Məhkəmə qərarları › İş №2-1(118)-2708/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2708/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2708/2022 06.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xaçmaz rayon Seyidlikəndyeri bələdiyyəsinə qarşı Xaçmaz rayonu Seyidli kəndi ərazisində pay torpağının ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Xaçmaz rayon Seyidlikəndyeri bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Xaçmaz rayonu Seyidli kəndi ərazisində torpa sahəsinin ayrılmasına dair qərarın çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Xaçmaz rayonu Seyidli kəndi ərazisində pay torpağının ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1960-cı ildə Xaçmaz rayonu Seyidli kəndində anadan olmuşdur. O, 1994-cü ildə ailə qurub Qusar rayonu Aşağı Ləyər kəndinə gəlin getsə də, hazıradək qeydiyyatı Xaçmaz rayonunda qalmaqdadır. Buna baxmayaraq aqrar islahatı vaxtı ona pay torpağı ayrılmamışdır. X2 Komissiyaları fəaliyət göstərməməsi ilə bağlı iddiaçı ona bələdiyyə tərəfindən pay torpağının ayrılmasını tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdir və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia tələbindən göründüyü kimi iddiaçı ona aqrar islahatı vaxtı verilməyən pay torpağının hazırda bələdiyyə tərəfindən verilməsini tələb edir. Cavabdeh bələdiyyə cavab məktubunda aqrar islahat komissiyalarının gəaliyyət göstərmədiyini, bələdiyyənin isə pay torpağı ayırmağa səlahiyyətli olmadığını bildirmişdir. İş materiallarından müəyyən edildi ki, Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12/2 saylı qərarı ilə İddiaçı 3 nəfər ailə üzvü ilə birlikdə 0.25 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. «Torpaq islahatı haqqında» Qanunun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Göstərilən Qanunun 11-ci maddəsinə görə sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Qeyd olunan normaların məzmunundan aydın olduğu kimi aqrar islahatı zamanı vətəndaşlara dövlət mülkiyyətində olan torpaqların pay torpaqları kimi ayrılması nəzərdə tutulmuşdur. Həmin Qanunla bələdiyyənin üzərinə hər hansı vəzifə, o cümlədən bələdiyyə torpaqlarından vətəndaşlara pay torpaq ayrılması kimi vəzifə qoyulmamışdır. Başqa sözlə, bələdiyyə aqrar islahatı zamanı vətəndaşlara ayrılmayan pay torpaqlarına görə cavabdehlik daşımamalı və öz əmlakı ilə cavab verməməlidir. Dövlət tərəfindən aqrar islahatı keçirildikdən sonra yerdə qalan torpaqlar bələdiyyəyə verilmişdir. Məhkəmə hesab edir ki, iddia cavab verməli orqana qarşı verilmədiyi üçün mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Xaçmaz rayon Seyidlikəndyeri bələdiyyəsinə qarşı Xaçmaz rayonu Seyidli kəndi ərazisində pay torpağının ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Xaçmaz rayon Seyidlikəndyeri bələdiyyəsinə qarşı Xaçmaz rayonu Seyidli kəndi ərazisində pay torpağının ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar