Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2698/2024 28.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsə qarşı “Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində yerləşən mülkiyyətində ümumi sahəsi 0,03 ha olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 3.966 manat məbləğində kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi“ tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib cavabdehin 12 dekabr 2022-ci il tarixli, ********* nömrəli imtina məktubunun qanunsuz hesab edilməsi, mülkiyyətçisi olduğu torpaq sahəsinin alınmasına və dövlət ehtiyacları üçün istifadəsinə məruz qaldığından müvafiq kompensasiya məbləğinin müəyyən edilməklə ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyəçisi olduğu Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində yerləşən ümumi sahəsi 0,03 ha yaşayış məntəqələri torpaqları kateqoriyasına aid edilən və tikinti məqsədli torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışı əsasında onun adına qeydiyyata alınmışdır.Mülkiyyətçisi olduğu torpaq sahəsi ilə bağlı 2008-2013 cü illər tarixində Bakı- Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun tikintisi ilə əlaqədar tikinti altına düşmüşdür və bununla bağlı müəyyən kompensasiya ödənilməlidir ki, bununla bağlı onun mülkiyyətində olan torpaq sahəsinin bu məqsədlər üçün faktiki olaraq istifadə edilmiş, lakin ona bugünədək hər-hansısa kompensasiya məbləği ödənilməmişdir.Bununla bağlı müvafiq qurumlara rəsmi qaydada müraciətlər etməyinə baxmayaraq heç bir nəticə əldə etməmiş və məhz bu səbəbdən hazırkı iddia tələbinin qaldırılması üçün bu əsas olmuşdur. Eyni zamanda mülkiyyətçisi olduğu torpaq sahəsinin alınması və ya istifadə edilməsi ilə bağlı ona heç bir rəsmi məlumat verilməmişdir.Hesab edir ki, agentliyin hərəkətləri tamamilə qanunsuzdur və ona ədalətli kompensasiya ödənilməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia tələbi aşağıdakılara görə əsassızdır: Belə ki, “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” layihəsinin icrası ilə bağlı vətəndaşların yol tikinti altına düşən torpaqlarının siyasim müəyyənləşdirmək üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunmuşdur. Alınmış cavabda bildirilmişdir ki, Agentlik tərəfindən həyata keçirilən , “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” layihəsi altına düşən torpaqların siyahısında İddiaçı adına məxsus torpaq sahəsi aşkar edilməmişdir.Beləliklə iddiaçının iddiada qeyd olunan torpaq sahəsi avtomobil yolun tikinti altına düşmədiyi səbəbindən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu torpaq üçün kompensasiya hesablanmamış, Maliyyə Nazirliyi tərəfindən aidiyyəti üzrə vəsait ayrılmamışdır.“Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun” yenidənqurulması ilə əlaqədar Xaçmaz r-nu, Armudpadar kəndi ərazisindən keçən hissəsində avtomobil yolunun mühafizə (60m.) və daimi təhkim zolağına düşən maneələrinin və torpaq sahələrinin, əkililərin və tikintilərinin siyahıya almaq məqsədi ilə komissiya tərtib olunmuşdur. Lakin İddiaçı tərəfindən siyahıyaalma zamanı iddiada göstərdiyi 0.03 ha torpaq sahəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilən yolun altına düşməsi ilə bağlı heç bir sənəd və sübut təqdim olunmamışdır.Mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün, qeyd olunan ərazinin situasiya planının tərtib edilməsi, əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruridir.Eyni zamanda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin avtomobil yolunun tikintisi çərçivəsində həqiqətən tikinti altına düşübdüşməməsi, düşərsə hansı hissədə (yola və yolun mühafizə zolağına düşən torpaq sahəsinin planı, ölçüləri və koordinatları göstərilməklə) müəyyənləşdirilməli və araşdırma aparılmalıdır.Cavabdehin iddiada göstərdiyi torpaq sahəsinin yol tikinti altına düşməsi iddiaçı tərəfindən heç bir sübut təqdim olunmayıb, halbuki mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən iddiaçıya qarşı hər hansı mülki deliktin törətməsi ilə bağlı faktlar və deliktin mövcud olması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər və ya tutarlı sübut növləri təqdim etməmişdir.Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 12 dekabr 2022-ci il tarixli, ********* nömrəli imtina məktubu, Sumqayıt şəhər XDS-nin xx.xx.1988-ci il tarixli 16 saylı qərarı, DƏDRX tərəfindən verilmiş **********58 reyestr nömrəli çıxarışın surəti, Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2412 nömrəli məktub, Dövlət Notariat Arxivinin 3-16-5/6-14618/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İddianın mümkünlük şərtlərindən olan düzgün cavabdehin seçiləsi ilə əlaqədar, məhkəmə onu qeyd etməyi zəruri bilir ki, cavabdeh təşkilat iddiaçıya təqdim etdiyi imtina məktubunda bildirmişdir ki, “Sizin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ünvanladığınız torpaq sahənizə kompensasiya ödənilməsi ilə bağlı ərizənizə aidiyyəti üzrə baxılmışdır.Bununla əlaqədar bildiririk ki, Sizin torpaq sahənizin yerləşdiyi ərazidə torpaqalma işləri 2008-2013-cü illər ərzində, keçmiş Nəqliyyat Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilmişdir. Hal-hazırda həmin ərazidə kompensasiya ödənilməsi ilə əlaqədar işlərin aparılması qeyri-mümkündür.