Məhkəmə qərarları › İş №2-1(118)-270/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-270/2020

28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-270/2020 28.01.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlununun sədirliyi, X1 katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı Cavabdehnə qarşı “onun soyadının sonluğu “İslamlı”-dan əvvəlki “İslamov” soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1987-ci ildə Xaçmaz rayonu Çarxı kəndində anadan olmuş, hal-hazırda həmin kənddə yaşayır. Cavabdehnə ərizə ilə müraciət edərək soyadının sonluğunu «İslamov»dan «İslamlı»ya dəyişdirmişdir. Yenidən «İslamlı»dan əvvəlki «İslamov» soyadına dəyişdirmək üçün Cavabdehnə müraciət etmişdir. Cavabdehndən ona xx.xx.2019-cu il tarixli, 308 saylı məktubla cavab verərək bildirmişlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 saylı qərarına əsasən soyad sonluğu Qeydiyyat Şöbəsində bir dəfə dəyişdirilə bilər və ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Elə bu səbəbdən də məhkəməyə müraciət edərək onun soyadının sonluğu «İslamlı»dan əvvəlki «İslamov» soyadına dəyişdirilməsi barədə qərar çıxarmağı məhkəmədən xahiş edir. Əvvəlki soyadına qayıtması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu bundan imtina etdiyindən məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı münasibət bildirməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, Belə olan halda Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti, Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti, Cavabdeh xx.xx.2019-cu il tarixli, 308 nömrəli məktubu, Yaşayış yerindən arayış və ödəniş qəbzi daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Bu səbəbdən də iddia rədd edilməlidir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı adının və soyadının dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu adın və soyadın dəyişdirilməsindən imtina etmiş və tərəflər arasında hazırki mübahisə yaranmışdır. İddia mahiyyət etibarı ilə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.1987-ci ildə Xaçmaz rayonu Çarxı kəndində doğulmuş, İddiaçı soyadının dəyişdirilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, xx.xx.2011-ci il tarixdə Vüqar İslamovun soyadı İddiaçı dəyişdirilərək doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı soyadının növbəti dəfə dəyişdirilməsi məqsədilə hazırki iddianı qaldırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının tələblərinə əsasən iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçıya münasibətdə Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallardan heç biri mövcud deyil və bu səbəbdən də iddiaçının soyadının növbəti dəfə dəyişdirilməsi qanunvericiliyin tələbi baxımından yolverilməzdir. İddiaçının soyadının dəyişdirilməsinin ailə həyatında, peşə və həyat tərzində ciddi maneələrin yaranmasına və problemlərlə üzləşməsinə dair iddia dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla soyadın dəyişdirilməsinin iddiaçıya hansı tərzdə problemlərlə üzləşməsinə dair sübutlar məhkəməyə təqdim olunmamış və yalnız iddiaçının iddia tələbini əsaslandırmaq üçün gətirdiyi formal heç nəyə söykənməyən arqumentləridir. Bundan başqa iddiaçı qanunla ona verilən hüquqdan istifadə edərək soyadını dəyişdirilən zaman üzləşəcəyi narahatlıqlara da eyni zamanda razı olmuş və soyadını dəyişmişdir. Buna isə məsuliyyəti onun özü daşıyır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının adının və soyadının növbəti dəfə dəyişdirilməsindən cavabdeh inzibati orqanın hərəkətləri qanuni, iddiaçının tələbi isə əsassız olduğundan iddia rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. İddia tələbi rədd edildiyindən işə baxılması ilə bağlı ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “onun soyadının sonluğu “İslamlı”-dan əvvəlki “İslamov” soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 (on) manat Dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardan, tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar