halda, vergi ödəyicisi verginin hesablanması barəsində vergi orqanının qərarından məhkəməyə şikayət edə bilər. İş materialından göründüyü kimi, iddiaçı tərəfindən 2017-ci ilin mart ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsi ilə bağlı vergi orqanı tərəfindən kameral və ya səyyar vergi yoxlaması həyata keçirilməmiş və həmin hesabat dövrü üzrə hər hansı əlavə vergi məbləğinin hesablanması barədə inzibati akt qəbul edilməmişdir ki, bu da iddiaçının özü tərəfindən təqdim edilmiş bəyannamə nəticəsində yaranmış vergi borcu ilə bağlı cavabdeh vergi orqanına qarşı məhkəməyə müraciət etmək hüququnu istisna edir. Başqa sözlə, hazırkı mübahisəyə münasibətdə yuxarıda da qeyd edildiyi kimi, cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının subyektiv hüququnun pozulması ehtimalı mövcud deyildir. İddiaçı apellyasiya şikayətinin dəlillərində cavabdehin təkidi ilə 2017-ci ildə ödədiyi ƏDV məbləğini yenidən bəyan etdiyini qeyd etsə də, bu hərəkətini cavabdehin təkidi ilə həyata keçirməsi ilə bağlı iş materiallarında hər hansı sübut və ya dəlil mövcud deyildir, iddiaçı tərəfindən də təqdim edilməmişdir. Hazırkı mübahisəyə münasibətdə iddiaçının tələbi cavabdehin qanunsuz hərəkətləri nəticəsində hesablanmış vergi borcunun silinməsi ilə bağlıdır. Lakin iddiaçı nə iddia ərizəsində, nə də məhkəmə icraatı zamanı inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyinin konkret nədə ifadə olunduğunu göstərməmiş, həmin hərəkətə istinad etməmiş və inzibati orqanın hansı hərəkətlərinin onun hüquqlarını pozmaq ehtimalına malik olmasını məhkəmə qarşısında bəyan etməmişdir. Əksinə müəyyən edilmişdir ki, silinməsi tələb edilən vergi borcu iddia ərizəsində qeyd edildiyi kimi, “vergi orqanı tərəfindən hesablanmış” deyil, iddiaçı tərəfindən bəyan edilmiş vergi məbləğidir. Hazırkı işdə birinci tələb üzrə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən pozulması müəyyən edilmir. ...”
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2 avqust 2023-cü il tarixli, 2-1(102)-661/2023 nömrəli Qərarında qeyd olunmuşdur ki, “... vergi ödəyicisi vergi bazasını, vergi dərəcəsini və vergi güzəştlərini əsas götürərək, hesabat dövrü üçün ödənilməli olan verginin məbləğini sərbəst surətdə özü hesablayır və buna dair vergi orqanına vergi bəyannaməsi təqdim edir. Təqdim edilmiş vergi bəyannaməsindəki məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda, vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində (səyyar vergi yoxlaması təyin edildiyi halda isə yoxlamanın başlandığı günədək) həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilir. Vergi orqanı tərəfindən vergi hesabatı yalnız aşağıdakı hallardan biri olduqda qəbul edilmir: vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə; vergi dövrü əks olunmadıqda; vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsi ilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda; vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda; Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2017-ci ilin mart ayı üçün cavabdehə 2 mart 2020-ci il tarixli, **********883100 nömrəli dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etmiş və hesabatda satış dövriyyəsini 57.986,07 manat, əlavə dəyər vergisi məbləğini isə 10.437,49 manat bəyan etmişdir. Göstərilən dəqiqləşdirilmiş bəyannamə üzrə VM-in 72.6-cı maddəsində göstərilən uyğunsuzluqlardan hər hansı biri mövcud olmadığından, cavabdeh vergi orqanı tərəfindən həmin bəyannamə qəbul edilərək, şəxsi hesab vərəqəsinə işlənilmiş və nəticədə şəxsi hesab vərəqəsində vergi ödəyicisinin həmin bəyannamə üzrə 10.437,49 manat ödənilməmiş ƏDV borcunun yarandığı əksini tapmışdır; Mübahisəyə dair iş üzrə materiallara əlavə olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçının silinməsini tələb etdiyi mart/2017-ci il hesabat dövrü üzrə 10.437,49 manat ƏDV borcu 2 mart 2020-ci il tarixdə iddiaçı tərəfindən verilmiş dəqiqləşdirilmiş bəyannaməyə əsasən yaranmışdır; Başqa sözlə, iddiaçının şəxsi hesab vərəqəsində əks olunmuş məbləğ cavabdeh tərəfindən onun təqdim etdiyi dəqiqləşdirilmiş bəyannaməyə uyğun olaraq şəxsi hesab vərəqəsinə daxil edilmişdir. Bu zaman təqdim olunmuş bəyannamədə nəzərdə tutulmuş məlumatlardan cavabdeh tərəfindən kənara çıxılması halları məhkəmə tərəfindən müəyyən olunmamışdır; Hazırkı mübahisəyə münasibətdə iddiaçının tələbi cavabdehin qanunsuz hərəkətləri nəticəsində hesablanmış vergi borcunun silinməsi ilə bağlıdır. Lakin nəzərə alınmalıdır ki, silinməsi tələb edilən vergi borcu iddiaçının iddia etdiyi kimi, “vergi orqanı tərəfindən hesablanmış” vergi məbləği deyil, iddiaçı tərəfindən bəyan edilmiş vergi məbləğidir. Bununla bağlı həm də nəzərə almaq lazımdır ki, iddiaçının yeni dəqiqləşdirilmiş bəyannamənin sistem tərəfindən qəbul olunmadığını iddia etməsi yetərli deyil, hazırkı mübahisəyə münasibətdə iddiaçı eyni zamanda sonrakı dəqiqləşdirilmiş bəyannamənin sistem xətası üzündən təqdim olunmadığını, eləcə də həmin bəyannaməni təqdim etmək üçün alternativ imkanlara malik olmadığını da sübut etməlidir. Belə yanaşma sübutetmə vəzifəsinin tələbindən irəli gəlir; İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq, məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.1 və 4.2-ci bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1-ci bənd); İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda iddiaçının məhkəmə qaydasında hüquqi müdafiə marağı və iddia qaldırmaq səlahiyyəti mövcud olur. Hazırkı mübahisəyə münasibətdə həmin mümkünlük şərtlərinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur.”
29. Hazırki iddia “iddiaçının fəaliyyət göstərdiyi dövr üzrə səyyar vergi (və ya kameral) yoxlamasının həyata keçirilərək, vergi borcunun müəyyən edilməsi” ilə bağlıdır. Lakin qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(105)-488/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qərardadı ilə (baxmayaraq ki, iddia “cavabdeh tərəfindən hesablanmış 10.437,49 manat ƏDV borcunun və buna görə hesablanmış 3.886,54 manat faizlərin silinməsi, eləcə də artıq ödənmiş 3.104,88 manatın iddiaçıya qaytarılması” ilə bağlı olmuşdur) bu tələbə münasibət bildirilmişdir.
30. Yuxarıda da göründüyü kimi, hətta oxşar və ya yaxın da deyil, eyni iddiaçı, eyni cavabdeh, eyni əsas, eyni münasibətlər, eyni predmet, eyni məqsəd-nəticə ilə bağlı olan iddialardan söhbət gedir. Bu səbəbdən, məhkəmə hazırki iddianı işə yenidən inzibati icraatda baxılmasının mümkün olması üçün, ona fərqli zahiri forma verilməyə çalışılmış əvvəlki iddia kimi qiymətləndirərək, aşağıdakıları qeyd edir.
31. İPM-in 1.2-ci maddəsinə əsasən, həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və həmin Məcəllədə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müddəaları tətbiq oluna bilər.
32. MPM-in 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli Qərarının 16.2-ci bəndindən görünür ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 fevral 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. ... Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir.Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. ...”
35. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd olunmuşdur ki, “15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.”
36. Yuxarıda göstərilənlər əsasında məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
37. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
38. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim: Könül Həbibova