Əlavə olaraq bildiririk ki, qeyd olunanlara narazılığınız olduğu halda məhkəmə orqanlarına müraciət etmək hüququnuz vardır”.Cavabdehin imtina məktubundan göründüyü kimi mübahisəli ərazidə tikiti işlərinin aparılmasını "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilməsini etiraf etmişdir. Hal-hazırda ləğv edilmiş həmin qurumun xələfi məhz Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir ki, analoji iddialarda məhkəmə təcrubəsində formalaşmış praktika mövcuddur. Həmçinin, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin yarasız vəziyyətə salınması ilə əlaqədar Xaçmaz rayon İcra hakimiyyətinə müraciət etmiş və müvafiq qurum həmin ərazidə tikiti quraşdırma işlərinin aparılması ilə əlaqədar kompensasiyanın ödənilməsi məsələsinin həll edilməsi səlahiyyətinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilməsini bildirmişdir. Belə olan halda hazırkı iddia tələbinə cavabdehlik daşıyan inzibati orqanın Azərbaycan X1ması müəyyənləşdirilmişdir. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiya ödəmək öhdəliyini daşıyır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Həmin Qanunun 54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin, ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya, torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti, alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər, alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər, alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər nəzərə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçıya məxsus torpaq sahəsi “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” ilə bağlı həyata keçirilən layihə çərçivəsində tikinti altına düşmüşdür.İddiaçı torpaq sahəsinin yolun tikinti altına düşməsi nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh 12 dekabr 2022-ci il tarixli, ********* nömrəli məktuba iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı dövlət ehtiyacları üçün geri alınan ona məxsus torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçıya ünvanladığı məktubunda kompensasiyanın ödənilməməsinə əsas kimi sözügedən torpaq sahəsi ilə bağlı tikinti işlərinin həyata keçirilməsinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilməsini ilə bağlıdır. Məhkəmə hesab edir ki, həmin qurumun hazırkı cavabdehin sələfi olması mövcud məhkəmə praktikasında öz təsdiqini tapmışdır.Ona görə də hazırkı mübahisənin cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir.Belə olan halda göstərilən tarixdən xeyli müddət keçməsinə baxmayaraq, kompensasiya iddiaçıya ödənilməmişdir.Cavabdeh tərəfindən kompensasiyanın ödənilməsi yubadılır ki, bu halda iddiaçının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən hüquqları pozulan şəxs kimi məhkəməyə müraciət etmək hüququ yaranmış, iddianın mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Mübahisəli torpaq sahəsinin bazar qiymətinin müəyyənləşdirilməsinə dair qoyulan məsələ ilə bağlı məhkəmə tərəfindən Dövlət Notariat Arxivinə sorğu göndərilmiş və Arxivin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş alqı-satqı müqavilələrindən müəyyən olunur ki, AN-İ ******* nömrəli, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində 0.30 ha torpaq sahəsi 84200 manata satılmış, xx.xx.2009-cu il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində 0.08 ha torpaq sahəsi 5.300 manata satılmış, AN-İ N ******* nömrəli, xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində 0.10 ha torpaq sahəsi 5000 manata satılmışdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş alqı-satqı müqavilələrindən 3-nü seçməklə, o cümlədən AN-İ ******* nömrəli, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində 0.30 ha torpaq sahəsi 84200 manata satılmış, xx.xx.2009-cu il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində 0.08 ha torpaq sahəsi 5.300 manata satılmış, AN-İ N ******* nömrəli, xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində 0.10 ha torpaq sahəsi 5000 manata satılmış alqı-satqı müqavilələri üzrə bir sotunun qiymətini müəyyən etməklə, yəni 1-ci – 30 sot 84200 manat - 1 sotu 2806 m, 2-ci – 0.08 sot 5300 manat-1 sotu 662 m, 3-cü – 10 sot 500 manat-1 sotu 500 m olmaqla, 1 sotun orta qiyməti təqribən 1.322 manatdan çox edir (2806+662+500=3968:3=1.322). İddiaçının mülkiyətində olan torpaq sahəsinin 3 sot olduğunu nəzərə alaraq torpaq sahəsinin qiyməti 3.966 (3x1322=3.966) manatdan çox təşkil edəcəkdir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, iddiaçı ona ayrılmış torpaq sahəsinin dövlət ehtiyacları ilə əlaqədar alınması üçün ona dəymiş maddi ziyan 3.966 manat məbləğindədir.Ona görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 3.966 (üç min doqquz yüz altmış altı) manat məbləğində kompensasiya cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı, onun mülkiyyətində olan Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində yerləşən 0,03 ha torpaq sahəsi tikinti altına düşdüyü üçün 3.966 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2698/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2698/2024
28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver