Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-27/2021 25.01.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı “Sumqayıt Şəhər Bələdiyyə Şurasının 09 aprel 2004-cü il tarixli 111 saylı qərarı ilə və 12 may 2004-cü il tarixli 104 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqına müqaviləyə əsasən Sumqayıt-Novxanı dəniz kənarı yolun ərazisində istifadəsində olan 0.35 ha torpaq sahəsinin digər vətəndaşın adına qeydiyyata alınmasının və onun adına verilən çıxarışdan ona məxsus həmin sahənin çıxarılması üçün sənədlərə qismən dəyişiklik edilməsi tələbinə” dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək “Sumqayıt Şəhər Bələdiyyə Şurasının 09 aprel 2004-cü il tarixli 111 saylı qərarı ilə və 12 may 2004-cü il tarixli 104 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqına müqaviləyə əsasən Sumqayıt-Novxanı dəniz kənarı yolun ərazisində istifadəsində olan 0.35 ha torpaq sahəsinin digər vətəndaşın adına qeydiyyata alınmasının və onun adına verilən çıxarışdan ona məxsus həmin sahənin çıxarılması üçün sənədlərə qismən dəyişiklik edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti vəsatətlə müraciət edərək bildirmişdir ki, aşağıda göstərilənlərə əsasən, iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti əsl cavabdeh Xidmətin 2 saylı Sumqayıt Ərazi İdarəsi ilə əvəz edilməlidir: Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 1.3-cü bəndinə əsasən Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) vasitəsilə həyata keçirir. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən Xidmətin tərkibinə onun aparatı və tabeliyində olan yerli qurumlar daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Xidmətin ərazi idarələri ixtisaslaşdırılmış hüquqi şəxs olmaqla, məhkəmə proseslərində öz adından müstəqil şəkildə çıxış etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1 -ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Göstərilənlərə əsasən yuxarıda qeyd olunan iş üzrə cavabdeh olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi ilə əvəz edilməsini xahiş edilir. Məhkəmə cavabdehin vəsatətini əsaslı hesab edərək cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini əsl cavabdeh kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi ilə əvəz etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Bələdiyyə Şurasının 09 aprel 2004-cü il tarixli 111 saylı qərarı ilə Bələdiyyə ilə 99 il müddətinə 12 may 2004-cü il tarixli 104 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqına müqavilə bağlamışdır. Müqavilə Sumqayıt-Novxanı dəniz kənarı yolun ərazisində Əhaliyə müxtəlif növ xidmət göstərilməsi məqsədilə bağlanmışdır. Müqavilənin 2.3-cü bəndində göstərilmişdir ki, İcarəçi 2.100 00 X 99 =207.900 000 manat icarə haqqını ödəməyi öhdəsinə götürür. Həmin məbləğin bir hissəsi onun tərəfindən ödənilmiş və müqavilənin şərtlərinə heç bir dəyişiklik edilməmişdir. Bir müddət əvvəl Bələdiyyə həmin sahənin qalan icarə haqının ödənilməsini təklif etmiş və o, vəsaitin Bələdiyyənin hansı hesabına ödənilməsinə dair bildiriş verilməsinə dair göstəriş verilməsini bildirmişdir. Bələdiyyə 04 aprel 2018-ci il tarixli məktubla bildirmişdir ki, icarə haqqı ödənilməsə müqaviləyə xitam verilməsi barədə məhkəməyə müraciət olunacaqdır. Hal-hazırda ona məlum olmuşdur ki, Sumqayıt- Novxanı dəniz kənarı yolun ona verilən ərazisi başqa şəxslərə verilmiş və onların hüquqları cavabdeh Reyestr Xidmətində qeydiyyata alınmışdır. Ona görə də cavabdeh Xidmətə müraciət edərək icarəsində olan torpaq sahəsinin kimə və hansı sənədlərə əsasən verilməsinə dair ona məlumat verilməsi xahiş olunmuş və cavabdeh **********22 saylı 04 aprel 2019-cu ıl tarixli məktubla bidirilmişdir ki, müraciətiniz əsasında ərazi müayinə edilmiş, əldə edilmiş faktiki koordinatlarla torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 16,6 kv.m qeyri-yaşayış binasının icarəyə verilmiş əmlakın 18 mart 2016-cı il tarixli 6015 nömrəli alqı-satqı müqaviləsi əsasında digər vətəndaşın adına rəsmiləşdirildiyi, 07 mart 2016-cı il tarixli 392 saylı özəlləşdirilən dövlət müəsssisə və obyektlərin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin inşa edildiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında 1,614374 ha torpaq sahəsinin eyni vətəndaşa alqı-satqı müqaviləsi ilə rəsmiləşdirildiyi aşkar edilmişdir. Yuxarıda qeyd olunan əsaslarla həmin vətəndaşın mülkiyyət hüququnun dövlət qeydiyyatı 21.05.2016-cı il tarixli **********91-06301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Məktubda göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məktubda kimlərin adına və hansı sənədlərə əsasən rəsmiləşdirilməsinə dair heç bir məlumat verilməmişdir. Ona görə də Məhkəməyə müraciət edərək hesab edir ki, həmin şəxslər işə cəlb edilərək onlara verilən çıxarış hansı sənədlərə əsasən verilməsi müəyyən olunaraq istifadəsində olan 0.35 ha torpaq sahəsinin istifadəsinə qaytarılması məqsədilə həmin sənədlərə və çıxarışa dəyişiliklik edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin öncəki iclaslarında iştrak edən iddiaçının nümayəndələri və vəkilləri iddia tələbinə uyğun izahat verərək,iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmənin 25.01.2021-ci ildə keçiriləcək iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəfimizdən araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt- Novxanı dəniz kənarı yolun ərazisində yerləşən, Sumqayıt Şəhər Bələdiyyəsinin 09 aprel 2004-cü il tarixli 111 saylı qərarı və 12 aprel 2004-cü il tarixli icarə müqaviləsi ilə əldə edilən 0,35 ha torpaq sahəsinin başqa şəxsin adına qeydiyyata alınıb-alınmamasına dair ətraflı arayış verilməsi barədə 11 mart 2019-cu il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq iddiaçıya bildirilmişdir ki, Xidmətin 2 saylı Sumqayıt Ərazi İdarəsində aparılan araşdırmalar zamanı sözügedən torpaq sahəsinin Sumqayıt Şəhər Bələdiyyəsinin 09 aprel 2004-cü il tarixli 111 saylı qərarı və 12 aprel 2004-cü il tarixli 104 saylı icarə müqaviləsi ilə 99 il müddətinə əldə edildiyi, lakin sənədlərə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin plan və ölçü sənədinin əlavə edilmədiyi, bununla belə əlavə edilmiş yerquruluşu planında isə torpaq sahəsinin istinad (koordinat) nöqtələrinin dəqiq göstərilmədiyi, bələdiyyənin qərarında torpaq sahəsinin Sumqayıt-Novxanı avtomobil yolunun 140 metr sahil zolağı kimi göstərildiyi aşkar edilmişdir. Həmçinin idiaçının nəzərinə çatdırlımışdır ki, müraciəti əsasında ərazi müayinə edilmiş, əldə edilmiş faktiki koordinatlarla torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 16,6 kv.m olan qeyriyaşayış binasının icarəyə verilmiş əmlakın 18 mart 2016-cı il tarixli 6015 nömrəli alqı-satqı müqaviləsi əsasında digər vətəndaşın adına rəsmiləşdirildiyi, 07 mart 2016-cı il tarixli 392 saylı özəlləşdirilən dövlət müəssisə və obyektlərin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında 1,614374 ha torpaq sahəsinin həmin şəxsə satılmasına dair alqı-satqı müqaviləsinin rəsmiləşdirildiyi aşkar edilmişdir. Yuxarıda qeyd olunan əsaslarla hüquq əldə edən vətəndaşın mülkiyyət hüququnun dövlət qeydiyyatı 21 may 2016-cı il tarixli **********91- 06301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bildiyi və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edildiyi İddiaçı bildirilmiş və bu barədə ona 04 aprel 2019-cu il tarixli **********22 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinə etirazımızı bildirərək, iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini xahiş edilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın **********22 saylı, 04 mart 2019-cu il nömrəli imtina məktubu, DƏDRX-in 2 saylı Əİ-nin **********50 saylı, 28 fevral 2020-ci il nömrəli etirazı, 12.05.2004-cu il tarixli, 104 nömrəli Torpaq icarə müqaviləsinin surəti, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş 28.12.2020-ci il tarixli, **********01 nömrəli məktubu, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* nömrəli çıxarışın və ona əsas müqavilənin surətləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46.1-ci maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara aiddir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir.Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən 1) ümumi istifadədə olan torpaqlar; 2) hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlar; 3) ehtiyat fondu torpaqları bələdiyyə mülkiyyətinə aid olan torpaqlar hesab edilir. Həmin Məcəllənin 47.3-cü maddəsinə əsasən ümumi istifadədə olan torpaqlara- bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 47.4-cü maddəsinə əsasən hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Həmin Məcəllənin 47.5-ci maddəsinə əsasən bələdiyyə ehtiyat fondu torpaqlarına- yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasəsn fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmənin sorğusuna əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti bildirmişdir ki, sorğunuzda adı qeyd olunan X3, Sumqayıt-Novxanı dənizkənarı yolunun yaxınlığında yerləşən, dövlət mülkiyyətinə aid 1,61 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Komitəsi ilə vətəndaş arasında bağlanmış 07 aprel 2016-cı il tarixli, 392 nömrəli “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi” əsasında 21 may 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Həmçinin bildiririk ki, Sumqayıt bələdiyyəsi tərəfindən İddiaçı icarəyə verilmiş 0,35 ha torpaq sahəsi ilə bağlı hər hansı bir məlumat aşkar edilməmiş, torpaq sahəsinə dair yerləşmə mövqeyi və faktiki koordinatlar müraciətə əlavə edilmədiyindən, dövlət torpağı olaraq özəlləşdirilən 1,61 ha torpaq sahəsinin hüdudları daxilinə və ya xaricinə düşübdüşmədiyini müəyyənləşdirmək mümkün olmamışdır. Odur ki, sözügedən 0,35 ha torpaq sahəsinin yerləşmə mövqeyi və faktiki koordinatları dəqiqləşdirilməklə müraciətinizə əlavə edildikdən və yerində texniki müayinə baxışı keçirildikdən sonra torpaq sahəsinin mülkiyyət növü barədə məlumat verilə bilər. Məhkəmənin digər sorğusuna əsasən Sumqayıt Bələdiyyəsi bildirmişdir ki, Sumqayıt Bələdiyyəsinin 09 aprel 2004-cü il tarixli, 111 saylı qərarı ilə Sumqayıt- Novxanı yolunun dəniz kənarı zolağı boyunca ümumilikdə 140 metr sahil zolağında yerləşən torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilmiş və onunla Sumqayıt Bələdiyyəsi arasında qeyd olunan torpaq sahəsinə dair 12 may 2004-cü il tarixli, 104 saylı torpaq icarə müqaviləsi bağlanılmışdır. Adı çəkilən bələdiyyə qərarı və torpaq icarə müqaviləsi hal hazırda da qüvvədədir,lakin İddiaçı tərəfindən torpaqdan istifadəyə görə Sumqayıt Bələdiyyəsinə hər hansı ödəniş edilməmişdir Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki,sözügedən torpaq sahəsi sonradan Sumqayıt Bələdiyyəsi tərəfindən hər hansı başqa fiziki,yaxud hüquqi şəxsin adına rəsmiləşdirilməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Bələdiyyəsinin 09 aprel 2004-cü il tarixli, 111 saylı qərarı ilə Sumqayıt- Novxanı yolunun dəniz kənarı zolağı boyunca ümumilikdə 140 metr sahil zolağında yerləşən torpaq sahəsi İddiaçı icarəyə verilmiş və onunla Sumqayıt Bələdiyyəsi arasında qeyd olunan torpaq sahəsinə dair 12 may 2004-cü il tarixli, 104 saylı torpaq icarə müqaviləsi bağlanılmışdır. 07 aprel 2016-cı ildə qeyd olunan torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi ilə X4 arasında alqı satqı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə X3 yaranmış hüquqları DƏDRX-ən qeydiyyatdan keçərək 21.05.2016-cı ildə dövlət qeydiyyatına alınmışdır. İlk öncə nəzərə alınmalıdır ki, qeyd olunan torpaq sahəsi Sumqayıt-Novxanı avtomobil yolunun 140 metr sahil zolağında yerləşir və həmin torpaq sahəsi dövlətin müstəsna mülkiyyətində olmuş, daha dəqiq desək həmin torpaq sahəsinin üzərində dövlətə məxsus ümumi sahəsi 16.6 kv.m qeyri-yaşayış binası mövcud olmuşdur. Belə olduğu tədqirdə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46.1-ci maddəsinə görə dövlətin balansında olan obyektin altındakı torpaq sahəsi dövlət mülkiyyəti hesab edilir. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, qeyd olunan torpaq sahəsi Xəzər dənizinin sahilboyu ərazisində yerləşdiyinə görə həmin torpaq sahəsi ümumi istifadədə olan torpaq sahələrinə və bələdiyyənin ehtiyyat fondu torpaqlarına aid edilə bilməz. Bundan başqa oda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində mülkiyyət hüququnun anlayışı və Həmin Məcəllənin 146.2-ci maddəsində həmin hüququn nə vaxtdan etibarən yaranması göstərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin alqı-satqısı müqaviləsi bağlanmamışdan öncə həmin torpaq sahəsinin üstündə yerləşən qeyri-yaşayış binası dövlətin müstəsna mülkiyyətində olub və həmin qeyriyaşayış binasına dair ƏMDK yanında DƏDRX-ti tərəfindən 01.04.2016-cı il tarixli,********** saylı çıxarış verilib. Sumqayıt Bələdiyyəsi isə qeyd olunan torpaq sahəsinin onun balansında olmasını bildirməsinə baxmayaraq buna dair hər hansı bir dəlili məhkəməyə təqdim etməyib. Onun məhkəmənin sorğusuna əsasən ünvanladığı 06 oktyabr 2020-ci il tarixli 2950 saylı məktubunda həmin torpaq sahəsinin torpaq islahatı nəticəsində bələdiyyənin mülkiyyətinə verilməsi kimi izahı məhkəmədə öz təstiqini tapmamışdır. Belə olduğu halda hesab olunur ki, Sumqayıt Bələdiyyəsinin ümumiyətcə özünə aid olmayan torpaq sahəsi üzərində sərəncam vermək hüququ, yəni İddiaçı ilə icarə müqaviləsi bağlamağa subyektiv hüququ olmayıb. Ona görədə məhkəmə belə qənaətə gəlir ki, cavabdeh təşkilat RX ******* saylı çıxarışı verərəkən hər hansı qanun pozuntusuna yol verməyib və İddiaçı məhkəmədə gətirdiyi arqumentlər əsasında X3 adına verilmiş mülkiyyət hüququna dair çıxarışa dəyişiklik edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Sumqayıt Şəhər Bələdiyyə Şurasının 09 aprel 2004-cü il tarixli 111 saylı qərarı ilə və 12 may 2004-cü il tarixli 104 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqına müqaviləyə əsasən Sumqayıt-Novxanı dəniz kənarı yolun ərazisində istifadəsində olan 0.35 ha torpaq sahəsinin digər vətəndaşın adına qeydiyyata alınmasının və onun adına verilən çıxarışdan ona məxsus həmin sahənin çıxarılması üçün sənədlərə qismən dəyişiklik edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-27/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-27/2021
25.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver