Məhkəmə qərarları › İş №2-1(118)-2704/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2704/2024

07.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2704/2024 07.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə qarşı “dövlət qeydiyyat nömrə nişanını qeydiyyata alınması, həbsin götürülməsi” iddia tələbi üzrə işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ İşin halları İddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə olunmuş sənədlər:

1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin İddiaçı göndərilmiş 10 oktyabr 2023-cü il tarixli, 3-13-16/2-Ə-71050 nömrəli məktubundan görünür ki, DİN Baş X5 İdarəsi Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “CHEVROLET CRUZE” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 7 iyul 2017-ci il tarixdə hərrac protokolu ilə İddiaçı adından qeydiyyatdan çıxarılmış və nəqliyyat vasitəsinə 016-Q-18190 nömrəli itmə arayışı əsasında yeni dövlət qeydiyyat nişanı təhkim olunaraq başqa şəxsin adına rəsmiləşdirilmişdir.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq:

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 9 avqust 2024cü il tarixli, 3-13-16/2-124237/2024 nömrəli məktubundan görünür ki, DİN Baş X5 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən 24 oktyabr 2012-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış “CHEVROLET CRUZE” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 7 iyul 2017-ci il tarixdə hərrac protokolu ilə onun adından qeydiyyatdan çıxarılmış, **-BP-*** dövlət qeydiyyat nişanının itməsi barədə 016-Q- 23077-18190 nömrəli arayış əsasında yeni **-LF-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq X1 adına rəsmiləşdirilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı qoşma ilə göndərilmişdir.

MÜBAHiSƏLi HÜQUQi MƏSƏLƏNiN QİSA XÜLASƏSi

İddia tələbinin dəlilləri:

3. İddiaçı (bundan sonra –“iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə müraciət edərək, ona məxsus **-BP-*** dövlət qeydiyyat nömrə nişanını cavabdeh tərəfindən qeydiyyata alınaraq üzərində olan həbsin götürülməsi və yenidən onun avtomobilinin üzərinə təhkim olunub rəsimləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

5. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia tələbinə qarşı etirazın dəlilləri:

6. Cavabdeh orqan iddia tələbinə münasibətini bildirməmişdir.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbində qeyd olunan dövlət qeydiyyat nömrə nişanının ona məxsus olduğunu, məhkəmənin sorğularına dövlət orqanları tərəfindən cavab verilməsinin gözlənilməsinə ehtiyac olmadığını bildirmişdir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh orqan öz səlahiyyətli nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır.

9. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...

42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

11. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, o cümlədən yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

12. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MƏHKƏMƏNİN MÖVQEYİ

13. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.

14. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

15. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

16. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

17. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

18. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

20. Məhkəmə tərəfindən iddia tələbinin həm mümkünlüyü, həm də tələbə dair aparılmış məhkəməyəqədərki icraat materialları çərçivəsində araşdırma aparılması məqsədi ilə müvafiq sorğular göndərilmişdir.

21. Xüsusilə, məhkəmə tərəfindən işin obyektiv və tam araşdırılması məqsədi ilə, “1.İddiaçı dair aparılmış inzibati icraat materiallarının; 2.Baş X5 İdarəsi ərəfindən iddiaçıya ünvanlanmış məktubda qeyd edilmişdir ki, “...Cavabdeh komputer uçot bazasının məlumatlarına əsasən “CHEVROLET CRUZE” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə hərrac protokolu ilə İddiaçı adından qeydiyyatdan çıxarılmış və nəqliyyat vasitəsinə 016-Q-18190 nömrəli itmə arayışı əsasında yeni dövlət qeydiyyat nişanı təhkim olunaraq başqa şəxsin adına rəsmiləşdirilmişdir.” Odur ki, zərurət yarandığından sözügedən itmə araşıyışı və onun verilmə əsaslarının məhkəməyə təqdim edilməsi; 4.**-BP-*** dövlət qeydiyyat nömrə nişanının X2 verilmə əsasları barədə; 5.həmçinin, iddiaya dair ətraflı münasibət bildirilməsi”nə dair müvafiq sorğu ilə cavabdeh orqana müraciər edilmiş, lakin iddiaçı yalnız özü tərəfindən təqdim edilmiş, iş materialında olan sənədlər əsasında işə baxılmasında israr etmişdir.

22. İPM: Maddə 14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

23. İş materialının tədqiqi ilə isə müəyyən olunur ki, DİN Baş X5 İdarəsi Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən 24 oktyabr 2012-ci il tarixdə iddiaçının adına qeydiyyata alınmış “CHEVROLET CRUZE” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 7 iyul 2017-ci il tarixdə hərrac protokolu ilə onun adından qeydiyyatdan çıxarılmış, **-BP-*** dövlət qeydiyyat nişanının itməsi barədə 016-Q-23077- 18190 nömrəli arayış əsasında yeni **-LF-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq X1 adına rəsmiləşdirilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı qoşma ilə göndərilmişdir.

24. Göründüyü kimi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 9 avqust 2024-cü il tarixli, 3-13-16/2-124237/2024 nömrəli məktubu ilə müəyyən olunur ki, **- BP-*** dövlət qeydiyyat nişanının itməsi barədə 016-Q-23077-18190 nömrəli arayış tərtib edilmişdir.

25. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: - öz hərəkətlərinə hüquqi ixtiyar; - başqa (borclu) şəxslərdən tələb etmək hüququ; - müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

26. Belə olan halda, iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququnun olması iş materialı ilə müəyyən olunmur.

27. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır.

28. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

29. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə qarşı “**-BP-*** dövlət qeydiyyat nömrə nişanın qeydiyyata alınaraq üzərində olan həbsin götürülməsi və yenidən onun avtomobilinin üzərinə təhkim olunub rəsimləşdirilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar