Məhkəmə qərarları › İş №2-1(118)-2696/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2696/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2696/2024 04.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızı, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının verilməsi” tələbinə dair inzibati iş üzrə iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə iddiaçının ərizəsinə məhkəmənin inzibati binasında (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra – “cavabdeh”) qarşı “9 oktyabr 2020-ci il tarixdən 24 dekabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan “Vətən Müharibəsi” dövründə cəbhədə iştirak etməyini nəzərə alaraq, iddiaçıya müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 23 may 2023-cü il tarixdə müvafiq sənədləri təqdim etməklə və ərizə ilə cavabdehə müraciət edərək 9 oktyabr 2020-ci il tarixdən 24 dekabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan “Vətən Müharibəsi” dövründə cəbhədə iştirak etməyini nəzərə alaraq, ona müharibə veteranı adı verilməsini xahiş etmişdi. Cavabdehin 5 sentyabr 2023-cü il tarixli, 2/2-8004 saylı məktubu ilə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. O, Cəbrayıl rayonu, Hacılı kəndində qeydiyyatda olmaqla, hazırda Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Erməni işğalçıları tərəfindən işğal edilmiş torpaqlarınının azad edilməsi ilə əlaqədar 2020-ci ilin sentyabr ayının 27-də ordumuz tərəfindən əks-hücum əməliyyatları başlandıqdan sonra uzun illərdir doğma yurdu işğalda olan və məcburi köçkün həyatı yaşamağa məcbur olan bir şəxs kimi həmin döyüşlərdə iştirak etmək üçün müxtəlif dövlət orqanlarına müraciət etsə də, yaşının çoxluğu nəzərə alınmaqla, iddiaçının döyüş əməliyyatlarında iştirak etməyinə şərait yaradılmamış, zəruri olduqda çağırılacağın barədə məlumat verilmişdir. Buna görə də iddiaçının döyüş əməliyyatlarında iştirak etməyi mümkün olmasa da, ordumuza mülki şəxs qismində kömək etmək məqsədilə mülkiyyətində olan “Kamaz 6520 yük” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillə X1 ilə birlikdə 9 oktyabr 2020-ci il tarixdə döyüş gedən əraziyə gəldi və həmin vaxtdan 24 dekabr 2020-ci il tarixədək “037” nömrəli hərbi briqadanın tərkibində Cəbrayıl və Qubadlı rayonu ərazisində sürücü qismində hərbi əməliyyatların aparılması ilə əlaqədar olaraq hərbi yüklərin və sursatların daşınmasında, həmçinin digər işlərin görülməsində iştirak etdi. Həmin müddətdə və qeyd olunan ərazilərdə onun “037” nömrəli hərbi briqadanın tərkibində sürücü qismində iştirak etməyini və ordumuza kömək etməyini orada olan şəxslər (döyüşçülər, mülki şəxslər və s.) təsdiq edirlər. Həmçinin “212” nömrəli hərbi hissənin komandiri Mayis Bərxudarov tərəfindən iddiaçı 15 yanvar 2021-ci il tarixdə “Fəxri Fərman”la (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan “Vətən Müharibəsi” dövründə cəbhədə göstərdiyi yüksək peşəkarlıq və fədakarlığına görə) təltif olub. 9 oktyabr 2020-ci il tarixdən 24 dekabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan “Vətən Müharibəsi” dövründə cəbhədə iştirak etməyi öz təsdiqini tapır. Qeyd edilir ki, iddiaçı 31 mart 2023-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl Rayon Şöbəsinə müraciət edərək, 9 oktyabr 2020-ci il tarixdən 24 dekabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan “Vətən Müharibəsi” dövründə cəbhədə iştirak etməyini təsdiq edən arayış verilməsini xahiş etmişdim. Həmin ərizəyə cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissə tərəfindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl Rayon Şöbəsinə ünvanlanmış 13 aprel 2023-cü il tarixli, N nömrəli cavab məktubunda N nömrəli hərbi hissənin nizami hissə üzrə əmrlər kitabında iddiaçının Vətən Müharibəsində iştirak etməyi barədə heç bir məlumatın qeyd olunmadığı göstərilmişdir. İddiaçı könüllü olaraq 9 oktyabr 2020-ci il tarixdən 24 dekabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan “Vətən Müharibəsi” dövründə cəbhədə iştirak etdiyinə görə adı rəsmi olaraq qeydiyyata alınmamışdır. Buna görə də cavabdeh orqana müraciət edərək 9 oktyabr 2020-ci il tarixdən 24 dekabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan “Vətən Müharibəsi” dövründə cəbhədə iştirak etməyini nəzərə alaraq, müharibə veteranı adı verilməsini xahiş edilmişdir, lakin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi heç bir hüquqi əsas göstərmədən qanunsuz olaraq qanuni tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq məhkəmənin icraatına qəbul edilərək iş üzrə məhkəmə mümkünlük icraatı başlanılmışdır. İddiaçı 4 aprel 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini geri götürülməsini və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsi təmin edilməlidir. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3-cü və 55.5ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir. İPM-də iddiadan imtina edilməsinin hüquqi nəticələri göstərilsə də (55.4-cü maddəyə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.), iddianın geri götürülmüş sayılmasının nəticələri göstərilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddianın geri götürülmüş sayılması (hazırkı halda iddianın geri götürülməsi) eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Məhkəmənin həmin qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İPM-in 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddianın geri götürülməsinə dair ərizə təmin edildiyindən iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması və məhkəmə icraatına cəlbetmə ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “9 oktyabr 2020-ci il tarixdən 24 dekabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan “Vətən Müharibəsi” dövründə cəbhədə iştirak etməyini nəzərə alaraq, iddiaçıya müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati binasında (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar