Məhkəmə qərarları › İş №2-1(118)-2700/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2700/2023

11.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2700/2023 11.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli, 492s sərəncamına əsasən onun xx.xx.2005-ci il tarixindən gözdən əlil olması ilə əlaqədar olaraq, sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzil iə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli, 492s sərəncamına əsasən onun xx.xx.2005-ci il tarixindən gözdən əlil olması ilə əlaqədar olaraq, sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzil iə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı sosial-məişət şəraitimin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində Sosial Xidmətlər Agentliyinə rəsmi ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində ona ünvanlanmış imtina məktubunda qeyd olunmuşdur ki, “Sosial-məişət şəraitinizin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində Sosial Xidmətlər Agentliyinə ünvanladığınız müraciətə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi, müəyyən edilmiş, şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valdeyin himayəsindən məhrum olmuş məzunlarının mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Bildirik ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 899 saylı sərəncamına əsasən X2 iş yeri üzrə xx.xx.1987-ci il tarixdən mövcud olan mənzil növbəliliyi həmin tarixdən 6 nəfər ailə tərkibi ilə İddiaçı adına keçirilmişdir. Yuxarda qeyd olunanları və sizin gözdən əlilliyinizin xx.xx.2005-ci il tarixindən yaranmasını nəzərə alaraq Sizin sosial-məişət şəraitinizin yaxşılaşdırılması üçün mənzillə təmin edilməyiniz mövcud qanunvericiliyə uyğun deyildir.” Hazırda cavabdehin imtinası ilə razı olmadığına görə hazır ki, iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, onun gözdən əlilliyi xx.xx.2005-ci il tarixindən yarandığından, onun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzil ilə təmin edilməsi mövcud qanunvericiliyə ziddir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək, yekun məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya etirazında qeyd edilmişdir ki, “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi (Agentlik) publik hüquqi şəxsi yaradılmış və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Agentliyin Nizamnaməsi təsdiq edilmişdir. Sosial Xidmətlər Agentliyi sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərir. Sözügedən Nizamnamənin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrindən biridir. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli və 2021-ci il 25 yanvar 2449 nömrəli sərəncamlarına, həmçinin Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s Sərəncamına əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi prosesi həyata keçirilir. İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı “iddiaçının mənzillə təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2-1(118)-2700/2023 saylı iş üzrə iddia tam əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55.3-cü maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası qanunun 31.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Azərbaycan SSR - Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarının 20-ci maddəsinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Müvafiq Qərarı qüvvədən salan və ya dəyişdirən hər hansı qanunvericilik aktı qəbul edilməmişdir. İddiaçının gözdən əlilliyinin xx.xx.2005-ci il tarixindən yaranmasına baxmayaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin 30 dekabr 2022-ci il tarixli 899 saylı sərəncamına əsasən X2 iş yeri üzrə xx.xx.1987-ci il tarixdən olan növbəliliyi həmin tarixdən 6 nəfər ailə tərkibi ilə İddiaçı adına keçirilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 899 saylı, 30 dekabr 2022-ci il tarixli “Mənzil növbəliliyinin adına keçirilməsi haqqında” sərəncamından görünür ki, ümumi xəstəliyə (görməsinə) görə ikinci dərəcəli əlil İddiaçı arvadı X2 iş yeri üzrə xx.xx.1987-ci il tarixdən mövcud olan mənzil növbəliliyi həmin tarixdən altı nəfər ailə tərkibi ilə İddiaçı adına keçirilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyini iddiaçıya ünvanladığı 07 mart 2023-cü il tarixli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan cavabdeh inzibati orqanın onun təmin edilməsindən imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı 05 dekabr 2005-ci il tarixindən gözdən əlilliyi yaranmışdır. O, cavabdeh orqana müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli, 492s sərəncamına əsasən onun xx.xx.2005-ci il tarixindən gözdən əlil olması ilə əlaqədar olaraq, sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzilə təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 07 mart 2023-cü il tarixli məktubla onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsası kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin 30 dekabr 2022-ci il tarixli 899 saylı sərəncamına əsasən X2 iş yeri üzrə xx.xx.1987-ci il tarixdən mövcud olan mənzil növbəliliyi həmin tarixdən 6 nəfər ailə tərkibi ilə İddiaçı adına keçirilməsini və iddiaçının xx.xx.2005-ci il tarixindən gözdən əlil olmasını göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 492s saylı, 16 avqust 2021-ci il tarixli sərəncamının birinci bəndində qeyd edilmişdir ki, Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Blnəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda İnşa edilmiş 197 mənzil, həmçinin 2021-ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 570 mənzil və Abşeron rayonunda inşa edilən 1152 mənzil hesabına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilsin. Sərəncamın ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), Azerbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azerbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan çoxmənzilli binaların (tikintisi davam edənlərə münasibətdə isə tikintisi başa çatdıqdan sonra) Komitənin balansından həmin binaların yerləşdiyi rayon (şəhər) icra hakimiyyətlərinin balansına verilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi qərara alınmışdır. Yuxarıdakı qanunvericilik normasından göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli, 492s saylı sərəncamı xüsusi kateqoriyadan olan şəxslərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə mənzillə təmin edilməsi üçün şərt – yəni, 2020-ci il ərzində uçota götürülmə və bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olma şərtini nəzərdə tutulmuşdur. İnzibati iş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 899 saylı, 30 dekabr 2022-ci il tarixli “Mənzil növbəliliyinin adına keçirilməsi haqqında” sərəncamından görünür ki, ümumi xəstəliyə (görməsinə) görə ikinci dərəcəli əlil İddiaçı arvadı X2 iş yeri üzrə xx.xx.1987-ci il tarixdən mövcud olan mənzil növbəliliyi həmin tarixdən altı nəfər ailə tərkibi ilə İddiaçı adına keçirilmişdir. Göründüyü kimi İcra Hakimiyyəti tərəfindən sərəncam, yuxarıda adıçəkilən müvafiq sərəncamda nəzərdə tutulan tarixdən sonra, yəni 30 dekabr 2022-ci il tarixində verildiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli, 492s saylı sərəncamının onun barəsində tətbiq edilməsi mümkün deyildir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır. İmtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli, 492s sərəncamına əsasən onun xx.xx.2005-ci il tarixindən gözdən əlil olmağı ilə əlaqədar olaraq, onun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzilə təmin edilmə öhdəliyinin cavabdehin üzərinə öhdəlik qoyulması”na dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli, 492s sərəncamına əsasən onun xx.xx.2005-ci il tarixindən gözdən əlil olması ilə əlaqədar olaraq, sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzil iə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar