Məhkəmə qərarları › İş №2-1(118)-2698/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2698/2022

13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2698/2022 13.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşı polis mayorunun qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi, girovluqda saxlanılan mülkiyyət hüququna dair avtomobilinin texniki pasportunun və sürücülük vəsiqəsinin qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşı polis mayorunun qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi, girovluqda saxlanılan mülkiyyət hüququna dair avtomobilinin texniki pasportunun və sürücülük vəsiqəsinin qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər məhkəmə kompleksinin qarşısındakı dayanacaqdan idarə etdiyi ** XZ *** dövlət nömrə nişanlı avtomobillə sağa dönərkən sol tərəfdən hərəkət edən avtomobilin sürücüsünün qəflətən sükanı sağa döndərməsi nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı özünü inzibati xəta üzrə təqsirli hesab edərək Sumqayıt şəhər Polis İdarəsinə və "ATA" sığorta şirkətinə məlumat verərək hadisənin qeydə alınmasını və müvafiq hərəkətlərin aparılmasını xahiş etmişdir. Bir müddət keçdikdən sonra Sumqayıt şəhər Polis İdarəsindən və yaxud yol polisi şöbəsindən mayor rütbəli şəxs xüsusi cip markalı avtomobillə hadisə yerinə gəlmiş və hadisəni qeydə almışdır. Bu zaman sərxoşluq vəziyyətinin müayinəsinin aparılmasını tələb etsə də polis zabiti sərxoşluq aktı tərtib etməkdən imtina etmişdir. İddiaçıya məxsus sürücülük vəsiqəsini və mülkiyyətində olan VAZ 21074 markalı avtomobilin texniki şəhadətnaməsini alaraq qaytarmamış və sığorta şirkətinin nümayəndəsini gözləmədən növbəti gün şöbəyə gəlməli olduqlarını bildirərək çıxıb getmişdir. İddiaçı etiraz edərək müvafiq qanuni hərəkətlərin vaxtında - hadisənin qeydə alındığı tarixdə aparılmalı olmasını bildirsə də, heç bir əhəmiyyəti olmamışdır. Hadisənin digər iştirakçısı isə qadın olması səbəbindən çıxıb getmiş, nümayəndəsi qalmışdır. Hadisə yerində kameralar var. Bu hallar hadisə yerində quraşdırılmış kamera vasitəsi ilə, həm də iddiaçının telefonunda qeydə alınan zənglərlə və şəkillərlə sübut olunur. İddiaçı polis zabitinin özünü təqdim etmədən, sərxoşluq aktını tərtib etmədən bu qanunsuz hərəkətləri ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin 902 nömrəli qaynar xəttinə məlumat vermişdir. Ona bildirilmişdir ki, qanunsuz hərəkətlərə yol verilmiş polis tərəfindən hüquqlarının pozulmaması məqsədilə sərxoşluq aktının alınması üçün tibb müəsisəsinə müraciət etsin. İddiaçı məcbur qalaraq tibb müəsisəsindən akt almışdır. Qeyd olunanalara əsaslanaraq iddiaçı inzibati xəta haqqında qərarın qəbul edilməsi, girovluqda saxlanılan texniki şəhadətnamənin, sürücülük vəsiqəsinin qaytarılması və polis mayorunun hərəkətlərinə hüquqi qiymət verilməsi barədə nazirliyin 102 qaynar xəttinə müraciət etmək məcburiyyətində qalmışdır. Şikayətləri araşdırılması üçün Sumqayıt şəhər Polis İdarəsinə 29 iyun 2022-ci il tarixli məktubla göndərilməsinə baxmayaraq hələ də mülkiyyətində olan avtomobilin texniki şəhadətnaməsi və sürücülük vəsiqəsi qaytarılmamış, inzibati xəta üzrə qərar qəbul edilməmiş və yaxud iddiaçıya göndərilməmişdir. Bu hal isə inzibati xəta üzrə təqsirli olduğu halda qərardan şikayət etmək, müvafiq cəriməni vaxtında ödəməklə güzəşt hüququndan istifadə edərək cəriməni vaxtında ödəmək hüququnu pozur. Ona görə də inzibati məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən iddianın təmin olunması məhkəmədən xahiş edilmişdir. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq ona hüquqi yardım olunması üçün məhkəməyə dəvət olunmuş və ona izah olunmuşdur ki, inzibati xətalara dair işlərə inzibati məhkəmə icraatı qaydasında deyil, ümumi məhkəmələr tərəfindən baxılır. Eyni zamanda iddia tələbi fiziki şəxsin hərəkətlərinə qiymət verilməsi ilə bağlı yaranmış tələb olduğu üçün inzibati məhkəmələrin səlahiyyətində deyildir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, nəqliyyat hadisəsi baş verərkən hadisə yerinə özü gəlmiş, inzibati xəta haqqında ******* nömrəli protokol tərtib olunmuşdur. Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında ******* nömrəli qərarla iddiaçıya 60 manat cərimə tənbehi tətbiq edilmişdir. İddiaçı protokolla tanış olmaq üçün polis idarəsinə dəvət olunmasına baxmayaraq gəlməmişdir. Hal-hazırda sürücülük vəsiqəsi və texniki pasport idarənin dəftərxanasındadır. Qeyd olunanlara əsasən cavabdeh iddianın əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 6.1-ci bəndində qeyd olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Məhkəmə ilk növbədə, iddianın cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin inspektoru, polis kapitanı X2 qarşı yönəldilməsi ilə bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi inzibati hüquq münasibətlərində cavabdeh qismində mütləq qaydada inzibati orqan çıxış edir. Nəzərə alınmalıdır ki, iddiaçının cavabdeh qismində fiziki şəxslərə qarşı iddia tələbi ilə inzibati məhkəməyə müraciət etməsi İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmamışdır. Hesab olunur ki, vətəndaşların fiziki şəxslərə qarşı iddialarına mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Bundan başqa iş materiallarında olan cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törəndiyi üçün İXP ******* nömrəli inzibati protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında TP ******* nömrəli cərimə qərarı tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələbinə görə qanunda başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələrdə həyata keçirilir. Göründüyü kimi qanunverici inzibati mübahisələrin məhkəmə aidiyyətinin başqa qaydalarının qanunda nəzərdə tutula biləcəyini istisna etmir. İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənən hüquq münasibətləri mahiyyəti etibarı ilə publik hüquq səhəsinə aid olsa da, İnzibati İcraat Haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsi qanunun tətbiq dairəsini müəyyən edərək, həmin qanunun normalarının inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmasını istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 15.2-ci bəndinə əsasən İPM-in 8.2-ci bəndində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Həmin qərarın 15.3-cü bəndinə əsasən bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələbləri baxımından verilmiş iddia tələbi inzibati mübahisənin predmeti olmadığı təqdirdə iddia ərizəsi qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar