Məhkəmə qərarları › İş №2-1(118)-2698/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2698/2025

30.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2698/2025 30.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “xx.xx.2004-cü il tarixli, 289 reyestr nömrəli, inventar işi № 172 olan qeydiyyat vəsiqəsinə (daşınmaz əmlakın reyestr nömrəsi **********33-10301 çıxarışa əsasən İddiaçı mülkiyyətində olan) əsasən fərdi yaşayış evinin yerləşdiyi 0.34 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə arayışın verilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək xx.xx.2004-cü il tarixli, 289 reyestr nömrəli, inventar işi № 172 olan qeydiyyat vəsiqəsinə (daşınmaz əmlakın reyestr nömrəsi **********33-10301 çıxarışa əsasən İddiaçı mülkiyyətində olan) əsasən fərdi yaşayış evinin yerləşdiyi 0.34 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə arayışın verilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir.) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, mərhum atası X3 rayonu, Qızmeydan kəndi ərazisində alqı-satqı yolu ilə 0.30 ha torpaq sahəsi almışdır. Sözügedən torpaq sahəsi daha sonra vərəsəlik qaydasında İddiaçı mülkiyyətinə keçmişdir. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etmişdir. Fərdi yaşayış evi **********33-10301 daşınmaz əmlakın reyestr nömrəsi ilə hüquqları Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən qeydiyyatdan keçərək çıxarışla təmin olunmuşdur. Fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsində istifadələrində olan 0.33 ha torpaq sahəsinə dair müvafiq qeydlər aparılmışdır. Lakin sənədləşmə vaxtı torpağa dair ilkin sənədləri Daşınmaz Əmlak Komitəsinə təqdim etdiyi üçün hal-hazırda həmin sənədlərin bir nüsxəsi onlarda yoxdur. Lakin arxivdə torpaq sahəsinə dair bütün ilkin sənədlər (alqı-satqı müqaviləsi) mövcuddur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: JN 060A, KOD 41003005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinin surətindən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı Qərarı ilə 0.30 ha torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. Reyestr nömrəsi **********33-10301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. 20 aprel 2004-cü il tarixdə 01 №li reyestr kitabında 94 səhifədə 289 reyestr nömrəsi ilə qeydə alınmış inventar nömrəsi 172 olan qeydiyyat vəsiqəsinə əsasən Şamaxı rayon İHB-nın Astraxanovka kəndi üzrə nümayəndəsinin 05 №li 20 aprel 1994-cü il tarixli alqısatqı müqaviləsinə əsasən Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən fərdi yaşayış evi X7 mülkiyyətinə verilmişdir. Fərdi yaşayış evinin aprel 2001-ci il tarixdə tərtib olunmuş texniki pasportunun surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2025-ci il tarixli 3-21-3-41/2- 98/2025 saylı məktubunda qeyd edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə dair müayinə aktının surəti və torpaq sahəsinin faktiki yerləşmə mövqeyini əks etdirən ortofoto görüntüsü cavab məktubuna əlavə olunur. Reyestr nömrəsi **********33- 10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri cavab məktubuna əlavə olunur. JN 060A, KOD 41003005 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq olunmuş surəti cavab məktubuna əlavə olunur. JN 060A, KOD 41003005 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 16 saylı qərarına əsasən verilmişdir və həmin qərar Ərazi İdarəsinin arxivində saxlanılan arxiv qovluğunda aşkar olunmadı. 20 aprel 2004-cü il tarixdə 01 N:-li reyestr kitabında 94 səhifədə 289 reyestr nömrəsi ilə qeydə alınmış, inventar N: 172 olan qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surəti cavab məktubuna əlavə olunur. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Astraxanovka kənd üzrə nümayəndəsinin 05 N:-li 20 aprel 1994-cü il tarixli alqı-satqı müqaviləsi Ərazi İdarəsinin arxivində saxlanılan arxiv qovluğunda aşkar olunmadı. Məhkəmə sorğusuna cavab olaraq X16 filialının xx.xx.2025-ci il tarixli məktubu ilə Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 1 aprel 2025 -ci il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzin arxivində Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Astraxanovka kənd üzrə nümayəndəsinin xx.xx.1994-cü il tarixli 05 nömrəli alqı-satqı müqaviləsi aşkar edilməmişdir. Arxivdə saxlanılan Şamaxı rayonu, Qızmeydan kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarından X4 adı qeyd edilmiş hissədən, eləcə də Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 nömrəli Qərarından çıxarışların təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəfindən X5 xx.xx.1999-cu il tarixli, №283926 saylı ölüm haqqında şəhadətnaməsinin surəti məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.2004-cü il tarixli, 289 reyestr nömrəli, inventar işi № 172 olan qeydiyyat vəsiqəsinə (daşınmaz əmlakın reyestr nömrəsi **********33-10301 çıxarışa əsasən İddiaçı mülkiyyətində olan) əsasən fərdi yaşayış evinin yerləşdiyi 0.34 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə arayışın verilməsini istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, Şamaxı rayon Qızmeydan kəndi ərazisindən mərhum X11 tərəfindən alqı-satqı yolu ilə əldə olunmuş və sonradan vərəsəlik qaydasında İddiaçı mülkiyyətinə keçmiş fərdi yaşayış evinin yerləşdiyi 0.30 ha həyətyanı torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarına əsasən evin əvvəlki mülkiyyətçisi X5 adına JN-060A, kod 41003005 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Evin yerləşdiyi həyətyanı torpaq sahəsi X5 mülkiyyətində qaldığına görə, həyətyanı torpaq sahəsini İddiaçı adına qeydiyyata alınması mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanına əsasən: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda. Mübahisəli torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair iddiaçının adına **********33-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı hazırda torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X8 məxsus olması barədə arayışın verilməsini istəyir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2025-ci il tarixli 3-21-3-41/2- 98/2025 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş ilkin hüquqmüəyyənedici sənədlərdən müəyyən olunur ki, X5 adına oktyabr 1998-ci il tarixli fərdi yaşayış evinə daxil olan yaşayış evinin texniki pasportu işlənilmiş və torpaq sahəsi 3600 kv. metr olaraq qeyd edilmişdir. Aprel 2001-ci il tarixli fərdi yaşayış evinə daxil olan yaşayış evinin texniki pasportunda isə ev sahibi qrafasına X9 adı əlavə edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli müayinə aktında torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,30 ha, faktiki olaraq 0,34 ha olaraq göstərilmiş, torpaq sahəsinin yaşayış məntəqələri torpaqlarına kateqoriyasına aid torpaqlarda yerləşdiyi, iddiaçının faktiki istifadəsində olduğu və mühafizə, sürüşmə zonasında yerləşmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən: Maddə 88.1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Qeyd olunan hüquq normalarının tələblərindən göründüyü kimi torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ başqa şəxsə keçərkən həmin evin yerləşdiyi torpaq sahəsinə dair hüquq da əvvəlki mülkiyyətçiyə məxsus olan həcmdə əldə edənə keçir. Təqdim edilmiş ilkin hüquqmüəyyənedici sənədlərdən müəyyən olunur ki, X6 ilkin olaraq 0,36 ha torpaq sahəsi ayrılmış, 0.30 ha torpaq sahəsinə dair adına JN 060A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Sonradan isə X9 aprel 2001-ci il tarixli fərdi yaşayış evinə daxil olan yaşayış evinin texniki pasportu verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə sorğusu ilə təqdim edilmiş vətəndaşların mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair cədvəldə X1i istifadəsində olan həyətyanı torpaq sahəsi 0,36 ha olaraq, həmçinin ilkin hüquqmüəyyənedici sənəd olan oktyabr 1989-cu il tarixli fərdi yaşayış evinə daxil olan yaşayış evinin texniki pasportunda torpaq sahəsi 3600 kv. metr göstərildiyindən, iddiaçının faktiki istifadəsində isə 0,34 ha olduğundan iddiaçı dəqiqləşmə ərizəsi verərək iddia tələbini torpaq sahəsinə münasibətdə 0,34 ha olaraq qeyd etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. xx.xx.2004-cü il tarixli, 289 reyestr nömrəli, inventar işi № 172 olan qeydiyyat vəsiqəsinə (daşınmaz əmlakın reyestr nömrəsi **********33-10301 çıxarışa əsasən İddiaçı mülkiyyətində olan) əsasən fərdi yaşayış evinin yerləşdiyi 0.34 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar