Məhkəmə qərarları › İş №2-1(118)-2701/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2701/2023

20.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2701/2023 20.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “Hərbi xidmət dövrü ilə əlaqədar ona xx.xx.2022-ci il tarixlində təyin edilmiş İİ dərəcəli əlilliyə görə 6600 manat sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona hərbi xidmət dövründə aldığı İİ dərəcəli əlliliyə görə 6600 manat sığorta ödənişinin ödənilməsi ilə bağlı rəsmi qaydada ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən sığorta ödənişinin ödənilməsindən imtina olunmuşdur.Hesab edir ki, cavabdehin imtinası aşağıda qeyd edilənlərə görə əsassızdır. Belə ki, Qanunvericiliyin sığorta olunana xidmətdən buraxıldığı gündən üç il müddətində əlillik təyin olunması barədə tələbinə münasibətdə məhkəmənin nəzərəinə çatdırıram ki, həmin normanın məqsədlərinə görə sığorta hadisəsinin mövcud olması üçün sığorta olunan məhz hərbi xidməti ilə əlaqədar aldığı xəstəlik nəticəsində əlil olmalı və onun əlilliyi ilə xidməti vəzifələrini yerinə yetirməsi arasında birbaşa səbəbli əlaqə mövcud olmalıdır. Əgər şəxs hərbi xidmət dövründə faktiki əlil olubsa, onun həmin əlilliyi təsdiq edən sənədi gec alması sığorta ödənişinin verilməsindən imtina üçün əsas ola bilməz. İşin müəyyən olunmuş hallarından görünür ki, o hərbi xidmət dövründə xəstələnmiş, məhz həmin xəstəlik diaqnozu ilə ona əlillik dərəcəsi verilmişdir. Odur ki, baxılan iş üzrə onun məhz iddiaçıya əlillik verilməsinə əsas olmuş xəstəliyi hərbi xidmət dövründə aldığından, lakin özündən asılı olmayan səbəblərdən əlilliyini təsdiq edən rəsmi sənədi gec əldə etdiyi müəyyənləşdirildiyindən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5- ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş 3 illik müddət ona şamil edilə bilməz. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial ekspert komisiyasının arayışında da görünür ki ona xətəliyi bağlı İİ dərəcəli əlilik xx.xx.2022-ci il tarixində təyin edilmiş və əlilliyin səbəbi isə hərbi xidmət dövrü ilə əlaqədar qeyd olunmuşdur. Göründüyü kimi cavabdeh “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin ç bəndinə əsaslanmasını əsasız hesab edir və əlillik dərəcəsi müəyyən edilmədən sığorta ödənişinin miqdarını müəyyən edilməsini qeyri-mümkün edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022- cı il tarixli məktubda sığorta ödənişinin verilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı qeyd olunmuşdur. Bildirilir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanunun 2.1.6-cı maddəsinə əsasən sığorta hadisəsi - sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən haldır. Həmin Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən sığortaolunanın hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyinin müəyyən edilməsi sığorta hadisəsi hesab olunur. Əlilliyi müəyən edilmiş şəxslərə: orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - sığorta məbləğinin 80 faizi həddində (8800 AZN); orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə-sığorta məbləğinin 60 faizi həddində (6600 AZN); orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə-sığorta məbləğinin 40 faizi həddində (4400 AZN) sığorta ödənişi ödənilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin Qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Nazirliyin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin “Əlillik” altsisteminin məlumat bazasına əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək hərbi xidmət dövrü ilə əlaqədar orqanizm funksiyalarının pozulması müəyyən olunmuşdur. Odur ki, əlilliyin müəyyən olunma dövrü üç ildən artıq dövrü əhatə etdiyindən sözügedən Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı sığorta ödənişinin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddianın tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2022-ci il tarixli **********9 nömrəli imtina məktubu, DSMF-nin etiraz ərizəsi, iddiaçıya aid pensiaya işinin təsdiqlənmiş surəti, TESK-in xx.xx.2022-ci il tarixli qərarının surəti, SHXÇDX tərəfindən verilmiş elektron arayışın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı, iddia tələbi isə əsassız olduğundan iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Şəxslərin əlilliyinin qiymətləndirilməsi əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyaları tərəfindən rəsmiləşdirərək “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş göndərişlər əsasında aparılır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanunun 2.1.6-cı maddəsinə əsasən sığorta hadisəsi - sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən haldır. Həmin Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən sığortaolunanın hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyinin müəyyən edilməsi sığorta hadisəsi hesab olunur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya müvafiq sığorta ödənişinin ödənilməməsi barədə hərəkətləri qanuni olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı TESK-in xx.xx.2022-ci il tarixli qərarı ilə ikinci qrup əlillik təyin edilmiş və həmin tarixdən ona hərbi xidmət dövrü ilə əlaqədar əlilliyə görə pensiya təyin edilmişdir. Qanunverici imperativ norma olaraq göstərib ki, şəxsə (hərbi qulluqçuya) sığorta ödənişinin verilməsi üçün ehtiyata buraxıldıqdan sonra üç il ərzində əlillik təyinatı aparılıbsa, ona birdəfəlik sığorta ödənişi verilməlidir. Hazırkı iddia tələbindən görünür ki, iddiaçının ordu sıralarından tərxis olunması xx.xx.2018-ci ilə, hərbi xidmət dövrü ilə əlaqədar təyin edilən əlilliyin tarixi isə xx.xx.2022-ci ilə təsdüf edir. Yəni iddiaçının əlillik təyinatı sığorta hadisəsinin baş verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətdən sonra təyin edilmişdir. Belə olan halda cavabdeh inzibati orqanının imtinası qanunvericiliyə uyğun hesab edilməli və iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “Hərbi xidmət dövrü ilə əlaqədar ona xx.xx.2022-ci il tarixlində təyin edilmiş İİ dərəcəli əlilliyə görə 6600 manat sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar